Ərəb Xilafətinin tənəzzülü

Açar sözlər:

➢ Xürrəmilər üsyanı

➢ Məzyər üsyanı

➢ Minkicəvr əl-Fərqani üsyanı

Ərəb mənşəli əhalinin Azərbaycana köçürülməsi, ərəblərin vergi siyasəti, məmur özbaşnalığı, yerli feodalların hüquq və imtiyazlarının məhdudlaşması əhali arasında narazılığa səbəb olurdu. Məhz belə bir şəraitdə-VIII əsrdə ərəblərə qarşı baş qaldıran üsyanlardan biri də Xürrəmilər hərəkatı idi.

İlk öncə, Xürrəmi anlayışı nədir?
VIII-X əsr müəlliflərinin söylədiyi rəvayətə görə, bu söz Ərdəbilin yaxınlığında olan Xürrəm yaşayış məntəqəsindən götürülmüşdür. Məsudi, Yaqut, A.Müller, S.Nəfisi, F.Hitti və başqaları bu ənənəni davam etdirsə də, digər tarixçilərin təsəvvürləri bu fikrə qarşı olduğu üçün bu termin haqqında sonradan fərqli izahlar ortaya çıxmışdır. Başqa bir rəvayətə görə xürrəm kef çəkən və əyyaşlıq edən adamlara deyilirdi. Bu halda “xürrəm” sözü “şən” , “şad” və s. mənasında başa düşülürdü. Əbu Müzəffər İsfaraini yazır: “ Xürrəmilər iki təriqətə bölünür: biri islamın meydana gəlməsindən əvvəl var idi və məzdəkilər adlanırdı. Onlar öz aralarında yaxın qohumla ailə qurmağa yol verirdilər. Deyirlər ki, əmlak və qadın məsələsində onlar hamısı şərikdirlər. Ənuşirəvan öz şahlığı dövründə onları məhv etmişdi. Xürrəmilərin ikinci təriqəti isə İslam dövlətində meydana gəlmişdir. Bu təriqəti müxəmmirə və babəkiyyə adlandırırlar, yəni Babək əl Xürrəmi adlı bir adamın ardıcılları. Onların da hamsı yaxın qohumla evlənirlər ”.

 

Xürrəmilərlə bağlı növbəti rəvayət bu terminin Məzdəkin arvadının adı ilə bağlı olmasıdır. Nizamül-Mülk bu təsəvvürü belə əks etdirir: “ Məzdəkin arvadı və Fadənin qızı Xürrəmə iki adamla Mədaindən qaçıb Rey mahalına gəlmişdi və orda adamları öz ərinin dini təliminə dəvət edirdi: müxtəlif camaat bu dinə daxil oldu və adamları onları xürrəmdinli adlandırırdılar”.
Hərəkatın birinci mərhələsi Cavidanın başçılığı ilə geniş yayılsa da, ərəblərə qarşı ciddi bir təhlükə yaratmırdı. Sonradan Xürrəmi rəhbərləri Cavidan və Əbu İmran arasındakı ədavət onları və ardıcıllarını xilafətə qarşı mübarizədən yayındırdı. 816-cı ildə Əbu İmran döyüş meydanında, ağır yara almış Cavidan isə 3 gün sonra həlak olur. Cavidanın həyat yoldaşının dediklərinə əsasən deyə bilərik ki, o, ölümündən əvvəl yerinə Babəkin keçməsini vəsiyyət edib. Xürrəmilər Babəkin rəhbərliyi altında torpağa sahib olmalı, zalımları məhv etməli və məzdəkiliyi dirçəltməli idilər.

X yüzilin ərəb tarixçisi İbn ən-Nədim yazırdı ki, Babəkə qədər xürrəmilərin əqidəsində qətlə, müharibəyə, əzaba yer yox idi. Babək üsyanın başına keçdikdən sonra xürrəmi icmasında məqsədəuyğun dəyişikliklər baş verdi. Ərəblərə qarşı məzlum kəndlilər, bir sıra mülkədarlarla yanaşı xilafətin bəzi xadimləri və əmirləri də Babəkə müttəfiqlik edirdilər. Bunlardan Babəklə məktublaşan Təbəristan hakimi Məzyər, xürrəmilərdən yardım istəyən əmir Minkicəvr əl-Fərqani və başqa kürd əmirləri siyasi məqsədlər naminə hərəkata qoşulmuşdular. 819-cu ildə Babəkə qarşı ilk nizami ordu göndərilmiş ( indiyə kimi ayrı-ayrı qarnizonlarla vuruşurdular) , 821-ci ildə İbn Əbu Xalidin başçılığı ilə baş verən ilk döyüşdə məğlub olmuşdular. 829-cu il Həştadsər dağı yaxınlığındakı və 830-cu il birinci Həmədan döyüşündə ərəb qüvvələri məğlub olsa da, 833-cü il ikinci Həmədan döyüşündə onlar qələbə çaldı. Xəlifə Babəkə qarşı qoşunların baş komandanı olaraq Afşini elan etdi. Afşin xürrəmilərin dağıtdığı strateji qalaları bərpasını sürətləndirdi, öz qərargahını Bərzəndə köçürdü. Qərargahla Bəzz qalası arasında qalalar möhkəmləndi. 836-cı ildə Babək ən yaxın sərkərdəsi Tarxanı itirdiyi üçün bu illərdə hərakat iştirakçıları qələbə qazana bilmədilər. Müharibənin son illərində Afşin uzun mühasirəli hücuma keçdi. Afşinlə Babək arasında danışıqlar işə yaramırdı. Bir neçə gün sonra Cəfər əl-Xəyyatın türk qvardiyası Bəzz qalasına soxuldu. Bu, bir növ, türkü türkə qaldırmaq siyasəti idi. Babək bu səfər Afşinə müraciət etməli oldu. 837-ci il 26 avqust (Əbu Təmmama görə avqusutun 31-i) xürrəmilərin istinadgahı ələ keçirildi. Babəkin özü gizlənsə də, ailəsi əsir götürüldü. Babəkin böyük oğlu atasına məktub yazıb aman üçün gəlməsini xahiş etsə də, Babək bunu rədd edir və “ bircə gün başçı kimi yaşamaq qırx il aciz qul olmaqdan yaxşıdır ” cavabını verir. Babək Səhl İbn Sumbatın xəyanəti nəticəsində ərəblərin əlinə keçir. Bu barədə müxtəlif fikirlər var:

Ət Təbəriyə görə Babək Səhlin təşkil etdiyi ovda tutulub;

Əl-Məsudi yazır ki, Babək nahar zamanı Səhlin onunla bir süfrə arxasında əyləşməsindən qəzəblənmişdir, Səhl də buna görə onun zəncirlənməsi haqda sərəncam verir;

Bəzi erməni və ərəb tarixçiləri isə Səhlin Babəki əsir tutması haqqında məlumat verirlər.

Babək 838-ci ildə ağır işgəncə ilə edam edildi.

• Hərəkatın ərəblərə təsiri necə oldu?

20 ildən artıq müddət ərzində babəkilər xilafətin 225 min döyüşçüsünü və xeyli sərkərdəsini məhv etmişdi. Ərəb üsul idarəsinə qarşı xalq azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat əl-Məsudinin dili ilə desək, “ az qala Abbasilər dövlətini məhv edəcəkdi ”. Hərəkat Xilafətin məzlum xalqlarla qarşılıqlı münasibətlərini kəskinləşdirdi, ərəb imperiyasının parçalanma prosesini sürətləndirdi. 838-839-cu ildə xürrəmilərin məğlubiyyətindən sonra Təbəristanda Karin sülaləsindən olan axırıncı əmir Məzyərin rəhbərliyi ilə üsyan başladı. Məzyəri xilafətə qarşı qaldıranlardan biri də Afşin idi.

Bəs necə olur ki, xürrəmilərə qarşı ərəb tərəfindən vuruşan Afşin indi Məzyəri xilafətə qarşı qaldırır?
Artıq tamah insana hər şeyi unutdurur. Afşin bunu Abdullah ibn Tahirin tutduğu Xorosan valisi vəzifəsini ələ keçirmək üçün edirdi. Məzyər feodalların malikanələrini yandırmaqla, onların əmlakını kəndlilər arasında bölüşdürməklə ərəb hakimiyyətini devirməyə çalışırdı. Üsyan 840-cı ildə Xorosan hakimi Abdullah ibn Tahir tərəfindən yatırıldı. Məzyər Samirə şəhərində həbs olunmuş, Afşinlə üzləşdirildikdən sonra öldürülüb.
Bu illərdə Afşinin qohumu, onu öz yerinə Azərbaycan hakimi təyin etdiyi Minkicəvr əl-Fərqani də mərkəzi hakimiyyətə üsyan qaldırdı. Təbii ki, səbəb xilafətdən ayrılmaq və öz hakimiyyətini qurmaq idi. Böyük Buğanın başçılığı ilə 840-841-ci ildə baş verən döyüşlərdə Minkicəvr məğlub olur və Samirəyə aparılır. Abbasilər dövlətinin əsaslarını sarsıtmış bu üsyanlardan sonra mərkəzi hakimiyyətdə yaranmış çətinliklərdən istifadə edən yerli hakimlər müstəqillik qazanmağa çalışdılar.

İstifadə olunmuş ədəbiyyat:

-Ziya Bünyadov, “ VII-IX əsrlərdə Azərbaycan”
-Azərbaycan Tarixi II cild
-Nailə Vəlixanlı, “Ərəb xilafəti və Azərbaycan”

YAZAR: Vəsilə Allahverdiyeva

Həmçinin bax: Albaniya adının etimologiyası

Həmçinin bax: https://turaz.org/tehsil-nazirliyinde-novbeti-kadr-deyisikliyi-edilib/

Həmçinin bax: https://tehsilim.org/bu-gun-xudu-memmedovun-dogum-gunudur/