Gələcəyin müəllimi
Gələcəyin müəllimi
MÜƏLLİM !
Nə uca, ülvi ad, nə qürurlu,şərəfli peşə!
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” deyən Ümumilli liderimiz Heydər Əliyev hər zaman müəllimlik peşəsinə dəyər vermiş, onların xidmətləri haqqında ürəkdolusu danışmışdır.
Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir,mühəndis fabrik və zavodları işlədir,binalar ucaldır, yollar çəkir, kosmonavt fəzanı fəth edir…Fəqət bütün bu peşələrin fövqündə dayanan müqəddəs bir peşə var. Bu , müəllimlikdir.
Bütün peşə sahiblərinin seçdikləri sənətin sirlərini məhz müəllimlər öyrədirlər.
Müəllim-ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətəndaşdır, ictimai xadimdir. Müəllim yaşlı nəslin təcrübəsini gənc nəslə verir.
Müəllimi bağbana bənzədirlər. Bağban əkdiyi ağacların barını gördükdə, müəllim isə yetişdiyi yetirmələrinin , uğurlarını gördükdə fəxr edir. Cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəllimimin və həkiminin savadsız olması kifayətdir: Həkim milləti fiziki cəhətdən, müəllim isə mənəvi cəhətdən şikəst edəcəkdir.
Müəllim günəş kimi insanlığa mənəvi həyat verir; bağban kimi uşaq və gənclərə daim qayğı göstərir; mühəndis insan qəlbinin layihəsini cızır; heykəltəraş kimi gənc qəlbi və ağlı cilalayır, sərkərdə kim vəhşiliyə, cahilliyi, şerə qarşı amansız mübarizə aparır; həkim kimi millətin mənəvi sağlamlığı keşiyində durur.
Müəllimlik şərəfli, məsuliyyətli olduğu qədər çətin və mürəkkəb peşədir. Məsuliyyətlidir; çünki o, ən qiymətli kapital olan insanla işləyir.
Platon demişdir: “başmaqçı zay başmaq tikərsə, bundan ancaq bir adam zərər çəkər; müəllim öz işinin öhdəsindən pis gələrsə, cəmiyyətdə cahil və yaramaz adamlardan ibarət bir nəsil yetişəcəkdir.
Müəllimlik çətin və mürəkkəb peşədir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü də mürəkkəbdir, zəngin və incədir.
Müəllimlik yaradıcı işdir; çünki müəllim hazır göstərişlərlə işləyə bilməz. Yaradıcı , tədqiqatçı, yenilikçi olmalıdır.
Müəllimlik o qədər şərəfli peşədir ki, gələcəyin taleyi onun inci kimi qəlbində və toxunduğu yeri cənnət bağçasına çevirən əllərindədir. Öz övladlarını dünyada hər şeydən çox sevən varlıq valideyndir, lakin bütün övladları öz övladı kimi sevən müqəddəs yeganə varlıq müəllimdir.
Müəllimlər cəmiyyətin memarlarıdır desək, şübhəsiz ki, yanılmarıq. Müəllimin hərarətli qəlbinin zərrəciyidir gələcəyə işıq saçan, yol göstərən…
Necə ki, Həzrət Əli söyləmişdir: ” Mənə bir hərf öyrədənin köləsi olaram.”
Həqiqətən də ömürümüzün sonuna qədər müəllimlərimizin bizə öyrətdikləri, həyata hazırlayarkən, çəkdiyi əziyyətləri və ümman kimi qəlbləri qarşısında baş əyməliyik. Bir düşünək, insana əlindən tutub əlifbanın ilk hərflərini, “Ana” kəlməsini yazmağı öyrədən ilk müəllimini kim xatırlamaz ki? Üzərindən zaman ötsə də, illər illərə calansa da heç zaman unudulmayan gözəl xatirə olaraq yaddaşımızda iz buraxır.
Günəşə çatsa da nurlu taleyim,
Səninlə bağlıdır arzum, diləyim.
Nə bir dərdim olar , nə də bir qəmim,
Sən yüz il yaşasan , ilk müəllimim!
Maddi – mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllimdir. Müəllimi ömür elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız yetirmələri ilə paylaşır, gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə ürəyi qürurla dolur, qəlbi fərəhlənir.
Müəllim ümid mənbəyi olmalı, qabiliyyətlərinin inkişafına valideynlərinin belə inanmadığı şagirdlərinin solmuş ümidini cücərən yağmura bənzəməlidir. Şagirdlərə daha çox etimad bəslədikcə onlar da qalın meşənin günəşə boylamaq üçün yarışaraq boy atan ağaclarına bənzəyir.Gələcəyin müəlliminin işi, sadəcə şagirdlərinin beyinlərini biliklə doldurmaqla bitmir. Gələcəyin savadlı müəllimi şagirdlərinin mənəvi dünyasının, ruh aləminin memarı olmalı,dilini,dinini, vətənini, vətəndaşlarını, dövlətini sevməyin nümunəsini elə təmsil etməlidir ki, həkk etdiyi mənəvi dəyərləri zamanın ruzigarları aşıra bilməsin. Gələcəyin müəllimi öz sənətinə olan sevgisi, işinə məsuliyyəti şövqü ilə seçilməlidir. Bu xüsusiyyətlər qısa zaman ərzində onun yetirmələrinə də sirayət edəcəkdir.
Ən çətin peşədir müəllim olmaq. Hər bir tələbənin, şagirdin sənə özü də bilmədən,istəmədən ailəsinin qayğılarını, çətinliklərini, çarəsizliklərini göstərər. Və sən hər bir tələbənlə onun yaşadığı hissləri eyni anda yaşayarsan, onunla kədərinə ağlayarsan, onunla sevincinə uşaq kimi sevinərsən. Valideynlərini itirəndə sən də onunla bərabər yetim qalarsan, bu hissi yaşayarsan.
Fəslə uyğun geyinmədiyi geyimi, bir ürəkparçalayan sözü axıtdığı bir damla gözyaşı səni səndən alar, günlərlə yuxusuz qoyar səni. Həm də ən gözəl peşədir müəllim olmaq. Şagirdin, tələbənin inandığı, nümunə götürəcəyi insan olarsan, ən çətin anlarında heç kimlə bölüşə bilmədiyi dərdlərini ortağı, sirdaşi olarsan . Neçə-neçə kimsəsiz, çarəsiz ailələrin övladlarının yolunda şam olarsan , gələcəyə ümidinin səbəbkarı olarsan. Mən bu peşəni seçməklə qürur duyuram.
Gələcəyin müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə , mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirməlidir. Hər şeydən əvvəl hər bir gələcəyin müəllimi özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, ən əsası dərin, biliyi , savadı ilə şagirdlərinə nümunə olmalıdır. Komenski bilirsiz müəllimi susuz bulağa, işıqsız lampaya bənzəyirdi.
Gələcəyin müəllimi yaradıcı olmalı, keçdiyi hər bir dərsə yeni yazacağı əsər kimi baxmalı, kreativ ideyalar yaratmalı, novator olmalı, öz peşə xüsusiyyətlərinə sadiq qalmalı, cəmiyyət inkişaf etdikcə özü də inkişaf etməli, daim öz üzərində işləməlidir.
Ulu öndərimiz Heydər Əliyev demişdir: “ Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən , təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.
Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
“Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır” söyləyən Ulu öndərimiz hər zaman müəllimləri yüksək dəyərləndirmişdir. Müəllimin əməyi əvəzolunmazdır. Necə ki, Sokrat demişdir: “ Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.
Zaman-zaman müəllim haqqında gözəl kəlamlar deyilmişdir. Məhəmməd Peyğəmbər öyrətməyi hər cür ibadətdən üstün sayırdı. Platon müəllimliyi hər şeydən əvvəl bir Tanrı sənəti adlandırırdı. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. “Öyrətmək yenidən öyrənməkdir” söyləyir C.Braun. Sözün əsl mənasında öyrədərkən müəllim özü də öyrənir.
Gələcəyin müəllimləri qarşısına həmişə bu sualları qoymalıdır: “Mən kiməm?”, “mən necə müəlliməm?” , “mən əsl müəllim olmaq üçün nələr etməliyəm?”. Bu tələbləri qarşısına məqsəd qoyan müəllim hər zaman mükəmməlliyə doğru gedəcəkdir. Gələcəyin müəllimi biliklə, savadla yanaşı müasir texnologiya biliklərinə də sahib olmalı, humanist, yüksək əqidə, məslək sahibi, mədəniyyətə, düzgün mənəviyyata , nəcib əxlaqi keyfiyyətlərə malik olmalıdır. Çünki o, cəmiyyətin etibar etdiyi , gənc nəsillərin gələcək həyatlarının qurucusu , memarı, yollarına işıq tutan şəxsdir.
Ziyalı olmasa, kor olar millət,
Caynaq altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət
Bütün peşələrin gözü Müəllim!
“ Müəllimlik sənəti şərəfli bir sənətdir.” (Heydər Əliyev) .
Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu və gələcəyin müəllimləri xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını, qüvvələrini səfərbər edəcək, gələcəyi öz nurlu qəlbləri ilə işıqlandıracaqlar.
Yazar: Xəyalə Qubadova ADPU tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqəsində 4-cü yerin sahibi)