Etnik milli xarakter
Etnik milli xarakter
Hər bir fərd bildiyimiz kimi yaşadığı yerin,var olduğu xalqın mental dəyərləri ilə böyüyür və psixoloji təsirlərə məruz qalır. Çünki,bir insanın tam şəxsiyyət kimi formalaşmasında cəmiyyətin ələxsus mənsub olduğu millətin və ya xalqın böyük təsirləri vardır.Bununla bağlı olaraq bir sıra psixoloji eksperimentlər aparılmışdı.
Belə ki, Rusiyada yaşayan azərbaycanlı xarakterinə uyğun xüsusiyyətləri qoruyub saxlayıb,bu onun ünsiyyət zamanı nitq və davranışlarına təsir göstərib, lakin,danışıq tərzi işlədiyi şəraitdən və adını təmsil etdiyi ölkədən asılı olaraq olduğu üçün rus üslubunda olub.
Belə ki, böyük alman filosofu Immanual Kant xalqlar arasındakı fərqli əcdadlarda,onların tarixində və gündəlik davranışlarında onların adət halına çevrilməsi nəticəsinə gəlmişdi. Bildiyimiz kimi insanın fərd kimi inkişafı mənsublaşması və özündə fərdi xarakterləri cəmləşməsində xalqın milli xarakterinin böyük rolu vardır.
Milli xarakter dedikdə, sual yaranır,”Bəs nədir?”və”necə təsir edir?”. Milli xarakter müəyən toplum içində uzun zaman qarşılıqlı əlaqədə olaraq qazanılan keyfiyyətlər başa düşülür.Az əvvəl də qeyd etdiyimiz kimi insan biososial psixoloji varlıqdır.Milli xarakterin formalaşmasina təsir veren vacib amillərə insanın var olduğu toplum, ünsiyyət zamanı istifadə etdiyi dil,həmin xalqın dini inanclar sistemi və təbii olaraq xarici mühitin yeni coğrafi təsiri aiddir.
Bununla bağlı belə bunun fərqində olan bir sıra elm adamları bunun üzərində tədqiqatlar aparmış və xıx əsrdən başlayaraq etnik psixologiyanın elm kimi formalaşmasında önəmli rolları olmuşdu. İlk var olduğu yer isə inkişaf etmiş ölkələr idi, çünki həmin dövlətlər digər ölkələr və xalqların, millətlərin etnik psixoloji xüsusiyyətlərini yaxından bələd olmadan onları istər dövlətlərarası,istərsə də xalqlar və yaxud millətlərarası münasibətlər sisteminə daxil olmuşdur.
Etnik psixologiya başqa adla,entopsixologiya, xalqların psixologiyası, psixiloji antropologiya, müqayisəli mədəni psixologiya adlanır və bu elm qədimdən bəri var olub.İlk etnopsixoloji fikirlər isə Herodat, Hippokrat və bir sıra alimlərə məxsus olub.Antik yunan həkimi və tibbi coğrafiyanın banisi olan Hippokrat ətraf mühitin hələ o zamanlar insanların psixoloji xüsusiyyətlərinin formalaşmasında təsiri olduğunu qeyd etmişdir.
Herodot isə müxtəlif xalqların xarakteri və həyat tərzi ilə maraqlanmış, müxtəlifliyin səbəbini təbii mühitdə tapmışdır.Daha sonraki illərdə,xüsusilə xvııı əsrdə xalqlar arasındakı müxtəlifliyin başlamış, həmin zamanın fransız maarifçiləri bunu “Xalq ruhu”adlandırmışdı.
Hətta fransız filosofu Ş.Monteskye hesab edirdi ki,insanı demək olar ki hər şey-iqlim,şərait,din,qanun, idarəetmə prinsipləri, adət-ənənələr idarə edir və nəticədə xalqın ümumi ruhunu yaradır.Həmin amillərdən başlanğıcı iqlim şəraitinin təsiri olduğu xüsusi vurğulanıb. Onun düşüncəsinə əsasən,isti iqlim (tropik və subtropik) qurşaqlarında yerləşən insanları bir qayda olaraq tənbəl, güclü təxəyyülə malik olmayan,qorxaq insanlar olurmuş. Buna baxmayaraq, Şimal xalqları isə cəsur və az hissiyatlı,həzz almağa çox meyil etməyən insanlar idi.
Daha sonra alman filosofu I.Q.Herder xalq ruhu anlayışına incəsənət,dil və s. daxil etmişdir. Onun fikrincə,xalqın ruhunu anlamaq üçün və ümumilikdə həyat tərzini öyrənmək lazımdır. Hər bir xalqın varlığının əsası ,onun fikrincə,həmin xalqın yaradıcılığını qoyurdu. Zaman keçdikcə, etnopsixologiya elmi daha da mütəşəkkil bir elm olmuşdur.Belə ki, xıx əsrin ortalarında artıq müstəqil elm kimi fəaliyyətə başlamış və buna səbəb olan şəxs isə alman alimi M.Latsaruş və X.Steyntal olmuşdur.Onlar 1859-cu ildə”Xalqların psixologiyası və dilçilik”jurnallarının nəsrinə başlamış və ilk məqalələrini çap etdirmişdilər.
Etnopsixologiyanın inkişafında bir sıra elm sahələrinin rolu olmuşdur; ilk növbədə, etnoqrafiya, etnologiya və antropologiya elm sahələri . Etnoqrafiya, etnologiya və antropologiya elm sahələri kimi müxtəlif dövrlərdə meydana gəlməsinə baxmayaraq hər üçü insanlığın, mədəniyyətinin elmi cəhətdən öyrənilməsi ilə məşğuldur.
Fransız antropoloqu Levi-Stros belə söyləmişdir:
“Etnoqrafiya, etnologiya və antropologiya insan mədəniyyətinin elmi idrakı prosesinin 3 ardıcıl mərhələsidir: etnoqrafiya sahə tədqiqatları mədəniyyətin ayrı-ayrı təzahür formaları və təsnifatı. Etnologiya dedikdə, coğrafi, tarixi və yaxud sistematik olanları birləşdirməyə ilk addım atmaq kimi başa düşülür.Antropologiya isə ümumilikdə insanı başa düşməyə çalışır.
Etnopsixologiya bundan əlavə, sosial psixologiya,sosilogiya,tarixi psixologiya elmləri ilə də sıx bağlıdır.Məhz bu nisbətdə etnopsixologiya termini özündə 3 yunan sözü “etno”-xalq, tayfa;”psyuxe”-ruh,Ruhi aləm;”Loqos”-elm,bilik sözlərindən yaranmışdı.
Etnik psixologiya həmçinin müxtəlif xalqlarda olan streotipləri, adət və ənənələri milli xarakterləri, hissləri,etnik özünü dərketmə və qiymətləndirmənin xüsusiyyətlərini, kommunikasiyani və persepsiyanin mədəni kontekstdən asılılığını, mentalitetin arxetipik kökləri, sosializasiyanın etnokultural xüsusiyyətlərini, uşaqlığın etnoqrafiyası digər xalqlarda münasibətlərini, konfliktləri əhatə edir.
Hər bir xalqın etnik psixologiyası müxtəlif aspektlərdən baxılan yanaşmalarla səciyyələnir.Belə ki,bizim doğma,əbədi,qədim torpağımız olan Azərbaycanda etnopsixologiyanın uzun keçmişi, lakin qısa
tarixi var. İlk etnik-psixoloji təssəvürlərin təşəkkülü xalqın qədim adət-ənənə, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlıdır.
Xalqın müşahidə əsasında əldə etdiyi etnopsixoloji biliklər, şifahi xalq yaradıcılığında və bədii ədəbiyyat nümunələrində öz əksini məhz bununla bağlı olaraq, Azərbaycan şifahi xalq ədəbiyyatında olan obrazlar
(keçəl, kosa, Molla Nəsrəddin, və s.) xalqın sosial etalon və stereotiplərini ifadə etmişlər. Lətifələrdə etnik psixoloji hadisələr haqqında ictimai rəy öz əksini tapmışdır.
Dastanlarda isə tayfadaxili və tayfalararası münasibətlərin psixoloji təhlilinə rast gəlinir. Etpopsixologiyanın bilik sahəsi kimi tarixini təhlil edəndə, onun ilk səhifələrinə bir tərəfdən güzəran psixologiyasında, digər tərəfdən, Azərbaycan fəlsəfəsi, ədəbiyyatı və incəsənəti materiallarında, səyahətnamələrdə, coğrafiyaçıların əsərlərində, tarixi və etnoqrafik yazılarda və abidələrdə rast gəlinir.
Azərbaycan ədəbiyyatı bütün janrları ilə birlikdə azərbaycan xalqının ruhunu, düşüncəsini, ümumən isə psixi simasını özündə əks etdirdiyi üçün,Azərbaycan psixoloji fikir tarixinin ilk mənbəəsi kimi götürülməlidir. Dahi Azərbaycan sənətkarları olan, Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi, İmaddədin Nəsimi, M.Ə.Sabir, Ü.Hacıyəyov, M.F.Axundov, A.Bakixanov, səyyahlardan Z.Şirvani və b.əsərlərində etnopsixoloji qeydlərə rast gəlmək mümkündür.
Azərbaycanın qədim dövrə mənsub yazılarında ölkənin tarixi, coğrafiyası, təbiəti, yerüstü və yeraltı sərvətləri, eləcə də xalqların adət-ənənəsi, yaşayış tərzi, xarakteri haqqında məlumat əks olunub. Onlardan yunan coğrafiyaçı və tarixçisi Strabonun (e.ə. 64- b.e.24) “Coğrafiya” əsərini misal göstərmək olar.
Strabon orada qeyd edib'”Orada adamlar gözəlliyi və hündür boyu ilə seçilirlər, eyni zamanda onlar ürəyiaçıqdırlar, xırdaçı deyillər. Albanlar qocalığa, nəinki valideynlərinə, həm də yad (qoca) adamlara həddindən artıq hörmət edirlər.
Mərhumun dərdini çəkmək və hətta onu yada salmaq şərəfsizlik sayılır. Mərhumla birlikdə onun bütün əmlakını basdırırlar və buna görə də ata malından mərhum olub, kasıb yaşayırlar”.
Antik dövr Qafqaz Albaniyası və onun xalqları haqqında II əsrin tanınmış coğrafiyaçı və astronomu Klavdi Ptolomeyin (70-147) “Coğrafiya”
dərsliyində də məlumat verilir.
XVI əsrdə ingilis səyyahı Antoni Cenkinsonun Azərbaycana səfəri və Şamaxı şəhəri və yerli xalqın həyatından bəhs edən“Gündəliyindəki” qeydlər diqqəti cəlb edir. Şamaxı hakiminin qonağı olan Antoni Cenkinson yerli xalqın yüksək mədəniyyətindən heyran olduğunu qeyd edir və onun şərəfinə verilən ziyafət masasını bu tərzdə təsvir edir:
“Nahar vaxtı gəlib çatdıqda döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi,yeməklər çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140 növ yemək verilmişdir. Onları süfrələr ilə birlikdə,yığışdırdıqdan sonra yeni süfrələr salıb meyvələrdən və başqa qonaqlıq yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə iki dəfəyə 290 yemək növü verilmişdi”.
Misal üçün, hələ XVI əsrdə Azərbaycan xalqının mətbəxt mədəniyyəti nə qədər zəngin olduğunu ingilis səyyahını dili ilə bir daha sübut edir. Bu ilk növbədə Azərbaycan xalqının nə qədər qonaqpərvər olduğunu, onun yadelli xalqlara nə qədər diqqət, qayğı göstərdiyini və mehribançılıqla qarşıladığını sübut edir. Digər yandan həm də Azərbaycan
qadınlarının zəngin təxəyyülə və şəhər mədəniyyətinə sahib olduqlarını sübut edir.
Çünki, köçəri xalq heç də bu qədər zəngin mətbəx yarada bilməz. Etnik xüsusiyyətlərin formalaşması, həm də cəmiyyətin bir sistem kimi mühitlə əlaqə formalarından asılıdır. Hər hansı sistemin mövcudluq üsulu mühitdə baş vermiş dəyişiklikləri özündə əks etdirməklə dəyişir.
Dünyada yaşayan etnos və xalqların müxtəlif psixoloji xüsusiyyətlərə malik olmasının ən başlıca səbəbi
ondadır ki, təbii təkamül Yer kürəsini müxtəlif zonalarında müxtəlif istiqamətlərdə baş vermişdir. Bu isə fərqli psixoloji xüsusiyyətlərin, müxtəlif təfəkkür tiplərinin formalaşmasına səbəb olmuşdur.
Təbii mühit etnosun yaranmasının və fəaliyyətinin mühüm şərtidir. Etnosun təşəkkül prosesi təbii şəraitin bilavasitə təsiri altında baş verir. Bu təsir özünü əmək alətlərində, məişət predmetlərində, xalqların adlarında, adət və ənənlərində, folklor nümunələrində göstərir. Təbii mühit geyimin və mənzilin xüsusiyyətlərini müəyyənləşdirir, bu və ya digər məhsulların istehsalını şərtləndirir.
XVIII əsrin ikinci yarısına kimi rusların həyatı meşə ilə bağlı olduğu üçün meşə fenomeni özlüyündə bu xalqın mənəvi mədəniyyətində, psixoloji portretində dərin iz buraxmışdı.Azərbaycan ailəsində ağacdan istifadə etmək isə oğlan uşaqlarının təbiyəsi iradi keyfiyyətlərin, qızların tərbiyəsi isə daha çox analıq vərdişlərinin
formalaşdırılması istiqamətində həyata keçirilir.
Ailə və uşaq azərbaycanlı xarakterinin affektiv mərkəzində dayanır. Təsadüfi deyildir ki, “Kitabi Dədə Qorqud” dastanında oğlu olanı ağ, qızı olanı qızılı, oğlu-qızı olmayanı isə qara çadıra dəvət etməsi milli mentalitetimizdən qaynaqlanır.
Hər bir xalq ilk növbədə özünü yaxşı dərk etmək üçün özünə xas olan etnik, milli xarakterin yaxşı öyrənməli, onun müsbət və mənfi cəhətlərini özü üçün ayırd etməli, mənfi cəhətlərdən uzaqlaşmağı, müsbət tərəflərini isə inkişaf etdirməyi özü istəməli və bacarmalıdır. Hər bir millət özü-özünü inkişaf etdirməlidir.
Elə xalqlar vardır ki, özü öz lətifəsində gülüş obyekti kimi təqdim olunur. Çox təəsüf ki, biz özümüzə gülə bilmirik. Əksər hallarda lətifə “qəhrəmanlarımız” özümüz olmur. Xalqın, millətin özünün-özünə gülə bilməsi çox mühüm psixoterapevtik effekti olan profilaktik tədbirdir.
Heç şübhəsiz bu hərəkət psixoloji cəhətdən sağlamlığa aparan yoldur. İkinci mənfi xüsusiyyət tənqid münasibət bəsləməkdən çəkinməyimiz və bunu etməyi münasibətlərin pozulması kimi qavramağımızdır. Belə hesab etmək olar ki, xalqın hal-hazırkı durumu onun psixoloji keçmişindən xəbər verir. Psixoloji keçmiş və gələcək milli xarakterlə bağlıdır.
Heç də hər bir hərəkət, davranış və hiss millətə, xalq aid olan xarakter əlaməti hesab oluna bilməz. Milli, etnik xarakter o halda götürülür ki, həmin əlamət xalqın həm şifahi, həm yazılı mədəniyyətində öz yerini yusun və əks olunsun, məsələn qonağa olan ehtiram və hörmət buna misaldır.
Azərbaycan xalqı çox qonaqpərvər bir xalqdir. Belə ki,Azərbaycan folklorunda qonağı tərənnüm edən, onunla bağlı çoxlu sayda bayatı, lətifə, tapmaca, dualara, atalar sözü, sınamalara digər xalqların folklorunda rast gəlinmir. Hətta,
azərbaycanlı evində qonaq üçün xüsusi olaraq nəzərdə tutlan qab-qacaq və yatacaq dəstinin olması fikrimizi sübut edir.
Azərbaycanlı adətinə görə qonağın el-obada toxunulmamazlıq statusu olur və hamının onu gözləməsi vacibdir. Hətta qonaq gedəcəyi evin adını deməsi bəs edir ki, o, elə yolda ikən müəyyən imtiyaz əldə etmiş olsun. Azərbaycan xalqının yaratdığı minillik mədəniyyəti özünün estetik zövqü, milli xüsusiyyətilə səciyyələnir.
Qədim Azərbaycan ərazisində xalq formalaşmağa başlayandan onun incəsənəti, musiqisi,təsviri sənəti, bədii, elmi təfəkkürü dəmüəyyən şəkil almağa başladı. Ölkənin yerləşdiyi strateji mövqeyə baxmaq yetər ki, onun mədəniyyəti, məişət xüsusiyyəti haqqında dünyanın çox yerində olan insanlar bilgiyə sahib oldular.
Şərq ilə Qərb arasında qapı rolunu oynayan qədim Azərbaycan ərazisində xalq adət-ənənələri, mədəniyyət miladdan daha əvvəl şəkillənmişdir. Misal üçün Qobustan qayaüstü rəsmlərinin yaşı əsrlər, qərinələrlə ölçülür. Bu da ona dəlalət edir ki, bu xalqın musiqi ənənəsi çox qədimdir. Əsrlər bundan qabaq biz musiqi dinləmiş, rəqs etmişik.
Demək olar ki, sivilizasiyanın musiqi ilə tanış olmadığı dönəmdə biz mədəniyyətimizlə birgə vardıq. İnkişafının pik nöqtəsində olan Avropanın intibahından xəbəri olmadığı bir vaxtda Azərbaycan xalqı mədəniyyətində bunu
əsrlər öncə yaşamışdı. Qərb bizdən daha sonralar kültürdə yüksəlişin nə demək olduğunu bilmişdir.
Odur ki, Azərbaycan incəsənətinin inciləri Londonun Viktoriya və Albert, Parisin Luvr, Nyu Yorkun Metropoliten, İstanbul muzeylərinin antikvar əsərləri hesab olunur. Söz yox ki, xalqımızın məişət adətləri Azərbaycan ədəniyyətinin əsas tərkib hissəsidir.Əhalinin məişət həyatında bu gün də qorunub saxlanılan bu mental dəyərlər əhəmiyyətlidir.
Onu Azərbaycan kültürünün ayrıca sahəsi kimi öyrənsək bir neçə istiqamət yaranacaqdır. Vaxtilə köçəri xalqların əsas oturaq məskəni olduğundan xalq adət-ənənələrində müxtəliflik mövcuddur. Həmçinin İslamın dini adətləri də yerli xalqın mentalitetində bir sıra dəyişikliklər etmişdir.
Azərbaycanda toy şənlikləri qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Ölkənin bir sıra rayonlarında əhalinin etnik tərkibinin müxtəlifliyinə və fərqləndirici xüsusiyyətlərin olmasına baxmayaraq, toy şənlikləri bir-birinə çox bənzəyir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin kökləri vardır.Oğlan toyu və qız toyunun ayrı-ayrı keçirilməsi kimi adət mövcuddur.
Yəni, toy iki mərhələdə keçirilir. Xüsusilə kənd yerlərində əvvəllər qız və oğlan toyu birlikdə 3 gün – cümə, şənbə
və bazar günləri davam edərdi. Nikah gecəsi oğlan toyundan sonra olur və bəy təntənəli surətdə gəlini öz evinə aparır. Nikah bağlanması isə, birinci toyda (qız toyunda) həyata keçirilir.
Üzəçıxdı isə toydan sonrakı adətlərimizden biridir. Beləki,Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10-15 gün sonra qayınana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır. Gəlindən başqa hamı gəlib oturur.Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu söyləyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.
Gəlingördü isə toydan sonrakı daha bir adətimizdir. Toydan 2-3 ay sonra qız evi oğlan evinə xəbər göndərir ki, “filan gün gəlirik gəlini görməyə”. Oğlan evi hazırlıq görür. Yaxın qonum-qonşudan 3-4-nü dəvət edir. Qızın anası da yaxın adamlardan götürüb qudasıgilə gəlir. Yeyib-içib şənlənirlər.Axırda qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verib qayıdırlar.
Ayaqaçdı da bu adətlər sırasına daxildir. Gəlini gördükdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna “ayaqaçdı” deyirlər.Ayaqaçdıya həm kişilər, həm də qadınlar gəlirlər. Böyük məclis qurulur. Qızın valideynləri bəyə və gəlinə aldığı hədiyyələri verirlər.
Həmin gün qızı evdə qonaq saxlayırlar. 1-2 gündən sonra həyat yoldaşı gəlib onu aparır. “Ayaqaçdı”dan sonra bəylə gəlin istədikləri vaxt həmin evə gedib gələ bilərlər. Qonaqçağırma adəti isə”Ayaqaçdı”dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar bəylə gəlini qonaq çağırırlar. Bu da bir növ “ayaqaçdı”ya bənzəyir. Qonaq çağırarkən bəyə və gəlinə hədiyyələr verilir.
Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan,meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı.
Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır. Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Ümumiyyətlə,Azərbaycanın özünün milli bayramları vardır. Bu bayramlar xüsusi adət-ənənələrlə qeyd olunur. Xüsusi adət-ənənə ilə qeyd olunan bayramlardan biri də Novruzdur. Novruz xalqımızın milli
bayramıdır.
Sambalına, vüsətinə, kütləviliyinə görə, adət-ənənə zənginliyi baxımından onunla müqayisə ediləcək ikinci bir bayram yoxdur. Novruz adətləri, Novruz etiketləri xalqımızın say niyyətinin, humanist xarakterinin, yüksək əxlaqi-mənəvi
keyfiyyətlərinin təcəssümüdür.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib,bayram süfrələri açmalıdırlar. Bir məqamı da xatırlamaq lazımdır ki, bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun olaraq libaslar geyinir, evlər bəzədilir,palaz-paltar yuyulur, həyət-baca süpürülərək təmizlənir.
Təbii ki, axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarının elə köhnə ildə də qalmasını arzulayır. Novruz bayramında süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur.
Novruz bayramında hər evdə səməni cücərdilməlidir. Cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir. Novruz bayramında milli adətlərimizdən biri də, yumurta boyamaqdır. Bəzədilmiş yumurta, qədim mədəniyyətləri olan xalqların mərasimlərində dünyanın yenidən canlanmasının rəmzi kimi xarakterizə edilərdi.
Bayram süfrəmizi şəkərbura, paxlava ilə bərabər rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin yenidən oyanışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür.Təbii ki, bu halda süfrədən gül-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur.
Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram
günü hər kəs öz evində olmalıdır. Qəm-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər. Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən- su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur.
Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su, yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır,isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar.Üçüncüsü, Yel çərşənbəsidir.
Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Torpağı, ana təbiəti Tanrı su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar.
Ramazan bayramı isə Azərbaycan xalqının dini bayramlarında ən vacibidir.
İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.
Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın” müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır. Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz.Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər,əsirlikdə olanlar və səyyahlar azad olunurlar.
Orucluqda sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də,özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir.
Peyğəmbər (s.ə.s.) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlarda zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı,tövbə etməli və kəffarəsini ödəməlidirlər.
Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün fitr bayramı da adlanir.Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.
Bayram günü hərkəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. O ayda bir xeyir işləyən kimsə digər aylarda bir fərz işləmiş kimi olar. O ayda bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləyən kimidir. O, səbr ayıdır, səbrin qarşılığı isə Cənnətdir. Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından sayılan müqəddəs bayramdır.
Bu bayram müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında”Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Üç səmavi dinin yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur.
Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır.
Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər.
Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payının azı üç hissəyə bölmək mümkün olsun. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.
Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil.Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu
bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır.
Bu bayramda hamı sevinməli,varlılar Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə. Qurbanlığın nə ətindən, nə dərisindən, nə də heç bir hissəsindən satmaq olmaz. Qurban sırf və ixlasla Allah üçün alınmalı, Onun üçün kəsilməli və Onun üçün paylanmalıdır, heç bir qarşılıq və ya mənfəət əldə etmək üçün
istifadə olunmamalıdır.
Azərbaycan xalqının digər özünəməxsus Doğum adətləri vardır. Qadının ilk doğumuna önəm verildiyindən daha çox ilk uşaq üçün hazırlıqlar aparılır, digər doğumlarda özəl bir hazırlığa ehtiyac duyulmur. Uşaq doğulduqdan sonra qohumlar o evə uşağı görməyə gedərlər. Uşağı görməyə getməyə“Doğuma getmə” deyilir. Hazırladıqları hədiyyələri günorta yeməyindən sonra yeni doğulan uşağın evinə apararlar.
Sünnət mərasimi- Yaşı çatmış oğlan uşaqları üçün sünnət toyu edərlər. Sünnət ümumilikdə iki ilə on iki yaş arasında edilir. Sünnət hazırlıqları bitdikdən sonra toy hazırlıqlarına başlanılır. Sünnət Toyu ümumi olaraq iki gün davam edir. İlk gün sünnət olacaq uşaq ya da uşaqlar çalğı ilə gəzdirildikdən sonra dini bir adətlə sünnət edilir. Axşam sünnət olan uşağın acısını unutduracaq çeşidli əyləncələr təşkil olunur.
İkinci gün ümumi olaraq 8.30-13.00 arası gələn qonaqlara yemək verilir. Digər bir adətlərimiz sırasında Əsgər yola salma və qarşılama adəti xüsusi yer alır. Əsgərə getmədən iki həftə öncə gedəcək olanların və dostlarının hazırladığı əyləncələr başlayır. Əsgərə gediləcək vaxt gəldikdə isə axşam namazından öncə əsgərlər öndə, imam və haqq arxasında olmaq şərti ilə molla tərəfindən dua edilir.
Dua edildikdən sonra əsgərlər hərkəslə vidalaşarlar, halallaşarlar. Əsgərlərin gedəcəkləri günün sabahı əsgərlər və yaxınları kəndlərdə kənd meydanında, şəhərdə avtobus terminallarında toplanarlar. Əsgərə qohumlar və qonşular ümumi olaraq pul hədiyyəsi verirlər. Toplu olaraq yola salmada nağara, klarnet, saz kimi çalğılar çalınar. Yola salmadan sonra əsgər ailələrinə “Allah qavuşdursun” deyilər.
Qeyd olunan adət-ənənələr Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı bir qism hadisələrdir.Bu adətlər ümumi xalqın mental dəyərlərini özündə əks etdirir.Birbaşa insanın psixoloji xüsusiyyətlərinə təsir edir. Düşünürem,bir azərbaycanlı olaraq bizim adətlərimiz,mental baxışlarımiz dünyanın digər xalqlarında mövcud deyil, bu isə ölkəmizin çox qədim tarixi və zəngin milli-mənəvi və mədəni sərvətlərinin bolluğu, coğrafi şəraitinin rəngarəngliyi ilə bağlıdır.
YAZAR: Aydan Qurbanova
Həmçinin bax:Etnik özünüdərk və etnik identikliyin xüsusiyyətləri
Həmçinin bax:https://tehsilim.org/veten-muharibesi-istirakcilarinin-aile-uzvleri-ise-qebul-olunub/
Həmçinin bax:https://turaz.org/blinken-novruz-tedbirin-qatilib/