Gələcəyin Müəllimi
“Mən yer üzündə müəllim adından yüksək və şərəfli bir ad tanımadım.” {Heydər Əliyev}
Müəllimlərə aid qanunlar:
1)Gələcəyin müəllimləri mömin, namuslu,fəal və əməksevər şəxslər olmalıdırlar;zahiri görünüş üçün deyil,əsl həqiqətdə onlar başqalarına aşılamalı olduqları xeyirxahlığın canlı nümunəsi olmalıdırlar (heç bir süni şey uzun müddət davam edə bilməz).
2)Öz sənətlərini gümrah vəziyyətdə icra etmək, özlərini cansıxıntısı və nifrətdən qorumaq üçün onlar,əvvələn, özlərini artıq ucuz qiymətləndirmək, öz özlərinə və başqalarına nifrətlə yanaşmaqdan çəkinməlidirlər. Kim müəllim olmağı özünə eyib bilirsə və ancaq pul xatirinə müəllimlik edirsə, o, əlbəttə daha artıq maaş təmin edən başqa növ iş tapan kimi oradan, dəyirman daşı altından qaçan kimi qaçacaqlar. Lakin əsl müəllim öz peşəsini ən yüksək fəxri mövqe kimi görür və onlara günəş altında bu peşədən daha yüksək və daha gözəl bir peşə olmadığını düşünürlər.
3) Müəllim üçün ən yaxın qayğı şagirdləri, öz yaxşı nümunələri ilə qüvvətli surətdə cəlb etməkdən ibarətdir. Axı sonra gələnlərin əvvəlkilərin arasınca getməsindən və şagirdlərin öz müəllimləri nümunəsində tərbiyə olunmasından daha təbii bir şey yoxdur.
3)Gələcəyin müəllimləri yadda saxlamalıdır ki,”İsaya həsr olunmuş gəncliyi”, başlıca olaraq İsanın göstərdiyi yerə və məhz göyə istiqamətləndirməlidir. Yəni Alman alimi və Pedaqoqu Adolf Disterverqin də dediyi kimi:”Pis müəllim şagirdlərə bilikləri, yaxşı müəllim isə həmin bilikləri tapmağın yollarını öyrədəndir.”
4)Lakin müəllimlər bunu da yadda saxlamalıdır ki, onlara etibar bu uşaqları həm də hər kəsdən tələb olunan bəşəri təhsilə və bəşər cəmiyyətinin qanunlarına itaət etməyə alışdırmalıdırlar və buna yenə də göstərişlərlə DEYİL, öz şəxsi nümunəsi ilə nail olmalıdırlar. Beləliklə mötədillik, ayıqlığ və bu vasitələr ilə sağlam və gümrah ruhu inkişaf etdirmək bütün müəllimlərin üzərinə həvalə ediləcəkdir.
5)Gələcəyin müəllimləri, əməkdə və geyimdə sadəliyin, fəaliyyətdə-gümrahlıq və əməksevərliyin, davranışda-təvazökarlıq və gözəl əxlaqın, nitqdə-danışmaq və susmaq sənətinin nümunəsi olmalı, bir sözlə, xüsusi və ictimai həyatında ağıllılığın örnəyi (nümunəsi) olmalıdırlar.
6) Nəhayət, idrakın işığı ilə silahlanmış ağıl, məlumatları daha yaxşı seçərkən, möminlik və əxlaq sahəsində daha çox müvəffəqiyyətlər əldə edildiyindən, məlumatların idrakı isə elmlərdən əxz edildiyi üçün qoy gələcəyin müəllimləri yadda saxlasınlar ki, onların yetirmələri bunlardan da xəbərdar olmalıdırlar. Buna görə müəllimlər, yenə də daimi, nümunələr, nəsihətlər və praktikanın köməyi ilə bütün şagirdlərin ağıllarını-müdrik, dillərini-parlaq, əllərini-yazı və başqa fəaliyyət növləri üzrə mahir etməyi bilməli, istəməli və bacarmalıdır.
7) Beləliklə, məlumatları elə göstərin ki, bir şey görsünlər, elə izah edin ki, başa düşsünlər, təqlid etməyə məcbur edin ki, onlar da sizin edə bildiklərinizi icra edə bilsinlər. Onlara bunu yerinə yetirməyə ümid verən kimi, onu düzgün və cəld icra edənə qədər təkrarlamağa vadar edin.
8) Beləliklə, gələcəyin müəllimləri bilsinlər ki, ən mühüm vəzifə, şagirdlərin diqqətli olub-olmadığına nəzər yetirmək,onlara başa düşmələri üçün tez-tez soruşmaqla ağıllarını oyatmaq və şagirdlər səhv edərkən təshih etməkdir.
9) Bütün bunları cansıxıntısız icra etmək üçün şagirdlərə valideyn qayğısı ilə yanaşmaq lazımdır; müəllimlər ən birinci şagirdlərin ruhi inkişafının qayğısına qalmalıdır.
10) Gələcəyin müəllimi, hər hansı bir faydalı şeyi öyrətmək üçün heç bir fürsəti əldən verməməlidir.
11)Əsl müəllim, hər şeyi, hamıya eyni dərəcədə öyrətməlidir. Şagirdlərə ən vacib şeyləri hər şeydən əvvəl həyata keçirməyi öyrənməlidirlər və onlardan da bu qaydaya riayət etməyi tələb etməlidirlər. Yəni müəllimlər hər şeydən əvvəl, ən zəruri olan möminliyi, sonra insanlarla rəftarda xeyirxahlığı, vətənpərvərliyi və nəhayət, xarici bəzəyi olan elmi öyrətməlidirlər.
12) Əxlaqi xeyirxahlıqlar içərisində o, xüsusən zəhmətə qatlaşmaq qabiliyyətini və daha artıq, ona meyl etməyi məsləhət görməli və təmrinlər vasitəsilə şagirdlərə nüfuz etməlidirlər.
13)Gələcəyin müəllimləri, şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq onları öyrətməlidir.
14)Nəyə nail olmaq borcunu bilərək, hər şeyi ona doğru istiqamətləndirmək üçün, hər bir müəllim öz sinifinin məqsəd və vəzifələrini xüsusən aydın şəkildə təsəvvür etməlidir.
“Öyrənmək və öyrətmək
Yan Amos Komenskinin görüşləri”
Böyük çex alimi, pedaqoqu, humanisti, “Böyük Didaktika” nın banisi demişdir:”Əvvəla, duyğuda olmayan bir şey heç zaman şüurda da olmur.” O, göstərir ki, idrakın başlanğıcı həmişə duyğulardan başlayır. Bundan əlavə Komenski bu müddəadan lazımi didaktik nəticələr çıxarır; predmetlərin öyrənilməsinin reallığının, konkretliyinin və əyaniliyinin- məlumatlarla birləşdirilməsi lazımdır.
Komenskinin bir digər fikri isə;”Sağlam bədəndə sağlam ruh olar” ifadəsini iqtibas gətirir. Komenski bu müddəanı heç də təsadüfi olaraq götürməmişdi. O, deyirdi:”Şagirdlərin fiziki qüvvələrinin yeniliyi və gümrahlığı qaydalarına riayət etmək ideyasını müntəzəm olaraq həyata keçirmək lazımdır ki,onlar üçün zehni əmək daha asan və xoş olsun. Komenski deyərdi ki:”Heç bir şey vaxtından əvvəl icra olunmalıdır.” Onun fikrincə,hər şey müəyyən ardıcıllıqla, səhvsiz olaraq və müəyyən qayda ilə irəliləməlidir. Beləliklə, biz nəticə çıxarırıq:
1) İnsanın təhsilini həyatın baharında, yəni uşaq ikən başlamaq lazımdır. Çünki uşaqlıq dövrü sanki ilin baharını təşkil edir. Gənclik- yaya, orta yaş -payıza, qocalıq isə qışa bənzəyir.
2) Məşğələlər üçün səhər vaxtı əlverişlidir . Çünki səhər saatlarında insan beyni dinc olur.
3) Öyrənilməli olan şeylər yaş mərhələlərinə uyğun olaraq bölünməlidir.
4)Hər şeydən əvvəl ağlı inkişaf etdirmək lazımdır.
5)Real tədris fənlərini, formal fənlərdən əvvəl keçmək lazımdır.
6) Misalları qaydalardan əvvəl göstərmək lazımdır.
7) Məlumatları həyatla, əməklə əlaqələndirmək lazımdır.
8)Əvvəla, diqqəti cəlb etmək, məlumatların məğzini anlamağı təmin etmək, sonra hafizəni gücləndirmək daha sonra isə dil və əlləri təmrin etmək lazımdır.
9) Müəllim, zehni qabiliyyətlərin aşkara çıxarılmasının bütün üsullarını həyata keçirməli və onları müvafiq olaraq tətbiq etməlidir.
10)Təlimdə -asandan çətinə, ümumidən xüsusiyə, konkretdən mücərrədə əsaslı şəkildə keçid etmək lazımdır.
11) Şagirdləri həddindən artıq yüklənmək olmaz.
12)Hər şey xarici hisslər vasitəsilə tədris edilməlidir.Ancaq bilavasitə faydalı şeylər olmalıdır.
13) Elə izah edilməlidir ki, təlim asan və xoş keçsin.
Ulu öndərimiz də müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir.Onun müəllim haqqında dediyi “müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini- uşaqların tərbiyəsini yalniz ona etibar edir” fikri müəllimə verilmiş ən gözəl tərifdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. – hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir.
Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi,düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir. Müəllim təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri, problemləri ilə birgə. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.
Müəllim bağbandır, elə bağban ki,
Hər gül qönçəsində bir ömür yaşar.
Müəllim loğmandır, elə loğman ki,
Səsində, sözündə min bir məlhəm var.
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Dünyada iki insan yaddan çıxmır və hər zaman xatırlanır; insana elmin ,tərbiyənin əsaslarıni öyrədən Müəllim və onu xilas edən Həkim.
Müəllimlik elə bir peşədir ki, bütün peşələrin atasıdır. Bütün peşə adamlarının hamısının bir müəllimi olub və hamısını bir müəllim öyrədib.
Ətrafına işıq saçan, nur saçan,
Ömürlərə cığır salan, yol açan,
Yaşlandıqca, qocaldıqca ucalan,
Bir ömür var o, müəllim ömrüdür.
Yazar: Gülnar Nəzərli (Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı bir kitab müəllifi)