Georgiyevsk traktatı

Çətin bir dönəmdə olan Rusiya Qafqazda irəliləyişinin önünü açmaq üçün Gürcüstanla danışıqlara getmişdi. Bu həm də Rusiyanın Şimali Qafqazda möhkəmlənməsi üçün önəmli dayaq nöqtəsi idi. Gürcüstanın Rusiyanın müttəfiqinə çevrilməsi Şimali Qafqaz xalqlarının daha tez ram edilməsi demək idi. Ancaq bu dövrdə Gürcüstan və Rusiyanı birləşdirən yolların əlverişsizliyi ucbatından Kazak xətti və Gürcüstanı bir-birinə birləşdirən “Gürcüstan  hərbi yolunun çəkilişinə başlandı.

Nəticədə 24 iyul 1783-cü il tarixində Rus imperatriçası II Yekatrina və Şərqi Gürcüstan hakimi II İrakli arasında Gerogiyevsk qalasında 13 maddəlik müqavilə imzalandı. Müqavilədə Rus tərəfini knyaz Potyomkin, Gürcü tərəfini isə Knyaz İvan Baqratuni təmsil edirdi.

Müqaviləyə görə:
1 maddə. II İrakli özü və varislərinin  adına İran və ya başqa dövlətin himayəsinə girməyəcəklərini bildirir. Rusiya himayəsinə  girdiyini isə bəyan edirdi.

2 maddə. Rusiya bunun qarşılığında Karti və Kaxetiya krallığının torpaqlarının bütünlüyünə toxunmamağı və bu torpaqların müdafiəsi vəzifəsini öhdəsinə götürürdü.

3 maddə. Gürcüstanın yeni hökmdarları Rusiyanın təsdiq etməsindən və Rusiyaya sədaqət andı içdikdən sonra taxta oturacaqdı.

4 maddə. Gürcüstan Rusiyanın xəbəri olmadan 3-cü dövlətlərlə əlaqə yarada bilməzdilər.

5 maddə. Hər iki tərəfin bir birinin paytaxında elçisi olacaqdı

6 maddə. Gürcüstanın düşmənləri Rusiyanında düşməni sayılacaqdı.Həmçinin Gürcü kralı paytaxtı Ruslardan icazəsiz tərk edə bilməzdi,belə vəziyyətdə şəhərdəki Rus elçisi hakimmiyəti ələ keçirə bilərdi

7  maddə. Gürcülər bütün hərbi qüvvələri ilə Rus çariçasının xidmətində olacaqdılar.

8  maddə.  Dini məsələlərdə Rus kilsəsinə bağlılıq yaradılacaqdır.

9  maddə. Gürcü əsilzadələr Rusiya əsilzadələri ilə eyni imtiyazlara sahib olacaqdılar.

10 və 11 ci maddələr isə ticarət,gömrük,sərhəd məsələlərini həll edirdi.

Müqavilənin bağlanması barədə xəbər Azərbaycan xanlarına və ətrafdakı digər feodal hakimliklərə çatdırılıdı. Tərəflər arasında bu müqavilənin bağlanması nəticəsində Gürcüstan Osmanlı və İran dövlətlərinə əbəbiyyən arxa çevirirdi və bütünlüklə şimal qonşusunun insafına qalmış oldu. İran və Osmanlı ərazisində isə  bu müqavilə təhdid olaraq görülürdü və onlar Gürcüstan üzərində əvvəlki haqqlarını bərpa etməyin yollarını axtarırdılar.

1787-1791-ci ildəki Rus-Omanlı müharibəsində Rusiya-Gürcüstan ittifaqı ilk sınağını verdi. Müharibədən öncə II İrakli Osmanlı dövləti ilə gizli sazişə girmişdi bunun ardınca isə Qafqazda Rus Ordusunun komandanı Portyemkin rus ordusunun Gürcüstandan çıxarılması qərarını verdi və bununla da ilk ciddi sınaqda Georgiyevsk müqaviləsinin şərtləri yerinə yetirilməmiş qaldı. Gürcü hökmdar Rusiyadan icazəsiz Osmanlı dövləti ilə əlaqə yaratmışdı, Rusiya isə buna müvafiq olaraq Gürcüstanı qorumaq barədə öhdəliyinə əməl etmədi. Beləcə müharibə başlamazdan öncə rus ordusu Gürcüstandan çıxarıldı. Gürcüstan müdafiəsiz qaldı.

1791-ci il dekabrın 29-da Yassıda Osmanlı və Rusiya dövlətləri arasında sülh müqaviləsi bağlandı. Yassı sülhünə görə, Osmanlı dövləti Krımın, Cənubi Buq və Dnestr çayları arasında olan ərazilərin Rusiya dövlətinə keçməsini, Moldova və Valaxiya üzərində Rusiyanın protektoratını qəbul etdi. Lakin bu ölkələrdən rus qoşunu çıxarıldı. Osmanlı dövləti Gürcüstana olan iddialarından imtina etdi. Əvəzində Rusiya da Şimal-qərbi Qafqazda yeni ərazilər ələ keçirmək planlarından imtina etdi, Kuban çayının sol sahilində yaşayan xalqların Osmanlı dövlətindən asılılığını qəbul etdi.

II İraklinin müdafiəsiz qaldığı bir dövrdə İran ərazisindən Ağa Məhəmməd xan Qacar da Tiflisə 1795-ci ildə yürüşə başladı. İrakli bu yürüş qarşısında Azərbaycan ərazisindəki xanlıqların Qacar ordusuna qarşı müqavimət göstərəcəyini düşünürdü,o beləcə Rusiyadan əlavə qüvvələr istəmiş və Georgiyevs müqaviləsinin şərtlərini onlara xatırlarmışdı. Bufer zona olaraq gördüyü Azərbaycan ərazisində çox sürtələ irəliləyən Qacar ordusu tezliklə xanlıqları təslim olmağa məcbur etdi. Yeni qüvvələr səfərbər edərək Gürcüstan üzərinə yürüyən Ağa Məhəmməd Şah Qacara qarşı II irakli çox zəif idi.

1795-ci ilin sentyabrında Tiflisə hücum etdi. Şəhərin cənub qapısı yaxınlığında Krtsanis düzündə iki gün davam edən döyüşdə gürcü qoşununu məğlub etdi. Bu qələbədən sonra sentyabrın 12-də Tiflisə daxil olub şəhəri bütünlüklə qarət etdi. Qacarın ordusu Tiflisdə   8   gün qaldıqdan sonra Muğana, oradan da İrana çəkildi. Şah zəfərini elan etmişdi,Qacarların hərbi qüvvələri Səfəvi hüdüdlarındakı ərazilərdə yenidən hakimiyyəti ələ almışdılar.Gürcüstan isə ağır şəkildə cəzalandırılmışdı,bu Rusiyanın Qafqazda prestijinə ciddi zərər verirdi.

Qacarın ordusunun geri çəkilməsinin əsas səbəblərindən biri Gürcüstana və Dağıstana rus ordusu göndərilməsi haqqında xəbər alması idi. 1795- ci ilin dekabr aymda 2 minlik rus hərbi dəstəsi Gürcüstana daxil oldu. Gürcü çarı bu qüvvənin köməyi ilə 1796-cı ilin başlanğıcında Gəncəyə hücum etdi. Cavad xan xərac ödəməyə razılıq verməklə şəhəri qətl və qarətlərdən xilas etdi. 1796-cı ilin fevral ayında isə qraf V.A.Zubovun başçılıq etdiyi rus korpusu Dağıstanın cənubuna yürüşə başladı və Dərbəndə yaxınlaşdı. Rus qoşunlarının tərkibində ermənilər də var idi. Onların içərisində özünü Rusiyadakı ermənilərin dini başçısı kimi təqdim edən İosif Arqutinski Cənubi Qafqazdakı erməni və digər xristian əhaliyə, xüsusən də Qarabağ məliklərinə müraciət edərək fəal mübarizəyə başlamağı təklif etdi. İ.Arqutinski rus qoşunun bu yürüşü zamanı Azərbaycan torpaqları hesabına erməni dövləti yaradılmasını təklif edirdi. 30 minlik rus hərbi qüvvəsinin irəliləməsinə qubalı Şeyxəli xan bakılı Hüseynqulu xanın və Qazıqumuqlu II Surxay xanın köməyilə güclü müqavimət təşkil etdi. Təkcə Qazıqumuq hakimi II Surxay xan 20 minlik atlı və piyada qoşun toplamışdı.

Şeyxəli xan müttəfiqlərinin yardımı ilə Dərbəndin müdafiəsini möhkəmləndirdi və Zubovun korpusunun ön dəstələrini geri oturtdu. Yalnız aprel ayında əsas qüvvələri gəlib çatdıqdan sonra ruslar Dərbənd qalasını şimaldan və cənubdan mühasirəyə ala bildilər. Bu zaman Tabasaran qazısı Rüstəm Darvay çayının yatağı ilə Dərbəndin cənubuna xəlvəti çıxmağa imkan verən dağ yolunu ruslara göstərdi. Zubov bu yolla 10 minlik hərbi qüvvəni Dərbəndin cənub divarlarına çıxardı və mayın 1-də şəhəri ələ keçirə bildi. 1796- cı ilin yazında Dərbəndin ardınca Quba xanlığı da işğal edildi. Bu zaman yerli feodal hakimlərin, Dağıstan və Azərbaycan xalqlarının rus işğalına qarşı birlikdə ciddi müqavimətini təşkil etmiş nümayəndələrindən 10 nəfəri Həştərxana sürgün edildi. Qubalı Şeyxəli xan isə həbsdən qurtularaq dağlara çəkildi və rus işğalına qarşı azadlıq mübarizəsini davam etdirdi. V.Zubov çariça II Yekaterinanm adından Dərbəndin idarəsini Şeyxəli xanın bacısı Pəricə xanıma həvalə etdi, özü isə Azərbaycanın içərilərinə hücumu davam etdirdi. İyunun 6-da Quba, 7 gün sonra Bakı işğal edildi. Rus komandanlığı Bakıda 3 piyada, 2 atlı batalyonu və 3 top saxlayıb Şamaxı xanlığına doğru irəlilədi, Pirsaatda ordugah yaratdı. Qarabağlı İbrahimxəlil xan, şamaxılı Mustafa xan yaxın adamlarını bahalı hədiyyələrlə rus ordugahına göndərdilər, itaət göstərəcəklərini bildirdilər. Oktyabrın sonunda rus ordusu Gəncəni tutdu. Bu, rus korpusunun son uğuru oldu. Noyabr ayında  II Yekaterinanın ölümü və taxta anasına nifrət edən I Pavelin çıxması ilə vəziyyət dəyişdi. Rus hərbi qüvvələri Cənubi Qafqazdan çıxarıldı, V.Zubov isə istefaya göndərildi. Regionun işğalına dair planlar yarımçıq saxlandı. Rus ordusunun geri çəkilməsi xəbərini alan Ağa Мəhəmmad şah Qacar 1797-ci ilin yazında yenidən Cənubi Qafqaza yürüşə başladı. Bu dəfə də əsas diqqət Şuşanın ələ keçirilməsinə yönəldildi. İbrahimxəlil xan Qarabağda aclıq və xəstəliklə bağlı ciddi müqavimət təşkil etmək mümkün olmadığını yəqin etdikdə Car-Balakənə – müttəfiqi Avar hakimi Umma xanın yanına getdi. Şuşada öz iqamətgahını yerləşdirən Qacar bütün feodal hakimləri hüzuruna çağırdı, sərt cəza tədbirlərinə əl atdı. Lakin şahın az sonra sui-qəsd nəticəsində öldürülməsi nəticəsində İran qoşunları tələsik cənuba çəkildi. Beləliklə, XVIII əsrin sonunda Cənubi Qafqazı və Dağıstanı İrana tabe etmək cəhdləri də nəticəsiz başa çatdı.

Tarixi boyunca bir çox travma yaşayan və parçalanmaq məcburiyyətində qalan Gürcüstan üçün XVIII. Əsrin son rübü ümidverici bir hadisə ilə başlamışdı. Kartli və Kaxeti krallıqlarını birləşdirərək, II. İrakli birləşmiş Gürcüstan üçün əhəmiyyətli bir addım atdı, bu, gürcülərin tarixini əksinə dəyişdirə biləcək bir hadisə idi. Bu dövrdə cənuba doğru sərhədlərini genişləndirməyə çalışan Rusiya, Kiçik Kaynarca müqaviləsi ilə gürcülərin rəğbətini qazandı və onları Osmanlı və İran torpaqlarına keçmək üçün bir pilləkən olaraq istifadə etmək istədi. 1783-cü ildə imzalanan Georgiyevsk müqaviləsi ilə sanki hər iki tərəfə fayda gətirən Rusiya-Gürcüstan ittifaqı əldə edildi və gürcülər Rusiyanın qəyyumluğuna sığındılar. Lakin müqavilə hər iki tərəf üçün də bəzi öhdəliklər götürməyi vacib edirdi. Gürcülər Rusiyaya sədaqətlə xidmət edəcəkdilər, bunun müqabilində ruslardan ehtiyac duyduqları müdafiəni tələb edə bildilər. Ancaq hadisələr kağız üzərindəki kimi inkişaf etmədi. Ruslar müqavilə imzalanmazdan əvvəl müşahidə etdikləri Kral II İraklinin sadiqliyinə heç inanmadılar. Digər tərəfdən, II İrakli də yalnız ruslara güvənməyin əlverişsiz olacağını düşünür və Osmanlı ilə münasibətlərinin korlanmasını istəmirdi. Çünki ruslar nə zaman geri çəkilsələr, müdafiəsiz bir Gürcüstanı geridə qoyurdular. Bu vəziyyət qısa müddətdə rusların diqqətini çəkdi. Müqavilənin mətninin təsdiqlənməsindən üç il sonra başlayan 1787-1791-ci illər Osmanlı-Rusiya müharibəsi Gürcüstan üçün sonun başlanğıcı demək idi. Rusların bu müharibədə gürcülərdən dəstək gözləməsi və bu dəstəyin gəlməməsi Gürcüstan-Rusiya münasibətlərinin gedişatını dəyişdirdi. Ruslar Osmanlı İmperiyası ilə Kral II İrakli  araslnda gizli ünsiyyətdən xəbərdar idilər. Artıq II İraklinin bu hərəkətlərinə dözə bilmədilər və 1787-ci ildə Rusiya hərbi gücünü Gürcüstandan çəkdi.

Rus qoşunları geri çəkildikdən sonra Gürcüstan üzərindəki hüquqlarını bərpa etmək istəyən İran hökmdarı Ağa Məhəmməd Xan, Qafqazın cənubunu hədəf alan böyük bir əməliyyata başladı. Kral II. İrakli rusların vəd etdikləri kimi köməyə gəlmələrini tələb etsə də, bu tələb cavabsız qaldı və nəticədə gürcülər Ağa Məhəmməd Xan tərəfindən 1795-ci ildə ağır məğlubiyyətə uğradılar. Bu hadisə Gürcüstan tarixinin ən dramatik hadisələrindən biri hesab olunur. Hadisənin faciəsi həm rus, həm də İran mənbələrində aydın şəkildə görünür. Gürcüstan Kralı etdiyi səhvləri ilə xalqının məhvinə səbəb oldu. Onun ən böyük səhvi, Rusiya ilə ittifaq qursa da  Osmanlılarla yaxınlaşmaq istəməsi idi.II İrakli belə bir vəziyyətdə yenə də Rusların köməyinə arxalanırdı. Digər tərəfdən, burada rusların niyyəti şübhə altına alınmalıdır. Ruslar özlərinin himayəsinə aldıqlarını iddia etdikləri gürcüləri ən ağır günlərində tək buraxdılar. Gürcüstan kralının düşünülməmiş davranışını bir kənara qoysaq, görərik ki, rusların əsl niyyəti himayədarlıq deyil, Gürcüstanı tamamilə işğal etmək olub. Bu müharibədə gürcülərə kömək etməməklə, ruslar Gürcüstanın zəifləməsinə göz yummuş və sonra Gürcüstanı asanlıqla birləşdirmişdilər.1801-ci il 12 sentyrabrda Çar I Aleksandrın qərarı ilə Şərqi Gürcüstan Rusiyaya birləşdirilirdi.

YAZAR: İzzət Zeynallı
HƏMÇİNİN BAX: XVIII əsrdə Qafqazda Gürcüstan Rusiya yaxınlaşması
HƏMÇİNİN BAX: Tehsilim.org/dovlet-imtahan-merkezinde-bas-muhasib-ve-muhasib-vezifeleri-uzre-vakansiyalar-elan-edilib/