Ermənistan üçün şok gəlişmə: Qarabağ savaşla azad oluna bilər
Azərbaycana qarşı sərhəd təxribatı işğalçı Ermənistanı beynəlxalq arenada böyük diplomatik iflasa tuş edib. Artıq bunu əminliklə söyləmək mümkündür. Azərbaycana verilən və davam etməkdə olan beynəlxalq dəstək bunun ən bariz təzahürü sayıla bilər.
Son olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasında qüvvədə olan qanuna Dağlıq Qarabağı Azərbaycanın ərazisi, Ermənistanı isə işğalçı kimi təsdiqləyən iki düzəlişin qəbulu İrəvan rəsmiləri üçün az qala “açıq səmada şimşək” effekti yaradıb. Ermənilər, erməni lobbisi neçə gündür şokda və dərin məyusluq içindədir.
***
Diqqətçəkicidir ki, ilk dəfə Konqresdə Azərbaycanın xeyrinə olan belə mühüm sənədin qəbuluna qarşı ABŞ-ın güclü və imkanlı erməni lobbisi əlindən gələni etsə də, hər cür çirkin üsullara və oyunlara baş vursa da, nəticə dəyişməyib. Nikol Paşinyanın yalançı “qərbçi” imici də kara gəlməyib və Konqresdə Azərbaycanın maraqlarını müdafiə edən kiçik lobbi qrupunun təşəbbüsü keçib. Çünki aşkar şəkildə mövqe üstünlüyünə malik olub.
Bu da ondan ibarətdir ki, artıq Konqresdə Ermənistan adlı qondarma dövlətin Güney Qafqazda kimin əlaltısı olduğu və hansı çevrələrin maraqlara xidmət etdiyi haqda rəy möhkəmlənib. İrəvanın sərhəd təxribatı arxasında Tovuz yaxınlığından keçən beynəlxalq neft-qaz kəmərlərinin, o cümlədən oktyabrda tam istifadəyə veriləcək Cənub Qaz Dəhlizinin (TANAP) hədəf almaq istəyinin üzə çıxması bu rəyi bir az da daşlaşdırıb. Çünki həmin kəmərlər Qərbin, özəlliklə də ABŞ-ın strateji maraqları, o sırada Avropanı Rusiyanın enerji asılılığından azaltmaqla bağlı marağı ilə birbaşa bağlıdır.
Burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərhəddə baş verən insidentlə əlaqədar söylədiyi “Bu, Ermənistanın miqyasını aşan hadisədir” sözləri yerinə düşür. Belədirsə, ABŞ niyə də onun “ayağının altını qazıyan” Ermənistana və erməni lobbisinə qucaq açmalı, havadar çıxmalıdır? Ermənistan bölgədə ABŞ-ın əsas rəqibi olan Rusiyanın hərbi qalası, sadiq və sözəbaxan vassalıdırsa, o zaman nədən onun bir “əli”ndən Moskva, digərindən isə Vaşinqton tutmalıdır?
Bu xüsusda ABŞ Nümayəndələr Palatasının Azərbaycanın xeyrinə olan son qərarı (böyük ehtimalla, Senat da eyni mövqe sərgiləyəcək) ən əvvəl total erməni yalanlarına vurulan zərbə hesab olunmalıdır. Bu yalanlar hər gün bir az daha faş olmaqdadır. Amma cəmi bir neçə ay öncə Konqresin hər iki palatası uydurma “erməni soyqırımı” haqda qətnamələri az qala, yekdilliklə qəbul eləmişdi. Ona görə ki, o vaxt ABŞ Suriya əməliyyatları və Rusiya ilə S-400 anlaşmasına görə Türkiyəni ”erməni kartı” ilə vurmaq istəmişdi. O zaman məsələdə yəhudi lobbisinin də marağı olduğundan ermənilərin arzusu baş tutmuşdu.
Amma indi həmin tərkibli Nümayəndələr Palatasında Ermənistanı işğalçı sayan düzəlişlər qəbul olunur. Nonsens? Xeyr. Ona görə ki, situasiya indi fərqlidir. Ona görə ki, bu dəfə ermənilər həm də ABŞ maraqlarını hədəf alıblar. Ona görə ki, Tovuz yaxınlığından keçən Bakı-Ceyhan kəməri ilə nəql olunan neftin 40%-ni İsrail alır. İsrail isə Azərbaycanın həm də mühüm strateji tərəfdaşıdır, iki ölkə illərdir dərin hərbi əməkdaşlıq içindədir…
***
Aydındır ki, Ermənistanın Azərbaycana qarşı siyasi-diplomatik uğursuzluğu avtomatik şəkildə Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin də “passivi”nə yazılacaq. Erməni yalanlarını bundan sonra ənənəvi ritorika və fəndlərlə davam etdirmək asan olmayacaq.
Odur ki, ermənilər təşviş içindədədirlər. Axı Qarabağ uğrunda savaş yalnız səngərlərdə getmir.
Qaynaq:Axar.az
Müxbir:Kafkazh.com müxbiri Nuray Ələkbərova