Gənc ailənin xüsusiyyətləri
Bir çox ailələrdə olduğu kimi hər gənc ailənin özünə görə çətinlikləri var. Bu kimi çətinliklərlə qarşılaşdıqda problemin həll yolunu tapmaq daha doğrudur. Ailə münaqişəsinin ən başlıca səbəblərindən biri qıraqdan olunan müdaxilələrdir. Heç kimə müdaxilə haqqı verilməməlidir, çünki, bu hallar ailələr arası münaqişəyə yol açır. Gənc ailələr bir-birlərini hər zaman qarşılıqlı dəstəkləməli və başa düşməlidir. Bir çox problemlər yarandıqda isə ailələr tərəfindən dəstək ola bilər. Hər gənc ailədə ilk günlərdə çətinlik törədən anlar yaşana bilər. Sadəcə bunu anlamaq lazımdır ki, səbirsiz və kobud davranmaq çıxış yolu deyil.
Bu hal sadəcə münasibəti korlayır. Hər iki şəxs bir-birlərinin fikrinə hörmətlə yanaşmalıdır. Və qəlb qıraraq heç nəyin həll olunmayacağına inanmalıdırlar. Onlar ailə qurmadan öncə psixoloji dəstək almalıdırlar. Ailədə olan problemlər, münaqişələr gələcəkdə övladların da psixologiyasına ciddi təsir edir.
Problemlərə həll tapa bilmədikdə isə ailə psixoloqlarına üz tutmaq daha məqsədə uyğundur.
Bu mövzuda toxunulmalı olan ikinci məsələ ünsiyyətdir. İnsanın ən çox ünsiyyətdə olduğu və ünsiyyəti öyrəndiyi yer məhz ailədir. Ailədə ünsiyyət 2 nəfər arasında müəyyən məqsəd daşıyır. Fikir ayrılıqları ola bilər. Bu zaman hörmətlə yanaşmaq lazımdır. Çünki hər bir insanın özünəməxsus fikirləri var. Digər bir məsələ olaraq sevgidən danışa bilərik. Nigaha daxil olma insan həyatında ən mühüm və yadda qalan hadisədir. Nigahın ilk günlərində bir çox hallarda ər-arvad məsələnin həllində bir-birinə güzəştə getmək istəmirlər.
“Mənəm-mənəmlik” iddiası,özünütəsdiq, öz sözünü yeritmək hikkəsi buna maneə olur. İnsanın havaya suya nə qədər ehtiyacı varsa, sevgiyə də o qədər ehtiyacı var. İnsan sevməyi sevilərək öyrənir. Ailə münasibətlərində başlıca rol-sevgidir.
Yeni ailə quran gənclərdə ən böyük arzu bir-birilərinə qarşı olan sevgini qoruyub saxlamaqdır. Qadın həyat yoldaşından nə qədər nəvaziş, hörmət, xoş sözlər eşidərsə yoldaşına qarşı olan sevgisi və hörməti o qədər artar. Kişi isə xanımına olan sevgisini tək sözlərdə deyil, davranışlarda da bildirməlidir. Gənclər anlamalıdır ki, bəşəri xüsusiyyətlər baxımından qadın və kişi bir-birindən fərqlənmir. Yəni onların hər ikisi də insandır və vahid insani xüsusiyyətlərə malikdirlər. Onlar bir-birilərindən üstün və ya əskik deyil.
Qadın və kişinin ikili münasibəti; Qadın və kişi arasındakı fərqlərə səbəb olan əsas zəmin onların bir-birinə qarşı hissləridir. Yəni kişinin qadına qarşı hissləri qadının kişiyə qarşı hisslərindən fərqlənir. Ailə haqqında danışarkən bu məsələyə diqqət etmək çox mühümdür.
Müştərək ailə qurmaq fikrində olan qadın və kişi bu məsələyə lazımınca diqqət yetirməlidirlər ki, xoşbəxt həyat qura bilsinlər. Xüsusi ilə kişi bilməlidir ki, müştərək həyat qurmaq istədiyi kəs onunla rabitəyə öz prizmasından baxır və fərqli hisslərə malikdir. Əgər arada qarşılıqlı anlaşma olmasa, ailənin xoşbəxtliyi yolunda böyük maneələr yaranacaq. Bu məsələdən xəbərsizlik və ya ona diqqətsizlik bir çox problemlərin qaynağıdır. Danışıq tərzi böyük əhəmiyyətə malikdir. Hər hansı sadə cümləni müxtəlif tərzlərdə bəyan etmək olar. Hər danışıq tərzi cümləyə xüsusi bir məna verir. Nəzərdə tutulmuş mənaya uyğun gəlməyən tərzdə sözün deyilməsi onu anlaşılmaz edir. Daha uğurlu nigaha o insanlarda rast gəlinir ki, öz həyat yoldaşlarına inam, güvən bəsləyir, ona etibar edir, sədaqətli olur və ailəyə sevgi ilə yanaşırlar.
Ailədə psixoloji iqlim böyük rol oynayır. Psixoloji iqlim ailə üçün həyati əhəmiyyətə malikdir. Ailədə əlverişli psixoloji iqlim xoş güzəran, mənalı ömür, psixi sağlamlıq, uşaqların sağlam düşüncədə böyüməsi deməkdir. Ər – arvadın yaxşı və ya pis ünsiyyəti ailədə psixoloji iqlimin vəziyyətini göstərən mühüm əlamətlərdən biridir.
Psixoloji iqlim ailə üzvlərinin bir – birinə və ailəyə münasibətində özünü büruzə versə də, bununla məhdudlaşmır. Onlar zəruri surətdə insanların bütövlükdə dünyaya münasibətlərinə, dünya duyumuna təsir göstərir; şəxsiyyətin sərvət meyllərində əks olunur, onun öz işinə və özünə münasibətlərində izsiz qalmır.
Ailədə psixoloji iqlim əlverişli olduqca ər və arvad, valideynlər və uşaqlar bir – birlərini və özlərini yüksək qiymətləndirirlər.
YAZAR: Aytən Yusibova
HƏMÇİNİN BAX: Səfəvi Osmanlı müharibələrinin II mərhələsi
HƏMÇİNİN BAX: https://turaz.org/genc-alim-ve-tedqiqatcilarin-6-ci-qrant-musabiqesi-elan-olunub/
HƏMÇİNİN BAX: https://tehsilim.org/emin-abid-gultekin/