Etnopsixologiyanın bir elm kimi yaranma tarixi
Etnopsixologiyanın bir elm kimi yaranma tarixi
Əsrimizin 60-70-ci illərindən başlayaraq dünya miqyasında xalqların öz bənzərsizliyini, orjinallığını, mədəni münasibətlərini və psixoloji həyat tərzini qorumaqla xarakterizə olunan proseslər geniş vüsət almağa başlamışdır.
Ümumiyyətlə, etnopsixologiya nəyi öyrənir sualına əksər insanlar qısa şəkildə ” Xalqların psixoloji və mədəni inkişaf xüsusiyyətlərini qarşılıqlı əlaqədə, sistemli şəkildə öyrənən bir elm sahəsidir” cavabını verir. Təbii ki, psixoloq və etnoloqların cavabı bu qədər sadə olmamalıdır. Bu mənada etnopsixologiyanın predmeti ilə bağlı problemləri bir neçə amillə əlaqələndirmək olar. Ilk növbədə onu qeyd etmək lazımdır ki, “etnos” termininin birmənalı istifadə olunmadığı faktına əsasən demək olmaz ki, etnopsixologiya məhz etnosu öyrənir.
Digər qrup tədqiqatçılar hesab edirlər ki, etnopsixologiya birbaşa etnosla deyil, mədəniyyətlə bağlı psixoloji xarakteristikaları tədqiq edir. Buna görə də əvvəlcə “Mədəniyyət nədir?” sualına cavab tapılmalıdır. Etnospixologiyanın predmetinin dəqiq müəyyənləşdirilməsindəki problemlərdən biri də onunla bağlıdır ki, etnopsixologiya termininin birmənalı şəkildə hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Əksər mütəxəssislər onu “xalqların psixologiyası”, “psixoloji antropologiya”, “müqayisəli-mədəni psixologiya” və s. terminləri ilə eyniləşdirmişlər.
Etnopsixologiyanın müxtəlif terminlərlə adlandırılması təsadüfi deyildir. Çünki o, həm də bir sıra elm sahələrini özündə birləşdirir. Etnopsixologiyanın daha sıx və ya nisbətən uzaq bağlılığı olan elm sahələri mövcuddur ki, bura sosiologiya, linqvistika, biologiya, ekologiya, tarix və s. aid etmək olar. Etnoqrafiya, etnologiya, antropologiya və psixologiya isə etnopsixologiyanın birbaşa bağlı olduğu elm sahələridir.
İlk etnopsixoloji fikirlərə hələ eramızdan əvvəl Herodot, Hippokrat, Strabon və digər alimlərin əsərlərində rast gəlmək mümkündür. Antik yunan həkimi və tibbi coğrafiyanın yaradıcısı Hippokrat ətraf mühitin insanların psixoloji xüsusiyyətlərinin formalaşmasına təsiri ilə bağlı fikirlər söyləmişdir. Onun fikrincə, xalqlar arasındakı fərqlər, o cümlədən, davranış və vərdişlər təbiət və iqlim şəraitinin müxtəlifliyi nəticəsində meydana çıxır. Herodot isə müxtəlif xalqların xarakteri və həyat tərzi ilə maraqlanmış, müxtəlifliyin səbəbini təbii mühitdə axtarmışdır.
Xalqların psixoloji müşahidələrin predmetinə çevrilməsi isə XVIII əsrdən başlamışdır. Burada da xalqlar arasındakı müxtəlifliyin başlıca amili kimi mühit və iqlim şəraiti götürülmüşdür.
Belə ki, XVIII əsr fransız maarifçiləri “xalq ruhu” terminini işlətmiş və problemi yenə də coğrafi faktorlar baxımından şərh etməyə çalışmışlar. Fransız filosofu Ş.Monteskye (1689-1755) hesab edirdi ki, insanı çox şey: iqlim şəraiti, din, qanunlar, idarəetmə prinsipləri, adət-ənənələr idarə edir və nəticədə xalqın ümumi ruhu yaranır. O da çoxsaylı amillər içərisindən iqlim şəraitinin təsirini birinci yerə qoyur. Məsələn, onun fikrincə, isti iqlim şəraitində yaşayan xalqlar bir qayda olaraq tənbəl, ətalətli, güclü təxəyyülə malik olmayan və qorxaq insanlardır. Şimal xalqları isə cəsur və az hissiyyatlı olur, həzz almağa çox meyl etmirlər.
Xalq ruhu ideyası XVIII əsr alman filosoflarından da diqqətini cəlb etmişdir. Onların tanınmış nümayəndələrindən biri İ.Q.Herder (1744-1803) xalq ruhu anlayışına musiqini, dili və s. aid edirdi. O, psixikanın formalaşmasında iqlim şəraiti və landşaftın, eləcə də ictimai quruluş, həyat tərzi və tərbiyənin mühüm rol oynadığını göstərirdi. Herderə görə, xalqın ruhunu başa düşmək üçün onun işini, dilini, eləcə də həyat tərzini öyrənmək lazımdır. Ilk yerə isə xalq yaradıcılığını qoyurdu. Hesab edirdi ki, xalqın ruhunu xalq yaradıcılığı qədər dəqiq heç nə əks etdirə bilməz.
Ingilis filosofu D.Yum, alman mütəfəkkirləri İ.Kant və Hegel xalq ruhu ilə bağlı yalnız faktları göstərməmiş, həm də onların bəzilərinin “psixoloji portretini” vermişlər.
Bir sıra elmlərin, xüsusilə, etnoqrafiya, psixologiya və dilçiliyin inkişafı XIX əsrin ortalarında müstəqil bir elm sahəsinin – etnopsixologiyanın yaranmasına səbəb oldu. Onun yaradıcı isə alman alimləri M.Latsarus (1824-1903) və X.Şteyntal (1823-1893) oldular. Onlar 1859-cu ildə “Xalqların psixologiyası və dilçilik” jurnalının nəşrinə başladılar. Jurnalın ilk nömrəsində onların “Xalq psixologiyası haqqında düşüncələr” adlı məqaləsi çap olundu. Elmi etnopsixologiyanın yaranması tarixi də bu vaxtdan götürülür.
Bir xalqın bütün üzvləri “oxşar hiss, arzu və meylin” daşıyıcılarıdır. Onların hamısı özündə xalqın ruhunu əxz etmişdir. Oxşar cəhətlər xalqın düşüncə tərzində də əksini tapır. Şteyntala görə, məhz xalq ruhu ilk növbədə öz əksini onun dilində, daha sonra adət və ənənələrində, mahnılarında tapır. Latsarus və Şteyntal yeni elm sahəsinin vəzifələrinə aşağıdakıları aid edirdilər:
- Xalq ruhunun psixoloji mahiyyətinin dərk olunması;
- Xalqın psixoloji xüsusiyyətlərinin onların həyat tərzində, incəsənət və elmində öz əksini necə tapmasının müəyyənləşdirilməsi;
- Hər hansı bir xalqın inkişafı və ya məhv olmasının etnopsixoloji səbəblərinin öyrənilməsi;
- Bu vəzifələrin qarşıya qoyulması göstərir ki, Latsarus və Şteyntal xalqların psixologiyasına onların dili, dini, elmi, mədəniyyəti kontekstindən yanaşmışlar.
XIX əsrin 70-ci illərindən başlayaraq etnopsixologiya məsələləri öyrənilməyə başlandı. Onun ilk təşəbbüskarı K.D.Kavelin (1818-1885) olmuşdur. Kavelin sadəcə olaraq faktların sadalanmasını yox, mədəniyyət abidələrinin, adətlərin, folklorun və s-nin öyrənilməsini də zəruri hesab edirdi. Onun fikrincə, xalqların psixologiyasının öyrənilməsi vəzifəsinə onların psixi inkişaf qanunları və ictimai – tarixi proseslərin təhlili də daxil olmalıdır.
XIX əsrin sonu-XX əsrin əvvəllərində etnopsixologiya ilə bağlı bir neçə konsepsiya yarandı. Onların sırasında ilk növbədə, alman psixoloqu V.Vundtun (1832-1920) adını çəkmək vacibdir. Vundtun etnopsixologiya ilə baölı ilk məqaləsi 1886-cı ildə çap olunmuşdur. Ömrünün son iyirmi ilini isə o, demək olar ki, on cildlik “Xalqlaırn psixologiyası” əsərinə həsr etmişdir. Vundt Latsarus və Şteyntaldan fərqli olaraq göstərirdi ki, fərdlərin birgə həyatı, qarşılıqlı münasibətləri yeni, özünəməxsus qanunauyğunluqlar yaradır.
Etnopsixologiya ilə bağlı məşhur sinalardan biri də fransız almi Qustav Lebondur. Lebon etnopsixologiyaya irq, irqin psixoloji xüsusiyyətləri kontekstindən yanaşmışdır. O, özünün məşhur “Xalqların və kütlələrin psixologiyası” əsərində göstərir ki, irq ümumi irsi morfoloji və fizioloji əlamətlərə, vahid kökə malik olan, tarixən formalaşan insanlar birliyidir.
İrqi mənsubiyyətə görə yaranmış insan birliyi daim dinamik inkişafda olmaqla əsasən özünün davamlı xüsusiyyətlərini hifz edib qoruyur.
Xalqın ruhi varlığının məcmusu olan əxlaqi və intellektual xüsusiyyətləri onun keçmişinin, əcdadından keçən və özünün davranışının sintezidir. Müşahidələr göstərir ki, ayrı-ayrı fərdlərdə çoxsaylı ümumi psixoloji oxşarlıq vardır.
İnsanın davranışı və düçar olduğu təsirləri Lebon üç kateqoriyaya ayırır. Onlardan birincisi və ən mühümü əcdadların, ikincisi valideynlərin, üçüncüsü və ən az təsir edəni isə mühitin təsiridir.
Mühit insanı əlbəttə ki, fiziki və mənəvi cəhətdən dəyişdirir. Bütün bunlar isə tərbiyə ilə birgə insanın həyat tərzindən asılı olaraq az təsir gücünə malikdir. Mühit o zaman real təsir gücünə malik olur ki, irsiyyətin təsiri uzun müddət eyni istiqamətli olsun. Elə bu səbəbdən də xalqın psixoloji xüsusiyyətləri daim mövcuddur, zamanın təsiri ilə dəyişmir. Xalqın xarakter, fiziki və psixoloji əlamətlərinin dəyişməsi üçün onun digər bir xalqla çarpazlaşması, qarışması lazımdır.
Məşhur rus psixoloqu V.M.Bexterev isə xalqın psixologiyasının formalaşmasında mühitin rolunun yüksək olmasını göstərir. O qeyd edir ki, eyni mühit və şərait xalqlar arasında heyran olunacaq dərəcədə oxşarlığa səbəb olur.. V.M.Bexterevə görə, oxşar həyat tərzi, şərait xalqların da oxşar yolla sosial inkişafına səbəb olur.
Rusiyada XX əsrin əvvəllərində Q.Q.Şpet (1879-1940) etnik psixologiyanın yaradılması ilə bağlı növbəti cəhdi göstərdi. Onun etnopsixoloji görüşləri 1970-ci ildə çap olunan “Etnik psixologiyaya giriş” əsərində öz əksini tapmışdır.
Vundt göstərirdi ki, mənəvi-mədəni məhsul psixolojidir. Şpet isə onunla polemikaya girərək bildirirdi ki, xalqın mədəni tarixi həyatı psixoloji ola bilməz. Psixoloji olan mədəniyyətə, mədəniyyət məhsullarına münasibətdir. Şpetə görə, dil, miflər, adət, din, elm – bütün bunlar hamısı onların daşıyıcıları olan insanlarda mədəni hisslər formalaşdırır. Insanlar nə qədər fərqli olsalar da onların hamısı üçün ümumi olanlar da var. Mədəniyyət məhsullarını təhlil edərkən etnik psixologiya ilk növbədə, kollektiv hisslərə cavab tapmalıdır. Yəni xalq nəyi sevir? Nədən qorxuq? Nəyə etiqad göstərir?
Şpetə görə insanın hansısa xalqa mənsub olması bioloji amillərə görə deyil, şüurlu mənsub olmadır. Fərd mədəniyyət məhsullarını, mənəvi dəyərləri mənimsəməklə ümumi hisslərə, xalqa mənsub olur.
Xalq termini dedikdə, tarixən müəyyən ərazidə yaşayan, ümumi, əsasən sabit adət-ənənə, mədəniyyət və psixi xüsusiyyətləri olan, eyni zamanda özlərinin oxşar şüur daşıyıcıları olduğunu dərk və qəbul edən, digər insan birliklərindən fərqli olmalarını anlayan insan birliyi başa düşülür. Son vaxtlar isə müxtəlif elm sahələrində, o cümlədən, psixologiya elmində də “etnos” termini daha çox işlədilir. Etnosun formalaşması uzun tarixi birliyin, mürəkkəb ierarxiyanın, sistemin nəticəsi olmaqla öz əksini etnik şüurun birliyində tapır. Etnos dedikdə, eyni ərazidə yaşayan insanların etnik birliyindən başqa həmin ərazidə yaşamayan, lakin oxşar adət-ənənə, dil, mədəniyyət daşıyıcıları olan insanlar birliyi də başa düşülür.
Etnik sistem və ya etnik çoxluq dedikdə eyni mədəniyyətə, ümumi dilə, psixikanın səciyyəvi əlamətlərinə, vahid ərazi və mənlik şüuruna malik olan, tarixi proses nəticəsində yaranmış insanlar çoxluğu başa düşülür. Belə bir çoxluğun üzvü, yəni etnik xassələrin daşıyıcısı etnofor adlanır.
Etnik çoxluğun psixi xüsusiyyətləri onun mədəniyyətində təzahür edir, onu formalaşdırır və mədəniyyətlə qarşılıqlı təsirdə təşəkkül tapır.
L.N.Qumilev etnosun formalaşmasında 3 əsas amili ayırd edirdi:
1) bioloji amil;
2) coğrafi amil;
3) tarixi amil (sosial amil nəzərdə tutulur).
Ayrı-ayrı kiçik qrupların və ya fərdlərin bu etnososial mühitlə qarşılıqlı təsiri nəticəsində etnik qrup yaranır. Hər bir etnik qrup yerləşdiyi etnososial mühitdən asılı olaraq müxtəlif psixi xüsusiyyətlər kəsb edir. Çünki etnosun sosial çoxluq kimi aktuallaşmış tələbatları etnososial mühiti əmələ gətirən amillərdir. Bundan asılı olaraq etnosla mühit arasındakı tarazlığın yaranması üçün həmin mühitə uyğunlaşma prosesi baş verir ki, bu da etnosun psixi fəaliyyətinin məzmununu müəyyən edir. Etnosun formalaşmasının əsasında bioloji amil durur. Yəni orqanizmlə mühit arasında onun tələbatını ödəmək lazımdır. Bioloji tələbatın ödənilməsi müəyyən bir coğrafi mühitdə baş verir.
Ümumiyyətlə, etnik və milli xarakterin təşəkkülü, formalaşması çox mürəkkəb psixoloji hadisə olub, qrup üzvlərinin rəftar və davranışında, fəaliyyət və ünsiyyətində, ümumən münasibətlər sistemində özünəməxsus şəkildə təzahür edir. Hər bir xalqın özünəməxsus xarakter əlamətləri var. Məsələn, alman xalqı təmizlik, fransız xalqı nəzakətlilik və s. kimi xarakter xüsusiyyətləri ilə seçilirlər.
Məsələn, bitkiləri qorumaq və gülləri, çiçəkləri qırmamaq üçün Alp çəmənliklərində lövhələr asılmışdı. Fransız dilində yazılmışdı: “Bu gözəl çiçəklərdən zövq alın, onları nə üçün qırırsınız?”. İngilis dilində yazılmışdı: “Zəhmət olmasa, çiçəkləri qırmayın!” Almanlar üçün artıq bu xahiş deyil, qadağanı bildirirdi: “Çiçəkləri qırmaq qadağandır”.
Məsələn, ingilislər sabitliyi xoşlayırlar. Onlar özünü ələ almağı, öz hisslərini biruzə verməməyi bacarırlar. Lakin onlar milli bayramlarda və ya futbol yarışlarında son dərəcə hərəki və çılğın olurlar.
İngilislər özünü ələ almağı insan xarakterinin ən yüksək keyfiyyəti sayırlar. “Özünü ələ almağı öyrən və bacar”. Bu sanki ingilislərin başlıca devizidir. Alman xalqı keçmiş nəsillərdən qalma adət-ənənələrə hörmətlə yanaşırlar. Bayramlarda milli geyimlər geyinirlər. Temperament tipinə görə almanları daha çox fleqmatikə aid etmək olar. Onlar üçün soyuq mühakimə, məqsədyönlü, ardıcıl fəaliyyət, çətinlikləri dəf etmək qabiliyyəti daha xarakterikdir. Bir qayda olaraq sintetik ağıl, işə dözümlü və xaeyrxah münasibət özünü göstərir. Onlar son dərəcə ciddi, az danışan olurlar. Heç bi xalq almanlar qədər həmrəylik göstərə bilməz. Onlar son dərəcə dəqiq və səliqəlidirlər. Almanlar heç vaxt küçəni sarı və qırmızı işıqda keçməzlər. Hətta küçə boş olsa belə, o, yaşıl işığı gözləyirlər.
Məşhur alman filosofu Hegel öz xalqının mühüm bir etnik-psixoloji xüsusiyyətini belə ifadə edirdi: Mənim xalqım arxivariusdur (və ya arxivarius xalqdır). Arxiv öz taxçalarında tarixi hadisələri və faktları hifz etdiyi kimi, alman xalqı da öz yaddaşında öz tarixini hifz edib, qoruyub, saxlayaraq gələcək nəsillərə verir. Yəni alman xalqı ilk növbədə öz tarixini yaxşı bilməklə seçilir. Deməli, öz xalqının tarixinə dərindən bələdlik onun üçün süzgəc rolu oynayır.
Xarakter əlamətlərinin ən başlıcası başqa adamlara, qrup və etnoslara, xalqlara, millətlərə münasibətdə ifadə olunur.
Etnik xüsusiyyətlərin öyrənilməsi bir sıra elm sahələrinin, o cümlədən, psixologiya elminin də başlıca problemlərindən biridir. Təbii ki, həm müxtəlif elmlər, həm də eyni elm sahəsinin özündə milliyyət, millət, xalq anlayışlarına bir çox hallarda fərqli şəkildə yanaşılır.
YAZAR: Fidan Hacıyeva Ağazadə
Həmçinin bax: Etnopsixologiya psixologiyanın bir sahəsi kimi
Həmçinin bax: https://tehsilim.org/telebelerin-nezerine-4/
Həmçinin bax:https: https://turaz.org/bmt-liviyaya-musahideci-missiya-gonderir/