Əziz Şuşa
Əziz Şuşa,
Gözlərimin getdiyi yolu
Ayaqlarım gedə bilsəydi,
İndi çoxdan sənin qoynunda idim.
Pəncərəmdəki çiçəklər inciyib məndən,
Onlara baxa-baxa xarıbülbülü düşünmüşəm deyə.
Günəşin də qəlbi qırılıb
Sənsiz günlərdə istisində üşümüşəm deyə.
Şuşam, səni sevmək Tanrını sevmək kimidir.
Görmədən vurulmuşam hər qarışına,
Enişinə, yoxuşuna,
Çətir şəlalənin axışına…
Üzeyirin bəstəsini
Sənin qoynunda dinləmək var hələ,
Müqəddəs torpağında yumub gözlərimi
“Xudayar təsnifi”ndə itib batmaq…
Bilirəm, bu dəfə başqa cür danışacaq
Natəvanın qəzəlləri.
Canlanıb dilə gələcək
Vaqifin gözəlləri.
Gəlirik, Şuşam!
Sən həmişə bizimsən – bilirik, Şuşam!
Bilirik, altı qırmızı olan torpağın
Üstü həmişə yaşıl olar!
O qədər müqəddəssən ki,
Ayaqlarımı atıb bir tərəfə,
Ürəyimlə gəzmək istəyirəm torpaqlarında.
MÜƏLLİF: GÜLAY TAHİRLİ