Elvin İntiqam oğlu Məmmədli kimdir

Elvin İntiqam oğlu Məmmədli 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olmuşdur.

2014-cü ildə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbi; 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

 

2008-ci ildən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. 2009-cu ildə yazdığı “Ay qız, sevirəm, sevirəm mən səni” şeiri ilk qələm məhsulu; 2012-ci ildə “168 saat” qəzetində yer almış “Dünya” şeiri isə ilk mətbu nailiyyətidir.

 

“168 Saat”, “Oxu Məni”, “Haqqın Sədası”, “Sözün sehri”, “Ədalət” və s. ictimai-ədəbi qəzetlər; Azərbaycan Respublikası Təhsil Nazirliyinin aylıq “Təhsil” jurnalı və “Xəzan”, “Ulduz” ədəbi-bədii jurnalı; “Zirvə”, “Xəzinə”, “Sevgi Damlası”, “Yeni Uğur”, “Yaşıl işıq” şeir toplusu və s. mətbu orqanlar bədii-ədəbi yaradıcılığına müraciət etmişdir.

 

XXI əsr (2000-2020 ) Azərbaycan poeziyasını özündə əks etdirən “Xəzinə” poeziya antologiyasının, qədim və çağdaş poeziyanın müqayisəli təhlilinə həsr olunmuş “Əsrlərə Körpü” poeziya antologiyasının və gənc şairlərdən və şairələrdən (maksimum 40 yaş) ibarət “Yeni Uğur” poeziya antologiyasının tərtibçisi və baş redaktorudur. Redaksiya üzvü olduğu “Xəzan”ın (ədəbi-bədii jurnal) iyul-avqust (2020) buraxılışının redaktoru və buraxılışa məsuludur. Həmçinin, “Haqqın Sədası” qəzetinin ədəbiyyat şöbəsinin müdiri vəzifəsində də fəaliyyət göstərir.

 

Ona yaxın filoloji məqalələrin müəllifi və ondan çox müəllifli şeir kitablarının redaktorudur.

 

 

DAŞ DÖVRÜ

Niyə gəldin?

Cavab ver –

Daş heykələ oxşama…

Başın gec dəyib daşa,

Getmək fikrin olsa, səhər gedərsən –

Hava xəbərlərində

Daş deyiblər axşama!

 

Yəqin, elçi daşından yorulmusan,

Gəlməyib ağ atlı oğlan –

Daşdan səs çıxdı,

Səndən yox…

Danış, səsinə qurban!

 

Ümidlərim dünyasını dəyişib,

Xəyallarım azıb yolun –

Bir daşla ikisin yerə salmısan…

Keçmişə getməsin ağlın –

İndi tənha qalanlar bağışlamır gedənləri…

Daş dövründə qalmısan!

 

DÜNYAYA GƏLƏNDƏ

Mən dünyaya gələndə –

Oğul sahibi oldu

Adın belə bilmədiyim iki nəfər…

Heç kim mənim gözləməyib gəlişimi –

Onlar qədər…

 

Mən dünyaya gələndə –

Sıfır yaşın içindəydim,

Dərd sıfırın içiydi…

Məndən qabaq doğulmayan körpələr

Vaxtca məndən kiçik idi…

 

Mən dünyaya gələndə –

Vaxtı bitmiş insanın ölüm düşdü payına…

Onun yerin mən doldurdum –

Gələnlər bərabər oldu gedənlərin sayına…

 

BİZİM ERADAN ƏVVƏL

Mağara dar olsa da,

Ulu icma yığışıb…

Ən savadlı adamlar

Qırıq-qırıq danışıb…

 

Hər şey olub bərabər,

Yox idi bəy torpağı…

Varlı-kasıb geyimi:

Ağacların yarpağı…

 

Hər kəs eyni süfrədə

Toplaşardı bir yerə…

Çaxmaq daşı hamını

Toplayardı bir yerə…

 

İndi dövran dəyişib,

İndi dünya baş-ayaq…

Biz hardaydıq, görəsən,

Yeddi yüz min il qabaq…

 

 

 

AD GÜNÜ

Sənsizliyin ad günüdü  –

Yanaqlarımdan süzülən yaş bir yaş da böyüdü…

Yazda həsrət çiçəkləndi,

Yayda sevgi əridi,

Payızda bəhanə yağdı…

Soyuq münasibət qışda böyüdü!

Gəl, ad günündür sənin,

Gəl bir yerdə ağlayaq –

Şamları söndürmək üçün gözlərindən yaş ayır…

Ən böyük ayrılıqlar

Ağlamaqdan başlayır!

Bəlkə də, heç dünyaya gəldiyim gün

Ağlamadım bu qədər…

Təbrik edirəm səni:

Necə qayıdım, necə unudum deməyəsən,

Səni sevməyənlərin yanında ol həmişə,

Ömrün olsun gözümdəki su qədər!

 

CADU

Buyur, Dərviş Məstəli şah,

Sənə bir işim düşüb:

Xəcalətindən çıxaram istədiyin qədər pulla,

Xanpəri, çay gətir bizə…

– Xanım, çay lazım deyil, işim var tez gedəcəm,

Məni niyə çağırmısız?

Dərviş budur məsələ:

– Silahla da alınmadı, qərarla da alınmadı,

Bəlkə caduyla düzələ –

Partlat Ermənistanı!

 

Sabah döyüş başlayacaq

Şahbaz kimi yüz minlərlə igid getdi cəbhəyə –

Düşmən vurmaq istəyəcək

Ən cavanın, ən yaşlısın…Gözləyir!

Bacılar qardaşların,

Övladlar ataların,

Analar övladların…

Şərəfnisə nişanlısın gözləyir!

 

Cadu təsirli olsa,

Nə igidlər öləcək, nə də döyüş gedəcək…

Atalara yoxdu ümid –

Aldatmaq çox asandı Hatəmxanı,

Bu dünyanı etsə, etsə analar xilas edəcək –

Dərviş, qulaq as anaya:

– Partlat Ermənistanı!

 

Düşmən qanı günah deyil,

Günaha yazmaz Allah…

Nə durmusan, başla işə

Yolla Ermənistana cinləri, Məstəli şah,

Partlat Ermənistanı!

 

RƏSSAM VƏ ŞAİR

 

Rəssam dedi ki, şairə:

– Gəl bir yerdə canlandıraq həsrəti –

Mən fırçada-tabloda,

Sən qələmdə-kağızda…

 

Rəssam çəkdi:

– Sarı yarpaq, oğlan, qız –

Sevgililər ayrılırlar payızda…

Şair yazdı:

– Yarpaqlar da vəfasızdı, o qızda…

 

Rənglər dəydi bir-birinə –

Bir cümləlik təsvirin qabağında…

Rəssam xəcalət çəkir –

Şairin qabağında…

 

DEKANLA ZAMDEKANIN SÖHBƏTİ

(Satira)

 

Pulları yığ, zamdekan,

Dekabrın on beşi…

Əlli manat imtahan,

Otuz manat kurs işi…

 

Kimsə olsa narahat –

Zəif olsa maddiyyat.

Dostcasına addım at,

Ondan alma on manat –

Min bərəkət yetmişi…

 

– Yığmayacam, Məşədi,

Vicdanıma ləkədi…

– Vicdan pula kölədi,

İndi dövran belədi –

Hamı alır bəxşişi…

 

– Bura bazardı ki, lap –

Ərizəmi tez et çap,

İşdən çıxmaq son etap…

Özün kimi birin tap,

Bağla bəxşiş sazişi!

 

ƏRƏBCƏ

(Satira)

 

Cəlil bəy demişkən: bizi

Yad dildə susdururlar –

İndi də rəhmətlikləri

Ərəbcə basdırırlar…

 

Ərəblər və göydəkilər

Bağlayıb müqavilə –

Sabahdan Günəş çıxacaq

Ər-Riyad vaxtı ilə…

 

Ərəbcə ruzi istəyən

Axırda yoxsul olmur –

Ərəbcə bilməyənlərin

Duası qəbul olmur…

 

Çox heyif, odlar yurdunun

Soyudu qaynar eşqi –

Var idi bir vaxt Bakıda

Ərəbcə bulvar eşqi…

 

SOVET DÜŞÜNCƏLİ ATA

(Satira)

 

– Oğlum, qara şalvar al,

Qız üçündü sarısı…

– Ata, sarı dəbdədi,

Son modeldi hamısı…

 

– Qızım, uzun don geyin,

Görər qonşu qapısı…

– Ata, axı bəyənir

Rəfiqəmin bacısı…

 

– Arvad, bu nə köynəkdi?

Üstündə var yazısı…

– Kişi, indi belədi

Avropanın yarısı!

 

 

DEYƏN YOXDU

 

Şairlərin içində də

Düzü düzgün deyən yoxdu –

Adlarını açıq-aşkar

Bəs nə üçün deyən yoxdu?!

 

Tanrı, hanı qərar günü?

Kölgəni sal, apar günü…

Hamı deyir “bazar günü” –

Yeddinci gün deyən yoxdu…

 

Haqqa tutsan tay özünü,

Göstərəcək sərt üzünü…

Yer qatının son sözünü

Göydən üstün deyən yoxdu!

HAZIRLADI: Amin Xan

Həmiçinin bax: Mətanət Qüdsi
Həmiçinin bax: https://tehsilim.org/koreyada-bakalavr-tehsili-ucun-muraciet/
Həmiçinin bax: https://turaz.org/dede-qorqud-turk-tarixi-medeniyyeti-ve-edebiyyati-movzusunda-beynelxalq-onlayn-konfrans-kecirilib/