Folklor İnstitutunun əməkdaşının məqaləsi “Web of Science” bazasında indeksləşmiş jurnalda dərc edilib
AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Azərbaycan folklorunda gülüşün psixologiyası, performansı və sosial konteksti” adlı məqaləsi “Web of Science” bazasına daxil olan “History Culture and Art Research” jurnalında dərc edilib.
Məqalənin əsas tədqiqat predmetini Azərbaycan folklorunda gülüşün psixologiyası, performansı və funksiyalarının sosial stereotiplər kontekstində öyrənilməsi və sosiomədəni semantikasının müəyyənləşdirilməsi təşkil edir.
Məqalə folklorun tədqiqi baxımından prioritet nəzəri-metodoloji yanaşma üsulları hesab olunan psixoanalitik, semiotik metodların, həmçinin performans nəzəriyyəsinin müvafiq yanaşmalarının tətbiqi əsasında hazırlanıb.
Tədqiqat işində müəllif qeyd edib ki, mədəniyyətdə gülüşün yaradılması texnologiyaları, aktuallaşma situasiyaları, metaforaları və kollektiv sosial davranış aktı kimi funksional keyfiyyətlərinin folklorşünaslıq aspektindən düzgün elmi analizi onun ənənəvi araşdırmalardan fərqli olaraq, yeni parametrlərdə dəyərləndirilməsini tələb edir.
Qeyd edək ki, məqalə folklor faktlarının metoforik oxunuşu vasitəsilə milli psixologiya və mentalitetin, milli stereotiplərin öyrənilməsi və konkret sosial situasiyalar üçün milli davranış modellərinin müəyyənləşdirilməsi, proqnozlaşdırılması, hətta ssenariləşdirilməsi baxımından ciddi sosial tətbiq imkanlarına malikdir.
Mənbə: www.science.gov.az
Xəbərçi: Aytən Abbasova