Əli bəy Hüseynzadə

“Bütün türk dünyasının mücahidi”, “irqin ən mükəmməl öndəri”, “bir haqq elçisi”, “Qafqaz müsəlmanlarının atası” – Əli bəy Hüseynzadə!

Dilçi, publisist-jurnalist, rəssam, həkim, şair, alim, tərcüməçi, pedaqoq-müəllim, musiqiçi, filosof, ədəbiyyat tənqidçisi və ideoloqensiklopedist sima olan Ə.Hüseynzadə çoxcəhətli fəaliyyəti ilə həm Azərbaycan, həm də Türkiyə mədəniyyəti tarixində önəmli yer tutub və fəaliyyət göstərdiyi sahələrin hər birində özünəməxsus iz qoyub. Həyatının 33 ilini vətəni Azərbaycanda, 43 ilini Türkiyədə keçirən Əli bəy həmçinin Azərbaycanda milli özünüdərk prosesinin, türkçülük ovqatının yüksəlməsində böyük rolu olan, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyasının, “Füyuzat” ədəbi məktəbinin banisi.

Əli bəy Hüseynzadə 1864-cü ildə 24 fevral tarixində Salyan rayonunda anadan olmuşdur. Kiçik yaşlarında olarkən Tiflisə ailəsi ilə birgə köçür. Atası Tiflis müsəlman məktəbinin müəllimi olmuşdur. 4 yaşında ikən qardaşı İsmayıl dünyaya gələndən sonra anası rəhmətə gedir. Atasını da çox erkən itirdiyi üçün Əli bəy babasının himayəsində böyümüşdür. Əli bəyin babası Axund Əhməd Səlyani həmin zamanda Qafqaz şeyxülislamı idi. Əli bəyin yaxşı təhsil almasında elə Əhməd Səlyaninin rolu böyük olmuşdur. 1875-1885-ci illərdə Tiflis gimnaziyasında  təhsil alır. 1885-ci ildə Sank-Peterbruq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Burada görkəmli professorların mühazirələrini dinləyir, müzakirələrdə iştirak edir.

Əli bəy İstanbul Universitetinin tələbəsi olanda — 1891-ci ildə Bodenştedtin “Ömər Xəyyam” məqaləsini Abdulla Cövdətin nəşr etdiyi “Ramazan bağçası” dərgisində çap etdirir. Henrix Heynedən “Gecələyin vapur kamarasında” şerini, Hötenin “Faust”undan bir parçanı bu illərdə o, almancadan tərcümə edib “Məlumat” məcmuəsində dərc etdirmişdi. Əli bəy Hüseynzadə yunandilli poeziyanın örnəklərini də türk dilinə tərcümə etmək təcrübəsinin ilk məşqlərini hələ İstanbul darulfünununda təhsil aldığı illərdə gerçəkləşdirmişdi. Özü də Esxilin “Zəncirlənmiş Prometey”ini orijinaldan tərcümə edirdi. 1892-ci ildə Əli bəy Hüseynzadə Turani imzası ilə yazmağa başlayır. 1892-ci ildən etibarən türk camiasında Turan ismli ilk türk olaraq tanınan darülfünun tələbəsi Əli bəy Hüseynzadə olmuşdur.

Əli bəy Hüseynzadənin Azərbaycanın məktəb və pedoqoji fikir tarixinin öyrənilməsində, ölkəmizin, xalqımızın milli oyanışı və dirçəlişində, maarrifçilik sahəsində, mətbuatında, mədəniyyətində, ədəbiyyatında, ən çox da dövlətçiliyimizdə, türkçülük, turançılıq ideyalarının formalaşmasında müstəsna xidmətləri olmuşdur. Əli bəy Hüseynzadə daha sonra İstanbulda Darülfünunda təhsil alır. Buranı bitirdikdən sonra isə yüzbaşı rütbəsinə yiyələnərək dermotoloq ixtisası almışdır. “Sifilis”, Məhəmməd Rəfi ilə birlikdə “Vəba və mikrobu”, Kamal Cənabla birlikdə isə “Ensiklopedik tibb lüğəti” əsər və kitablarını yazmışdır. “Tekanüsi-nüfus məsələsi, Əmrazi zöhrəviyyə” adlı iri həcmli elmi məqaləsi “Tanin” qəzetinin 15 iyul – 15 avqust saylarında dərc olunub. Əli bəy Hüseynzadə  Türkiyə və Yunanıstan arasında gedən müharibələr zamanı “Qırmızı ay” heyətinin tərkibində İtaliyaya gedir, sonra isə İstanbul Darülfünunun əsgəri tibb fakültəsinin assistenri təyin olunur. İstanbulda “İttihad” və “Tərəqqi” partiyasının qurucularından olur.

1903-1910-cu illər arasında Əli bəy Hüseynzadə Bakıda olur. Burada bir çox işlər görür, ictimai, siyasi, mədəni işlərdə də mühüm fəaliyyətləri olmuşdur. Bu illər ərzində Əli bəy Hüseynzadənin “Kaspi” qəzetində məqalələri çap olunur, eyni zamanda “Səadət” məktəbində dərs deyir. Əli bəy Hüseynzadə həm siyasi publisistikası ilə, həm ədəbi, elmi, tənqidi məqalələri, həm tərcümələri, həm tarixi oçerkləri ilə öz yaradıcılığında dərin iz qoymuşdur. 1905-ci ildə H.Z.Tağıyevin maddi yardımı ilə iyun ayının 7-də ilk gündəlik qəzet – “Həyat” qəzeti nəşrə başladı. Əli bəy Hüseynzadə “Həyat” qəzetində belə yazır: “Bundan sonra meydan ancaq maarifin, tərəqqi və təkamülün, maddi və mənəvi təkamülündür”. “Həyat” qəzetində çap etdirdiyi məqalələrində türklüyün keçmişi və bu günü haqqında yazdığı məqalələr arasında xüsusi yeri “Türklər kimdir və kimlərdən ibarətdir” əsəridir.  1906-cı ildə isə “Füyuzat” mətbuat orqanını yaradır. Bu jurnal Azərbaycan romantizminin əsasını qoyur. Əli bəy yaradıcılığında türkçülük ideologiyasını təbliğ etməklə yanaşı türk xalqlarının dilinə, mətbuatı haqqında da görüşləri də mühümdür. Ənənə və müasirliyin birlikdə qoruna və saxlana biləcəyini göstərir. Lakin Çar Rusiyası jurnalın daha da inkişafının və nüfuzunun artması görərək qorxuya düşür və nəşrinin dayanması ilə nəticələnir. “Həyat” qəzetində yazdığı məqaləsində belə deyir: “Biz türküz: Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ səddlərin, divarların yaxılmasına, rəf olunmasına qeyrət ediniz”.  Əli bəy burda da İstanbulda olduğu kimi öz ideologiyasını, türkçülük ideyalarını həyata keçirmişdir. Bir müddət Azərbaycanda qaldıqdan sonra yenidən İstanbula gedir və buradakı əmlakını “Səadət” məktəbinə bağışladığını özü belə yazır:  “Bakıdan ayrılarkən bütün ev əşyamı – mebel, bufet dəsti, kitablarımın bir qismi və sairə – “Səadət” məktəbinə hədiyyə etdim”. İstanbulda da o, yenə öz fəaliyyətini davam etdirir, eyni zamanda da burada həkim işləmişdir. “Hilal-Əhmər” tərkibində Birinci Cahan savaşı və Balkan müharibələrində xəstəxanalarda həkim işləmişdir.

1911-ci il sentyabr ayının 1-də “Türk Yurdu” məcmuəsi quruldu. Əli bəy Hüseynzadə cəmiyyətin qurucuları sırasında milli şair Məhməd Əmin Yurdaqul, Əhməd Hikmət bəy, Ağaoğlu Əhməd bəy, Akil Muxtar bəy, Akçoraoğlu Yusuflə bir yerdəydi. Jurnalın əsas məqsəd və məramı haqqında məcmuənin bütün nömrələrinin ilk səhifəsində başlıqda qeyd edilmişdir: “Türklüyə xidmət etmək, türklərə fayda vermək”. Məcmuədə türkçülük ideyaları ilə aşılanmış yazılara geniş yer verilirdi. 20 il fəaliyyət göstərən bu məcmuə türkçülüyün inkişafında yeni mərhələ idi. Jurnal vaxtilə yasaq edilmiş mövzuları üzə çıxarır, türkün mənşəyini, mədəniyyətini, əzəmətini tanıdan türk tarixinin yazılması fikrini müdafiə edir. Milli qayğılar ilə sosial mühit arasındakı münasibətləri türkçülük çərçivəsində həll edir. Türkçülüyün müxtəlif cərəyanlara – islamçılığa, avropalaşmağa münasibəti araşdırılır.  Jurnalın əsas rolu Türkiyədəki oxucularına bütün türk aləmini tanıtmasında idi. 1916-cı ilin may ayının əvvəllərində Əli bəy Hüseynzadənin də təmsil olunduğu Yusuf Akçura, Abdurrəşid İbrahim, Mukiməddin Beycan, Safa Əhmədoğlu, Əhməd Saib Kaplanov, Seyid Tahir Əfəndi, Əziz Makər və Əhməd Ağaoğludan ibarət nümayəndə heyəti Lozanda keçirilən “Milliyyətlər Birliyinin Üçüncü Konqresi”ndə iştirak etmək üçün İsveçrəyə getdi. 1916-1917-ci illərdə Əli bəy Hüseynzadə Maarif Vəkaləti “Asari-İlmiyyə və Milliyyə Tədqiq Cəmiyyəti”nin, eləcə də Məclisi Ali Səhiyyə Cəmiyyətlərinin üzvü olaraq təhsil və səhiyyə sahələrinin inkişafında xidmətlər göstərmişdi. 1916-cı ildə yaradılmış Milli Təlim və Tərbiyə Cəmiyyətinin qurucuları sırasında Əli bəyin də imzası var. 1916-cı ildə o, “Türk-Macar Dostluq Cəmiyyəti” ümumi mərkəzinin üzvü olmuşdu.
1918-ci il 28 may Şərqdə ilk dekomratik cümhuriyyət – Azərbaycan Xalq Cümhuriyyəti yaranır. Bu cümhuriyyətin yaranmasında Əli bəy Hüseynzadənin misilsiz xidmətləri olmuşdur. Vətəndən ayrı olsa da qəlbi Azərbaycanla çırpınıb, öz xalqı üçün əlindən gələni əsirgəməmişdir. ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə olmuşdur. 1907-ci ildə iyul ayının 10-da Əli bəyin nəşr etdirdiyi “Fuyüzat” jurnalında məqaləlrin birində belə dediyi “Türk hissiyatlı, islam etiqadlı, firəng qafalı” fikri elə öz bayrağımıza əksini tapmışdır.

“Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlının elə bu qəzetdə çap etdirdiyi yazıda da belə deyilir: Tarixi fakt və sənədlər göstərir ki, 1917-ci ilin sonlarından başlayaraq Türkiyənin siyasi və hərbi çevrələrində, ədəbi-bədii mühitində böyük nüfuza malik Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun sayəsində Azərbaycan Cümhuriyyəti mövzusu Türkiyədə yetərincə dəstək qazanır. Ziya Göyalp, Yunis Hadi, Əhməd Rəfiq kimi şəxsiyyətlər sayəsində Türkiyənin “İqdam”, “Təsviri-əfkar”, “Tan” kimi mətbu orqanlarda Azərbaycanın müstəqilliyi ideyası gündəmə gətirir, Qafqazda türk dövlətinin qurulması üçün siyasi dəstəyin gərəkliyi təbliğ olunurdu. Yaranmış əlverişli tarixi fürsətdən yararlanan Əli bəy Hüseynzadə hələ 1918-ci ildə Rusiyanın siyasi çöküşünün qaçılmaz olduğunu görüb “Turan” heyəti tərkibində bir neçə türk dünyasının önəmli şəxsi ilə Sofya, Budapeşt, Vyana və Berlinə gedərək Rusiyadakı türklərin haqq və hüquqlarının qorunması, onların müstəqil dövlət qurmaq istəklərini Avropada bəyan etdi. Yusif Akçuranın, Məhəmməd Əsəd bəy Çələbizadənin, Mükəmmədin Baxçalının və Əli bəy Hüseynzadənin rəhbərliyi ilə “Rusiya müsəlmanları türk-tatar millətlərinin müdafiə cəmiyyəti” təsis olundu. Cəmiyyətin Avropa dövlətlərinə ünvanladığı bəyanatın son cümləsi bu fikirlə bitirdi: “Əlimizi səmaya qaldıraraq yalvarırıq ki, bizi Rusiya zəncirindən qurtar”.
Əli bəyHüseynzadə Gəncədə olduğu müddətdə Azərbaycanın istiqlalı uğrunda Azərbaycan və türk əsgərləri eyni səngərdə çiyin-çiyinə düşmənə qarşı birgə mübarizə aparırdı. Bu azadlıq savaşını qələmə alan Ə. Hüseynzadə “Azərbaycanda düşündüklərim” məqaləsini Türkiyənin “Hilali-Əhmər” qəzetinin 24 iyul 1918-ci il sayında çap edib. Məqalənin girişində, redaksiya qeydində doktor Ə. Hüseynzadənin “bir müddət öncə Azərbaycanda olması” vurğulanır və “Hilali-Əhmər” üçün məqalə hazırladığı göstərilir. Azərbaycan bayrağının təsviri ilə məqaləyə giriş verən Ə. Hüseynzadə yazır: “Milli bayrağında aypara qarşısında beş şüalı yerinə səkkiz şüalı bir ulduz bulunan bir məmləkətdən, Qafqaz Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu, Qafqaz Türk dövlətindən bir neçə kəlmə bəhs etmək istərdim. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncəni tərk etdim. Müvəqqəti paytaxt deyirəm, çünki Azərbaycanın paytaxtı o deyil. Bakını Azərbaycana çox görmək istəyən kim olursa-olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir! Gəncəyə gəlincə, bu şəhər ancaq mərkəzi bir mövqedə olub. İrəlidə Azərbaycanın maarif mərkəzi ola bilər”.

1919 və 1922 ci illərdə səbəbsiz yerə həbs olunmuşdur. 1926-cı ildə Əli bəy Hüseynzadə Bakıda keçirilən Birinci Türkoloji qurultayda iki mühüm qonaqdan biri kimi iştirak və çıxış edir. Bu qurultayda “Qərbin iki Dastanında türk” məruzəsi ilə çıxış etmiş və “Kommunist” nəşriyyatında kitab şəklində dərc etdirmişdir. Əli bəyin yaradıcılığında poeziya nümunələrinə də rast gəlirik. Öz türkçülük ideyalarına, dünyagörüşlərini “Ey ulu tanrı”, “Yalavac”, “Turan” şeirlərinə də yansıtmışdır. Eyni zamanda “Təraneyi səhər” şeirində haqq-ədalətin yoxluğundan, “Heyrət, yaxud bir mələyin insanlara xitabı”, “Hali-vətən”, “Yurd qayğısı” kimi şeirlərdə isə vətən yanğısından, vətənin düşdüyü vəziyyətdən, bütün bunların onu narahat etməsini bildirir.  Əli bəy Hüseynzadənin yaradıcılığında ən mükəmməl şeirlərdən biri “Hali-vətən” şeiridir. Şeirdə vətənin halını görən və buna biganə qalmayan şairin fəryadı öz əksini tapır. Əli bəy xalqı birliyə, millət olaraq ittihada çağırış edir və xalqın ayılmamasından şikayətlənir.

Ucundadır dilimin, həqiqətin böyüyü.

Nə qoydular deyəyim, nə kəsdilər dilimi.

Bilirmisən cühəla nə etdilər vatana?

Nə qoydular uyuya, nə qoydular oyana.

Durur bila-hərəkət, rəvamı bir diriyə?

Nə getmədə iləri, nə dönmədə geriyə.

Ədu qırır qapıyı, biz evdə bixəbəriz.

Nə başqa başqalarız, nə ittihad edəriz.

Ayıltmadı qələmim şu türk ilə əcəmi.

Nə qoydular yazayım, nə qırdılar qələmi.

Əli bəy Hüseynzadə türkçülük ideyaları hər şeydən üstün olub, o, xalqını, millətini sevən və onun oyanması, inkişafı üçün xidmət edən biri olub. Onun belə bir fikri var: “Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar”. Elə buna görə də milləti oyanışa səsləyirdi.

Əli bəy Hüseynzadə 1926-cı ildə Atatürkə qarşı sui-qəsddə günahlandırılaraq həbs edilmiş və günahsız olduğu sübuta yetirildikdən sonra azad edilmişdir. Əli bəy Hüseynzadə istiqlal məfkurəsinin atası olmuşdur. Ziya Gökalp Əli bəyi özünə ustad hesab etmişdir. 1926-cı ildə İstanbul Universitetinin professoru seçilir. 1928-ci ildə Hüseynzadə dahi şotland filosofu Adam Smitin 1776-cı ildə yazdığı və Parisdə 1881-ci ildə nəşr olunmuş “Sərvəti-miləl” – “Təbiətin tədqiqi və millətlərin zənginliyinin səbəbləri” əsərini fransızcadan tərcümə etdi. Bu kitab Ə. Hüseynzadənin həm böyük bir siyasi iqtisad alimi və həm də mükəmməl bir fransızca mütəxəssisi olduğu qənaətini doğurdu.

1933-cü ildə o, Türkiyə Maarif naziri olur. Türkiyədə soyadı haqqında qanun qəbul edilərkən Əli bəy 1934-cü ildə Turan soyadını götürdü. “Turani adından nisbət “i”sini qaldırıb bunu kəndimə soyadı olaraq seçdim. “Turani” ləqəbini 1904-cü yılında “Türk” qəzetəsindəki türklük, türkçülük üzərinə yazdığım məqalələrdə, düzgülərdə kullanmışdım”. Beləliklə, tariximizdə Akçuranın dediyi kimi, ilk Turani olan Hüseynzadə həm də 1934-cü ildə Türkiyə hüdudlarında Turan adına rəsmi status verərək onu soyadına çevirir. 1930-cu illərdə yazdıqlarının böyük əksəriyyəti, xüsusən şeirləri – Mustafa Kamala həsr olunub. Bu illərdə rəssam Əli bəy həm də Atatürkün portretini çəkib. Tibb professoru Əli bəy Hüseynzadə 1933-cü ildə “Siflomani və frəngiyə dair bilgilərimizin tarixindən bir nəbzə”əsərini dərc etdirir. 1936- cı ildə Atatürkün istəyi ilə III Türk Dili Qurultayına qatılır.

Əli bəy Hüseynzadə 1912-ci ildə İstanbulda süvari zabiti Şəmsəddin bəyin və Validə xanımın qızı Ədhiyə xanımla evlənir. Bu evlilikdən Əli bəyin üç övladı var: 1914-ci il aprelin 6-da Saida bəyim, 1915-ci il haziran — iyun ayının 9-da Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü Mustafa Santurla ailə qurub. “Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı”. İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. “Qızım Saida Londan qayıtdığı doqquz ay qədər olar. İndiki halda “Kabataş qız lisesində matematik müəllimidir” (Ə.Hüseynzadə). Ömrünün sonlarında Əli bəy Hüseynzadə İstanbulda Üsküdarın Ehsaniyyə məhəlləsində yaşayır. Və 1940-cı il mart ayının 17-də bazar günü buradakı evində də dünyasını dəyişir.  Ədhiyə xanım 1939-cu ildən infarkt xəstəliyindən yatır və 1944-cü ildə dünyasını dəyişir. Ədhiyə xanım Əli bəydən 24 yaş kiçik idi. Ədhiyənin məzarı Əli bəyin başucundadır. Saida xanım 2002-ci ildə İstanbulda dünyasını dəyişdi. Digər qızı Feyzavər Alpsar Turan isə 2020-ci il 25 apreldə 101 yaşında vəfat etmişdir. Çox təəssüf hissi ilə deyə bilərik ki Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseynzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur.

YAZAR: İlahə Şıxəliyeva

 

Həmçinin bax: Qabiliyyətlərin ölçülməsi və əqli inkişaf əmsalı

Həmçinin bax: turaz.org/balaca-aynurun-komeyinize-ehtiyaci-var/