Etnik özünüdərk və özünü qiymətləndirmə

Etnik özünüdərk və özünü qiymətləndirmə

Hər bir xalq, etnos özünü düzgün dərk edib qiymətləndirmək və inkişaf etmək üçün özünün psixoloji keçmişinə dərindən bələd olmalıdır. Yəni etnos və ya xalq kim olduğunu, hansı mənəvi-psixoloji keyfiyyətlərə, adət-ənənələrə, stereotip və yönümlərə malik olduğunu, necə tərəqqi etdiyini, tarix boyu nə kimi psixoloji dəyişikliklərə məruz qaldığını yaxşı bilməlidir. Bu isə xalqın etnik-psixoloji xüsusiyyətlərini tarixi planda araşdırmadan, onu ətraflı öyrənmədən mümkün deyildir. Xalqa məxsus etnik-psixoloji xüsusiyyətlərin məcmusu, ilk növbədə həmin xalqın folklor və bədii ədəbiyyatında öz əksini tapır. Yazılı və şifahi ədəbiyyatın psixoloji təhlili xalqın etnik-psixoloji xüsusiyyətlərini təşəkkül prosesini izləməyə imkan verir. Keçmişi bilmək müasirliyin əlaməti hesab olunur.

Etnik psixoloji xüsusiyyətlər içərisində, ilk növbədə diqqəti cəlb edən etnosun özünüdərketməsi və etnik şüur səviyyəsidir. Etnosun, xalqın formalaşması sosial-psixoloji mexanizm etibarı ilə “biz” və “onlar” münasibətlərinin dərk edilməsi və qiymətləndirilməsi səviyyəsində cərəyan edir. Etnik özünüdərketmə əsasən öz birliyi haqqında, etnik şüur isə həm də başqa birliklər haqqında olan bilikdir.

Etnik özünüdərketmə etnos üzvlərini öz etnik birliklərinin davranış və rəftarı, münasibətlər sistemi, xarakteri, mənəvi keyfiyyətləri, nailiyyət və nöqsanları haqqında təsəvvür və mülahizələrlə ayrılmaz surətdə əlaqədardır.

Məlumdur ki, etnik psixoloji xüsusiyyətlərin təşəkkülünün əsasını “biz” və “onlar” qarşıdurması, yəni öz etnosunu başqa etnoslara qarşı qoymaq, onları qarşılaşdırmaq əsasında aralarındakı oxşar və fərqli cəhətlərin dərk edilməsi təşkil edir. Etnik qruplar arasında belə qarşıqoyma, qarşılaşdırmaq varsa, deməli, özünüdərketmə də var. Etnik özünüdərketmə etnos və ya millətin dilində, adət-ənənəsində, rəvayət və mifologiyasında, musiqi və rəqsində, geyim xüsusiyyətlərində, mətbəxində ümumən isə özünə və ətraf aləmə münasibətində öz əksini tapır. Etnik özünüdərketmənin ən əsas psixoloji mexanizmi etnik identifikasıyadır. İdentifikasiya eyniləşdirmək deməkdir. Yəni, insanın özünü, başqası ilə eyniləşdirməsidir. Qrup səviyyəsində diferensasiya və identifikasiya sosial identikliklə nəticələnir. Sosial identiklik öz qrupunu başqa sosial birliklərlə müqayisə prosesinin nəticəsi olaraq formalaşır. Əgər qrup ümumi milli birliyə qoşulmasa, onunla oxşarlığını ümumi cəhətlərini müəyyən etməsə, özünü milli birliyə daxil etməsə sosial identiklik yaranmır. Sosial identiklik etnik identikliyin yaranması üçün mənbədir. Etnik identikliyin iki əsas komponenti var:

  1. Koqnitiv Koqnitiv komponentə fərdin öz etnosunun, öz qrup xüsusiyyətləri haqqında bilik və təsəvvürləri, etnofərqləndirici əlamətlərin dərk edilməsi əsasında özünü həmin qrupun üzvü kimi dərk etməsi daxildir. Etnik identikliyin koqnitiv komponentinə ilk növbədə etnik məlumatlılıq, yəni etnos haqqında lazımi məlumata malik olmaq əsas yer tutur.
  2. Affektiv Affektiv komponentə isə fərdin daxil olduğu qrupa aid olmaq hissi, onun keyfiyyətini qiymətləndirilməsi, onun üzvü olmağa münasibət aiddir.

Etnik identikliyin affektiv (emosional) komponenti öz xalqının taleyi ilə bağlı olan məsələlərə dərin emosional reaksiyalar verilməsində aydın surətdə özünü göstərir. Emosional identiklik hissi nə qədər güclü olarsa, etnos üzvləri arasında da bir o qədər güclü psixoloji birlik hissi yaranır.

Etnik identiklik və onun formalaşması mərhələləri görkəmli isveçrə psixoloqu J.Piaje tərəfindən belə göstərilmişdir:

  1. Uşaq 6-7 yaşlarında özünün etnik mənsubiyyəti barədə ilk qısa və fraqmentar məlumatlar əldə edir. Bu yaşda onun üçün hələ ölkəsi və etnik qrupu yox, ailəsi və sosial əhatəsi maraqlıdır.
  2. 8-9 yaşında uşaq artıq özünü öz etnik qrupu ilə aydın surətdə identikləşdirə (eyniləşdirə) bilir. Bu zaman o, idetifikasiya üçün valideynlərin milliyətini, yaşadığı ölkəni, ana dilini əsas götürür və onların əsasında milli hisslər baş qaldırır.
  3. 10-11 yaşda etnik identiklik tam həcmdə formalaşır və ona görə də uşaq müəyyən etnofərqləndirici əlamətlərə əsasən özünü başqa etnoslardan fərqləndirə bilir.

Etnik identikliyin inkişafı haqqında müxtəlif fikirlər olsa da bütün psixoloqlar bir məsələdə razıdırlar ki, gərçəkləşdirilmiş etnik identiklik yeniyetməlik yaşında, özünü refleksiya hissinin insan üçün xüsusi əhəmiyyət daşıdığı vaxtda baş verir.

Yazar: Çinarə Bayramova

Həmiçinin bax: Şəxsiyyətin və psixopatologiyanın iyerarxik modelləri

Həmiçinin bax: tehsilim.org/cingiz-aytmatovun-qiyamet-romaninda-beseri-problemler/