Gələcəyin müəllimi

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”.
Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!
Heydər Əliyev
Müəllim – zülməti öz nuru ilə işıqlandıran, cəhaləti elm qılıncı ilə məhv edən, bir şam olub digər insanlarıda aydınladıran, qəlblərdə əbədi yaşayan şəxsiyyətdir. O, bar verən ağac kimidir. Müəllim heç vaxt xəsis deyildir. O, bildiklərini hər kəsə öyrədir. Hətta o, bir nağıl qəhramanı kimidir, ideyal. Çünki hər kəs onu örnək götürür. Bura sadəcə şagirdlər, tələbələr deyil, digər insanlar da daxildir. Bəlkə belə də deyə bilərik ki, “Anadan sonra yer üzünün fədaisidir müəllim”. Müəllim könül insanı, qəlb dostu, həqiqət carçısı bəşəriyyətin iftixarı dünya və axirət günəşidir. Müəllimlik uca, şərəfli və məhsuliyyətli bir sənəddir. Bununla yanaşı həm də çətin peşədir. Bəzən müəllim dedikdə sıradan bir şey düşünürlər. Fəqət bu yalnış fikirdir. Müəllimliyin nə olduğunu bilmək üçün o hissi yaşamaq lazımdır. “Mənə bir hərf öyrədənin köləsi olaram”. Bu sözlər İslam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. İnsanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngülləşdirmişlər.
Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, «ana» kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın keşməkeşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur.Müəllim yaradıcı olmalı, keçdiyi hər bir dərsə yeni yazacağı bir əsər kimi baxmalıdır.Müəllim yenilikçi, novator olmalı, haçansa öyrəndiyi bilikləri ilə kifayətlənməməli, daim öz üzərində işləməli, cəmiyyət inkişaf etdikcə özü də inkişaf etməlidir. Əks halda müasir dövrlə ayaqlaşan, savadlı şagirdlər yetişdirmək mümkün deyildir. Bunun üçün müəllim intelektual olmalıdır. Hər bir vicdanlı müəllim öz xoş hərəkəti, münasibəti, təmiz əxlaqı, nümunəvi davranışı, savadı ilə qarşısındakı həyata yeni qədəmlərini qoymuş 6 yaşlı uşağın valideynlərindən sonra ilk nümunə götürə biləcəyi insandır. Uşaqlar bizim gələcəyimizdir. Biz oları hər şeydən quruyuruq və valideyinlər əziyyət ilə böyütdükləri övladlarını özlərindan başqa heç kimə əmanət edə bilmirlər. Bir tək müəllimdən başqa. Baxın müəllimliyin bir fərqli xüsusiyyəti insanların etibarını qazanmaq.
Həmçinin müəllim bir çox şeyi özündə cəmləşdirməlidir. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosional qabiliyyətlər mühim yer tutur. Müəllim ilk öncə akademik savada malik olmalıdır. Hərtərəfli və geniş biliyi, dövrünün nailiyyətləri barədə informasiyası, təlimə tətbiq olunan texnikalarla işləmək qabiliyyətləri, kompüter bilikləri və bu bilikləri öyrətmək ustalığı olmalıdır. Onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti şagirdləri üçün nümunə olmalıdır. Öz həmkarları və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibətləri olmalıdır. Təlim prosesi zamanı yaradıcı olmalı, qarşıya çıxacaq çətinlikləri öncədən görməli və təlim fəaliyyətnin istiqamətləndirməyi bacarmalıdır. Səbirli olmalı, hislərini cilovlamağı bacarmalı, ciddilik ilə mərhəməti, mülayimliyi düzgün şəkildə uzlaşdırmalıdır. Bütün bu xüsusiyyətlərə sahib olmaq üçün müəllim daim öz üzərində çalışmalı, özünümarifləndirmə ilə məşğul olmalıdır.

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. Dünyanın 100-dən artıq ölkəsi 5 oktyabr tarixini müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.
Məhşur pedaqoq V.A.Suxomlinski
“Yaxşı müəllim nə deməkdir?” sualına belə cavab vermişdir: “Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini – yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər… Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır”.
Peşəsindən asılı olmayaraq hər bir kəs öz peşəsini mükəmməl bilməlidir. Bir söz vardır:

“Səndə olmayan bir şeyi başqasına verə bilməzsən”. İnsan öz peşəsini mükəmməl bilməlidir ki, qarşısındakına da öyrədə bilsin. Bu peşə hələ də ki, müəllimlik isə. Müəllimlik digər peşələrdən fərqli olaraq hər saat işləyir. Bəzi peşələrin müəyyən iş saatları vardır. Lakin müəllim elə deyil, evə gədikdən sonra da onun işi vardır. Şagird və ya tələbələrin yazılarını, tapşırıqlarını yoxlayır. Lakin buna baxmayaraq heç vaxt yoruldum demir, əksinə zövq alır. Heç vaxt unutmaq lazım deyil ki, müəllim saçlarındakı hər ağaran bir teldə yüzlərlə şagirdin xatirəsi vardır.

Yazar: Ülkər Adıyeva ADPU Cəlilabad filialının tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqə iştirakçısı)