Fövqəladə hadisələrin qarşısının alınması

Fövqəladə hadisə insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. Fövqəladə hadisələrin qarşısının alınması fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.

Fövqəladə hadisələr  növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə digər əlamətlərinə görə təsnif edilir. Ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onlar iki yerə bölünür: münaqişəli fövqəladə hadisələr münaqişəsiz fövqəladə hadisələr. Münaqişəli fövqəladə hadisələrə aşağıdakılar aiddir:

  • hərbi toqquşmalar;
  • ekstremist siyasi mübarizə;
  • sosial partlayışlar;
  • terrorizm;
  • milli və dini zəmində olan münaqişələr.

Münaqişəsiz fövqəladə hadisələrə aşağıdakılar aiddir:

  • Təbii xarakterli fövqəladə hadisələr;
  • Texnogen xarakterli fövqəladə hadisələr;
  • Ekoloji xarakterli fövqəladə hadisələr;
  • Sosial-siyasi xarakterli fövqəladə hadisələr və s.
  1. Təbii xarakterli fövqəladə hadisələrin təsnifatı:
  • Meteoroloji təhlükəli hadisələr (9-11 ballıq fırtına, 12-15 ballıq qasırğa, tufan, burulğan, leysan yağışı, iri dolu, güclü qar, çovğun, buzlaşma, donvurma, quraqlıq və s.);
  • Geofiziki təhlükəli hadisələr (zəlzələlər, vulkan püskürmələri);
  • Hidroloji təhlükəli hadisələr (su səviyyəsinin qalxması (daşqın) və ya düşməsi, yeraltı suların səviyyəsinin qalxması-subasma);
  • Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması;
  • İnsanların yolxucu xəstəliklərə tutulması;
  • Kortəbii yanğınlar (yeraltı yanğınlar, meşə yanğınları, zəmi və çöl yanğınları);
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması;
  • Geoloji təhlükəli hadisələr (torpaq sürüşməsi, sel, marxal, tozlu qasırğa, karst suxurlarında yer səthinin çökməsi);
  • Dənizdə hidroloji təhlükəli hadisələr (tropik qasırğa, sunami, 5 baldan yuxarı güclü dalğalanma, dəniz səviyyəsinin sürətlə dəyişməsi)
  1. Texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı:
  • Nəqliyyat qəzaları (fəlakətləri);
  • Yanğınlar (partlayışlar);
  • Binaların qəflətən uçulması;
  • Güclü təsirli zəhərləyici maddələr (GTZM) ətrafa yayılmaqla, baş verən qəzalar;
  • Radioaktiv maddələr (RM) ətrafa yayılmaqla, baş verən qəzalar;
  • Bioloji təhlükəli maddələr (BTM) ətrafa yayılmaqla, baş verən qəzalar;
  • Həyat təminatlı kommunal sistemlərdə (su, kanalizasiya, qaz, istilik və elektrik-enerjisi şəbəkələrində) baş verən qəzalar;
  • Hidrodinamik qəzalar (su bəndlərinin yarılması).
  1. Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı:
  • Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr;
  • Atmosferin tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (iqlimin kəskin dəyişməsi, oksigen azlığı, azon qatının pozulması və s.);
  • Hidrosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su ehtiyatlarının kəskin surətdə azalması);
  • Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (bəzi heyvan və bitki növlərinin kütləvi şəkildə məhv olması və s.).
  1. Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı:

Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var:

  • Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində peşə əlaməti; dini əlamət; mülkiyyət əlaməti; ərazi əlaməti; qohumluq əlaməti; yaş həddi və digər əlamətlərlə xarakterizə olunur.
  • Siyasi xarakterli fövqəladə hadisələr isə millətlərarası münasibətlər; narkotik maddə ticarəti; mütəşəkkil cinayətkarlıq; «Kölgə» iqtisadiyyatı; dövlət böhranı; informasiya və digər əlamətlər üzrə xarakterizə olunur.

Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb təsnif etmək mümkündür.

Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə fövqəladə hadisələr:

  1. Lokal (məhdud);
  2. Obyekt miqyaslı;
  3. Yerli;
  4. Regional;
  5. Dövlət (milli);
  6. Qlobal xarakterli ola bilər.

Lokal (qismi) fövqəladə hadisələr – iş yerindən, sinifdən, mənzildən kənara yayılmır.

Obyekt miqyaslı fövqəladə hadisələr – sənaye obyektində və ya bina hüdudlarında məhdudlaşır.

Yerli fövqəladə hadisələr – ancaq bir yaşayış məntəqəsinin, şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.

Regional fövqəladə hadisə – bir neçə şəhəri və ya kənd təsərrüfatı rayonlarını, onun ətrafları ilə birlikdə əhatə edir.

Dövlət (milli) miqyaslı fövqəladə hadisələr – respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələri əhatə edir.

Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazilərinə yayılır.

Baş verən fövqəladə hadisələr insan tələfatının miqdarına, zədələnmiş və ya köçürməyə məruz qalan əhalinin sayına, habelə, dəymiş zərərin miqyasına görə də təsnif edilir.

Fövqəladə hadisələr idarə üzrə, mənsubiyyətinə görə:

  • Tikintidə;
  • Sənayedə;
  • Mənzil və kommunal məişət sahələrində;
  • Kənd təsərrüfatında;
  • Meşə təsərrüfatında;
  • Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.

Bu təsnifat fövqəladə hadisələrin miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xarakterinin qiymətləndirilməsi, eləcə də xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas istiqamətlərin göstəriciləri rolunu oynayır.

YAZAR: İsmayılova Səbinə

Həmçinin bax: DQMV və Naxçıvan MSSR-in yaradılması

Həmçinin bax: turaz.org/almaniya-beynelxalq-emekdasliq-cemiyyeti-mdu-da-karyera-merkezinin-yaradilmasina-destek-gosterir/

Həmçinin bax: tehsilim.org/adpu-tehsil-ixtisasi-uzre-magistraturada-beynelxalq-ikili-diplom-proqrami-elan-edir/