Etel Lilian Voyniçin “Ovod” (“The Gadfly”) əsəri
“Məktubda imza yox idi, lakin kağızın sonunda hələ uşaqkən bir yerdə öyrəndikləri kiçik bir şeir parçası yazılmışdı:
Mən xoşbəxt bir kəpənəyəm,
Ağlasam da, gülsəm də,
Yaşasam da, ölsəm də…”
Bəlkə də, o, uşaq vaxtı düşündüyü kimi xoşbəxt bir kəpənək ola bilmədi. Üzü də çox gülmədi onun. Ancaq o məğrur, mərd, mübariz bir kəpənək oldu bunun əvəzinə…
“Ovod” E.L.Voyniçin ilk və ən məşhur əsəridir. Əsər 1897-ci ildə ABŞ-da nəşr olunub. Əsərin bu qədər sevilməsinin, məşhur olmasının isə çox mühüm səbəbləri vardır. Sözsüz ki, oxucu əsəri oxuduqda bunu daha yaxşı başa düşəcək. Ancaq hər şeydən qabaq Voyniçin iki əsərini oxumuş biri olaraq deyə bilərəm ki, onun əsərlərinin, xüsusilə “Ovod”-un bu qədər sevilməsinin ilk səbəbi onun obrazı oxucuya tam açıqlığı ilə tanıtması, göstərməsidir. O, obrazı elə mükəmməl (yəni, olduğu kimi) təqdim eləyir ki, həmin obraz artıq bütün çılpaqlığı ilə oxucunun gözü qarşısında canlanır. Artıq oxucu o obraza özü qiymət verməkdə çətinlik çəkmir. Çünki müəllif əsərdə oxucuya həmin obrazlarla, onların xarakteri ilə bağlı heç bir ziddiyyət yeri, qaranlıq məqam qoymamışdır. Əsərdə hadisələr 19-cu əsrdə cərəyan edir. Əsərin mövzusu ilə bağlı bir məqama toxunmaq istərdim ki, çoxları bu əsəri tam olaraq tarixi-siyasi bir əsər hesab edir. Yəni Voyniçin italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanını, onlara qarşı azadlıq mübarizəsini əsas mövzu kimi işləməsini qeyd edirlər. Ancaq bu, belə deyil. Əsərin əsas mövzusu bir insanın həyatda başına gələn faciələr, onun mənəvi iztirabları, öz həyat qayəsi uğrunda apardığı daxili və xarici mübarizələridir. Düzdür, bu əsərdə siyasilik ünsürü də güclüdür – vətənpərvərlik, vətənin azadlığı uğrunda öz canını təhlükəyə atıb sonda canından keçmək və s. kimi motivlər diqqət çəkir. Ancaq mən hətta belə düşünürəm ki, bu motivlər də əvvəldə qeyd etdiyim kimi, obrazı – baş qəhrəmanı oxucuya daha yaxşı tanıtmaq üçün işlənən motivlərdir. Əsərin baş qəhrəmanı Artur Berton adlı ingilisdir ( O, İtaliyanın azadlığı uğrunda həlak olmuşdu). Ruhani seminariyasında təhsil alan Artur uşaqlıqda söylədiyi kimi özünü “xoşbəxt bir kəpənək” hesab edirdi öz padresinin yanında. Bəli, öz padresi, onun “Allah” hesab etdiyi müqəddəs atası Lorentso Montanelli. Artur onda hələ Ovoda – Feliçe Rivaresə çevrilməmişdi. Həyat bərkə-boşa salıb müdrikləşdirməmişdi onu. Lakin o buna elə o dövrdən addım-addım yaxınlaşırdı. Tarixdən də bildiyimiz kimi, İtaliya XIX əsrin 30-cu illərində Avstriya imperiyasının işğalı altında idi. Və belə vaxtda vətəni xilas etmək üçün bir sıra gizli təşkilatlar yaradılırdı. Əsərdə də bu hadisələr təsvir olunub. Artur da belə təşkilatlardan birinin – “Gənc İtaliya” təşkilatının üzvü idi. Sözsüz ki, bu o dövrdə çox ciddi, təhlükəli bir iş idi. Artur da bunu dərk edirdi. Ancaq o yaşadığı ölkəni yadelli tapdağı altında görməyə tab gətirə bilmirdi. Hətta əsərdə bununla bağlı maraqlı bir epizod var. Arturun belə bir təhlükəli işdə olduğunu bilən Montanelli bərk qorxur və onu bu fikrindən daşındırmaq üçün deyir: “axı sən heç italyan da deyilsən, ruhi coşqunluğun səni hara dəvət edir?”. Artur isə cavabında deyir: “həyatımı İtaliyaya fəda etməyə, onu köləlikdən və dilənçilikdən xilas etməyə, avstriyalıları qovmağa və Allahdan başqa ayrı bir ağa tanımayan azad respublika yaratmağa! Mənim könlümün çağırışı budur!”. Onun könlünün çağırışında Allahdan başqa ağa tanımayan azad respublika, azad İtaliya yaratmaq var idi. Ancaq həyat, hadisələr elə gətirdi ki, o özü Allahı tanımayan bir ateistə çevrildi…
Artur ,əslində, varlı Bertonlar ailəsinin son övladı idi. Ancaq bu var-dövlətin içində onu sıxan bir yoxsulluq vardı. Ögey qardaşları, ögey qardaşının arvadı – hamısı ona yad idi. Bir anası, bir sevimli padresi və bir də sevdiyi Cemması doğma idi ona. Anasının ölümündən sonra isə geriyə o ikisi qalırdı. Ancaq hadisələr elə gətirdi ki, onlar da Artura yadlaşdı. Padrenin qısa müddətə Milandan getməsi hadisələrin gedişini dəyişdirdi. Belə ki, Artur onun olmadığı müddətdə öz günahlarını etraf etmək üçün ruhani seminariyasında Montanellini əvəz edən keşişin yanına gedir. Dövlət casusu olan keşiş isə Arturun gizli təşkilata üzv olduğunu öyrənir və bununla da hadisələr mürəkkəbləşir. Dostlarının, ən əsası, Cemmanın xəyanətkar bilib ondan üz döndərmələri, çox sevdiyi padresinin və anasının ona illərlə yalan söyləməsi onu sarsıdır və o, çarəni buradan çıxıb getməkdə görür. Və gedir də. Həyatının necə olacağını, onu nələrin gözlədiyini bilmədən çıxıb gedir. Bu gediş onu çox dəyişdirir. Həm daxilən, həm də zahirən. Artur artıq xəyallarla, ümidlərlə yaşayan bir gənc deyil. O artıq daha da mübarizləşib. Öz amalı uğrunda daha ciddi mübarizə aparır. O artıq saf, hər kəsi özü kimi təmiz bilən Artur deyil. Daha çox incinmiş, qəlbində dərin yaralar açılan daha güclü Ovoddur. Onun adı belə dəyişib. Heç xarici görünüşündən də əsərəlamət qalmayıb. O artıq əsərin ilk səhifəsində təsvir olunan “balacaboylu, zərif görünüşlü, çox zərif və qəşəng əli, ayağı olan gənc” deyil. Yaşadıqları, ona yaşadılanlar onu “üzündə qılınc yarası olan, sağ ayağı axsaq, sol qolunda iyrənc görünüşlü dərin bir yarası olan” insana çevirib. Artıq o höküməti öz kəskin diliylə, yazdığı satiralarıyla qorxuya salan, hər yerdə axtarışda olan “ölkənin əminamanlığına xələl gətirən cani” idi.
Dövlət hökumətini qorxuya salan bu məğrur adamı isə ən kövrək edən, onu ən çox incidən qəlbində, qəlbinin dərinliyində vaxtı ilə ona vurulan yaralar olmuşdur. Hətta on üç ildən sonra ilk və son məhəbbəti Cemma ilə görüşəndə o belə ifadə eləyir bunu: “yoxsa, bu vaxta qədər heç sizin ağlınıza gəlmirdi ki, bu zavallı oyunbazın da bir parça əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə zorla yerləşdirilmiş, ona köləlik etməyə məcbur olan, mübarizə edən canlı insan qəlbi var?… elə bir qəlb ki onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək üçün heç təlxəklik bəzək-düzəyi də yoxdur! Bir düşünün, onun bu çılpaq qəlbi soyuqdan üşüyür, hamının gözü qabağında utanıb xəcalət çəkir… bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxdur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr etsin…” Məhz bu bir neçə cümlə ilə o öz qəlbinin iztirablarını dilə gətirmişdi, artıq səbr edə bilməmişdi. Necə ki illər sonra öz padresi, illərlə ona yalan söyləyən atası ilə həbsxanada söhbət eləyərkən dözə bilməmişdi. “Anla artıq, padre, mən Arturam” – deyib hönkür-hönkür ağlamışdı onun qolları arasında. Baxmayaraq ki, illərlə ona qarşı mübarizə aparmış, onu biabır etməyə çalışmışdı. Çünki ondan nifrət etdiyini sanmışdı. Ancaq onun şəfqətinə necə ehtiyacı olduğunu qəlbinin dərinliyində hər zaman duymuşdu. Deyə bilərəm ki, bu səhnə mənə görə əsərin ən təsirli səhnələrindən biridir. Hər
şeyin aydınlaşdığı, bir o qədər də dolaşdığı an… İnsanların təhlükəsizliyinə ən böyük “təhlükə, cani, quldur” məhv edilməli idi. Azğın polkovnikin, onun bu qərarının qarşısında duran tək maneə isə “cənabiəqdəs”, kardinal Montanelli idi. Öz vicdanı qarşısında heç cür qəbul eləyə bilmirdi ki, o bir insanın ölümünə qol qoya bilər. O bunu edə bilməzdi. Ələlxüsus da, o insan illərdir həsrətində olduğu oğlu, Arturu idisə. Bəli, o bu qərarı verə bilmədi də. Ancaq daha dəhşətlisini etdi. Bu qərarı Artura buraxdı. Ondan öz ölümünə razılıq verib padresini “ağır yükdən xilas etməsini” istədi. Necə ki vaxtilə yepiskopluq üçün Milandan gedərkən etmişdi. Onda da seçimi Arturun öhdəsinə buraxmışdı: “Artur, əgər sən istəmirsənsə, mən gedə bilmərəm” demişdi. Arturun onun bu hərəkətinə fəryadına isə insan təsirlənməyə, kövrəlməyə bilmir: “…mən onda sizin həyatınızı sizin əvəzinizə həll etməli idim, onda mənim on doqquz yaşım vardı! Bu həm biabırçı, həm də gülünc bir şeydi!…mən hər halda öz şübhələrimi özüm həll edərdim, bunun məsuliyyətini öz üzərimə götürərdim…” Daim hər şeyə laqeydliklə yanaşıb, hər şeyə gülən bir insanın qəlbində nə qədər acı çəkdiyini göstərirdi bu cümlələr. Əslində, o, öz gülüşündə, laqeydliyində, aldığı yaraların arxasında gizlədirdi, gizlətməyə çalışırdı incidilmiş, sarsıdılmış on doqquz yaşlı Arturu. Ovodda gizlədirdi Arturu. İndi isə o laqeyd ola bilmirdi, istəsə də ola bilməzdi. Atası onu ikinci dəfə öldürmək istəyirdi. Yox, o cismani ölümü nəzərdə tutmurdu, o mənəvi ölümdən danışırdı. Hansı ki, bu ölümlə öz ölümünə də səbəb olmuşdu kardinal Montanelli. Əsərin ən təsirli səhnələrindən biri də məhz bu hissə idi. Özünü oğlunun ölümündə günahlandıran çarəsiz bir atanın səssiz fəryadı. Gördüyü hər şeydə – öz geyiminə düşən qırmızı günəş işığında, bütün insanların, ən əsası öz əllərində görürdü o oğlunun axıdılan hər damla qanını. “Müqəddəs, pak” ömründə ilk dəfəydi o hayqıraraq Allaha üsyan edirdi: “Ah, buna tab gətirmək mümkün deyil! İlahi, sən göylərdə, öz taxtında oturub Yer üzündə insanların çəkdiyi əzabı, zülmü seyr edirsən!…”, “…bir daha səni görməyəcəm, mənim istəkli balam…” deyərək fəryad qoparırdı çarəszicə. Çünki o, bilirdi ki, oğlunu cismən hər kəs öldürə bilərdi. Mənən isə tək bir insan – onun sevimli padresi, atası. Və o, bunu etmişdi…
Əsər haqqında, xüsusən baş qəhrəman haqqında çox danışmaq olar. Əsərdə elə vacib, gözəl məqamlara toxunulur ki, əvvəldən sona qədər əsər insanı özünə bağlaya bilir. Ən əsası, əsər insanı düşündürməyi bacarır: istər-istəməz “mən onun yerinə olsaydım, bunlar mənim başıma gəlsəydi, neyləyərdim? Necə davranardım o şəraitdə?” deyə düşünür insan. Sonda isə bunu demək istəyirəm ki, bu həyatda ilk növbədə insana azadlığı çox görülməməli, onun istər mənən, istərsə də cismən məhv olmaması üçün qəlbində dərin yaralar açılmamalıdır. Onun getdiyi yolunu, işıqlı yolunu zülmətə döndərməmək lazımdır. Çünki bu zülmətdə tək o azmaz, puç olmuş xəyallar, ümidlər, arzular azar…
“Mən öz yolumla getməli, irəlidə gördüyüm işığa doğru hərəkət etməliyəm” – Artur Berton (və yaxud Ovod).
YAZAR: Aynurə Abbaszadə (BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi)
Həmçinin bax: Vyana konqresindən sonra Avropada inqilablar
Həmçinin bax: turaz.org/mn-9-mayda-rusiya-sulhmeramlilarinin-xankendide-tenteneli-sira-duzulusu-planlasdiirilir/