Əssar Təbrizinin həyat və yaradıcılığı

XIV əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Şəmsəddin Məhəmməd Əssar Təbrizi 1325-ci ildə Təbriz şəhərində anadan olmuşdur.  Atasının adı qaynaqlarda Əhməd deyə qeyd edilir. Çox vaxt şairin adının qarşısında bir mövlanə sözü artırılır ki, bu şairin yüksək təhsilə malik bir ziyalı olduğunu sübut edir. Əssar Təbrizi ən mötəbər qaynaqlarda, o cümlədən Seyyid Məhəmmədin “Silsilətül-övliya” əsərində Hacı Məhəmməd deyə xatırlanır. Bu onu göstərir ki, şair Kəbədə də olmuşdur. Şairin haqqında qiymətli məlumat verən M. Tərbiyət “Danişməndani-Azərbaycan” (Azərbaycan ədibləri”) əsərində onun Sultan Üveys dövrünün məşhur söz ustadlarından olduğunu, ona mədhlər yazdığını, qəzəllərində Məhəmməd təxəllüsünü işlətdiyini, riyaziyyat və nücum elmlərini mükəmməl bildiyini, hicri 792-ci ildə vəfat etdiyini yazmışdır. M. Tərbiyət həmçinin Mövlanə Əssarın Şeyx İsmayıl Sisinin müridi və sufi olduğunu göstərmiş, o dövrün tanınmış alimlərindən olan Əbdüssəməd Münəccim Təbrizi barədə gözəl qəsidələr yazdığını qeyd etmişdir. M. Tərbiyətin  bu maraqlı qeydləri bir çox inanılmış qaynaqlara və xüsusən şairin lirik şeirlər toplusu olan “Divan”ına söykəndiyi üçün inandırıcı görünür.

Şairin indi elm aləminə məlum olmayan lirik şeirlər “Divan”ı görünür ki, Tərbiyətə tanış imiş. Əssar Təbrizinin əsərlərindən bir qisminin Süruri Osman tərəfindən seçilərək müntəxəbata daxil edildiyini də məhz o qeyd etmişdir.Əbdüssəməd Münəccim Təbrizi kimi alimlərə qəsidələr həsr etməsi şairin elm aləmi ilə bağlı bir adam olmasından irəli gəlir.Eyni zamanda özü gözəl münəccim olan Əssar Təbrizi, ehtimal ki, Əbdüssəməd Münəccim Təbrizi ilə yaxın dostluq əlaqələrində olmuşdur.

Əssar azad düşüncəli, məğrur təbiətli, izzəti-nəfsini gözləyən bir şəxs olmuşdur. Əssar Nizami kimi üzlətə şəkildiyini, camaatdan uzaq qaşdığını, bir bucaqda oturduğunu yazır. Bu qeyd onun tərki-dünya bir adam olduğunu göstərmir. Şair bu qeydi ilə hakim dairələrdən uzaq gəzən bir şəxs olduğunu bildirmək istəmişdir.

Xəlvətdə oturdum Nizami sayaq,
Üzlətdə yaşadım mən eldən uzaq.

deyən şair heç də xalqdan, onun ziyalılarından kənar qaçmamışdır. Onun uzaq qaçdığı saraylar və hakim dairələr olmuşdur.

Seyyid Məhəmmədin və M. Tərbiyətin göstərdiyi kimi, Əssar Təbrizi hicri qəməri tarixlə 792-ci, miladi tarixlə 1389-90-ci ilə anadan olduğu Təbriz şəhərində vəfat etmişdir. Ən mühüm əsəri olan “Mehr və Müştəri” poemasını isə şair 778-ci ildə, miladi tarixlə 1376-cı ildə bitirmişdir. Bu tarixləri və bəzi mülahizələri nəzərə alaraq Q. Cahani şairin 1325-1326-cı illərdə anadan olduğunu təxmin etmişdir. Əssar Təbrizinin “Mehr və Müştəri”də dediyi aşağıdakı misralar qohumları və dostlarının çoxundan ayrıldığını, çox pisliklər gördüyünü söyləməsi poema yazılarkən şairin cavan olmadığını bir daha təsdiq edir.

Gördüm əzizlərin çox hicranını,
Götürdüm dünyanın çox yamanını.

Şairin bu tərzdə həyatdan şikayətlənməsi bir daha göstərir ki, Əssar Təbrizi bu vaxt təxminən 50 yaşında imiş. Bu həmdə onun 1325-1326-cı illərdən birində anadan olması fikrini təsdiq edə bilər. Lakin bu tarixlər dəqiq deyil. Şairin yalnız vəfat etdiyi tarix bizlərə məlumdur. Məxəzlərdə şairin təkcə vəfat etdiyi tarix – 1390-cı il göstərilmişdir. Şair özünün 80 yaşında olduğunu qeyd etdiyi üçün onun 1310-cu ildə Təbriz şəhərində anadan olmasını güman etmək olar. Əssar Təbrizinin maddi həyatı, özünün yazdığına görə, o qədər də firavan keçməmişdir. Lakin heş kəsin minnətini çəkmədiyi ona ən böyük təsəlli olmuşdur.

O, hələ sağlığından başlayaraq şair və alimlərin diqqətini cəlb etmişdir. Xeyli müddət Təbrizdə yaşayan fars-tacik şairi Kamal Xocəndi ona dərin hörmət və məhəbbətini bildirərək onun haqqında yazmışdır:

Bizdən, səba yeli, Məhəmmədə sən
Nə olar, salam de, layiqdir ona.
Sonra məndən ona söylə gizlicə:
“Təbin düzlük verdi məna sazına”.

Bu parçada şairin təxəllüsü Məhəmməd şəklində xatırlanmaqla bərabər yaradıcılığının mahiyyətinə, onun ilhamı nəticəsində məna sazının düzlük qazandığına işarə edilmişdir. Başqa sözlə desək, Kamal Xocəndi onun əsərlərində həyat həqiqətlərinin doğru əks etdirildiyini onun poeziyasının ən böyük məziyyəti kimi qiymətləndirir.

Onun yaradıcılığı bir sıra özünəməxsus orijinal xüsusiyyətləri, keyfiyyətləri, xüsusilə yeni məzmunlu humanist və demokratik ideyaları ilə fərqlənmişdir. Şairin irsi lirik şeirlər divanından, “Mehr və Müştəri” poemasından və qafiyyə haqqında qələmə aldığı “Əlfavi fi te`dadül-qəvafi” adlı elmi risaləsindən ibarətdir. Gözəl astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar Təbrizi XIV əsrdə Nizami ədəbi məktəbinin humanizm, dostluq və məhəbbət ideyalarını yeni şəkildə davam və inkişaf etdirən ən görkəmli şairlərdən biri olmuşdur. Onun lirik şeirlərində və bütün Yaxın Şərqdə tanınan “Mehr və Müştəri” poemasında irəli sürdüyü humanist ideyalar və demokratik fikirlər sələfi Nizamiyə və müasiri Əhvədiyə çox yaxındır.

Ə. Cami, Əmin Əhməd Razi, Lütfəli bəy Azər, Katib Çələbi, Seyyid Məhəmməd və bir sıra başqa Şərq alim və təzkirəçiləri ondan bəhs etmiş, yaradıcılığına yüksək qiymət vermişlər. Əssar Təbrizidən ilk dəfə daha geniş şəkildə bəh edən Azərbaycan alimi Məhəmmədəli Tərbiyət olmuşdur. Daha sonralar Həmid Araslı, M. Sultanov, Q. Cahani, R. Azadə və başqaları bəhs etmişlər.

Avropada Əssar Təbrizidən K. Peyper, Hammer-Purqştal, Fligel, İ. Pidzi, S. Auzli, P.Horn, H.Ete kimi alimlər bəhs etmiş, bəzi fikirlər söyləmişlər. Ukrayna şərşünası A. Krımski “İranın, onun ədəbiyyatının və dərviş teosofiyasının tarixi” adlı əsərində Əssardan bir qədər geniş şəkildə söhbət açmışdır.

Əssar Təbrizi yaradıcılığa lirik şeirlərlə başlamış, bir “Divan” həcmində qəzəl, qəsidə və rübailər yazmışdır. Lirik şeirləri ilə istedadlı bir sənətkar kimi tanındıqdan sonra epik şeir sahəsində də qələmini sınamaq məcburiyyətində qalmışdır. Bu cəhəti M. Tərbiyətin qeydlərindən əlavə şair özü təsdiq edir. “Mehr və Müştəri”nin giriş hissəsində Əssarın yanına toplaşan, ondan məsnəvi yazmağı xahiş edən dostları açıq-aydın şəkildə onun çoxlu lirik şeirləri olduğunu göstərirlər. Deməli, o, “Mehr və Müştəri” poemasını yazana qədər qüdrətli lirik şair kimi tanınmış, xüsusən çoxlu mədhiyyə qəsidələri yazmışdır. Təəssüf ki, bu böyük lirik irsdən bir saqinamə və bir neçə qitədən başqa hələ bir şey əldə edilməmişdir. Qitələr şairin humanist, demokratik ruhuna tamamilə uyğundur. Şeyx Kucəciyə həsr etdiyi qitədə şair insanları həyatda doğru yolu seçməyə, başqalarında eyib axtarmamağa çağırmışdır.

Xacə Məhəmməd Şeyx Kucəci xoş bir söz demişdir,
Əgər yol adamısansa, bu söz sənə bəsdir.
O demişdir ki, ey dost, şəriət yolunu elə tut ki,
Heç kəs səhvdir deyə barmağını sözünün üstünə qoymasın.
Sonra təriqət yolunu elə tut və get ki,
Sənin barmağın başqasının sözünə əngəl törətməsin.

Bu parçada şairin Nizami irsi ilə yaxınlığı aydın hiss edilir. Əssar da Nizami kimi insandan eyibsiz olmaqla bərabər eyib axtarmamaq kimi yüksək insani keyfiyyət tələb edir. Şairin bu qitəsi ilə bir sıra tədqiqatçılar onun Şeyx Kucəcinin müridi olmasını söyləmişlər. Lakin şairin yaradıcılığı və lirik “Divan”ı ilə yaxından tanış olan M. Tərbiyət tək bir qitə ilə bu fikrə gəlinməsinə qarşı çıxmış, bunun ağlabatan olmamasını bildirmişdir.

Əssar Təbrizinin lirik irsindən əldə olunan qiymətli əsərlərindən biri də onun “Saqinamə” adlı şeridir. 120 beytdən ibarət olan bu lirik məsnəvi şairin insan və zaman haqqındakı düşüncələrini saqinamə janrına məxsus yanıqlı, odlu bir dillə əks etdirir. Eyni məqsədlə saqinamə janrını yaradan Nizami Gəncəvi olmuşdur. Onun “İskəndərnamə” poemasında hər bir bəhsin əvvəlində saqiyə müraciətlə yazdığı lirik parçalar sonralar Yaxın və Orta Şərq ədəbiyyatında müstəqil bir janra çevrilmişdir. Əssar Təbrizinin “Saqinamə”sində də onun Nizami irsi ilə möhkəm bağlılığı aydın hiss edilməkdədir. Əssar bu şeirində öz başına gələnlərdən danışır, insanlardan şikayətlənir, dövründən narazılığını bildirir. Azad düşüncəli filosof kimi yaradılışın sirlərindən söhbət açır. Şəxsi həyatındakı uğursuzluqlara burada dönə-dönə işarələr edir, yaxşı adından belə utandığını, həyatından bezdiyini yazır:

Çox gəzdim dünyanı, dolandım əbəs,
Özümtək bağrı qan görmədim bir kəs.
Yaxşı adımdan da mən ar eylədim,
Bezdim bu həyatdan, zinhar eylədim.

Şair bu şeirində bu həyatı ruhani şərab içmək və hikmət öyrənmək yolu ilə dərk etmək olar fikrini irəli sürməklə, sufizm mövqeyindən olsa da, dünyanın dərkedilən olduğunu tamam rədd etmir.

Mey ver ki, mən sənə öyrədim hikmət,
Biliklə ulduztək parladım, əlbət.
Ağıl nura bənzər şamın başında,
Xalqa nur çiləyər o atəşində.

Əssar Təbrizinin bizə gəlib çatan mühüm əsərlərindən biri də “Əlvafi fi tedadül-qəvafi” adlı müxtəsər nəzəri traktatıdır. Qafiyə elminin qısa şərhinə həsr edilən və başdan-başa qafiyəli nəsrlə yazılan bu əsər həm də maraqlı bir nəsr ədəri kimi qiymətləndirilə bilər. Şair bu əsərini də dostlarının xahişi ilə yazmışdır. Şair, əvvəlcə şerin tərifi üzərində dayanır və yazır: “Şerə ölçülü, xəyal məhsulu olan, qafiyələnmiş bir kəlam kimi tərif vermişlər ki, deyən onda bir məqsəd izləmiş olsun”. Şeirdə təxəyyülün lazım olduğunu, müəllifə görə, məntiqçilər qeyd etmişlər, ərəblər bunu göstərməmişlər. Əssar Təbrizinin özü mətiqçilər, yəni filosofların mövqeyində durur, şerin təsirini, zövq verməsini birinci növbədə təxəyyüllə əlaqələndirir. O, yazır ki, təxəyyüllü filosoflar şerin mahiyyəti, ərəblər isə zahiri cəhəti ilə əlaqələndirirlər.

Əssar Təbrizi vəznin nədən ibarət olması məsələsi üzərində də dayanır və mövzun, yəni ölçülü olmayan sözü şeir hesab etmir. Qafiyəni isə şerin hissələrinin sonunda gələn bir hissə adlandırır. Qafiyənin “qəfvət” sözündən olduğunu, “arxadan gedən” mənasında işlənən həmin sözdən düzəldiyini bildirir. Əssar Təbrizi qafiyəni sözün rədifdən əvvəl gələn və təkrarlanan hissəsi kimi səciyyələndirir. Lakin bu tərifə etirazlar olduğunu, məsnəvi, müsəmmət, dübeyti (rübai) kimi janrların bu tərifə uyğun gəlmədiyini deyənlərin olduğunu da söyləyir və həmin etirazları elmi şəkildə rədd edir. Həmçinin o, qafiyə hərflərini, onların adlarını, qafiyənin növlərini, qafiyədə buraxılan səhvləri ətraflı şəkildə araşdırıb təhlil edir. Rəvi, ridf, qeyd, təsis, dəxil, vəsl, məzid, nairə kimi qafiyə hərflərini və bunların köməyi ilə yaradılan qafiyə növlərini müəllif incə-incə təhlildən keçirir, ümumi qanunauyğunluq və müstəsnalıqları xatırlayır. O. Hər şeydən əvvəl, qafiyənin kök sözlər üzərində qurulması fikrini, tələbini irəli sürür.

“Əlvafi fi tedadül-qəvafi”nin iki əlyazması mövcuddur. Bunlardan biri Kembric universitetinin kitabxanasında, digəri isə Daşkənd şəhərində Özbəkistan Elmlər Akademiyasını Ə. Biruni adına institunun Şərq əlyazmaları bölməsindədir. İkinci nüsxənin avtoqraf olduğu, yəni Əssar Təbrizinin öz əli ilə yazıldığı ehtimal olunur.

Əssar Təbrizinin ən mühüm əsəri “Mehr və Müştəri” poemasıdır. Burada xeyrilə şərin toqquşması və bu toqquşmada xeyirin şər üzərində qələbəsinə dərin inam, həm də romantik inam əsərin əsas qayəsini təşkil edir. Mövzusu qədim xalq ədəbiyyatı olan “Mehr və Mah” dastanından alınmış “Mehr və Müştəri” poemasında sədaqət və qəhrəmanlıq motivləri, insanın mənəvi gözəlliyi, səmimiyyət və dostluğu, cəsarət və mərdlik kimi keyfiyyətləri öz əksini tapmışdır. Əssar orta əsrlərin xüsusi müıkiyyətçi, xudbin, insana zidd əxlaqına qarşı insanın insana səmimi, dərin, təmənnasız, fədakar dostluğu, məhəbbət9 ideyasını irəli sürmüşdür. Humanist intibah şairi kimi o, öz ideal qəhrəmanlarını həyatda gördüyü, tanıdığı qabaqcıl ziyalıların xarakterinə və insan arzularına uyğun şəkildə yaratmış, onları hakim ideologiyanı təmsil edən adamlara qarşı qoymuşdur. Həmçinin şair qəhrəmanlarını – Mehr (Günəş, Mərkəz), Müştəri (Yupiter, Səadət ulduzu), Keyvan şah (Saturn, Zühəl), Nahid (Venera, Zöhrə, Məhəbbət ilahəsi), Bədr (bütöv, parlaq Ay), Bəhram (Mars, Müharibə allahı), Əsəd (Şir bürcü), Qaraxan (qaranlıq gecə), Ulduz, Mehrab, Behzad və bir sıra surətləri səma cismi olan ulduzlarla əlaqələndirməklə sanki insanı əməllərində, arzularında, mənəvi aləmində yerlə göyü birləşdirir.

Şair qəhrəmanlarının hərəkətlərini səmada ulduzların hərəkəti ilə çox məharətlə əlaqələndirir, onların arasında paralellik yaradır. Təkcə adları ilə deyil, hərəkətləri ilə də səma cisimlərini öz qəhrəmanlarında əks etdirir. Bu o deməkdir ki, şair nücum elmini dərindən bilir və bunu əsərində mükəmməl şəkildə əks etdirmə qabiliyyətinə malikdir. Əssar poemasında sevgi xəttini dostluq xəttindən arxa planda tutsa da, burada Mehr və Nahid arasındakı sevgi Leyli və Məcnun arasındakı sevgidən heç də geri qalmır. Lakin bu sevgi Mehrə Müştərini, onun dostluğunu unutdurmur. Şairin istədiyi də insanlara sevgi qədər dostluğun və insanı keyfiyyətlətin önəmli olduğunu göstərməkdir. Şair Sələfi Nizaminin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarında, “Yeddi gözəl” poemasındakı “Xeyir və Şər” hekayəsi və digər əsərlərində göstərmək istədiyi humanist, əxlaqi, insani keyfiyyətləri öz poemasında mükəmməl şəkildə əks etdirmişdir. Şairin xələfi Əhvədi də öz əsərlərində sələfi kimi humanist ideyalara önəm vermişdir. Əssar Təbrizinin bu poeması həyatiliyi və sənətkarlıq xüsusiyyətləri baxımından XIV əsr ədəbiyyatımızda xüsusi əhəmiyyətli əsərdir.

Əziz oxucu, bu məqalədə müəyyən qədər Əssar Təbrizi barədə sizləri məlumatlandırmağa çalışdım. Mənim sizdən xahişim odur ki, şairin əsərləri ilə yaxından və bilavasitə tanış olasınız.

QAYNAQ:

1.  Əlyar Səfərli və Xəlil Yusifli- Azərbaycan ədəbiyyatı tarixi
2. Əssar Təbrizi- Mehr və Müştəri (Tərcümə: Məmmədağa Sultanov)
3. Azərbaycan klassik ədəbiyyatından seçmələr III cilddə II cild

YAZAR: Zeynəb Qurbanlı
HƏMÇİNİN BAX: İsimin halları
HƏMÇİNİN BAX: Tehsilim.org/qarabag-movzusu-fransa-milli-kitabxanasinda-arasdirilib/