Ekologiya elminin inkişaf tarixi

“Ekologiya” yunan sözü olub (oykos-ev, loqos-elm) hərfi mənası “ev haqqında elm” deməkdir. “Ekologiya” terminini ilk dəfə 1858-ci nildə inglis alimi Q.D.Toro işlətsə də, bu sözü elmi termin kimi alman bioloqu E. Hekkel 1866-cı ildə geniş yaymışdır.Elə həmin il işıq üzü görmüş “Orqanizmlərin ümumi morfologiyası” kitabında o, ekologiyanı “orqanizmlərin yaşadıqları mühitlə münasibətləri haqqında elm” adlandırmışdır.Bugünə kimi ekologiya elminin konkret tərifi yoxdur.

Ekologiya elminə olan bir neçə müxtəlif yanaşmalara baxaq:

  1. 1920-ci il amerika alimi F.Klements-cəmiyyət haqqında elm;
  2. 1937-ci ilinglis alimi Ç.Elton-sosiologiya və heyvanların iqtisadiyyatı ilə məşğul olan təbii elmi tarix;
  3. 1959-cu il amerika alimi Y.Odum-təbiətin funksiya və strukturunu öyrənən elm;
  4. 1977-ci il rus alimi S.Şvars-təbii yaşayış mühitində heyvanların və bitkilərin həyatını idarə edən qanunlar haqqında elm və s.

Ekologiya sözü termin kimi ilk dəfə 1858-ci ildə işlənsə də, ümumilikdə ekologiyanın tarixi kökləri olduqca qədim dövrlərə gedib çıxır.Belə ki, canlı orqanizmlərin həyatı, onların xarici-onları əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması eyni zamanda xarakteri kimi məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir.Aristotel (e.ə. 384-322), Böyük Pliney, R.Boykonun (1627-1691) əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti  və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur.

Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar.

Birinci mərhələ-ekologiyanın bir elm kimi yaranma və təşəkkülü ( XIX əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, ilk elmi yekunlar hazırlanmışdır. XVII-XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə həsr olunur, onların bioloji təsvirləri yerinə yetirilir.Məsələn, A.Reomyurun əsərləri həşəratlara (1734), L.Tramblenin əsərləri isə hidra və maşınlara (1744) həsr olunur.

İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi kimi formalaşır.Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V.Dokuçayevin (1846-1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və anlayışlarını əsaslandırdı.Onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini itirməmişdir.Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın banilərindən biri saymışdır.XIX əsrin 70-ci illərinin sonunda alman hidrobioloqu K.Mebius (1877) biosenoz haqqında mühüm anlayış irəli sürür və onun müəyyən mühit şəraitində orqanizmlərin qanunauyğun əlaqələnməsi (birləşməsi) hesab edir.

Üçüncü mərhələ (XXəsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir.

Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi.Ciddi bioloji elmdən ayrılan ekologiya elmi özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994).

 

Qaynaq:
1. Ümumi Ekologiya (Rəhilə Əhmədova, Aybəniz Hüseynova)
2. Ekologiya və Ətraf Mühitin Mühafizəsi (Qərib Məmmədov, Mahmud Xəlilov)

YAZAR: Günel Qardaşova
HƏMÇİNİN BAX: Hava fotoşəkilləri və peyk görüntüləri
HƏMÇİNİN BAX: Tehsilim.org/yasasin-teatr/