“Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri”

Türklərin əsrlərdən bəri yaratdığı sənət əsərləri qorunub saxlanılır. Məsələn, Hun türklərinin “Oğuzxaqan”, göytürklərin “Bozqurd”, uyğur türklərinin “Köç” dastanları İslama qədər yayılmışdır. İslamdan sonra Qaraxanlı türkləri “Satuq Buğraxan”, oğuz türkləri “Kitabi-Dədə Qorqud”, qırğızlar tarixi “Manas” , qaraqalpaqlar “Qırx qız” dastanlarını yaratmışlar. Bir sıra tarixi-coğrafi abidələr günümüzə qədər gəlib çıxmışdır. Bu da ümumi dilçilik ortaq mədəniyyətinin ortaya çıxmasına çox kömək etmişdir. Bunlardan Mahmud Kaşğarinin “Divani lüğat-it-türk” əsəri, Yusif Xas Hacib Balasağunlunun “Qutadqu bilik” poeması, “Kitabi-Dədə Qorqud” dastanları, “Manas” dastanı ümumtürk ortaq dəyərlərinin inciləri hesab olunur və V-XI əsrlər arasında türkçülük papulyasiyasının ortaq körpüsü kimi də qiymətləndirilir. Tarixi Orxon-Yenisey abidələrinin coğrafiyasının öyrənilməsinə, qədim türk xalqları, onların dialekt və şivələri haqqında tarixi-coğrafi mühakimə yürütməyə imkan verir. Həqiqətən türk dillərinin oğuz qrupuna mənsub olan “Kitabi-Dədə Qorqud” dastanları və bütün türk dillərini əhatə edən “Divani lüğat-it türk” dil tariximizin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Türkdilli xalqlar eyni zamanda dünya tarixi mədəniyyətinin coğrafiyasında əhəmiyyətli rol oynamışdır. Türkdilli dövlətlər və xalqlar indi də ümumi tarixi kökləri, ortaq zəngin irsi, dil, incəsənət, ədəbiyyat, adət-ənənələri, milli-mənəvi dəyərləri nəzərə alıb zəncirvari şəkildə bağlanır. Bu xalqlar geniş coğrafiyada yayılmaqla əksəriyyəti İslam, bir qismi isə digər dinlərə sitayiş edirlər və bu müxtəliflik, əslində, türk dünyasının mənsub olduğu coğrafiyanın tarixi-mədəni zənginliyindən xəbər verir. Bunlar onu göstərir ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib. O cümlədən, türkdilli xalqların dahi şəxsiyyətləri — mütəfəkkirləri, yazıçıları və şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar. Bu baxımdan, dünyəvi Nizami Gəncəvi, Yunus Əmrə, Nəsimi, Füzuli, Məxdimqulu, Abay Kunanbayev, Çingiz Aytmatov kimi türk dahilərinin əsərləri dünya inciləri sırasındadır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” dastanları bütün türk dünyasının ortaq sərvətidir.
Ümumiyyətlə, bu dastanlarda xalqın ortaq hissləri və vətənpərvərlik, fədakarlıq, sədaqət, qəhrəmanlıq, mətinlik kimi sifətləri təbliğ edilir. Tarixən məlumdur ki, hələ VI-VII əsrlərdən başlayaraq oğuz-türkmən qəbilələri Azərbaycan ərazisinə gəlir, yerlilərlə qaynayıb qovuşur, Azərbaycan xalqının etnik tərkibinə daxil olurdular. X-XI əsrlərdə böyük şəhərlərdə, kəndlərdə yaşayan oturaq əhalidən fərqli olaraq köçəri həyat keçirən əhali, əsasən maldarlıqla məşğul olduğu üçün sabit coğrafi məskənə malik deyildi. Onlar fəsillərə uyğun olaraq tez-tez yerlərini dəyişir, qışlağa və yaylağa köçürdülər, bu da onların məişət tərzinə təsir etməyə bilməzdi. Düzdür, “Kitabi-Dədə Qorqud” dastanlarında oturaq həyatdan da danışılır, üzüm bağlarından, şərabçılıqdan bəhs edilir, lakin qeyd edək ki, ümumiyyətlə, epos daha çox köçəri-maldar əhali içərisində yaranmışdır. Buna görə də köçəri həyat keçirən yerli tayfaların mənəvi ruhu, səviyyəsi, adətləri, hətta dünyagörüşü daha qabarıq bir şəkildə eposda öz əksini tapmış və mühafizə olunmuşdur. Əsərin dili türk dilində danışan bir sıra xalqlar üçün tam və yaxud qismən anlaşıqlı olsa da, lüğət tərkibi, frazeologiyası və qrammatik quruluşu etibarilə digər türk dillərinin hamısından daha çox Azərbaycan dili ilə bağlıdır.
Maraqlı olan cəhət budur ki, “Dədə Qorqud” dastanları bütün dövrlər üçün aktual bir əsər kimi dəyərləndirilir. Tarixi mədəniyyətimizin şah budağı olan “Kitabi-Dədə Qorqud”da coğrafi hadisələr ulu babalarımızın yaşadığı bütün torpaqlarda—Dəmir qapı Dərbənddən Diyarbəkir torpaqlarına və Mardinə, Xəzərdən Qara dəniz sahillərinədək, Abxaz elinə, Trabzona qədər geniş ərazilərdə cərəyan edirdi. Tarixi araşdırmalar türk etnoslarının Türkiyə və Azərbaycan ərazisində yaşadıqlarını təsdiqləyir. Hər iki ölkənin ərazisindəki coğrafi toponimlər Türk etnoslarının, əsasən də Oğuzların bu ərazilərin sakinləri olduğunu sübut edir. Bu səbəbdən areal toponimlərin tarixi, coğrafi, eləcə də dil baxımından araşdırılması çox aktual məsələlərdən biridir. Azərbaycan, eləcə də Türkiyə ərazisində türkdilli qəbilə və tayfaların məskunlaşmasının tarixi lap qədimlərə gedib çıxır. Dastanda rast gəldiyimiz “İç oğuz” anlayışı Kür-Araz ovalığında (Aran) yerləşən torpaqlar nəzərdə tutulur. “Dış oğuz”a isə Şimali və Cənubi Azərbaycan vilayətləri, habelə gündoğan Anadolunun Van vilayəti və qalan ərazilər daxildir. Erkən orta əsrlərdən Azərbaycan kimi tanınan Oğuz dövləti Urmiya, Göyçə gölü və Xəzər dənizi, Qızılüzən və Samur çayı, Dəmir qapı Dərbənd və Həmədan çevrəsi ərazilərini əhatə edirdi. Dastanın elmi mahiyyəti tamamilə Azərbaycanın coğrafi bütövlüyünü göstərir. Dastanda əksini tapan milli adət-ənənə, etnoqrafiya, məişət, toponimlər, qəhrəmanlıq hadisələri məhz azərbaycanlı təfəkkürünün, yaşayış tərzinin bariz ədəbi nümunələridir. Bayandır—Dədə Qorqud dastanlarında oğuzların başçısı Bayandur xandır. Bu ad ümumi areal toponimlərdə indi də öz işləkliyini saxlamaqdadır. Azərbaycanda da (Laçın, Bərdə, Tərtər) Bayandur tayfasının adı ilə bağlı toponim, oykonim, hidronim məkanlar vardır.
Türk dünyasının ulu bayramı
Baharın hərarəti xəfif yellə obalara yayıldıqca, torpağı isitdikcə təbiət oyanır. Bu oyanışdan qəlblərimizə də bir hərarət, xoş əhval-ruhiyyə, bayram və həmrəylik sevinci hopur. Tarixi əski dövrlərə gedib çıxan Novruz bayramı əsrlərdir, türk ellərinin müxtəlif  bölgələrində  böyük sevinclə qeyd edilmiş, onun adət-ənənələri dövrümüzə qədər qorunulub yaşadılmışdır. Bununla da Novruz təkcə Azərbaycanda deyil, Şərqi Türküstandan (uyğurlar)  tutmuş  Anadoluya kimi böyük bir coğrafiyanı əhatə edən  xalqların ortaq bayramı olmaqla, sanki onlar arasında həm də bir mənəvi körpü, həmrəylik və dostluq əlaqələri bəxş etmişdir. Müasir dövrdə Novruz bayramında insanlar bayramı öz ailələri və doğmalarıyla süfrə başında qeyd edirlər. Bu ölkələr sırasına Azərbaycan başda olmaqla,  Türkiyə, Türkmənistan, Özbəkistan,  Qazaxıstan, Albaniya, Əfqanıstan, Qırğızıstan, Makedoniya, Hindistan, Tacikistan daxildir. Novruz yenilik, təravət, oyanış və təbiət bayramıdır. Onun hər bir adət-ənənəsinin və simvollarının hər birinin maraqlı və düşündürücü rəmzi mənaları var.  Ölkəmiz də daxil olmaqla,  türk xalqları  Novruzu böyük təntənə və sevinclə bayram edir.  Bəs görəsən, türk xalqlarının hər biri  gecə və gündüzün bərabərləşdiyi  Novruz bayramını necə qeyd edir? Orta Asiya xalqları Novruzu özünəməxsus şəkildə bayram edir, milli təamlar bişirməklə yanaşı, milli oyun və nəğmələrlə camaatı şənləndirirlər.  Qazaxlar bayrama qədər digər xalqlarda olduğu kimi evlərdə təmizlik işinə başlayırlar. Onlar ev divarlarına və müxtəlif əşyalar üzərinə gil qablar ataraq sındırırlar.  İnsanlar tonqaldan atlanır, köhnə ilin pisliklərindən  xilas olacaqlarına inanırlar.
Qırğızıstanda isə ilin ilk günü “Nooruz” adlanır. Özbəkistanda da Novruz xüsusi mərasimlərlə, musiqi sədaları altında qeyd edilir. Bayram günləri ənənəvi idman yarışları – at yarışı, güləş, xoruz döyüşləri insanların bayram əhvalını daha da yüksəldir.Tatarlar da Novruzu böyük coşğuyla bayram edirlər. Yeni gündən sonrakı ilk bahar ayına oğlaq ayı deyirlər, ondan sonrakı aya ulu oğlaq ayı deyilir, çünki bu ayda onlar böyüyürlər. İnsanlar və bütün canlılar Novruzla canlanır. Novruz aləminin xoşbəxtliyinin əsası bərəkət və sevinc qaynağıdır. Ona görə də insanlar bir-birlərinə könüllərini açaraq, sevinclərini ortaya qoyurlar.  Göründüyü kimi, sevinc, bərəkət, oyanış və dostluq rəmzi olan Novruz əsrlər keçməsinə baxmayaraq,  öz əhəmiyyətini, aktuallığını qoruyub saxlayır. Çünki Novruz ənənələri və məramı əsrlərin sınağından keçərək özünü doğrultmuşdur. Qloballaşan dünyada Novruzun barış, sevinc və insanlığa xidmət edə bilən ən ali dəyərləri digər xalqların da diqqətini cəlb edir, bu bayrama xüsusi rəğbət bəsləyirlər.
Son olaraq tariximizin, məğlubiyyətlərimizin səbəbini daha aydın araşdırmalıyıq. Bütün bu müşahidələr əsasında sual yaranacaq. Türk birliyinə necə nail olmaq mümkündür? İlk növbədə dil birliyimizi təmin etməliyik. Arzu etdiyimiz ortaq türkcə türk dillərinin təməlində və mayasında yaradılası bir dildir. Bu, heç bir türk xalqına məcburiyyət bahasına baha- başa gəlməməlidir. Gələcəkdə türk xalqları arasında siyasi, iqtisadi, mənəvi, hərbi, mədəni əlaqələrin daha yeni səviyyədə yaranıb bərqərar olması üçün bu yöndə mənəvi təməl prinsiplərimizi inkişaf etdirməliyik. Tarixçilərimiz müəyyən məqamlarda təhrif edilmiş tariximizin doğru, düzgün faktlarla düzəldilməsinə çalışmalıdırlar. Azərbaycanın bu gün elmi təfəkkür baxımından aparıcı rol oynamaq şansları yaradıcı aydınlarımızın timsalında daha ciddi şəkildə nəzərdən keçirilməlidir. Türk xalqları arasında mənəvi, mədəni əlaqələrin möhkəmlənməsi üçün ardıcıl olaraq türk xalqlarının ədəbiyyat, mədəniyyət soraqlarının toplu kitablar şəkilində işıq üzü görməsi gərəklidir. Görəsən, Azərbaycanda ümumən Türk Dünyasındakı mənəvi-mədəni soraqlardan bu gün nə dərəcədə xəbərdardırlar? Habelə Azərbaycanın ədəbi-mədəni soraqlarını türk dünyasında, türk xalqları arasında istənilən səviyyədə yaya bilirikmi?
Hər bir millətin etnik kimliyi, tarixən əldə etdiyi mənəvi-əxlaqi resursları folklorda qorunub saxlanılmışdır. Xalqın tarixi, genezisi, etnik xarakteri, fəlsəfi dünyagörüşü, etik-estetik görüşləri, milli psixologiyası, mentaliteti folklorda mənəvi sistem kimi mövcuddur. Bizim etnomədəni dəyərlərimizin, dilimizin geniş coğrafi məkanda yayılması və inkişafında İpək Yolunun rolu var. Bu baxımdan, İpək Yolu bütün türk dünyasının ortaq tarixi-mədəni dəyəri və mirasımızdır.
Həqiqətən həyatda elə reallıqlar var ki, hər bir millətin tarixini, genetik kimliyini, tarixi məskunlaşmasını bir bayraq kimi yüksəklərə qaldırır, onu yaşatdıqca tarixiləşir və yaşadır, bütün dünyanın milli dəyəri kimi tanıdır. Bu coğrafi reallıq tarixin daş yaddaşına həkk olunaraq özünə əbədiyyət səhifəsi açır. Mənsub olduğu millət yaşadıqca, yer üzündə var olduqca, o da öz coğrafi papulyasiyasını genişləndirir. Hazırkı türk dünyası kimi dünyəvi millətin fəxr abidəsinə, qürur məbədinə çevrilir. Gələn türk nəsilləri bunları oxuyur, xalqının tarixini hafizələrə köçürür. Onun mənəviyyatı, məişəti, mədəniyyəti ilə o, yaddaşda qalanlar vasitəsilə tanış olur. Nəticədə türkçülük millətinin tarixi kimliyi, ortaya çıxışı, dili, coğrafiyası haqqında onlardan öyrənir. Tarixi yaddaşlar qəlpə-qəlpə təzələnir, tarix və onunla yanaşı, bütün coğrafi şərtlər ortaya çıxarılır.

YAZAR: Sərvanə Qarabağlı