Əks- səda

Bu gün Əkbərin on bir yaşı tamam olmuşdu. Onu isə kimsə təbrik etməmişdi. Heç özü belə təqvimdən xəbərdar deyildi. Bu gün Noyabrın 19-u idi. Əkbərin doğum günü. Kiçik bacısının əlindən tutan Əkbər yavaş addımlarla küçənin aşağısına doğru irəliləyirdi. Külək Əkbərin bacısı Jasminin saçlarını vıyıltı sədalarının altında dalğavari rəqs etdirir, onlardan istifadə edərək azacıq da olsa Jasminin gözəl görünməsini təmin etmək istəyirdi. Jasmin Əkbərdən bir yaş balaca idi. On yaşlı qızın gözlərindəki yaşıl rəng nadir hallarda rast gəlinən uşaqlar sinfinə aid etmişdi onu. Jasmin balaca ayaqlarının yerdə çıxardığı tappıltı səsləri ilə birgə dilləndi və sanki qorxaraq Əkbərdən söz soruşdu:
Əkbərcan, atamız nə zaman gələcək?
Jasmin, bu sualı bir də vermə.
Niyə axı, Əkbərcan?
Sənə demişəm axı. Bizim atamız gəlməyəcək.
Heç vaxt?
Heç vaxt. Bizim atamız ölüb. O indi Allahın yanında kef edir. Amma bizi isə düşünmür. Biz onunla görüşsək mən onu dindirməyəcəm.
Niyə? O bizim atamız deyil ki?
O bizim atamızdır. Ancaq o bizi atıb getdi.
Ölmək atıb getmək deməkdir?
Hə.
O bizi çox istəmir ki?!
Bilmirəm, amma istəsəydi qalardı. Getməzdi.
Əkbərcan, bəs bizim anamız?
Axı sənə dəfələrlə demişəm. Niyə unudursan?! Anamız da atamızla birgə gedib.
Onu da danışdırmayacaqsan?
Onu danışdıracam.
Niyə?
Jasmin, çünki mən anamı çox sevirəm.
Əkbərcan, mən də atamı çox sevirəm də.
Ehh, bezdim sənin bu söhbətlərindən. Yoluna davam et. Bəlkə birazdan yeməyə bir şey taparıq.
Bağışla, Əkbərcan. Mən səni çox istəyirəm.
Bilirəm, bacım. Bilirəm. Gəl gedək.
Əkbər və Jasmin sağa-sola ehtiyyatlı nəzərlər yetirərək yollarına davam edirdilər. Sökük məhəllələrdən keçərək kimdənsə bir yardım gəlməsi ümidi ilə hər addımında Allaha yalvaran bu uşaqlar deyəsən zaman keçdikcə daha da ümidsizləşir və narahat olmaqa başlayırdılar. Uzun zamandır bu uşaqlar kimdənsə yardım istəyir, əgər yazığı gələn biri varsa onlara yardım edir, yoxdursa bütün gecəni ac keçirirdilər. Bu gün isə hələ də bəxtləri gətirməmişdi. Biraz sonra kölgəli bir tində dayanmağa məcbur oldular. Əkbər bacısının ağlamağına heç bir zaman dözə bilmirdi. Özünün belə uşaq olmasına baxmayaraq o, sanki hər şeyi dərk edirdi. Jasminin göz yaşlarını silib “Hər şey yaxşı olacaq” demək istəyirdi ki, ətrafdan “part” deyə bir səs eşidildi. Səsin yaxınlığından ikisi də divarın dibinə sıxıldılar. Əkbər əlləri ilə bacısını qucağına alıb bacardığı qədər sarmağa və onu kənardan gələ biləcək təhlükələrdən qorumağa çalışırdı. Artıq Əkbər də ağlamağa məcbur idi. Çünki o uşaqdır. Nə fayda?! Əkbər ağlaya-ağlaya başını yuxarı qaldırdı. Ətrafa göz gəzdirəndə bir divarı ayaqüstə qalan evin pəncərəsinin küləkdən çırpıldığını və o cür səs çıxardığını anladı. Jasmini qaldırıb sakitləşdirməyə çalışan Əkbər bununla işin bitmədiyini bilirdi. Daha yemək tapmalı idilər.
Yaşayış yerlərinə doğru irəliləyib şad bir mənzərə ilə qarşılaşdılar. Onlar çörək dükanının pəncərəsindən görünən, içəridəki çörəklərdən çıxan istilik ilə həmin pəncərənin necə tərləməsinin şahidi oldular. Əkbər özünü satıcıya yetirib utancaq tərzdə:
Əmi, bizə bir çörək verə bilərsən? Yarısı da olar. Bacım Jasmin acdır.
Sənin atan, anan haradadır?
Onlar ölüblər.
Təəssüf. Bacının neçə yaşı var?
On yaşı var. Mənimlə eyni yaşdadır.
Həə, balaca, bilirsən də hər şey qarşılıqlıdır. Mən sənə çörək verərəm, bəs sən çörəyin qarşılığında mənə nə verəcəksən?
Mənim heç nəyim yoxdur axı.
Əslində var. Bax, balaca, sənin adın necə oldu?
Əkbər.
Əkbər, sən deyirsən ki, bacım acdır. Mən sənə söz verirəm ki, həmişə sənin bacına çörək verərəm. Hətta arada sənə də verərəm. Amma ki, sən də mənə bir şey verməlisən.
Nə, əmican? Nə verməliyəm sənə?
Bacın Jasmini ver mənə. Olsun mənim.
Necə yəni?
Jasmini ver mənə, olsun mənim. Daha sonra mən onu öz evimdə saxlayım, böyüdüm, yemək-içmək verim.
Doğurdan edərsən bunları?
Əlbəttə, bax, maşAllah sənin bacın da çox gözəl imiş. Artıq on yaşı da var. Lazımi yaşdadır.
Əmican, başa düşmədim. Necə yəni lazımi yaşdadır?
Ee, şey, yəni artıq sözə qulaq asandır.
Öncə bacımın fikrini almalıyam. Jasmin, nə deyirsən? Bəlkə bu əmi ilə qalasan? Sənə həmişə yemək verəcək. Həm də evində saxlayacaq səni.
Jasmin küskün baxışlar ilə böyük insanlar kimi cavab verdi:
Qardaşcan, sən də məni atırsan?! Yox, mən səni istəyirəm. Lazım deyil çörək. Gəl gedək burdan.
Jasminin gözləri dolmuş, dodaqlarından çıxan hər sözdə qəm var idi. Satıcı Jasminin sözlərini eşidib qızı əlindən qaçırdığını başa düşdü:
İtilin, rədd olun burdan. Sizə çörək falan yoxdur. Axırda bir-birinizin ətini yeyəcəksiniz. Cəhənnəm olun.
Satıcı iki uşağı da qolundan tutub bayıra atdı. Jasmin hər zamanki kimi ağlamağa başladı. Əkbər də adət etdiyi işi gördü. Bacısına təsəlli.
Vəziyyətin pisləşdiyi bir halda Əkbər nə edə bilərdi? Oturub ölməklərini gözləməyəcəkdilər, elə deyilmi?! Biraz keçmişdi ki, Əkbər bayaq daxil olduğu dükanın pəncərəsindən satıcını güdürdü. Bacısını artıq buradan uzaqlaşdırıb gizlətmişdi. Özü isə tək çörək dükanına qayıdıb fürsət güdürdü. Allahdan düşmə bir fürsət yarandı ki, Əkbər cəld içəri girib çörəklərdən birini götürdü və bayıra doğru qaçdı. Satıcı Əkbəri gördü və arxasıyca qaçdısa da Əkbər artıq dükanı tərk etmiş və arxasına belə baxmadan qaçırdı. Üzündə küləklərin savaşı baş verirdi, gözləri küləkdən yaşarır və saçları geriyə doğru uçurdu. Ayağının altına belə baxmadan qaçan Əkbər birdən-birə ayağının büdrəməsi ilə yerə yıxıldı. Yerdə iki-üç dəfə fırlanan Əkbər üzü üstə düşdü. Başını qaldıranda isə gözünün önündə Əfqanıstan pulu olan 2 əfqani (AFN) gördü. Bu cür şanslı biri olduğunu heç özü də bilmirdi. Sevincək ayağa qalxdı, pulu yerdən götürdü, ətrafına göz gəzdirməyə başladı. Bu ona görə deyildi ki, Əkbər yoxlayırdı görsün onu görən kimsə var ya yox. Bu ona görə idi ki, Əkbər bu pulun bəlkə kiminsə olma ümidi ilə ətrafda sahibini axtarırdı. Yalan deməyəcəm, Əkbər heç kəsin buralıqda olmadığını görüb sevindi. Çörəyin pulunu ödəyə biləcəkdi.
Jasmin Əkbərin əlindəki çörəyi alıb yeməyə başladı. Əkbər isə əlindəki 2 əfqani ilə mağazaya yollandı. Çatanda isə satıcını danışmağa qoymayıb birinci özü danışdı:
Əmi, pulu gətirmişəm.
Pulu? Bəs deyirdin pulun yoxdur?! Haradansa oğurlamısan?
Yox, əmi. Yolda bizi görüb elə bildilər ki, dilənçiyik. Çıxarıb pul verdilər. Alın bu iki əfqanini.
İki əfqani? İki əfqaniyə çörək olar heç?
Bəs neçə əfqaniyə olur ki?!
Dörd əfqaniyə.
Mənim iki əfqanim var.
Ya ged bacını mənə gətir, ya da çıxar pulumu ver.
Yoxumdur pulum.
Sənin problemindir.
Əkbər iki əfqanini kassanın üzərinə qoyub uzaqlaşmaq istəyirdi ki, satıcı əsəbləşib yaxasından tutdu. Əkbəri özünə doğru dartıb öncə bir şillə vurdu. Daha sonra isə yumruqlar endirdi. Zəif, cılız bir uşaq bu zərbələrin altında qala bilməzdi. Əkbər isə dözümlü çıxdı. Ağzı-burnu qan içində bacısının yanına qayıdanda Jasmin qorxudan ağlamağa başladı.
Jasmini yenə yanına alıb dərvişlər kimi yoluna davam edən Əkbər haraya getdiyini, nə edəcəyini heç bilmirdi. Atasız, anasız böyüyən biri bundan artıq nə edə bilərdi ki? Uzun-uzadı yoldan sonra açıqlıq bir yerə gəlib çatdılar. Burada insanın səsi əks-səda verirdi. Jasmin belə şeyləri çox sevirdi. Üzünü açıqlığa tutub:
Salam… Salam
Öz səsinin əksini eşidən Jasmin gülür və xoşbəxt olurdu. Səslər bacımı insanlardan daha çox xoşbəxt edirdi. O öz qışqırıqlarına davam edirdi:
Əkbərcan… Əkbərcan
Mən də ona qoşuldum:
Bacıcan… Bacıcan
Biz dəfələrlə bunu etdik, lakin ən son gələn əks-səda bizim səslərdən deyildi:
Allahu Əkbər… Allahu Əkbər
Bu səs nə zaman gəlsə daha sonra atəş səsi gəlirdi. Onlar insanları öldürürdülər. Həm də Allah ilə Əkbərin adını bir yerdə çəkərək. Əkbər hər dəfə belə düşünürdü:
“Axı mən və Allah onlardan bizim adımızı deyib adam öldürməklərini istəməmişik. Onlar isə elə hey “Allah Əkbər” deyib insanları öldürürdülər”
Eşidilən son əks-sədadan sonra atışma səsləri gəlməyə başladı. Əkbər isə bacısını dörd divarı olan bir daxmada gizlədib az öncə meydanın ortasında gördüyü açıq aydın gəzən yeddi-səkkiz yaşlarında bir qız uşağı üçün geri qayıtdı. Əkbər meydanın ortasına çıxa bilmir, lakin qız uşağı üçün bərkdən qışqırırdı:
Buraya gəl. Bu tərəfə qaç. Gəl. Gəl də bura. Balaca, gəl bura.
Qız uşağı ona diqqət etmir, etsə də əhəmiyyət vermirdi. Əkbərin bu çabalarından sonra isə gələn səs meydanda yaranan əks-səda oldu. Hansı ki, partlayış səsinin əks-sədası. Əkbər gözlərini bacısının olduğu daxmaya zillədi. Daxma yerləyeksan olmuşdu. Əkbər isə özlüyündə düşünürdü:
“Görəsən bu gələn səs partlayışın, yoxsa bacımın fəryadının əks-sədası idi?! Mən ona söz vermişdim ki, hər şey yaxşı olacaq. Amma indi o da məni atıb getdi.”
Belə bir meydanın ortasında düzənlikdən gələn daha bir səda isə belə oldu:
Jasmiiiiin…

YAZAR: Hüseyn Qəhrəmanov

Həmçin bax: tehsilim.org saytı elan edildi