Göbələklərin morfologiyası və sturukturu
Göbələklər üzvi aləmdə istənilən ekosistemin sabit komponenti və Yer üzərində mövcud olan həyatın saxlanılmasında əvəzsiz əhəmiyyəti olan canlıların böyük qruplarından biridir. Göbələklər (lat.Fungi və ya Mycota) 1969- cu ildən başlayaraq Amerikalı ekoloq alim R. Uitteyker tərəfindən təklif olunan dörd aləmdən biri (bitkilər, heyvanlar, mikroorqanizmlər, göbələklər), osmotrof yolla qidalanan, xemoorqanotrof orqanizmlərin ən böyük və təkamülcə inkişaf edən qrupu kimi qəbul edilmişdir. Hazırda isə bu canlı aləmi sistematik cəhətdən Göbələyəbənzər canlılar, Əsil göbələklər və Şibyələr də daxil olmaqla özündə 3 canlı qrupunu birləşdirir.
Göbələklərin mənşəyi və ya filogenezi haqqında müxtəlif hipotezlər mövcudduAlimlərin fərziyyəsinə görə, göbələklər polifiletik mənşəli olub, rəngsiz qamçılı və qamçısını itirmiş amöbvari flagellatalardan və qonur yosunlardan başlanğıc götürmüşlər. Rəngsiz təkqamçılı amöbvari flagellataların Xitridiomikotalara, qamçısız amöbvari flagellataların Ziqomikotalara, onların isə kisəli və bazidial göbələklərə mənşə verdikləri güman olunur. Oomikotaların və bəzi göbələklərin isə yosunlardan mənşə götürdüyü güman olunur. Mikologiya (yun. “myukos”- göbələk, “loqos”- elm) göbələklərin mənşəyini, təkamülünü, müxtəlifliyini, quruluşunu, onlarda baş verən həyati prosesləri, çoxalama üsullarını, təbiətdə və insan həyatında rolunu öyrənən bioloji elm sahəsidir. Göründüyü kimi bu elmin predmetini Göbələyəbənzər canlılar, Əsil göbələklər və Şibyələr təşkil edir.
Göbələklərin hüceyrəvi quruluşu
Göbələk orqanizminin quruluşunun və inkişafının ən kiçik, əsas və funksional vahidi digər canlılarda olduğu kimi hüceyrədir. Göbələk hüceyrəsi qılaf və protoplazmadan ibarətdir. Qılaf özü hüceyrə divarından və plazmatik membrandan ibarətdir. Hüceyrə divarı skelet rolu oynayaraq, göbələk hüceyrəsinə möhkəmlik və elastiklik verir, həmçinin turqoru təmin edir. Qalınlığı təqribən 0,2 mkm-dir və işıq mikroskopunda aydın görünür. Hüceyrə divarının skelet komponenti olan mikrofibrillərin kimyəvi tərkibini 80- 90% azotlu və azotsuz maddələr, o cümlədən polisaxaridlər, polifosfatidlər, lipidlər və s. maddələr təşkil edir. Hüceyrə divarı əksər hüceyrədaxili parazit olmayan xitridiomisetlərdə, həmçinin askomisetlərdə, bazidiomisetlərdə və deyteromisetlərdə xitin və qlükandan, oomisetlərdə sellüloza və qlükandan, ziqomisetlərdə isə xitin və xitozindən təşkil olunmuşdur.
Selikli göbələklərdə və ya Miksomisetlərdə vegetativ bədən çılpaq protoplastdan ibarət olduğu üçün onlara göbələklərin müstəqil qrupu kimi baxılır. Miksomisetlərlə bərabər bəzi hüceyrədaxili parazit xitridiomisetlərdə, o cümlədən zoosporlarda hüceyrə divarı olmur. Hüceyrə divarının altında bilavasitə sitoplazmanı əhatə edən plazmatik membran (latınca “membrane”- dəri, örtük deməkdir) və ya plazmolemma yerləşir. Qalınlığı 10 nm-ə qədərdir. Onun quruluşunu yalnız elektron mikroskopu ilə görmək mümkündür. Ümumiyyətlə bioloji membranlar hüceyrəni və hüceyrədaxili komponentləri (orqanoidləri və s.) ətraf mühitdən təcrid edən pərdədir və bu membranların hamısı kimyəvi tərkibcə lipoproteid mənşəli olub, zülaldan, lipiddən və qismən karbohidratlardan ibarətdir. O, təqribən 40% lipiddən, 38% zülaldan və 22% digər maddələrdən təşkil olunmuşdur. Membran lipidləri 3 qrupa bölünür: fosfolipidlər, qlikolipidlər və steroidlər. Karbohidratlar yalnız zülallarla (qlikoproteidlər və proteoqlikanlar) və lipidlərlə (qlikolipidlər) birləşmiş şəkildə olur. Membran zülalları müxtəlif qruplara bölünür. Məsələn, antigen təbiətli zülallar, reseptor xassəli zülallar, nəqliyyat zülalları və s.
Göbələklərdə hərəkət formaları. Qamçılar.
Göbələklərdə də bitkilərdə olduğu kimi, tropizmlər, sərbəst hərəkətlər, hüceyrədaxili hərəkətlər və sırf mexaniki hərəkətlər nəzərə çarpır. Göbələyin böyümə və inkişaf proseslərində öz vəziyyətini məkanca dəyişməsi, əsas etibarilə orqanlarına xas olur (sporlara, sporangidaşıyanlara).
Tropizm (yun. “tropos” – döngə, istiqamət)- qıcıqlandırıcı amillərin birtərəfli təsiri nəticəsində yaranan böyümə hərəkətləridir. Bu zaman orqanın cavab reaksiyası, qıcıqlandırıcının həmin orqanda əmələ gətirdiyi qradiyentlə müəyyən olunur. Məsələn, Pilobolus, Phycomyces və s. cinslərdən olan göbələklərinin sporangidaşıyanları birtərəfli işıqlanmaya qarşı fototropik reaksiya verirlər. Güman edilir ki, fototropik reaksiyalarda auksinlər (heteroauksinlər) mühüm rol oynayır. Belə ki, işığın təsiri ilə əyilən orqanın qabarıq hissəsində auksinlərin miqdarı daha çox olur. Belə assimmetrik paylanma orqanın uc hissəsindən başlayır və sporangidaşıyanın gövdəsi boyu yayılır. Göbələklərdə sərbəst yerdəyişmə qabiliyyəti və ya sərbəst hərəkətlər yalnız bir hüceyrədən ibarət olan və qamçılara malik sporlar (zoosporlar) və qametlərdə meydana çıxır. Qamçılarla hərəkət əzələlərlə olan hərəkətə çox oxşayır. Məlumdur ki, əzələ lifi aktin və miozin zülallarından, qamçılardakı lif isə analoji zülallardan– tubulin və dinein- dən ibarətdir.
Bu zülallardan heç biri ayrılıqda hərəkət etməyə qabil deyildir. Hərəkət yalnız aktin+ miozin (aktomiozin) və ya tubulin + dinein komleksinə aiddir. Miozin və dinein ATF-aza aktivliyinə malikdir və hərəkət üçün ATF-in olmasını tələb edir. Göbələklərdə aşkar olunan hərəkətlərdən biri də hüceyrədaxili hərəkətdir. Bu cür hərəkət ali bitkilərin hüceyrələrinə də xasdır. Məlumdur ki, hüceyrənin protoplazması (ən kənar təbəqədən – ektoplazmadan başqa) hərəkət etmək qabiliyyətinə malikdir. Hərəkətlilik xassəsi, nəinki təkcə protoplazmada, həm də onun ayrı-ayrı komponentlərində də (məsələn, mitoxondrilər və s.) nəzərə çarpır. Sübut olunmuşdur ki, hüceyrənin nüvəsi də, böyümənin intensiv getdiyi sahələrə doğru və ya hüceyrə qılafının zəiflədiyi tərəfə hərəkət edir. Protoplazmanın hərəkət sürəti təxminən 0,2 – 3,0 mm/dəq-yə bərabərdir. Protoplazmanın hərəkəti müxtəlif amillər (işıq, kimyəvi və s.) vasitəsilə induksiya oluna bilir. Göbələklərdə rast gəlinən hərəkətlərdən biri də sırf mexaniki hərəkətlərdir.
Bu hərəkətlər, hiqroskopik hərəkətlər olub, hüceyrə qılafının şişməsi və susuzlaşması hesabına, ölü hüceyrələrdə isə bu vəziyyət çox hallarda havanın rütubətinin dəyişilməsi nəticəsində baş verir. Şişmə və susuzlaşma uzunluğun dəyişilməsilə əlaqədar olduğundan, bu dəyişikliklər hüceyrənin müxtəlif tərəflərində eyni cür getmədikdə hiqroskopik hərəkətlərin meydana çıxmasına səbəb olur. Hiqroskopik hərəkətlər kimi, atılma hərəkətləri də toxumların (ali bitkilərin), sporların və tozcuqların yayılmasına kömək edir. Bu hərəkətə səbəb hüceyrələrdəki yüksək turqor təzyiqidir. Yüksək turqor təzyiqi hesabına sporangilər, başlanğıc sürəti 50 km/s olmaqla 2m-dən çox uzağa atılır. Əgər nəzərə alınsa ki, sporanginin diametri cəmi 80 mkm-dirsə, onda bu məsafə çox uzaq hesab olunur. Taksislər (yun. “taxis”- yerləşmə)- sərbəst hərəkət edən mikroorqanizmlərin və ibtidai bitkilərin, həmçinin çoxhüceyrəli orqanizmlərin bir sıra hüceyrələrinin (zoospor, spermatozoidlər, leykositlər) və hüceyrənin ayrı-ayrı hissələrinin (nüvə, plastid) hərəki reaksiyasıdır. Taksislər işığın (fototaksis), temperaturun (termotaksis), rütubətin (hidrotaksis), maye cərəyanı (reotaksis), elektrik cərəyanı (qalvanotaksis), zədələnmə (travmotaksis), kimyəvi (xemotaksis), mexaniki (barotaksis) və b. qıcıqlandırıcıların törətdiyi birtərəfli qıcıqlanmanın təsirindən baş verir. Taksislərin xarakteri qıcıqlandırıcının təsirinin intensivliyindən və orqanizmin vəziyyətindən asılı olaraq dəyişə bilir. Göbələk hüceyrələrində hərəkət orqanoidi olan bir və ya bir- neçə qamçıya rast gəlinir. Qamçı aparatına əsasən zoosporlarda, planoqametlərdə- yəni, hərəkətli cinsiyyət hüceyrələrində, planoziqotlarda- yəni, hərəkətli mayalanmış yumurtahüceyrələrdə, o cümlədən bəzi göbələk fərdlərində rast gəlinir. Adətən fərdlər substrata yapışandan və ya digər fərdlə təmasa girəndən sonra qamçılarını itirirlər. Göbələklərdə əsasən iki tip qamçılar olur: hamar və lələkşəkilli. İkiqamçılı əsl göbələklərdə mütləq qamçılardan biri hamar, digəri isə lələkvari olur. Lakin Seliklilərin və ya Miksomikotaların növlərində iki apikal hamar qamçıya rast gəlinir. Göbələk qamçıları bakteriyaların qamçılarından fərqli olaraq bəzən fibrilsiz, yaxud bir neçə fibrilli olur. Fibrilli qamçılarda adətən 2 mərkəzi və 9 periferik fibril olur.
Göbələklərin təbiətdə və insan həyatında rolu
Göbələklərin istər təbiətdə, istərsə də insan cəmiyyətində rolu olduqca böyükdür. İnsanlar tarixən göbələkləri iştirak etdikləri proseslərdə həyata keçirdikləri funksiyalarına görə ümumi şəkildə faydalı və ziyanlı kimi xarakterizə etmişlər. Əlbəttə göbələklərin bu cür qruplaşdırılması şərti xarakter daşıyır və insanların maraqlarına görə bu cür qruplaşdırılmışdır. Lakin təbiətdə yaranan hər bir canlının öz əhəmiyyəti var və onun funksiyalarını yerinə yetirməsi istənilən halda əhəmiyyət kəsb edir.İlk əvvəl qeyd etmək lazımdır ki, göbələklərin həyata keçirdiyi funksiyaları ümumi şəkildə 3 yerə bölmək olar: destruksiya- parçalama, produksiya- sintezetmə və requlyasiyatənzimləmə. Bu bölgüyə müvafiq olaraq göbələklərin yerinə yetirdiyi funksiyalardan ilk növbədə təbiətdəki destruksiya (üzvi maddələrin, qalıqların parçalanması, yəni minerallaşma) prosesini qeyd etmək lazımdır.
Çünki, ümumi şəkildə biodestruksiya adlanan bu prosesin əsas əhəmiyyətli nəticəsi təbii biotopların normal fəaliyyəti üçün zəruri olan və təbiətdə daim baş verən maddələr dövranının dönərliyini təmin etməkdir. Belə ki, bu prosesin nəticəsində, bir tərəfdən, maddələr mübadiləsinin bütün, o cümlədən karbon, azot, kükürd, fosfor kimi elementlərinin dövranı təmin edilir, digər tərəfdən isə canlılar arasında formalaşmış qida zəncirinin fəaliyyəti təmin edilir. Biodestruksiya ən azı üç mərhələdə baş verən mürəkkəb bir prosesdir, onun baş verməsində göbələklərlə yanaşı digər canlılar da (bakteriyalar, onurğasız heyvanların ibtidai nümayəndələri) iştirak edir. Canlıların əsas məskunlaşma və qidalanma yerlərindən biri kimi torpağın əmələ gəlməsi prosesində də göbələklər həlledici rola malikdirlər. Belə ki, onlar torpağın strukturunun, kimyəvi tərkibinin və hətta temperaturunun müəyyənləşdirilməsində, bitkilərlə əmələ gətirdikləri simbiotik münasibətlərin, o cümlədən mikorizaların hesabına onun məhsuldarlığının yüksəldilməsində aktiv şəkildə iştirak edirlər. Göbələklər digər canlılarla birlikdə maddələrin biosferdə bioloji dövranında, ayrı- ayrı ekosistemlərdə aktiv redusentlər kimi fəaliyyət göstərərək canlı qalıqlarının torpaqda minerallaşmasında və biokimyəvi çevrilməsində, beləliklə də torpaqəmələgəlmədə və torpağın məhsuldarlığının artmasında mühüm rol oynayırlar.
YAZAR: Mahizər Əsədzadə
Həmçinin bax: https://kafkazh.com/viruslarin-tesnifati/
Həmçinin bax: https://turaz.org/mubariz-mensimov-azadliqda/