Emosional Tükənmə Sindromu

Dilimizdə “tükənmə” kimi təqdim etdiyimiz termin (ingilis dilində, “burn-out”) ilk dəfə XX əsrin 30-cu illərində idmançıların öz aralarında məcazi mənada “yorulub əldən düşmə”, “taqətdən düşmə”, “tükənmə” mənasında işlədilmişdir. Yarışlarda çıxış etmiş və müəyyən uğur qazanmış idmançı yorulub tamamilə əldən düşdüyünü və sonraki mərhələ yarışlarına gücü qalmadığını, gücünün tükəndiyini, elə bu səbəblə də özünün tükəndiyini bildirirdi. Emosional Tükənmə Sindromu 1974-cü ildə New York psixoanalisti Freudenberger tərəfindən təsvir edilmişdir.

Freudenberger, fəaliyyətdə olduğu müəyyən dövrdə sevdiyi işi icra edərkən özünü yorğun və tükənmiş hiss etməyə başladığını və ətrafındakı həkimlərin zaman keçdikcə eyni halla üzləşdiyini müşahidə etdi. Zamanla digər peşə qruplarında da oxşar hallara rast gəldi. Və o, tükənmə anlayışını “uzunmüddətli, nəzarətsiz qalan iş gərginliyi səbəbindən emosional və fiziki enerjinin tükənməsi ilə xarakterizə edilən patoloji vəziyyət” olaraq xarakterizə etdi.
Tükənmə müəyyən sahələrdə, xüsusilə, insanlara xidmət edən işlərdə çalışan şəxslərin tez-tez yaşadığı fiziki, zehni və emosional yorğunluğa səbəb olan bir sindromdur. İşləyən insanların 80%-i iş həyatlarının müəyyən bir dövründə tükənmə sindromu ilə üzləşə bilər.

Yaranma səbəbləri:
1. Subyektiv (fərdi xüsusiyyətlər) amillər
2. Obyektiv (situativ faktorlar) amillər
Subyektiv amillər – insanın şəxsi xüsusiyyətləri, həyatı, dəyərlər sistemi, fərdi-psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s.
Obyektiv amillər – birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.

Əlamətləri fiziki və zehni olur:
🔶Fiziki əlamətləri:
🔹Baş ağrısı;
🔹Kürək ağrısı;
🔹Ürək döyüntüsü;
🔹Yorğunluq;
🔹Əzələ gərginliyi;
🔹İştahda azalma və ya artma;
🔹Yüksək qan təzyiqi;
🔹Yuxuda artma və ya azalma.
🔶Zehni əlamətləri:
🔹Sıxıntı;
🔹Əsəbilik;
🔹Gərginlik;
🔹Çarəsizlik;
🔹Ümidsizlik;
🔹Gücsüzlük;
🔹Uğursuzluq;
🔹Özünə hörmətin aşağı düşməsi;
🔹Qərarsızlıq;
🔹Dalğınlıq, unutqanlıq;
🔹Fikrini toplamada çətinlik;
🔹Özünə inamın olmaması.

Əsasən, daha çox güclü olmağa çalışan, bütün problemləri öz öhdəsinə götürən insanlarda rast gəlinir. Bu cür insanlar çox da “yox” deyə bilmirlər. Yardım sahəsində çalışan insanlarda rast gəlinir. Çünki, onlar hər kəsi məmnun etməyi özlərinə borc bilirlər.

Səbəblərini ortaya çıxarmaq üçün dərindən araşdırmaq lazımdır. Həm ailə ortamı, həm də iş ortamındakı çətinliklərdən qaynaqlana bilir. İkisi də birləşəndə şəxs artıq heç birinə yetmədiyini, həyatda bacarmadığını düşünməyə başlayır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu tip insanların ortaq xüsusiyyəti hər şeyə yetmə istəyidir. Məsələn, mən anayamsa, uşağımın bütün məsuliyyətinə mən cavabdehəm. Eyni zamanda, həm ev işlərini, həm də karyeramı mükəmməl şəkildə qurmalıyam kimi məsuliyyətlər ilə özlərini yükləyirlər. Daha çox mükəmməliyyətçi insanlarda buna rast gəlinir. Fikirləşirlər ki, bir işi görəcəklərsə, olduğu kimi görməlidirlər. Təbii ki, bu da çox enerji tələb edir. Hər sahədə bu qədər enerji tükətmək, sonda tükənmişlik sindromunun yaranmasına gətirib çıxarır. Tükənmişlik sindromu nə qədər insanın sosial və psixoloji həyatını alt-üst etsə də, müalicəyə rahat tabe olur. Sindromun ağırlığından asılı olaraq müalicə müddəti fərqli olur. Dərinləşməmiş formalarda yalnız psixoterapiya ilə qarşısını almaq mümkündür.
Müalicə dönəmində özlərinə yetəri qədər vaxt ayırmalı, onlara zövq verən hobbiləri həyatlarının bir parçasına çevirməlidirlər. Yetəri qədər dincəlməli, yuxu və qidalanma rejimi düzgün qurulmalıdır. Düzənli olaraq iş planının qurulması, gəzinti və ya idman hərəkətlərinin edilməsi onlarda fərahlıq hissi, həmçinin xoşbəxtlik hormonunun artmasına səbəb olacaqdır. İlkin mərhələdə rahatlıqla müalicə olunmasına baxmayaraq, müalicə edilmədən göz ardı olunarsa, ciddi psixoloji problemlərə və depressiyaya səbəb ola bilər.

(Yardımçı mənbə olaraq isə Psixoloji xidmət və Reabilitasiya mərkəzinin klinik psixoloqu Nigar Muradovanın məqaləsindən dəstək alınıb.)

Yazar : Psixoloq Aysu Əliyeva

Həmçinin bax: Güzgüdəki son

Həmçinin bax: https://turaz.org/dovlet-mufettisi-deyir-ki-onlarla-telebe-kaliforniya-universitetlerine-uygun-olmayaraq-qebul-edildi/

Həmçinin bax: https://tehsilim.org/bdu-nun-professoru-beynelxalq-onlayn-deyirmi-masada-istirak-edib/