Ərəblərin Azərbaycana yürüşü
Ön Qafqaz uğrunda III əsrdən başlamış və fasilələrlə davam edən Bizans və Sasani imperiyaları arasındakı müharibələr hər iki dövləti xeyli zəiflətmişdir. VII əsrin əvvəllərində müharibənin yeni, eyni zamanda son mərhələsi 603-cü ildə Sasani hökmdarı Xosrov Pərvizin hücumu ilə başladı və 25 il davam etdi. Müharibənin əvvəllərində İran qoşunu üstünlüyü ələ alaraq, Misiri tutdu, Bizansın paytaxtı Konstantinopolu təhlükə qarşısında qoydu.
Lakin 623-cü ildə 120 min qoşunla Bizans imperatoru II İrakli Dəbili və Naxçıvanı qarət etdi. Azərbaycanın
paytaxtı Qazaka şəhərini işğal etdi. Bərdə yaxınlığında Tərtər çayı sahilində düşərgə saldı. Lakin Sasanilər Bizans ordusunu mühasirəyə saldılar. Bizans hökmdarı xəzərlərə xərac və hədiyyələr verərək, onları köməyə çağırdı.
626-627-ci illərdə xəzərlər Sasani ordusuna güclü zərbələr endirdilər,imperiyanın paytaxtı Mədain şəhərində şahənşahın sarayı yandırıldı. Xosrov Pərviz hakimiyyətdən salındı və edam edildi. 629-cu ildə bağlanan müqavilənin şərtinə görə Albaniya yenə də Sasanilərin hakimiyyəti altında qaldı. Beləliklə ərəblərin hücumu ərəfəsində Azərbaycan torpaqları Sasanilərin hakimiyyəti altında olub şimal canişinliyinin tərkibində idi və İrandan tam asılı idi. Albaniya İrandan rəsmən asılı olsa da, daxili müstəqilliyini qoruyub saxlamışdı.
630-cu ildə Ərəbistan yarımadasında yeni dövlətin-Ərəb xilafətinin əsası qoyuldu.Dövlətin banisi İslam dininin əsasını qoyan Hz. Məhəmməd Peyğəmbər idi. Bu hərbi-feodal dövlət yarandığı dövrdən istilalara başladı və ilk zərbə uzunmüddət Bizansla müharibələrdə zəifləmiş Sasani İranına vuruldu.
Ərəb ordusu 633-cu ildə İraq tərəfdən Sasani imperiyasının sərhədini keçdi. Albaniya-Girdiman hakimi Varaq Qriqor 634-cü ildə oğlu Cavanşirin rəhbərliyi ilə Sasani hökmdarı III Yezdəgerdin köməyinə qoşun göndərdi. 636-cı ildə Kadisiyyə döyüşündə Cavanşirin igidliyinə görə Sasani hökmdarı ona qiymətli hədiyyələr bağışladı. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu mühasirəyə aldılar. Cavanşir 3 minlik alban qoşunu ilə 6 ay şəhəri müdafiə etdi. İran ordusu darmadağın edildi. Ərəblərə qarşı 7 il vuruşduqdan sonra müharibənin mənasız olduğunu görən Cavanşir 640-cı ildə Albaniyaya qayıtdı və mübarizəni vətənində davam etdirdi.
Ərəblər bilirdilər ki, Cavanşirin vətənində onunla vuruşmaq asan olmayacaq. 651-ci ildə Sasani imperiyası süqut etdikdən sonra da Cavanşir ərəblərə qarşı mübarizəni vətənində davam etdirməli oldu. Düşmənin gücünü obyektiv qiymətləndirən Varaz Qriqor oğluna ərəblərlə vuruşmağı məsləhət görmədi, lakin Cavanşir ərəblər Albaniyaya soxulduqda onları qılıncla qarşıladı. O,Bizans imperatoru II Konstantinlə 654-660-cı illərdə görüşdü.
Ərəblər Azərbaycan ərazisinə hücumu 642-ci ildə Nəhavənd və Həmədan döyüşlərindən sonra baş verdi. Ərəb ordusu Qum və Kaşanı tutdu, Sasani imperiyası tamamilə dağıdıldı və bunun ardınca onlar Azərbaycan torpaqlarına soxuldular. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzadın başçılığı ilə döyüş ərəblərin qələbəsi ilə başa çatdı. İsfəndiyar əsir götürüldü. Sonra qardaşı Bəhram ərəb sərkərdəsi Ukba İbn Farkadla döyüşü davam etdirdi lakin bu da uğursuz oldu. Ərəblər Gilana və Muğana doğru hərəkət etdilər, Xəzərin qərb sahili ilə şimala doğru irəliləyərək Dərbəndə yetişdilər.
Xəlifənin tapşırığı ilə birləşmiş qoşun hissələri 643-cü ildə Dərbənddən şimalda I Bələncər yaxınlığında xəzərlərlə döyüşə başladılar amma məğlub oldular. Ərəb sərkərdəsi Əbdürrəhman öldürüldü. 644-cü ildə ərəb sərkərdəsi Bukayr ibn Abdullahın əsirlikdə olan Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadla bağlanmış müqaviləyə görə əhali can vergisi-cizyədən verməli idilər. Qadınlar, uşaqlar, xəstələr, imkansızlar can vergisindən azad idilər. Əhali ərəblərə tabe olmalı idi, ərəblər isə onların dininə, adət-ənənələrinə və məişət işlərinə qarışmamağı öhdələrinə götürdülər, onlara tabe olmayıb ölkəni tərk etmək istəyənlərə imkan yaradırdılar. Ərəb ordusunda qulluq etmək istəyənləri vergi və mükəlləfiyyətdən azad edirdilər.
Əhali müqavilənin şərtlərinə əməl etməyərək ərəblərə qarşı üsyan etdi. 646-cı ildə buraya yeni ərəb qoşunu gəldi
və yeni müqavilə imzalandı. Vergilərin miqdarı əvvəlkindən xeyli artırıldı. Albaniyada ərəblər ciddi müqavimətə rast gəldilər. Ərəblər etiraf edirdilər ki, bu vaxta qədər vuruşduqları ölkələrin heç birində Azərbaycanda olduğu qədər güclü müqavimətə rast gəlməmişdilər. Sərkərdə Salmanın başçılığı ilə Azərbaycana daha güclü ordu göndərildi. Naxçıvan, Şəki, Gorus, Beyləqan və Bərdəni işğal etdikdən sonra müqavilə bağlandı. Onlar Qəbələ, Şəmkir, Şəki, Şirvan və Şabranı çapıb taladılar. Lakin bu uğurlar asanlıqla başa gəlmədi.
653-cü ildə Dərbənddən şimalda II Bələncər yaxınlığında xəzərlərlə döyüşdə ərəblər məğlub oldular. Sərkərdə Salman öldürüldü.Ərəblər türk döyüşçülərin igidliyinə heyran idilər. 730-731-ci illərdə 300 minlik ordu ilə xəzərlər ərəbləri Ərdəbilə sıxışdırdılar. Savalan dağı yaxınlığında xəzərlər qələbə çaldılar. Diyarbəkrə və Mosula
çatan xəzərlərin hücumunu Van gölü yaxınlığında Hilat şəhəri ətrafında çətinliklə dayandırdılar. Ərəblər böyük
ordu ilə hücuma keçdilər və xəzərləri Azərbaycandan çıxardılar. Sülh bağlayan xəzərlərin bir hissəsi İslam dinini qəbul etdi. Xəlifə Harun Ər-Rəşidin dövründə VIII əsrin 90-cı illərində xəzərlər 100 minlik qoşunla Azərbaycanın şimal hissəsinə hücum etdilər.
100 illik mübarizədən sonra ərəblər Azərbaycanın işğalını başa çatdırdılar. Ərəblər əhali ilə mülayim rəftar edirdilər. Xəlifə Əbu-Bəkr sərkərdələrinə göstəriş vermişdi ki, adamları şikəst etməsinlər, qocaları, qadınları və uşaqları öldürməsinlər. Bununla da əhalidə onlara qarşı inam yaranmışdı. Xilafətin topladığı vergi və töycülər Sasani imperiyasındakından qat-qat az idi. Xalq yadellilərin dağıdıcı basqınlarından, Sasani-Bizans müharibələrindən hədsiz dərəcədə əziyyət çəkirdi.
YAZAR: Zeynəb Hüseynzadə
HƏMÇİNİN BAX: Talassemiya nədir?
HƏMÇİNİN BAX: Tehsilim.org/naxcivan-xatire-muzeyi/