Etnik konfliktlər və onların törənmə səbəbləri haqqında
Etnik konfliktlər və onların törənmə səbəbləri haqqında
Əvvəlcə etnopsixologiya fənninin nədən bəhs etdiyini qeyd edərək mövzuma başlamaq istəyirəm. Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın “etno psixologiya” adlanan xüsusi bölməsi məşğul olur. Etnopsixologiya xalqların psixoloji və mədəni inkişaf xüsusiyyətlərini qarşılıqlı əlaqədə, sistemli şəkildə öyrənən elm sahəsidir. Bəzi alimlər “xalqların psixologiyası”,”psixoloji antropologiya”, “müqayisəli mədəni psixologiya” və s. terminlərdən istifadə etmişlər. Bu elm digər bir sıra elmlərlə bağlıdır.
Bura sosiologiya, linqvistika, biologiya, ekologiya, tarix və s. aid etmək olar.Müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: “Xalqların psixologiyası”, “milli xarakter”, “milli ruh”, hətta “etnikpsixologiya” və s. kimi terminlər bura aiddir. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir.
Bugünkü gündə etnopsixologiya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır.Etnopsixologiya insanların etnik mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiyanın bir sahəsidir. Millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır. Belə ki, bu, kimə necə təsir göstərmək işini müəyyən etməyə imkan verir. Hətta politologiyada etnik psixologiyanın təsiri ilə yaranmış “Etnopolitologiya” adlı xüsusi bölmə də mövcuddur.
Hər bir xalqın özünəməxsus etnik psixoloji xüsusiyyətləri və mədəniyyəti vardır. Etnik psixoloji xüsusiyyətlər nəsildən-nəslə verilərək həmin etnos üzvlərinin əxlaqi adət və ənənələrində, inam və əqidələrində, davranış və rəftar tərzində, başqalarına, eləcə də özünə münasibətdə təzahür edir.Məlum olduğu kimi, müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəliflik mövcuddur. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin formalaşması tarixi prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır.
Bundan başqa, bu müxtəliflik xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə edir və onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir. Bir sözlə, etnik-mədəni müxtəliflik xalqların həyatında müsbət rol oynayır. Buna görə də etnik-mədəni müxtəlifliyin qorunması dövlət tərəfindən həyata keçirilən tənzimlənmə siyasətinin tərkib hissəsidir. Etnik-mədəni müxtəlifliyin tənzimlənməsi hər tərəfin, yəni, həm dövlətin, həm də etnik və dini azlıqların maraqlarını nəzərə almalıdır.
Etnik-mədəni müxtəliflik tənzimlənmədikdə və yaxud bu iş düzgün aparılmadıqda cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır. Bu səbəbdən etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb edir.İnsanlığın əsas tələbatlarından biri hansısa bir icmaya yəni,ailə, nəsil, peşə və s.-ə məxsus tələbatdır.
Bu sırada vacib mövqe etnik icmaya məxsusdur. “Mən-Azərbaycanlı”, “Mən-rus” və ya “mən-ukraynalı” bunlar fərdin sadəcə haralı olması və ya haradan gəlməsi demək deyil,bu həm də hansısa etnosun tərkib hissəsi olmaq kimi dərin daxili tələbatın ifadə edilməsidir. Bu tələbatın hansısa formada əzilib-boğulması müləq şəkildə münaqişələrin,konfliktlərin yaranmasına aparır.
Məsələn,onların adətlərini lağa qoymaq və ya dövlət tərəfindən qadağan olunması,özlərinə məxsus bir xüsusiyyətin tapdalanması əlbəttə ki bu millətlər arasında etnik konfliktlərin yaranmasına gətirib çıxartacaq.Hər bir etnos hesab edir ki, öz mədəniyyətini, məişətini və mənəvi birliyini qorumağa yalnız dövlətini yaratmaqla nail olmaq olar. Etnosu özünüqoruma, öz dəyərlərini və ənənələrini müdafiə etmək tələbatı hərəkətə gətirir.
Etnik münaqişələrin mahiyyətidə məhz bundadır. Hazırda dünyada 200-ə yaxın suveren dövlət var.Ümumilikdə isə dünyada təxminən 5000 etnos var. Təkcə SSRİ-nin dağılması ilə 15 dövlət müstəqillik əldə etdi. Hazırda da bir neçə ölkədə bəzi etnoslar müstəqilliyini nəinki tələb edir, hətta bunun uğrunda silahlı mübarizə aparır. Etnik münaqişələrə siyasi hərəkatlar, kütləvi iğtişaşlar, separatçı çıxışlar, vətəndaş müharibələri və s. daxildir.
Onların əsas xüsusiyyətləri isə belədir: 1. Bütün etnik münaqişələr kompleks, mürəkkəb tərkibli xarakter daşıyır. Əgər onların mahiyyəti öz dövlətlərinin yaradılmasına can atmaqdadırsa, onda bu münaqişələrin siyasi olması qaçılmazdır. Lakin etnik böhranın yetişməsi üçün təkcə bu azdır.
Bunun üçün o, sosial-iqtisadi göstəricilər yəni,aşağı gəlir səviyyəsi, nüfuzu olmayan peşələrə sahib olmaq, yaxşı təhsil ala bilməmək həmçinin,dinin sıxışdırılması, dilin istifadə edilməsinin məhdudlaşdırılması, adət-ənənələrə hörmət edilməməsi göstəriciləri də etnik konfliktləri törədən başlıca səbəblərdir.
1. Etnik münaqişələrin çoxu dərin tarixi köklərə malikdir.
Əgər onlar yoxdursa belə, qarşıduran tərəflər onları “bizim əcdadlarımız həmişə burada yaşamışlar” kimi yalançı tarixi fikirlərlə yaradacaqlar.
2. Etnik münaqişələr yüksək səfərbərliklə səviyyələnir.
Qorunan etnik xüsusiyyətlər yəni,dil, məişət, inam və s. bu heç də hamını narahat edən söz və toplantı azadlığı deyil. Bu xüsusiyyətlər hər bir etnosun gündəlik həyatını təşkil edir ki, bu da onların kütləvi şəkildə müdafiəsinə qalxmağı təmin edir.
3. Etnik münaqişələr xroniki xarakter daşıyır.
Onların köklü həlli mövcud deyil. Belə ki, etnik münasibətlər çox mütəhərrikdirlər və mövcud dövrdə etnosun indiki nəslini qane edən azadlıq və müstəqillik səviyyəsi bir müddət sonra növbəti nəsli qane etməyə bilər.
Təkcə keçmiş SSRİ ərazisində sovet rəhbərliyinin kobud səhvləri olan xeyli etno-siyasi münaqişələr vardı. Bunlar deportasiya olunmuş xaqların hüquqlarının bərpa olunması, etnosların bütövlüyünü pozan ərazi dəyişikliyi, milli azlıqların sıx olduğu yerlərdə bütün sosial həyatın ifrat ruslaşdırılması kimi problemlərdən qaynaqlanır.Etnik münaqişələrin iştirakçılarının problemi həll etməsi üçün bir neçə üsul vardır.
Buraya münaqişə edən tərəflərin müzakirə və həllinə ehtiyac duyulan problemin,münaqişə predmetinin həlli yolunun qəbul edilməsi;münaqişələrin həlli qaydalarının, normalarının hazırlanması;danışıq proseslərinin aparılması və s. misal göstərilə bilər.Digər sahələrdə olduğu kimi, etnosiyasi münaqişələr sahəsində də köhnə bir qayda keçərlidir: münaqişələri öncədən xəbər vermək onları sonradan həll etməkdən daha asandır.
Dövlətin milli siyasəti də məhz buna istiqamətləndirilməlidir.İnsanlar ünsiyyət qurarkən bu və ya digər şəkildə bir-birilərinə qarşılıqlı təsir edirlər. Rəhbərlər tabelikdə olanları əməyə yönəldir, müəllimlər şagirdlərə bilik ötürür, valideynlər övladlarını tərbiyə edir. Bütün bu qarşılıqlı münasibətlər münaqişələr doğura bilər.Münaqişənin əvvəlcədən xəbər verilməsi konfliktin yaranmasının qarşısını bir o qədər azaldar.
Çünki münaqişə səbəbi əvvəlcədən bildirilərsə,onda bunun səbəbləri haqqında düşünüb,həlli üçün danışıqlara başlamaq olar.Münaqişənin profilaktikası da elə bir idarəetmə fəaliyyətidir ki, konflikt amillərin vaxtında dərk edilməsi, aradan qaldırılması və zəiflədilməsini və bu yolla da onların meydana gəlməsi imkanlarının və ya gələcəkdə inkişafının məhdudlaşdırılmasını nəzərdə tutur.
Konfliktin geniş yayımış təriflərindən biri belədir:
- konflikt müəyyən dəyərlər
- sosial status
- hakimiyyət
- məhdud maddi
- mənəvi ideyalar
Sadaladığımız məhvumlar uğrunda aparılan mübarizədir. Etnik konflikt dedikdə milli mənafələrin müdafiəsi üçün yaradılmış və bir-birilə rəqabətdə olan ictimai hərəkatlar arasındakı münaqişə başa düşülür. Etnik konfliktlər siyasi konfliktlərin bir növü kimi çıxış edir. Etnik konfliktlərin gedişində bəzi ümumi tendensiyalar mövcuddur.
Belə ki, istənilən etnik konfliktin gedişində 3 mərhələni ayırd edirlər:
1.Konfliktqabağı mərhələ -bu mərhələdə konflikt tərəflərinin öz imkan və resurslarını müəyyənləşdirməsi xarakterikdir. Eyni zamanda bu mərhələdə konflikt tərəfləri bir-birinə qarşı düşmən obrazı yaradırlar;
2.Birbaşa konflikt mərhələsi-bu mərhələ bəzi elmi ədəbiyyatlarda aktiv və ya açıq konflikt mərhələsi kimi də qeyd olunur.Açıq konflikt mərhələsində tərəflərin bir-birinə qarşı fəaliyyət formaları açıq və gizli hərəkət formasında aparılır.Tərəflər müxtəlif vasitələrdən o cümlədən iqtisadi və hərbi sanksiyalardan istifadə edirlər. Bütün bu təsir vasitələrində aqressivlik və düşmənçilik nümayiş etdirilir. Bu mərhələdə aparılan mübarizə formaları gizli üsullarla da həyata keçirilir. Bunların sırasında qarşı tərəfin məqsəd və strategiyasının, maddi və maliyyə imkanları haqqında informasiya əldə edilməsi, sənaye hərbi, elmi-texniki casusluğu, ünvanlı və ünvansız terror aktlarının təşkilini, qarşı tərəfin daxilində pozğunluq, pərakəndəlilik yaratmaq məqsədilə həyat keçirilən tədbirləri aid etmək olar;
3.Konfliktin həlli mərhələsi-bu mərhələ elmi ədəbiyyatlarda dondurulmuş konflikt mərhələsi adlandırılır. Mərhələnin adında da, qeyd olunduğu kimi bu mərhələ tərəflərin münaqişəyə son qoyması, konfliktin birbaşa həlli mərhələsidir.Etnik konfliktlərin inkişafında milli dil problemi əhəmiyyətli rol oynayır. Əvvəlcə mənəvi mədəniyyət tələbləri ilə sonra isə tərəflər siyasi ərazi iddiaları ilə çıxış edirlər. Etnik konfliktlərdə tərəflərin arxeoloji materiallardan istifadəsi xarakterikdir.
Etnik konfliktləri müxtəlif səbəblərdən baş verə bilər.Bunlara misal olaraq,mədəniyyətlə bağlı konfliktlər,doğma dil və mədəni muxtariyyətlə bağlı tələblərin irəli sürülməsi,ərazi statusu problemi və s. göstərilə bilər.Ərazi statusu problemi 2 formada özünü nümayiş etdirə bilər.
- Birincisi etnik qrupların birləşmə cəhdləri
- İkincisi etnik qrupların öz müqəddəratını təyin etməsi hüququnun reallaşdırılması.
Etnik münaqişənin seperatizm forması da vardır.Seperatizm dedikdə bir-birinə qarşı əməli fəaliyyət tətbiq edən və düşmən mövqeyində dayanan etnoslar, ictimai hərəkatlar, insitutlar və qurumların hərəkəti başa düşülür. Ümumiyyətlə, hər hansı bir millətin başqa dövlətin ərazisində öz dövlətini yaratmaq cəhdləri seperatçı xarakter daşıyır.Müasir beynəlxalq münasibətlər üçün bəzi seperatist mövqelər xaraketerikdir.
Hər hansı bir dövlətin ərazisində etnos müxtəlif mədəni müxtariyyət və ərazi iddiaları ilə çıxış edirlər. Müasir dövrdə seperatist mövqelərin güclənməsi naminə atılan addımlardan biri də, məhz, “xalqların öz müqəddəratını təyin etməsi” ideyasının irəli sürülməsidir. Bəzən isə seperatçı qüvvələrin super dövlətlər tərəfindən siyasi, maliyyə və hərbi aspektdən dəstəklənməsi həmin ərazidə seperatizmin daha da güclənməsinə gətirib çıxarır.Milli və ya etnik seperatizm nəticəsində sərhədlərin dəyişdirilməsinə göstərilən cəhdlər nəzərdə tutulur.
Bu konflikt çox tez bir zamanda beynəlxalq miqyas alır. Buna Qarabağda yaşayan ermənilərin silahlı yolla Azərbaycana qarşı çıxmasını misal göstərmək olar.Həm bizim torpağımızda yaşamış,həm də bizimlə müharibə aparmışdırlar.Nə qədər azərbaycanlı öz doğma yurdlarından qaçmaq məcburiyyətində qalmışdır.
Amma 2020.ci ildə 44 gün çəkən müharibə nəticəsində biz doğma torpaqlarımızı şanlı Azərbaycan Ordusu sayəsində geri aldıq.Ölkə ərazisində zərdüştlük, xristian, islam abidələri qorunub saxlanılır. Azərbaycan Respublikasının şimal-qərb, cənub-qərb bölgələrində qorunub saxlanılan alban-xristian abidələri xalqımızın tarixi yaddaşı üçün bir sübutdur ki, Azərbaycan torpaqları yalnız Azərbaycan tarixinə məxsusdur.
Əcdadlarımızın yaşadığı tarixi yol multikultural ənənələrin yaranması üçün zəmin olub.Etnik konfliktlərin öyrənilməsi etnopsixologiyanın nəzəri və praktik problemlərinə aid edilir. XX əsrin sonu və XXI əsrin əvvəli dünyada etnik konfliktlərin çoxalması ilə müşayiət olunur. Bu bir tərəfdən dünyada gedən sosial-siyasi proseslərlə bağlıdırsa, digər tərəfdən isə iqtisadi və psixoloji amillərlə şərtlənir. Konflikti bəzi müəlliflər ünsiyyətin özünəməxsus növü kimi qəbul edirlər. Konflikt şəraitində insanların davranışı fərqli olur. Belə ki, bəzi insanlar konflikt şəraitinə düşdükdə güzəştə gedir, bəziləri aqressiv olur,bəziləri isə konflikt şəraitdən qaçırlar.
Etnik konfliktlərin müxtəlif cür təsnifatı mövcuddur.Müəyyən ərazi vahidini əsas götürdükdə konfliktin dövlətlərarası,regionlararası və yerli növləri ayırd edilir. Məsələn, SSRİ-nin tərkibində olanda erməni-azərbaycanlı konflikti regionlararası konflikt kimi səciyyələndirilirdi. İndi isə bu konflikt artıq dövlətlərarası münaqişə kimi qiymətləndirilir.Etnik konfliktlər müxtəlif məqsədlərlə bağlı yaranır. Bir halda etnik konfliktin predmeti kimi sosial-iqtisadi problemlər çıxış edirsə, digər halda mədəniyyət və dillə bağlı olan məsələlər olur.
Siyasi xarakterli etnik konfliktlər, əsasən etnik birliklərin milli muxtariyyət hüququ əldə etməsindən tutmuş, tam miqyaslı konfederasiya əldə etməsi ilə əlaqədar olur. Ərazi iddiaları ilə bağlı olan konfliktləri isə dövlət sərhədlərinin dəyişdirilməsi və öz mədəni-tarixi kökünə doğma olan dövlətə birləşmə və ya yeni müstəqil dövlətin yaradılması tələbinin irəli sürülməsi ilə bağlı olur.Onu da qeyd etmək lazımdır ki, konflikt iştirakçıları qarşılarına bir neçə məqsəd də qoya bilərlər: siyasi hüquq, bərabər iqtisadi vəziyyət,dil hüquq və s.
Müasir dünyada polietnik dövlət və cəmiyyətlərin hamısında etnik birliklər arasında etnik gərginlik yaşanılır. Belə bir gərginlik bütün polietnik cəmiyyətlərin hamısında yaşanılır. Məsələn, ABŞda ağlarla qara dərililər və hindular arasında, Böyük Britaniyada ingilislərlə irlandlar arasında, İranda farslarla azərbaycanlılar arasında, Rusiyada ruslarla çeçenlər, tatarlar arasında, Gürcüstanda gürcülərlə abxazlar arasında, Türkiyədə türklərlə kürdlər arasında və s. Əsasən gərginlik dominant etnik birliklə azlıq təşkil edən etniklər arasında bəzən aşkar, bəzən isə gizli formada cərəyan edir.Bu cür gərginlik çox vaxt sosial rəqabət formasında təzahür edir.
Mənafeləri uyğun gəlməyən və yaxud mənafeləri qəsdən toqquşdurulan milli qurumlar etnik əlamətə görə bir-biri ilə konfliktə düşürlər. Konfliktin yaranmasında heç də hər iki tərəfi eyni dərəcədə günahlandırmaq olmaz.Etnik konfliktin mənbəyi sosial-siyasi ziddiyyətlər,iqtisadi problemlər, konfliktin yaranmasında marağı olan xarici, kənar qüvvələr,etnosda etnosentrizmin, şovinizmin və seperatizmin güclənməsi, millətçilik ideologiyasından qidalanan neqativ etnik stereotip və yönümlərin gücləndirilməsi ola bilər.
Etnoslarası münasibətləri tədqiq edərkən üç əsas problemə diqqət yetirmək lazımdır:
- konfliktlər necə meydana gəlir,
- necə cərəyan edir
- necə tənzimlənir?
Bəzən etnik konfliktləri etnosun frusturasiya haləti ilə izah edirlər.Yəni qrupun arzu və istəklərinin boğulması, uzun müddət qarşısı alınması, həyata keçməsinə “imkan verilməməsi” aqressivliyi gücləndirir. Bu da qruplarası konfliktə səbəb olur. Real konflikt nəzəriyyəsinə görə qruplararsı konflikt qrup maraqlarının bir-birinə zidd olması, bir araya sığışmaması nəticəsində baş verir. Tərəflər arasında rəqabət, bir tərəfin qələbəsi digər tərəfin məğlubiyyəti ilə sona çatır, onda maraqlar toqquşur.Bu da konfliktə səbəb olur.
Qruplararsı düşmənçilik qarşıya qoyulan məqsədlə bağlı rəqabət hissindən yaranır.Etnik konfliktlərin baş verməsi və gedişi prosesində eyni etnos üzvlərinin bir-birinə daha çox bənzəmələri, bir-birinə yaxın olması əks tərəfə qarşı nifrət hissini gücləndirir.Əks etnosda fərqlər daha güclü qavranılır və düşmən obrazı formalaşdırılır.
Etnik konflikt zamanı qrupdaxili differensasiya güclənir, “özümüzünkü” və “yad, düşmən olan”qarşılaşdırılması artır. Belə bir qarşılaşdırma konfliktdə qələbə çalmaq, daxili birlik yaratmaq, qrupun mübarizə əzmini artırmaq üçün zəruri olur. Yad qrupu neqativ qiymətləndirmə güclənir.Belə bir şəraitdə düşmən haqqında informasiyanın real, həqiqətə uyğun olmasına ehtiyac qalmır və ya əksinə bu cəhət xüsusi olaraq gücləndirilir.
Nəticədə əks tərəf haqqında neqativ stereotip yaradılır.Məsələn,Sumqayıt şəhərində ermənilərin öz həmyerlilərinin qiyamını təşkil etməsi və onu videolentə alaraq lazımi ölkələrdə təbliğ etməsi azərbaycanlılar haqqında neqativ obrazın yaradılması məqsədinə xidmət etmişdir.Etnoslararası, millətlərarası konfliktlərin səbəbi və həlli məsələsi psixoloqlarla yanaşı, siyasətçi və sosioloqları da maraqlandırır. Məsələyə sosioloji aspektdən yanaşdıqda əhalinin etnik mənsubiyyəti ilə cəmiyyətin təbəqələrə bölünməsi arasındakı əlaqəsi təhlil olunur.
Politoloji yanaşmada “etik hisslərin, etnoslararası gərginliyin yaranmasında və onun açıq konflikt səviyyəsinə qədər çatdırılmasında, hər şeydən əvvəl siyasi və intellektual qüvvələrin, elitanın rolu öyrənilir.Psixologiyada isə etnik konfliktlərin səbəbləri ümumi nəzəriyyə çərçivəsində araşdırılır. Etnik konfliktlərin makrosəviyyədə həllinə yönəlmiş olan üç əsas həll strategiyasından istifadə olunur:
1) hüquqi mexanizmlərin tətbiqi;
2) danışıqlar;
3) informasiya yolu.
Əgər müasir insanın həyatında müəyyən millətə mənsubluğun dərk olunması, onun xüsusiyyətlərinin , eyni zamanda, psixi xüsusiyyətlərinin axtarışı bu qədər mühüm rol oynayırsa və insanlararası münasibətlərə bu qədər ciddi təsir göstərirsə, deməli, etnik amilin psixoloji aspektlərinin öyrənilməsi zəruridir. Hər bir xalq öz tarixinə bələd olduqda,onun ibrət dərslərini də yaxşı mənimsəyir.
İlk öncə öz tarixində cəlbedici nə varsa onu dərk edib,öyrənir.Sonra isə inkişaf etdirir. Hər bir xalqın etnik psixologiyası,yaxud etnik psixoloji xüsusiyyətləri məhz həmin cəhətlərin məzmun və xarakterinə görə təyin edilir. Hər bir etnos,hər ir xalq özünəməxsus etnik psixoloji xüsusiyyətlərə malik olur və həmin xüsusiyyətlər onların davranış və rəftar tərzində,münasibətlərində,adət-ənənələrində və s. özünü göstərir.
Yəni etnik qarşılıqlı münasibətlər sayəsində elə psixoloji xüsusiyyətlər yaranır ki,onları yalnız həmin qrupun etnik xüsusiyyətlərini araşdırmaq sayəsində izah etmək olar. Etnik problemlərin aradan qaldırılması üçün etnik özünüdərketmənin xüsusiyyətləri,mexanizmi,mənlik şüurunun formalaşması,təzahür formaları və səviyyələri problemi araşdırılır. Etnik adət-ənənələr etnos üzvlərinin tarixən yaranmış və nəsildən-nəsilə keçən fəaliyyət və davranış formaları,rəftar qaydaları,onlarla bağlı olan anlamlar və təsəvvürlərdir.
Etnik konfliktləri aradan qaldırmağın ən münasib yolu ünsiyyətdir.Biz danışıqlar apararaq problemi aradan qaldırmağa çalışmalıyıq. Əlbəttə ki,burada anlayış faktoruda çox vacibdir.İnsanlar bir-birinə anlayış göstərməyi və hörmət etməyi bacarmalıdır. Əgər problem varsa,onun həlli yolu da mütləq ki, vardır.
Əgər etnik konfliktlər yaranmadan əvvəl qarşı tərəf bunu bilirsə,bu narazıçılıqlardan xəbərdardırsa və heç bir tədbir görməmişdirsə təbii ki konflikt böyüyəcəkdir. Etnik konflitləri törədən səbəbləri aradan qaldırmaq istəyiriksə,güzəştə getməyi bacarmalıyıq. Hər bir xalq və onun nümayəndəsinin azad yaşamaq hüququ vardır.Hər bir millətin öz adətləri,ənənələri,vərdişləri vardır.Bizə düşən isə qarşı tərəfi anlamaqdır.
Azərbaycan dövlətində ayrı-ayrı etnik qrupların nümayəndələri rahatlıqla yaşayır. Onların nə dili,nə irqi,nə adətlərinə qarışılmır və qadağa qoyulmur. Azərbaycan dövləti müsəlman ölkəsi olsa da ərazisində xristian kilsələri belə vardır.Yəni bizim xalqımız,dövlətimiz etnik qrupların hər bir üzvünə hörmətlə yanaşır və konfliktin yaranmasını istəmir. Hər bir etnik qrupun üzvünü azadlığını tanıyır,onların adətlərinə,fikirlərinə hörmətlə yanaşır.
YAZAR: Mədinə Xəlilova
Həmçinin bax: Etnopsixologiyanın bir elm kimi yaranma tarixi
Həmçinin bax:https://turaz.org/filippinin-cenubunda-6-0-bal-gucundr-zelzele-bas-verib/