Elxanlı dövləti Abaqa xanın hakimiyyəti illərində

PLAN:
1. Abaqanın taxta çıxması
2. Abaqa xanın Məmlüklərə qarşı mübarizəsi
3. Abaqa xanın Qızıl Ordaya qarşı mübarizəsi
4. Abaqa xanın Çağataylara qarşı mübarizəsi
5. Abaqa xanın diplomatik fəaliyyəti
6. Abaqa xanın şəxsiyyəti

1. Abaqanın taxta çıxması:

Hülakü xan 1265-ci ildə vəfat edəndə onun böyük oğlu Abaqa Mazandaranda idi. Atasının ölüm xəbərini
alan Abaqa Azərbaycana gəlir. Onun ən böyük rəqibi isə qardaşı Yoşmut idi. Bəzi Monqol əmirləri Yoşmutu
dəstəkləyir və onu Abaqa gəlmədən taxta çıxarmaq istəyirdilər.

Lakin, Hülakü xanın yaxın silahdaşı və dövlətin baş əmiri Suncaq ( Soğuncak ) Noyan Suldus və bəzi əmirlər
buna qarşı çıxırlar. Suncaq Noyan Suldus öz bacısı oğlu şahzadə Abaqanın taxta çıxmasını istəyirdi. Mərkəzdə
gedən qarışıqlığın daha da böyüməsini istəməyən müxalif xaqan ailəsi və əmirlər Abaqa xanın taxta çıxmasına
razılıq verirlər. Beləliklə Abaqa keçirilən qurultayda dayısı Suncaq (Soğuncak) Noyan Suldusun dəstəyi ilə
xaqan seçilir.

Lakin, onun xaqanlığı böyük xaqan Xubilay xaqan tərəfindən yalnız 5 il sonra, yəni 1270-ci ildə təsdiqlənir.
Abaqa xan taxta çıxan ilk dövrlərdə ölkənin xarici siyasəti demək olar ki, ürək açan deyildi. Məmlük, Qızıl
Ordu və Çağatay dövlətləri ilə müharibə vəziyyətində olan Elxanlı dövləti Anadolunu da tam təsir altına ala bilməmişdi.

2. Abaqa xanın Məmlüklərə qarşı mübarizəsi.

Abaqa xan taxta çıxdığı zaman Məmlüklərlə siyasi gərginlik davam edirdi. Lakin, həm Çağatay, həm də Qızıl
Orda xanlıqları ilə vəziyyətin gərgin olduğu bir zamanda güneydə də müharibə aparmaq dövləti zəiflədə bilərdi.
Buna görə də Abaqa ilk zamanlar Məmlük dövləti ilə əlaqələri yaxşılaşdırmağa çalışırdı.

1265-ci ildə Abaqa hədiyyələrlə birlikdə Məmlük sultanı Baybarsın yanına bir elçilik heyəti göndərir. Lakin,
Baybars barış təklifini qəbul etmir. 1268-ci ildə Abaqa bu dəfə qayınatası Bizans imperatoru Mixayılın vasitəçiliyi
ilə Baybarsa elçilik heyəti göndərir. Lakin, sultan bu səfər də barışı qəbul etmir.

Elxanlı dövlətinin içində olduğu çətin şəraiti öz leyhinə çevirmək istəyən Baybars Anadoluda Elxanlılar əleyhinə fəaliyyətə başlayır. Abaqa da atası kimi bölgədəki xristian azlıqdan Məmlüklərə qarşı istifadə etmək siyasətini
davam etdirirdi.

Hər iki dövlət arasında növbəti müharibə 1269-cu ildə Elxanlı ordusunun Suriyaya daxil olması ilə başlayır.
Xaçlılarla ittifaq yaradan Abaqa xan Hələb ətrafına qədər irəliləsə də, onun ordusu Əmir Ələddin tərəfindən
məğlub edilir.

1271-ci ildə Abaqa xaqan Samaqar Noyanın başçılığı altında növbəti dəfə Məmlüklər üzərinə ordu göndərir.
Samaqar Antəpi tutduqdan sonra Harran bölgəsinə doğru irəliyir. Lakin, Harran ətrafında növbəti dəfə
Məmlüklər qələbə qazanır.

Xaçlı ordusu isə Akkaya qədər gəlib çıxsa da, Qahirədən gələn ordu qarşısında bir varlıq göstərə bilmirlər və
Baybarsa sülh təklif edirlər. Abaqa xan Hələb ətrafında Türkmən bəyliklərini məğlub etsə də, xaçlıların
xəyanətinə görə Fərat çayının  arxasına çəkilməyə məcbur olmuşdu.

Bundan sonra hər iki dövlət arasında yenidən sülh danışıqları başlayır. Bu dəfə isə vasitəçilik rolunu Anadolu Səlcuqlu dövlətinin baş vəzirir Əmir Pərvanə oynayırdı. 1272-ci ildə Dəməşqə gedən Samaqar Noyan Baybarsı
Abaqa xana elçi heyəti göndərməyə razı sala bilir.

Sultan Baybars bu danışıqlar zamanı Samaqar Noyana bir yay, Abaqa xaqana isə zireh hədiyyə edir. Abaqa xan
da Sultan Baybars kimi elçiləri çox yaxşı qarşılayır. Lakin, Sultan sülh üçün Abaqa xandan Suriya və İraqdan çıxmasını tələb edir. Abaqa xan isə bu tələbi rədd edir. Beləliklə hər iki dövlət arasında münasibətlər yenə gərgin olaraq qalır.

1272 və 1274-cü illərdə Elxanlılar növbəti dəfə Suriyaya hücum etsələr də uğur qazana bilmədilər. Səlcuqlu
Əmiri Pərvanə isə hər iki dövlət arasında münasibətlərin gərgin olmasını istəyir. Bu gərginliyi öz leyhinə çevirməküçün çalışırdı.

1276-cı ildə Sultan Baybarsa elçi heyəti göndərən Pərvanə sultanı Anadoluya hücum etməyə razı salır. 1277-ci
ildə Qahirədən böyük ordu ilə hücuma keçən Baybars qısa zaman ərzində Hələb, Göysu və Əlbistanı keçir.
10 min nəfərlik Elxanlı ordusu 1277-ci ildə  Əlbistan döyüşündə Məmlüklərə məğlub olur. Elxanlı ordusunun
komandanı Tudaun Noyan Suldus da döyüşdə öldürülür.

Anadoluya daxil olan Baybars Kayseri şəhərini tutur və Səlcuqlu taxtına oturur. Baybars Kayseridə öz adına
xütbə oxutdurur və pul kəsdirir. Sultan Əmir Pərvanənin hüzura çıxmasını gözləyir, lakin, Pərvanə Abaqa xanı Anadoluya dəvət edir və ona baş verən hadisələri yalan şəkildə çatdırır. Aldadıldığını başa düşən Baybars isə Anadolunu tərk edir.

Əlbistana gələn Abaqa xan Pərvanənin xəyanətini anlayır və onu edam etdirir. Burdan Suriyaya hücum etmək
istəyən xaqanı isə hava şərtlərinin pis olması səbəbilə əmirləri fikririndən daşındırırlar. Sultan Baybarsa məktub yazan Abaqa ona qışdan sonra hücum edəcəyini bildirir. Sultan Baybars isə 1280-cı ildə vəfat edir.

Məmlük taxtına çıxan Qalavun Elxanlı dövlətinə qarşı mübarizəni davam etdirir. 1280-cı ildə Məmlüklər hücum
edən Abaqa xan Antəpi tutur. Qardaşı Məngü Teymur isə Hələb şəhərinə daxil olur və şəhəri yağmalayır. 1281-ci
ildə Xumus döyüşündə isə Məmlük ordusu qələbə qazanır.

1281-ci il Rəhbə döyüşündə isə Məmlüklər qəti qələbə qazanırlar. Bu məğlubiyyətdən sonra Abaqa xaqan
Fərat çayının gerisinə çəkilir. 1282-ci ildə xaqanın ölməsi ilə mübarizə növbəti mərhələyə qədəm qoyur.

3. Abaqa xaqanın Qızıl Ordaya qarşı mübarizəsi:

Abaqa xan taxta çıxdığı ilk günlərdə Bərkə xanla dostyanə əlaqələr qurur. Hər iki dövlət arasında yaxınlaşma
baş verirdi. Belə ki, Təbrizdə Bərkə xan məscid tikdirmişdi. Abaqa xan bu məscidinin Bərkə xanın adını
daşımasına etiraz etməmişdi. Daha sonra Bərkə xan Təbrizdə ipək parça istehsal edən fabrik də açır.

Hər iki tərəf bir-birləri ilə yaxşı münasibət qurmağa çalışsalar da, Abaqa xan ilk fürsətdə Terek məğlubiyyətinin əvəzini çıxmağa, Bərkə xan isə Dərbənd və Şirvanı geri qaytarmağa çalışırdı. Qızıl Ordanın yenidən Şimali
Azərbaycan torpaqlarına haqq irəli sürməsindən sonra iki dövlət arasında münasibətlər gərginləşir.

1265-ci ildə Ağsu çayı sahilində baş verən döyüşdə yekun nəticə alınmasa da şahzadə Noqayın gözünə ox dəydiyi
üçün Qızıl Orda geri çəkilir. 100 minlik ordu ilə hücuma keçən Bərkə xanla Abaqa isə Kür sahilində qarşı-qarşıya gəlir. Hər iki ordu bir-birini ox yağışına tutur.

Abaqa xan Kür üzərindəki bütün körpüləri yandırdığına görə Bərkə Tiflisə gedib oradan hücuma keçməyə
cəhd göstərir. Ancaq, Bərkə1266-cı ildə yolda xəstələnərək ölür. Bərkə xanın ordusu onun ölümündən sonra
dağlır. Bundan sonra hər iki dövlət arasında sərhəd Dərbənd şəhəri müəyyən edilir. Tərəflər arasında bir müddət sakitlik yaranır.

4. Abaqa xanın Çağataylara qarşı mübarizəsi:

Çingiz xan sağlığında imperiyanı oğulları arasında bölmüşdü. Bu bölgüyə əsasən Mavəraünnəhr və Xorasan
əraziləri Çağatay ulusunun payına düşmüşdü. Lakin, Hülakü xanın Elxanlı dövlətini yaratmasının ardından
bölgənin nəzarəti Elxanlı dövlətinin əlinə keçmişdi. Çağatay ərazilərinin Qızıl Orda və Elxanlı tərəfindən ələ keçirilməsi bölgədə yeni müharibənin başlamasına səbəb oldu.

Abaqa xan taxta çıxdığı ilk zamanlar Çağatayların başı Kaydu xanla müharibəyə qarışmışdı. Barak xan 1268-ci
ildə Xubilay xanın bölgəyə göndərdiyi Monqoltay Noyanı məğlub etmişdi. Barak xanın uğurları və Xubilay
xanın ordusunu məğlub etməsi Kaydu xanı narahat etmişdi. Buna görə Kaydu xan 1269-cu ildə Barak xanın
üzərinə hücuma keçir, ancaq baş verən döyüşdə Barak xan qəti qələbə qazanır və onu mühasirəyə alır.

Lakin, Qızıl Orda xanı Münke Teymurun göndərdiyi orduya məğlub olur və geri çəkilir. 1269-cu ildə tərəflər
arasında barışıq yaranır. Kaydu xan Barak xana Abaqaya qarşı aparacağı mübarizədə dəstək verəcəyinə dair
söz verir. 1269-cu ildə Kaydu xan Abaqaya elçi heyəti göndərir və onun qulluğuna girmək istədiyini bildirir.
Abaqa xan bu xəbərə sevinir, ancaq Barak xan bu elçi heyəti ilə özünə vaxt qazanır.

1270-ci ildə Barak xan Xorasana daxil olur və Elxanlı ordusunu məğlub edib Nişapur şəhərinə daxil olur.
Bölgəyə göndərilən ikinci Elxanlı ordusu da məğlub edilir. 1270-ci ildə bütün Xorasan Barak xanın nəzarətinə
keçir. Azərbaycandan Xorasana gələn Abaqa xan Barak xana sülh təklif edir və qəbul edəcəyi təqdirdə Qəznə
şəhərindən Sind çayına qədər olan ərazini ona verəcəyini vəd edir.

Lakin, Abaqanın Suriyada olduğunu zənn edən Barak xan bu təklifə razı olmur. 1270-ci ildə baş verən həll
edici döyüşdə isə Barak xan tamamilə məğlub edilir və o Mavəranünnəhrə çəkilir. Barak xan qısa zaman
sonra vəfat edir. Onun vəfatı ilə Kaydu xanın bölgədəki fəaliyyəti asanlaşır.

1270-ci ildə Abaqa xan Buxaraya daxil olur və şəhərdə qətliyam törədir. Çağatay ulusu bu məğlubiyyətdən
sonra bir daha özünə gələ bilmir.

5. Abaqa xanın diplomatik fəaliyyəti:

Abaqa xan da atası Hülakünün bğlgədə yürütdüyü siyasəti yürütməyə davam edir. Yeni xaqan da Hülakü xan
kimi Məmlüklərə qarşı bölgədəki xristian azlıqdan və Avropa dövlətlərindən istifadə etməyə çalışırdı. Abaqa
xan ilk öncə Bizans imperatoru Mixailin qızı Feodora Dəspinə xatunla evlənir. Daha sonra 1267 və 1268- ci
illərdə Roma papası IV Klementlə Məmlük dövləti əleyhinə ittifaq yaratmağa çalışır.

Fransa krallığı və İngiltərə ilə də yaxın əlaqələr qurmağa çalışan Abaqa xan yalnız Xaçlı ordusu ilə ittifaq
yaratmağa nail olur. Lakin, səlibçilərin 1271-ci ildə xəyanətinə uğrayan Abaqa xan Məmlüklərə qarşı böyük
ittifaq qura bilmir. Lakin, bölgədəki xristian azlıqdan məharətlə istifadə etməyi bacarır. Onun dövründə
Bizansla əlaqələr daha yüksək səviyyədə inkişaf edir.

6. Abaqa xanın şəxsiyyəti.

Abaqa xan da atası kimi xristianlarla yaxın əlaqədə olsa da, heç bir zaman bu dinə sitayiş etməmiş və ataları kimi
şamanist olmuşdur. Buddizmə simpatiya bəsləmiş və ölkədə buddist məbədlərin tikilməsinə dəstək vermişdir.
Onun şəxsiyyəti ilə bağlı qaynaqlarda adil hökmdar, cahangir kimi danışılır. Elmə və maarifə daim hörmətlə
yanaşan Abaqa xan dönəmin böyük alimlərindən olan Nəsrəddin Tusini və Şəmsəddin Cüveynini himayə
etmişdir. Nəsrəddin Tusi Nəsihətnamə əsərini Abaqa xaqana həsr etmişdir. Həmiçinin Zici İlxani əsəri də
onun dönəmində yazılmışdır.

Qaynaqlarda yer alan məlumata görə Abaqa xan Çağatay hökmdarı Barakın üzərinə yürüyərkən Noyanlarına
tapşırıq vermişdi ki, heç kəs tarlaan bir sünbül belə qopartmasın, xalqın əkininə ziyan vurulmasın. Çingiz
xan qanunlarını ölkədə ən sərt şəkildə həyata keçirən hökmdar olmuşdur. Hakimiyyəti dönəmində köçəri
Moğol- Türk aristokratlarının mənafeyini himayə etmişdir.

12882-ci ildə Azərbaycanda- Marağada vəfat etmişdir. Məzarı Urmiya gölündəki Şahı adasında, atası Hülakü
xanın məzarının yanındadır. Abaqa xan Şaman qaydalarına əsasən dəfn edilmişdir. Onun ölümündən sonra
hakimiyyət üstündə mübarizə kəskinləşmişdir. Buna görə də ölkədə siyasi və iqtisadi böhran yaranmışdı.

Ədəbiyyat Siyahısı:

1. Fəzlullah Rəşidəddin – Camu- ət Təvarix
2. Mustafa Akkuş- İlhanlıların Anadoludaki Dini Siyaseti
3. Abaka Han döneminde İlhanlıların dış siyaseti

YAZAR: Nağı Nağıoğlu ( Səfərov )

Həmçinin bax: Elxanlı dövləti Hülakü xanın hakimiyyəti illərində
Həmçinin bax: tehsilim.org/azerbaycan-xalcalarindaki-sehrin-ve-sirrin-acilmasi-movzusunda-onlayn-gorus-kecirilib/