“Fransada tibb təhsil sistemi” mövzusunda ilk onlayn konfrans keçirilib

Fransada fəaliyyət göstərən “ALİM” Elmi Assosiasiyası, “Simple Talks by Dr Sabrin” və “Azerbaijani Ladies Club” tərəfindən “Fransada tibb təhsil sistemi” mövzusunda ilk onlayn konfrans keçirilib.

Onlayn konfransı iqtisad üzrə elmlər doktoru və “ALİM” Elmi Assosiasiyasının prezidenti Günel Səfərova açaraq, iştirakçılara və tədbiri müxtəlif sosial şəbəkələrdən izləyənlərə konfransda iştiraklarına görə təşəkkür edib.

Əvvəlcə, cari ilin iyul ayının 12-dən etibarən Azərbaycanın Tovuz rayonunda Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azerbaijani Ladies Club”un təsisçisi Kəmalə Ceylinova bu cəmiyyət haqqında məlumat verərək, onun əsas məqsədinin dünyanın müxtəlif yerlərində yaşayan istedadlı azərbaycanlı xanımların bir araya toplanması və onların fəaliyyətinin tanıdılması olduğunu qeyd edib.

“Simple Talks by Dr Sabrin” vebinarlarının təşəbbüskarı, hazırda Ras Əl Khaimah şəhərində Tibb Universitetində assistent-professor vəzifəsində çalışan, tibb elmləri üzrə fəlsəfə doktoru və üz-çənə cərrahı, konfransın moderatoru Sabrin Ali Azim üzv olduğu “ALİM” Elmi Assosiasiyasının tibbə dair bu konfransın əhəmiyyətindən söz açıb. O, dünyada çox geniş yayılmış koronavirus pandemiyasının nəticələrinin Azərbaycandan da yan keçmədiyini və ölkəmizdə bununla mübarizə aparan həkimlərin fədakarlığını vurğulayı və Kliniki Tibbi Mərkəzdə uzun illər birgə çalışdığı həmkarının vəfatı ilə bağlı dərin hüznlə kədərini ifadə edərək onun ailəsinə başsağlığı verib.

Strasburqda ictimai sağlamlıq və infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Ülviyyə Əlizadə Fransada tibb təhsilinin rezidenturaya qədərki müddətindən, bu ərəfədəki dərslərdən və tibb təhsilinin ilk ilindəki müsabiqədən danışıb. Nitsa şəhərində həkim-terapevt çalışan Sənubər Kərimova isə rezidentura mərhələsi haqqında ətraflı məlumat verərək, qəbul prosesindən, ixtisas seçimlərindən asılı olaraq rezidentura müddətindən danışıb.

Azərbaycan Tibb Universitetinin (ATU) məzunu, Fransada tibb elmləri üzrə fəlsəfə doktoru Reyhan Həsənova ATU tələbə və məzunlarına Fransada magistr və doktorantura dərəcələri haqda məlumat verərək, təqaüd və doktoranturadan sonrakı karyera imkanları barədə biliklərini paylaşıb. Eyni zamanda o, Fransada magistr və doktorantura dərəcəsi ilə tibb təhsilinə keçid imkanlarından danışıb.

Konfransda toxunulan mövzulardan biri də ATU tibb diplomu və rezidentura diplomu ilə Fransada tibb təhsilinə davam etmək və sözügedən diplomların verə biləcəyi üstünlüklər haqqında olub. Bu barədə, ATU-dan ginekoloq kimi məzun olan və hazırda Parisdə cərrah-mama-ginekoloq işləyən Line Aljondi təcrübəsini bölüşüb. O, keçdiyi mərhələlər və lazım olan sənədləşmə işləri haqqında geniş məlumat verib.

Azərbaycan və Fransada cərrah-mama-ginekoloq kimi təhsil almış və hazırda Azərbaycanda fəaliyyət göstərən İlahə Quliyeva Fransa tibb diplomunun ölkəmizdə tanıdılması prosesindən, mümkün elmi və peşəkar fəaliyyət imkanlarından söz açıb.

Sonda konfrans iştirakçıları onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar. “ALİM” Elmi Assosiasiyasının prezidenti Günel Səfərova və baş katibi Reyhan Həsənova ardıcıl olaraq təşkilatın yaranması və məqsədlərini xatırladaraq, azərbaycanlı gənclərə xaricdə təhsillə və Fransadakı elmi mərkəzlərlə əməkdaşlıq etməklə bağlı dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Onlar elmi tədqiqatlara marağı olan həmyerlilərimizi “ALİM” Elmi Assosiasiyasına qoşulmağa çağırıblar.

 

Mənbə: azertag.az 

Xəbərçi: Aytən Abbasova