Duyğu haqqında anlayış və təsnifatı
Hissi idrak duyğudan başlayır. Bütün idrak proseslərinin bünövrəsini duyğular təşkil edir. Orqanizmlə mühit arasında ilkin əlaqədir. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü biruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Qıcıqlanmanın inkişafı həyat şəraitinin mürəkkəbləşməsi və orqanizmin anatomik quruluşunun təkmilləşməsi nəticəsində həssaslıq artmış, tədricən duyğular yaranmışdır. Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1) periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent (mərkəzəqaçan) və efferent (mərkəzdənqaçan) sinirlər daxildir: 3) analizatorun beyin qabığı şöbəsi. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik. Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal – hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində
inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı-ayrı əlamətlərinin inikasından ibarət olmasıdır. Duyğular hiss və emosiyalarımızın da mənbəyidir.
Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir.
Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda birləşdirirlər:
1. Ekstreoseptorlar
2. İntreoseptorlar
3. Proprioseptorlar.
Ekstroreseptov və ya xarici duyğular. Reseptorları bədənin xarici səthində yerləşir. Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Xarici aləmdə olan cisim və hadisələrin xassələrini əks etdirir. Görmə, eşitmə, iybilmə, dadbilmə,dəri duyğuları bu qrupa aiddir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Həmçinin, bədənin toxumalarında yerləşir və daxili üzvlərin vəziyyətini əks etdirir. Bunlara isə intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili
duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır. Aclıq, toxluq, susuzluq və s. interoseptiv duyğular.
Üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bunları isə proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan
duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə daxildir.
Müasir təsəvvürlərə görə duyğuların növlərini bir-biri ilə üzvü surətdə əlaqədardır. Onları mütləq şəkildə xarici və daxili duyğulara ayırmaq düzgün olmazdı. Duyöuların bəzi növlərini mahiyyət etibarilə xarici daxili duyğular kimi təhlil etmək olar.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və distant duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
1) Kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir.
2) Distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.
Yazar: Günel Həsənova
həmçinin bax Diqqətin patologiyası