Gülay Məmmədova: “Tədrisdə canlı ünsiyyət və müzakirələr əvəzolunmazdır”

Qloballaşan dünya reallıqları ali təhsil sistemində bir sıra yeni prioritetlərin, inkişaf trendlərinin gündəmə gəlməsi ilə səciyyələnir. Yeni prioritetlərdən bəhs edərkən söhbət universitetlərin sürətlə dəyişən reallıqlara adekvat cavab verməsindən, yüksək rəqabətli, peşəkar, hazırlıqlı tədqiqatçıların hazırlanması sahəsində fəaliyyətin  gücləndirilməsindən gedir. Ali təhsildə rəqabətliliyin təmin olunması isə, ilk növbədə, universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, gənc tədqiqatçılar nəslinin yetişdirilməsindən bilavasitə asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da məhz universitetlər üçün yeni tədqiqatçıların hazırlanmasını nəzərdə tutur.

 

Bu proqram çərçivəsində artıq  dünyanın aparıcı universitetlərində  təhsil alacaq tələbələrin bir qrupu  müvafiq meyarlar əsasında seçilərək müəyyən olunub. Onlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  Belçikanın Ghent Universitetində “Təhsilin idarə olunması” ixtisası üzrə doktorantura təhsili almaq imkanı qazanmış Gülay Məmmədovadır.

 

Tanıtım: Gülay Rauf qızı Məmmədova 24 sentyabr 1994-cü ildə Gəncə şəhərində anadan olub.   2000-2011-ci illərdə Bakı Avropa Liseyində təhsil alıb. Orta məktəb illərində bir sıra tədbir və fənn olimpiadalarında iştirak edib. 10-11-ci siniflərdə İNEPO-Avrasiya Ətraf Mühitin Mühafizəsi üzrə  IV-V layihə olimpiadalarında  iştirak edib və 2 dəfə qızıl medala layiq görülüb. 2011-ci ildə həmin məktəbi medal və fərqlənmə attestatı ilə bitirib.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqə nəticəsində bakalavr təhsilini xaricdə davam etmək imkanı qazanıb. İsveçrənin Glion Universitetində biznesin idarəolunması, turizm və otelçilik ixtisası üzrə təhsilini davam etdirib  və 2015-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın  Surrey Universitetində “İnsan resurslarının idarə olunması”  ixtisası üzrə magistr təhsili alaraq, 2016-cı ildə həmin ali məktəbi uğurla bitirib. Xaricdə bakalavr və magistr təhsili illərində də müvafiq nailiyyətlər əldə edib. İngiltərədə təhsil aldığı  dövrdə “Azərbaycanda qonaqpərvərlik” mövzusunda məruzəsi “BBC Radio 4” layihəsinə qəbul olunub və bu mövzu ilə çıxış edib. Bu məruzə Britaniya Kitabxanısının onlayn arxivində saxlanılır. Surrey Universitetindən məzun olduqdan sonra vətənə qayıdaraq təhsil sahəsində çalışıb. 2019-cu ilin iyul ayından etibarən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutunda karyera məsləhətçisi kimi fəaliyyət göstərib.

 

– Dövlət Proqramına qəbul olundunuz. Proses sizin üçün necə keçdi? Təhsil Nazirliyinin bu layihənin reallaşmasında töhfəsini necə dəyərləndirirsiniz?

 

– Bir Dövlət Proqramı namizədi kimi deyə bilərəm ki, Təhsil Nazirliyinin bu prosesdə rolu olduqca müsbət olaraq müşahidə olunmuşdur.  Elektron müraciət prosesindən başlayaraq tam nəticələrin elan edilməsi müddətinəcən  hər şey olduqca aydın və şəffaf idi.

Mənbə: azedu.az

Müxbir: Nuray Ələkbərova