Ərazi münaqişələrində Azərbaycanın prinsipləri

Azərbaycan Donbass münaqişəsinin tənzimlənməsinə dair Kontakt qrupu çərçivəsində əldə olunmuş razılaşmaya əsasən iyulun 27-dən atəşkəs rejiminin tam bərqərar edilməsi ilə bağlı olaraq Ukraynanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək verir.

Rəsmi Bakının bu mövqeyi Azərbaycanın dünya səhnəsində beynəlxalq hüquq prinsiplərinə, sülh və təhlükəsizlik normaları əsasında dövlətlərarası münasibətlərin inkişafının tərəfdarı olduğunun daha bir sübutudur.
Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır və ardıcıl şəkildə müdafiə edir. Bu yanaşma təkcə ölkəmizin yaxın tərəfdaşlarına, o cümlədən Ukrayna, Gürcüstan, Moldovaya münasibətdə deyil, həmçinin ərazi bütövlüyünün qorunmasında ciddi problemlərlə üzləşən Serbiya, İspaniya və digər dövlətlərin sərhədlərinin toxunulmazlığının dəstəkləməsində də özünü büruzə verir.
Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq hüquqa hörmətindən irəli gəlirsə, digər tərəfdən özünün də torpaqlarının işğal olunması faktından doğur.
30 ilə yaxındır ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal edilib. BMT-nin qətnamələrinə baxmayaraq Ermənistan hələ də işğal olunmuş ərazilərdən çıxmayıb və müşahidələr göstərir ki, rəsmi İrəvanın belə bir niyyəti yoxdur.Bu azmış kimi Ermənistan yeni-yeni ərazilər işğal etmək niyyətini də gizlətmir. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonundakını mövqelərini atəşə tutması bunun bariz nümunəsi sayıla bilər.
Bununla belə, Azərbaycan bütün mövcud ərazi münaqişələrinin yalnız beynəlxalq hüquq prinsipləri, o cümlədən Helsinki Yekun Aktının müddəaları əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini müdafiə edir.
Mənbə : yenisabah.az
Müxbir : Həziyeva Ülviyyə