Etnik özünüdərk və etnik identikliyin xüsusiyyətləri

Etnik özünüdərk və etnik identikliyin xüsusiyyətləri

Fəlsəfi, sosioloji və etnoqrafik ədəbiyyatda “etnos” termini “etnik ümumilik” (birlik)”etnik qrup”,”etnik psixologiya” , “etnik əlamət”lə eyniləşdirilir. Oxucuya burada ikinci, üçüncü və digər anlayışlara daha çox diqqət yetirmək məsləhət görülür. Göründüyü kimi,etnos,etnik ümumilik,etnik qrup,etnik əlamətin göstəricisi kimi ilk növbədə ərazi,tarix,dil, adət, ənənə, ümumi mənşə, həyat tərzi və s. xidmət edir.

Qeyd edək ki,müxtəlif sosial-iqtisadi amillər və təbii şəraitin təsiri altında etnos üçün səciyyəvi olan maddi və mənəvi mədəniyyət, məişət, adət və əxlaq, eləcə də digər psixi xüsusiyyətlər ortaya çıxa bilər. Bütün bunlar isə nəticədə etnik şüurun meydana gəlməsinə gətirib çıxarır. Yəni etnos və ya xalq kim olduğunu,hansı mənəvi psixoloji keyfiyyətlərə,adət-ənənələrə,stereotip və yönümlərə malik olduğunu, necə tərəqqi etdiyini, tarix boyu nə kimi psixoloji dəyişikliklərə məruz qaldığını yaxşı bilməlidir.

Bu isə xalqın etnikpsixoloji xüsusiyyətlərini tarixi planda araşdırmadan, onu ətraflı öyrənmədən mümkün deyildir. Xalqa məxsus etnopsixoloji xüsusiyyətlərin məcmusu,ilk növbədə həmin xalqın folklor və bədii ədəbiyyatında öz əksini tapır. Yazılı və şifahi ədəbiyyatın psixoloji təhlili xalqın etnik-psixoloji xüsusiyyətlərini təşəkkül prosesini izləməyə imkan verir. Etnik  psixoloji xüsusiyyətlər içərisində,ilk növbədə diqqəti cəlb edən etnosun özünüdərketməsi və etnik şüur səviyyəsidir.

Etnosun,xalqın formalaşması sosial-psixoloji mexanizm etibarı ilə “biz” və “onlar” münasibətlərinin dərk edilməsi və qiymətləndirilməsi səviyyəsində cərəyan edir. Burada xalqın və ya millətin özü haqqında biliyi,şüur səviyyəsini isə özü ilə bərabər daha çox başqaları-yəni digər etnos haqqında bilik kimi xarakterizə edilir. Etnik özünüdərketmə etnos üzvlərini öz etnik birliklərinin davranış və rəftarı,münasibətlər sistemi,xarakteri,mənəvi keyfiyyətləri,nailiyyət və nöqsanları haqqında təsəvvür və mülahizələrlə ayrılmaz surətdə əlaqədardır.

Etnik qruplar arasında qarşıqoyma,qarşılaşdırma varsa,deməli,özünüdərketmə də vardır. Başqa etnik qrupların psixologiyasının dərk edilməsi,öz etnosunun səciyyəvi cəhətlərini dərk etməyi tələb edir və ya əksinə. Bu cəhət etnik ümumiliyin və etnik fərqin dərk edilməsi və qiymətləndirilməsi üçün çox vacibdir. Deməli,xalqın özü haqqında real təsəvvürü onun özünü başqa xalqlardan və millətlərdən fikrən ayırmasına, eləcə də bu fərqi başa düşə bilməsinə kömək edir.
Etnik özünüdərketmənin ən əsas psixoloji mexanizmi etnik identifikasiyadır. “İdentifikasiya” eyniləşdirmək deməkdir. Yəni,insanın özünü,başqası ilə eyniləşdirməsidir. Milli identiklik məsələsi son zamanlar daha çox müzakirəyə çıxarılır və müxtəlif istiqamətlərdə araşdırılır. Vətəndaşların milli identikliyi hər bir millətin “kollektiv identikliyi”nin tərkib hissəsi olaraq şəxsiyyətin milli qrupa mənsubluğunu və ona bağlılığını müəyyən edir.

Fərdin öz identikliyini müəyyənləşdirməsi mexanizmi milli identikliyin təşəkkülü mexanizminə də şamil edilə bilər. Millilik,millət və identiklik məsələləri araşdırılarkən bəzi sosial-psixoloji yanaşmalara diqqət yetirilməsi zəruridir. Sosial-psixoloji tədqiqatlar göstərir ki, fərdin sosial identikliyi onun hansı qrupun təmsiliçiliyinə can atması və hansı qrupdan özünü fərqləndirməsinə cəhdi ilə müəyyənləşir.

Burada bir neçə maraqlı proses izlənə bilər. Bir halda fərdin identifikasiyası differensiasiyası,digər halda isə fərdin assimilyasiya və differensiasiyası prosesi baş verir. Əgər fərd özünü yaxın qohumlar qrupuna aid edərək digər qruplardan fərqləndirirsə,onda assimilyasiya-differensiasiya mexanizmi işə düşmüş olur. Başqa sözlə desək,qruplararası münasibətlər və qruplararası müqayisə aparmaqla fərd özünün mənsubiyyətini təyin etmiş olur.
Ümumiyyətlə,“identiklik” dedikdə nə başa düşülür.

“İdentiklik” yunanca “identicus” sözündən olub,“bircürlük”,“bir-birinə uyğun gəlmə”,“eyniyyət” mənasını verir. Bu mənada“identiklik” şəxsiyyətə də şamil edilərək onun “özlüyü”,“mənliyi”, “kimliyi” haqqında təsəvvür sistemi kimi başa düşülə bilər.Milli identikliyin təhlili və tədqiqi onun ilk növbədə etnik identiklikdən fərqləndirilməsini tələb edir.Etnik identiklik fərdin özünü müəyyən etnik qrupa mənsubluğunu müəyyənləşdirməsidir.

Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasını dərk etməsi və duyması,həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır.Milli identiklik yalnız obyektiv mövcud olan fərqliliklərlə müəyyənləşmir,o,həm də bu fərqliliklərin fərd tərəfindən necə dərk edilməsi, yaşanması və mənalandırılması ilə şərtlənir.

Etnik identiklik insanın müəyyən etnik ümumiliyə aid olmasını aydın surətdə anlaması və dərk etməsindən ibarət olan etnopsixoloji hadisədir.Etnik identikliyin iki əsas komponenti var:

  • koqnitiv
  •  affektiv

Koqnitiv komponentə fərdin öz etnosunun,öz qrup xüsusiyyətləri haqqında bilik və təsəvvürləri,etno fərqləndirici əlamətlərin dərk edilməsi əsasında özünü həmin qrupun üzvü kimi dərk etməsi daxildir. Yəni,hər bir etnosun üzvü həm öz etnosu,həm də başqa etnosların tarixi,adət-ənənələri,ümumən mədəniyyətinin xüsusiyyətləri haqqında məlumat və təsəvvürlərə malik olması başa düşülür. Affektiv komponentə isə fərdin daxil olduğu qrupa aid olmaq hissi,onun keyfiyyətlərini qiymətləndirməsi,onun üzvü olmağa münasibət aiddir.

Etnik identikliyin affektiv(emosional)komponenti öz xalqının taleyi ilə bağlı olan məsələlərə dərin emosional reaksiyalar verilməsində aydın surətdə özünü göstərir.
Etnik identiklik əsasən sosial amillərlə şərtlənir. Fərdin monoetnik (təkmillətli) və ya polietnik(çoxmillətli) mühitdə yaşaması onun etnik identikliyinə təsir göstərir.

Ümumiyyətlə,polietnik mühitdə etnik identiklik daha dəqiq dərk olunur,qruplar arasındakı fərqli cəhətlər daha tez mənimsənilir. Etnik identiklik həm də uşağın yaşadığı cəmiyyətdə hansı qrupa,yəni çoxluqlar qrupuna yoxsa azlıqlar qrupuna aid olmasından da asılıdır. Cəmiyyətin sosial strukturunda etnosun əldə etdiyi status, onun nümayəndələrinin qavranılmasına və etnik identikliyinə təsir göstərir.

YAZAR: Səkinə Mürsəlova

Həmçinin bax: Etnik stereotiplər

Həmçinin bax:https://tehsilim.org/yuxari-sinifler-ve-universitetlerde-enenevi-tedris-qismen-berpa-olunur/

Həmçinin bax:https://turaz.org/prezident-ilham-eliyev-azerbaycan-vetendaslarina-muraciet-edib/