Emosiya və hislər haqqında anlayış. Emosional halətlər.

İnsan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə onlara münasibətini bildirir. Deməli, hislər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Beləliklə, hislər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hansı hislər keçirməsi qan dövranında daha aydın təzahür edir. Belə ki, adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır. Bundan başqa, insanın nə kimi hislər keçirməsini onun mimikasından və intonasiyasından, bədənin ifadəli hərəkətlərindən – pantomimikasından da başa düşmək olur. Nəhayət, insanın keçirdiyi hislər onun nitqində də öz ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiya tərzi ilə ifadə edir.
Hislər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, tənzimetmə və kommunikativ funksiya.
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik. İkincisi, hislər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu, onun tənzimetmə funksiyası ilə bağlıdır. Kommunikativ funksiya onunla ifadə olunur ki, insanın keçirdiyi hislər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir. Hislərin bu cür ekspressiyası qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir.

Emosiya insanın üzvü tələbatının təmin olunub-olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır. Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir.
«Emosiya nədir?» sualı elmdə müxtəlif şəkildə cavablandırılmışdır. V.Ceyms emosiyanı hiss etməyə «cəhd» kimi müəyyənləşdirir. P.K.Anoxinə görə isə «emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər. S.Z.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir.
Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibətilə əlaqədar keçirdiyi yaşantılardır.
Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pantomimika, jestikulyasiya, vokalizasiyadır.
Şlosberqin təqdim etdiyi mimik ifadələr şkalası 5 əsas kateqoriyadan ibarətdir:
1. məhəbbət, sevinc, xoşbəxtlik
2. təəccüb
3. iztirab, qorxu
4. qətiyyət, qəzəb
5. ikrah
Emosiya daha sadə hiss olub, əsasən üzvi tələbatların, məsələn, yeməyə, təmiz havaya, suya və s. olan ehtiyacların ödənilməsi ilə əlaqədardır. Bu cəhətdən emosiya heyvanlarda da vardır.
Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və ikinci emosiyalara ayırırlar. P.Ekman 6 ilkin emosiyanın adını çəkir: qəzəb, qorxu, ikrah, təəccüb, kədər, sevinc. R.Plutçikin təsnifatında dörd cüt emosiyanın hər cütü müəyyən hərəkətlə əlaqədardır:

• Qəzəb (hücum, dağıdıcılıq)- qorxu (müdafiə)

• Bəyənmə (təqdir, qəbuletmə)- ikrah (rədd etmə)

• Sevinc (canlandırma, ərsətmə)- məyusluq (hüzn, məhrum olma)

• Gözləmə (tədqiq etmə)- təəccüb (istiqamətlənmə)

K.İzardın müəyyən etdiyi təməl emosiyaların sayı 10-a çatır: qəzəb, ikrah, nifrət, dərd-iztirab, qorxu, günah, maraq, sevinc, utanma, təəccüb.

Emosiyalar yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilər. Bunları insanın emosional haləti də adlandırırlar. Bunların bir neçəsinə nəzər salaq: əhvallar, affektlər, stress, frustrasiya.
Emosiyaların funksiyaları məsələləri bir çox müəlliflər tərəfindən əsas tədqiqat obyekti kimi ayrılmışdır. V.K.Vilyunas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşağıdakı funksiyaları sadalayır:

• Qiymətləndirmə

• Təhriketmə (motivləşdirmə)

• Tənzimətmə (təşkilətmə) və dizorqanizasiya (pozma)

• Möhkəmləndirmə (tormozlama)

• Sezmə (qabaqlama, evristik) funksiyalar.

Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün günü gümrah, şən əhval-ruhiyyə ilə keçirməyimiz səbəb ola bilər.
Affektlər. Affektlər sürətlə yaranan, qüvvətli, nisbətən təz keçib gədən emosional hallardır. Affektlər insanı təz bürüyən, sürətlə ötüb keçən, iradi nə­zarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır.
Ehtiras – qüvvətli, uzun müddətli və dərin hissdir. Ehtiras insanın şüurunun, daxili qüvvələrinin cəmləşməsində, müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır.
Təəccüb – qəfil dəyişiklik zamanı əsəb sisteminin indiki an üçün uyğun olmayan və adaptasiyaya mane ola biləcək aktivliyini saxlayır. Tomkinsin dediyi kimi: ” təəccüb kanalları təmizləyən emosiyadır.”
Stress – insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir.
Frustrasiya – insanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maneələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal frustrasiya adlanır. Frustrasiya vəziyyəti bəzən insanın xarakterinə təsir edir, onda bir sıra dəyişikliklər törədir: onun davranış tərzinə meylətmə və s. nəzərə çarpır.
E.P.İlyin frustrasion emosiyalar kateqoriyasını ayırır və onlara incikliyi, məyusluğu, qəzəbi, təcavüzü, kədəri, sıxıntını, dərdi və depressiyanı aid edir. Bu emosiyalar insanın fəaliyyətinə müxtəlif şəkildə təsir edirlər. Bəziləri insanı məqsədə çatmağa təhrik edir, motivin qüvvəsini artırırlar, başqaları isə əksinə onu demobilizə edir, konflikt situasiyadan uzaqlaşmağa və fəaliyyətdən bütünlüklə imtinaya sövq edirlər.

Ali hislər bütünlükdə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gərçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb hissləri ilə təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gərçəkliyə olan münasibəti onun ali hislərinin obyektini təşkil edir. Ali hislərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır. Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər. Ali hislər – şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir. Məsələn, vətənpərvərlik, inam dostluq və s. Sadə hislər isə bütün canlı orqanizmlərin, o cümlədən insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır.
Əxlaqi hisləri mənəvi, dünyagörüşü hisləri də adlandırırlar. Əxlaqi hislərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insanın özü və keçirdiyi hissləri ola bilər. İnsanın əxlaqi hisləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur.
İntellektual (zehni) hislər insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün, eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. Beləliklə, bu hislər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hislərdir.
Estetik hislər. İnsanın estetik hislərinin obyekti ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Onlar insan psixikasına stenik təsir göstərməklə orqanizmin funksiyasının aktivləşdirir, bədəni gümrah ədir.Praksis hisslər- insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksisi hislər adlanır. Beləliklə, fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hislər adlanır.

YAZAR: Nərmin Qasımlı

 

Həmçinin bax: Toxtamışın yürüşləri

Həmçinin bax: turaz.org/qarabagda-daha-5-ermeninin-meyiti-tapildi/

Həmçinin bax: tehsilim.org/elm-gunu/