Güzgüdəki son

Özünüzü nə qədər tanıyırsınız? Necə biri olduğunuzu insanların sizi necə gördüyünü düşünmüsünüz heç? Məsələn, yaxşı insan olmadığınız ağlınıza gəldimi? Elə buna görə də qorxdunuzmu sevilməkdən? Mən bütün bunları çoxdan qəbul etmişəm, hər nə qədər əksini iddia etsələr də, bilirəm ki, yaxşı biri deyiləm və məhz buna görə də hər kəs sevib yaralanmaqdan qorxarkən mən sevilib yaralamaqdan çəkinmişəm hər zaman. Sanki qəlbimin mərkəzində insanlardan bəslənən və getdikcə iri bir ağaca çevrilən “pislik” fıdanı var. Hər kəs pərilərə aşiq ikən mənim bədənim bir cadugərin ruhuna qəfəslənmişdi sanki. Oxuduğum kitablardakı qatillərə rəğbət bəsləyir, daxilimdə onlarla söhbətləşirdim – çünki qatillər riskə gedən bir qumarbazdan fərqli deyildirlər, bir oyuna başlayarlar amma bu oyunu harada sonlandıracaqlarını bilməzlər. Mən də beləydim. Amma bilmirəm, bəlkə də dedikləri kimiydim. Dedektiv yazar Aqata Kristi və onun məni hər zaman sözləriylə düşündürmüş məşhur dedektivi Erkül Puaronun da dediklərini xatırlayıram hər belə anımda: “Hamımız özümüzü gözlərimizin önündə canlandırırıq, amma o təsvirlərdə olduğumuz kimi deyil, olmaq istədiyimiz kimiyik”. Çox qəribədir ki, gördükləri mən olmaq istədiyimdən qat qat yaxşı biriydi. Və beləcə yenidən dilemmalarla əhatələnirdi zehnim.

Yenə yağışın iri damlaları yuyurdu boş küçələri mənim özünü gizlədən gözyaşlarıma inad. Səndələyə–səndələyə gəzdiyim yolun ortasında çətiri kənara attım. Bəlkə yağış isladar yanaqlarımı, özümü ağlamış kimi hiss edərəm deyə. Bəlkə gözyaşlarım yağışdan cəsarətlənib sıxılarlar oynadıqları bu müddətsiz gizlənqaçdan. Amma olmurdu. Bağırmaq istəyərkən daha çox içimə axırdı qışqırıqlar.

Qəflətən bir göygurultusu fəth etdi səssiz küçəni sanki içimdə qopan fırtınaları yansıdaraq. Bəli, bu gecə bu yağış mənim şərəfımə yağırdı. Bəli, qəlbimə axıtdığım göz yaşlarım idi bu damlalar. Bəli, ruhumun üsyanıydı şimşəklər. Və bəli, mənim yalnızlığımın şərəfinə bu qədər tənhaydı bu küçə.

Qaçmaq istəyirdim. İnsanlardan, qorxularımdan, hamısından əvvəl özümdən uzaq olacağım bir yerə qaçmaq. Addımlarımı tezləşdirdim. Bir sığınacağa ehtiyacım vardı. Bədənimi deyil, ürəyimi isitmək üçün mənə uzadılan bir alova. Amma hər dəfə o odla özümü yandıran da mən idim. Qəribədir. Yanacağını bilərəkdən oda atır insan özünü. İncidəcəyini bilərəkdən yenidən qanadır yaralarını.

Yanmışdım. Səhvlərim vardı. Hər zaman. Ən başından bəri. Bir şeyləri düzəltməyə çalışarkən daha da dibə batırdım. İtmişdim. İçimdəki qarmaşada, ürəyimin bomboş otaqlarında, zehnimdəki insan məzarlığında özüm özümü itirmişdim. İtirmişdim. İtirənlərdəndim. İçində var gücüylə bağırsa da, zahirdə səssizliyini pozmayanlardan. Ruhu qanadlanıb uçmaq istəyərkən, uçurumdan düşüb yerə çırpılanlardan. Sevilmədən sevənlərdəndim. Özünü sevməkdən çəkinənlərdən. Fərqliyəm. Fərqliyik. Qorxağıq bir o qədər də. Özümüzdən qorxuruq. Yaşamı istəyərkən ölümdən, ölümü istəyərkən yaşamaqdan qorxanlar. Önündə kitab, gözündə eynək, qabaq partalarda oturub dərsi dinlər kimi görünənlərik. Əslində qırtlağı çoxdan keçmiş düşüncələrdə boğulanlarıq. Ən böyük düşmənimizdir düşüncələrimiz. Özümüzü fıkir bataqlığına atanlanq. Heç bir şeyi düşünmürmüş kimi görünüb elə ən çox düşünənlərik. Fikir dəryasında boğulan zaman ağciyərlər kifayət etmir nəfəs almağımıza, başqa bir şeyə ehtiyac duyuruq, amma nə? Nə istədiyini bilməyənlərik. Nə etməli olduğunu bilməyənlər. Tək qalanlar deyil, tək buraxılanlarıq hər zaman. Yalnızlığa alışmış, bir o qədər də buna nifrət edənlərik. Göy rəngi sevənlərik, amma öz göy rəngimizi mavini qaraya qataraq almaq istəyirik, bu isə daha da qaraya boğulmaqdan başqa bir işə yaramır. Güclüyük guya. Bir maskanın altmdayıq gücsüzlüyümüzlə, görən yox. “Ölürəm” desək, “sən güclüsən, ölməzsən” deyəcək insanlarla yaşayaraq üsyan edirik ədalətindən narazı olduğumuz dünyaya.

Yağış dayanmışdı. Bədənim də bu sükutdan ilhamlanaraq yorğun düşmüşdü artıq. İlk gördüyüm skamyaya oturub başımı əllərimin arasına aldım. İslaq saçlarım beyin damarlanmı daraltdıqca baş ağrılarım artırdı. Gedəcəyim yer niyə sonsuzluq qədər uzaq gəlirdi ki mənə? Yəqin ki, getmək istəmədiyimə görədir. Ancaq hər şey bitməliydi bu gün. Ayaqqabılarımı çıxarıb bir kənara attım.

Düşüncələr yenə dörd yandan mühasirəyə alırdı məni. Və mən qatiliydim düşüncələrimin. Qatiliydim sevdiklərimin və qətllərim sadəcə məcazda qalmırdı. Sona yaxınlaşırdım. Amma necə deyirdi Puaro: “Bəzən insanın son sandığı şey, əslində başlanğıcdır”. Mən yeni bir başlanğıc istəmirdim bu gün, özümü hazırladığım sonla tanış olmalıydım artıq.

Hissizləşirdim yenə. O ki, boş hiss edərsən bəzən. Etdiklərin, düşündüklərin mənasız gələr bir anda. Bir şeylər əksik olar ruhunda. Qəhqəhələr çəkdiyində belə çıxar birdən ortalığa. Gülüşlərinin saxtalığını xatırladar. Elə o anda isterik bir gülüş qarışdı havaya iki dodağımm arasından. Doğurdan da, yarım qalmış hiss edirdim. Əslində çox insanın dərdidir bu. Qəlbdəki əksiklik. Ruhdakı qara dəlik. Deyəsən, mən bu əksikliyin nə olduğunu bilirəm. Bir zamanlar önəmli yeri olan, bəlkə də ürəyimizi tamam sarıb bizi idarə etmiş “mənimdir o”, “mənimlədir o” dediyimiz şeylər. Nə etsək də, həmin o yarım qalmışlıq hissi tərk etmir insanı. O boşluq doldurulmaq üçün deyildir onsuz da. Boş deyil əslində o kiinc. Gedənlərlə doludur. Bir şey yer edər səndə. Lakin sonra yoxa çıxar, heç vaxt olmamış kimi. Bir illuziyaya dönər. Göz deyil, qəlb yanılması bu dəfə. Onda boşluq hiss edərsən bütün varlığında. Ən çox da bu incidir elə. Bax elə o boşluq. Hissizliyə sürükləyən qeyri-müəyyənlik. Gedənlərin arxasında qoyduqları izlərlə kirlənən o künc. Bir zaman özünü ən dəyərli hiss etdirən şeylər yoxluğa qarışdığında səssizcə, bir o qədər dəyərsiz hiss edərsən. Təmtək və kimsəsiz. Bəzən gərəksizliyindən, bəzən də bir daha geri dönməyəcəyini və bəlkə də dönə bilməyəcəyi üçün çarəsizlikdən silinməsi lazım gələn insanlar və gedərkən silinməz xatirələrinin qoyduğu izlər alt üst edər həyatımızı. Xəyanətin, yalanın açdığı yaralar qapanmağa başladığı andan etibarən qapılarsan o boşluğa. Boşluq böyüyər, böyüyər və özünə həbs edər bizi. Zil qaranlıqda bir küncdə oturub ağlamağa məhkum olarıq o an. Bəlkə də lazım olan elə göz yaşlarıdır o qaranlığı yuyub aparmaq üçün qəlbimizdən. Boşluqlara başqalarını qoyub doldurrmağa çalışarıq çox vaxt. Ancaq olmaz. Səhv seçilmiş “puzzle” parçası kimi itənin yerinə oturmaz başqa biri. Onun boşluğunu doldura bilməz. Səni düşdüyün bu qaranlıq quyudan heç vaxt xilas edə bilməz…

Sona bir qapı uzaqlıqdaydım artıq. Çəkinərək barmağımdakı üzüklə tıqqıldatdım evinin qapısını. Qapını açdığında məndən fərqli olmayaraq dağılmış haldaydı.

-Danışmalıyam. Danışmalıyıq.

İçəri keçməyim üçün qapının önündən çəkildi. O, oxuduğum kitabların bədən tapmış halıydı. Zehnimdə canlandırdığım bədii obrazlar onun zahiriylə konkretləşirdi gözümün önündə. O, məni məndən yaxşı anlayardı. O, məni yansıdan bir güzgüdən fərqsiz idi. O da mənim kimi qəlbsizləşdirilmişlərdəndi deyəsən. O bəlkə də xeyli miqdar mən idi.

Əsas otağa keçdiyimdə məni başdan aşağı süzdü. “Tamam islanmısan”,· dedi qeydimə qalırmışcasma. Mənim diqqətim isə yerə səpələnmiş şüşə qınqlannda idi. Ardından divardakı güzgünün çiliklənmiş olduğunu gördüm. Zorla gülümsədim:

– Bunu düşünməyə vaxtım yoxdur.

– Elə mənim də, sadəcə 15 dəqiqə, bəlkə də az.

– Başa düşdüm, – deyib kitablığa tərəf yönəldim. “Bu kitablar?”,deyə həyəcanla soruşduğumda “Səninkilərdir” dedi çətinliklə eşitdiyim səslə. Əlimə aldığım kitabın üz qapağına diqqət yetirib: “Orada, səhifə 28-də yazır”,dedi və boğazını təmizlədi – “pislik vardır xaricdən gəlir, hücumunu hər kəs görə bilir. Amma pislik də vardır ki eynilə bir meyvənin içdən çürüməsi kimi, qıraqdan görünməz, heç bir işarə vermədən günbəgün ağır-ağır böyüyər, böyüyər, sonunda meyvəni yeyib qurtarar və meyvədən geriyə heç nə qalmaz.” İndi mənə de görüm nədir səni gün keçdikcə içdən məhv edən? “Elə mən özüm”, dedim bağıraraq. Kitabı yerinə qoyduqdan sonra bir addım ona yaxınlaşıb gözlərinə zillədim gözlərimi. “Düşüncələrim öldürür”,– dedim nisbətən alçaq səslə və pıçıldayaraq davam ettim – “gəncliyimin ruhuma batan tikanları incidir.”

Əyilib yerdəki güzgü parçalarından birini götürüb gözümün önündə onunla eyni səviyyədə bərabərləşdirdim. Nə edəcəyimi gözləyir və anlamağa çalışırdı. Əslində özümə demək. özümə etiraf etmək istədiyim şeylər ona ünvanlanırmış kimi töküldü dilimdən: “Çox insanı bundan daha kəskin bir hala gətirmişəm qıraraq. Sən daxil. Pis olan da bilirsən nədir? Bütün bunları bilərək, istəyərək etməyim. Amma eynilə bu güzgü parçası kimi mən səni qırıramsa, sən də məni yaralamalısan. Ödəşərik onda. Amma bundan daha çox incidən şey sənin etdiyindir. Bu qədər kəskinləşmişkən eləcə durman sənə yaraşmır. Mən səni bu qədər parçalara ayırıram, amma sən məni tək kəlimənlə öldürə biləcək gücə sahibkən bunu etmirsən. Üstəlik də parçalarında yenə məni yansıdırsan. Acıyıram özümə. Bax bu güzgüdəki əksim belə acıyır mənə.

Güzgü qırığı barmaqlarım arasından sürüşərək yerə düşdü. Mən isə ona baxaraq qışqırdım “Niyə edirsən bunu mənə? Niyə bu əziyyəti edirəm mən özümə? Ruhum doğram–doğram olurmuş kimi hiss edirəm. Yox olurmuş kimi. Sanki tərk edir bədənimi, məni öz qaranlığımda peşmançılıqlanmla baş-başa buraxaraq.

Daha çox ayaq üstə dayana bilməyərək ən yaxındakı stula oturdum. Əllərimi öndə birləşdirdim. Ürəyimin qeyri–sabit ritmlərini bir–birinə kilidlədiyim barmaqlarımda hiss edə bilirdim. Sanki ürəyim ovuclarımın arasındaymış kimi. Danışmasına icazə vermədən sözümə davam ettim “Heç bilirsən eşq nədir? Yəqin sən də bilməzsən mənim kimi. Bəzilərinə görə eşq sevgi selidir. Bəziləri eşqi musiqi notlarında tapır. Bəziləri ətrafındakı hər şeyi eşq sanır. Bəziləri də eşqi yağışın altında rəqs edib gülümsəməkdə görür. Mənim təsəvvürümdə isə eşq sadəcə acıdan ibarətdir. Bu cür düşünərkən sahib olduğum həyat eşqinin də mənə acı və əzabdan başqa bir şey bəxş etməsini gözləyə bilmərəm. Yalnız hiss ettim bu gün. Sən belə yoxsan yanımda, yəni özüm belə özümlə deyiləm.

Dərin sükut bürüdü otağı. “Bu qədər?”,- dedi sakitcə. Başımla təsdiqlədim. “Problem nədir bilirsən? Problem sən olmağın, mən olmağım, biz olmağımızdır. Danışırsan amma dinləmək istəmirsən. Puaro deyir: “İnsanlar düşünməmək üçün danışmağı seçir”. Bunu sənə aid etmirəm. Sən məhz daha çox düşünmək üçün vaxt qazanmağa çalışırsan danışaraq. Anlaşılmağa ehtiyac duyursan, elə deyilmi? Amma düşün ki, anladımmı heç? Əsib guruldayırsan, amma küləyinin geridəkiləri nə halda buraxdığından xəbərin olmur. Yaralanmaq istəyirsən, amma ruhu ölü biri yaralana bilməz, bunu bilmirsən. Yağış damlası yerə düşdükdən sonra buxarlaşdığı kimi insan da dibə vurduqda yox olur. Bəlkə görünür, bəlkə danışır, amma ruhu çoxdan ölmüş olur, qəlbi qan vurmaqdan başqa işə yaramır. Yıxılırsan. Amma yıxılan yıxıldığı yerdə qalmır bunu bilmirsən. Kiminsə səni yenidən ayağa qaldırmağını gözləyərkən bir xatırlasana, hər dəfə tək başına ayağa qalxmadınmı? Yaşayacaqsan və alışacaqsan. Mənim önümdə dəqiqələr varkən sənin önündəki upuzun həyat yolu addımlarını gözləyir. Yıxıldığında qalxacaqsan. İlklərdə səndələsən də, sonra heç nə olmamış kimi davam edəcəksən yoluna. İtirdiyin gücünü geri qazanacaqsan. Qaçmamağı öyrənəcəksən. Qayıttığın yer qaçışındırsa, qaçdığın bədənlər qovalamazmı səni? Mənə öyrətdiyin bir şey vardı. “Ümidlər möcüzələri gerçəkləşdirmək üçündür” deyirsən həmişə sən. Amma bəzi ümidlərin varlığı belə möcüzədir və bu möcüzələr gerçəkləşməmək üçün vardır. Mən bu gün sənə son dəfə məsləhət verirəm və ümid edirəm ki, məsləhətimi dinləyərsən. Bu möcüzəni gerçəkləşdirmək sənin əlindədir demək. Və deyəsən artıq sağollaşmaq vaxtım gəlib çatıb. Necə deyir o sevdiyin yazar: “Əylənərsən, önəmsəməzsən, özünü bir röyada sanarsan və sonunda ölüm gələr”. Və beləcə qanım zəhər dolu…”

Hər şey göz açıb qapayıncaya qədər baş verdi. Öskürdü, yıxıldı, xırıldadı və öz sonsuzluğuna qovuşdu. Bunu etdiyini buraya attığım ilk addımdan bilirdim. Çünki heç vaxt mənə ayırdığı zamanı rəqəmlərlə qiymətləndirməzdi. 15 dəqiqə öz sonundan öncə qalan zaman idi, onu da yenə mən oğurlamışdım. Artıq bir mən daha yox idi. Artıq güzgüdə görə bilməyəcəkdim özümü. Ayağa qalxdım və ayağımı kəsən şüşə qırıqlarına aldırmadan dodaq altında danışaraq otaqdan ayrıldım “Və beləcə qanın zəhər dolu. O zəhəri damla-damla axıdıram ruhuma, içində sən. Önəmli deyil dərimi kəsən şüşə parçaları. İncidir ruhumu kəsik-kəsik edən qəlbimin qırıqları. Bu gün içimdəki bir uşaq daha səssizcə öldü. Və yenə qatili oldum sevdiklərimin.

Güzgüdəki sonumdan sonra qəfəslənmiş ruhumu göz yaşlarımla azad etdim…

Yazar: Bəşirli Ləman Bayram qızı (Ən yaxşı bədii hekayə müsabiqəsində ilk beşlikdə)

həmçinin bax TARİXİN SİNTEZİ İKİ MİLLƏT- MACARLAR VƏ TÜRKLƏR

həmçinin bax https://turaz.org/xaricde-yasayan-azerbaycanlilarin-avropanin-media-orqanlarina-cixis-imkanlari-muzakire-olunub/