Dünya Demokratiyasının inkişafında AXC nümunəsi
XX əsrin əvvəllərində Rusiyadakı sosial titrəyişlər cəmiyyətdə siyasi qüvvələrin ayrılması prosesini sürətləndirdi, bu da imperiyanın müstəmləkələrində güclü əks-sədaya səbəb oldu. Bu hadisələr tam genişliyi ilə Azərbaycanı da əhatə edirdi. Əsrin əvvəlləri burada milli hərəkatın yüksəlişi, siyasi partiyaların yaranması və sonralar Şərqdə ilk Xalq Cümhuriyyətinin yaradılmasında böyük rol oynamış parlaq ictimai-siyasi xadimlərin böyük dəstəsinin meydana çıxması ilə nəticələnmiş iqtisadi və siyasi həyatdakı sürətli hadisələrlə əlamətdardır. Genişlənən milli azadlıq hərəkatı milliyyət, hurriyyət, türkçülük ideyalarının gücülü təsiri altında idi. İslamçılıq meyilləri və şüarları ilə qarşılıqlı təsir və müqayisədə türkçülük ictimai fikirdə getdikcə daha çox üstünlük qazanırdı.
Milli Azərbaycan hərəkatının rəhbərləri xalqımızın tarixi və mədəni ənənələrinə istinad edərək, bu hərəkatın ideologiyası kimi azərbaycançılıq təlimini işləyib hazırlamışdılar. İdeoloji mənşəyi etibarı ilə milli Azərbaycan hərəkəti, Şərqdəki cəmiyyətin məqbul şəkildə quruluşu ideyaları ilə Qərbdəki mədəniyyət və demokratiya dəyərlərini özündə birləşdirirdi. Müasirlik, islamçılıq və türkçülük ideyaları Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrində təşəkkül tapması milli demokratik dövlətçilik məfkurəsinin formalaşmasının təməlində dururdu.
1918-20-ci illərdə Azərbaycan bütün müsəlman Şərqində ilk parlamentli, demokratik respublika formasında dünyəvi dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının çox əsrlik tarixində, milli dövlətçiliyin əsaslarının yaradılmasında, milli özünüdərkin inkişafında mühüm rol oynadı. Xalq Cümhuriyyətinin təhsilin, milli mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsi sahəsində fəaliyyəti xüsusi yadda qalmışdır. Faktlar Azərbaycan Xalq Cümhuriyyəti parlamenti və hökumətinin sosial-mədəni sahənin inkişafı üzrə sistemli və məqsədyönlü işinə dəlalət edir.
İndiki mədəni dünyada əsas demokratik normalar sayılan xalq hakimiyyəti, insan haqları, milli və irqi bərabərlik, söz, mətbuat, qadın haqları, ittifaqlar azadlığı kimi dəyərlər Yaxın və Orta Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətində elan edilmiş və əməli həyata keçirilmişdir. İlk Azərbaycan Parlamentinin demokratikliyini sübut edən cəhətlərdən biri də onun çoxpartiyalılığa əsaslanması idi. Milli Şura, sonra isə Parlament bütün siyasi partiyalara onun işində iştirak etmək üçün müraciət etmişdi.
Tariximizə nəzər salsaq, istər dinimizdə, istərsə milli təfəkkürümüzdə qadına böyük hörmət və sevginin olduğunu görə bilərik. Cümhuriyyət dövründə əldə edilmiş təcrübəni təhlil edərkən, M.Ə.Rəsulzadə aprel çevrilişindən sonrakı dövrdə “Əsrimizin Səyavuşu” əsərində qeyd edirdi ki, “kişi və qadın onlardan birinə məxsus imtiyazlar olmadan məmləkət idarəsində iştirak edir, qanunverən qurumlara girmək hüququna malik idilər. Maarif, nəşriyyat işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu” Azərbaycan milli hökumətinin qadın bərabərliyi sahəsində fəaliyyətinin araşdırılması Azərbaycan xalq Cümhuriyyətində demokratiyanın xüsusiyyətləri ilə bağlıdır.
XX əsrin əvvəllərindən Azəraycanın mütərəqqi maarifpərvərlər mühitində feminist baxışların güclənməsi patriarxal məişət tərzinə qarşı ciddi çağırış idi. Rusiya dumasında Azərbaycanı təmsil edən deputat X.Xasməmmədov müsəlman qadınlarına seçki hüququnun verilməsini təklif edib və müsəlman fraksiyası gərgin müzakirələrdən sonra bununla razılaşmışdır. Bundan əvvəl isə Əlimərdan bəy Topçuaşov Rusiya müsəlmanlarının üçüncü qurultayında qadınların seçki hüququna dair təklif irəli sürmüş, ancaq yerdən hücümlara məruz qalmışdır. Uzun mübarizədən sonra qadınlara seçki hüququ İslam qanunlarına uyğun olaraq proqrama daxil edildi.
1919-cu ildə cumhuriyyətin ictimai-siyasi həyatında əlamətdar bir hadisə baş verdi. 1918-ci ildə qadınlara verilən seçki hüququ praktiki baxımdan gərçəkləşməyə başladı. İyulun 21-də parlament bu məsələ ilə bağlı qanun qəbul etdi. Azərbaycan Müəssisələr Məclisinə seçkilər haqqında əsasnaməyə görə qadınlara dövlət hakimiyyəti qurumlarına seçmək və seçilmək hüququ verildi. Azərbaycanda belə bir qanunun qəbul edilməsi uğrunda qadınlar Amerika və Avropa ölkələrinin qadınlarından fərqli olaraq, heç bir mübarizə aparmamışdılar. Azərbaycan qadınının səsvermə hüququ əldə etməsi beynəlxalq sufrajist təşkilatların qələbəsi ilə eyni vaxta düşmüş və təsadüfi xarakter daşımamışdır. Azərbaycan xalqının siyasi qüvvələri çar Rusiyasının müstəmləkə rejiminə qarşı daha nizamlı mübarizə aparmaq üçün geniş qadın kontingentinin dəstəyinə ehtiyac duyurdular. Maarifpərvər qadınlar cəmiyyətin ziyalı təbəqəsi idi və onlar savadsız qadınların inqilabi –siyasi şüurlarına və dünyagörüşlərinə ciddi təsir göstərmək qabiliyyətinə malik idilər.
Bu sahədə atılan addımlardan biri də qadınların ictimai fəallığının artırılması oldu. Bakıda fəaliyyət göstərən “Müsəlman Qadınlar Cəmiyyəti” öz fəaliyyətini genişləndirərək bir sıra tədbirlər keçirir, mədəni gecələr təşkil edir, xeyriyəçiliklə məşğul olurdu. 1919-cu ildə Lənkəran şəhərində görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyovun qızı Məryəm xanım tərfindən qadın xeyriyyə cəmiyyəti yaradılmış və cəmiyyət müsəlman qadınların maarifə, mədəniyyətə cəlb olunması üçün mühüm xidmətlər göstərmişdi. Cümhuriyyətin moderinləşmə proqramında maarifçilik sahəsinə geniş yer verilmişdi. Qadınların hüquq bərabərliyi ideyasının realizə olunmasında elm, təhsil proqramlarının reallaşdırılmasıvacib idi.
AXC- in ən mühüm mədəni tədbirlərindən biri Bakı Dövlət Universitetinin təşkili oldu. Hökumət Universitetin maddi-texniki təchizi, pedaqoji kadrların cəlb olunması, müvafiq binaların ayrılması üçün böyük səylər göstərirdi. Azərbaycan hökuməti eyni zamanda 100 tələbəni xarici tədris müəssisələrinə göndərdi.. bu məqsədlə Xalq Maarif Nazirliyinə 7000000 manat ayrılmışdır. Dövlət təqaüdü alan tələbələr təhsili başa vurduqdan sonra hökumətin təyinatı ilə 4 il işləməli idilər.
Azərbaycanlı qızların ali təhsil almaları üçün də AXC dövründə də ilk kövrək addımlar atılmışdı. Bakı Dövlət Universitetinin yaradılması haqqında qanuna görə, universitetə həm kişi, həm də qadın cinsindən olan şəxslər qəbul oluna bilərdilər, universitetin idarə olunmasında, tədrisdə, təsərrüfat hissəsində qadınlar kişilərlə bərabər hüquqlara malik idilər.
Azərbaycan Cümhuriyyətinin sosial mədəni sahədə fəaliyyəti ölkənin çoxmillətli əhalisi ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilirdi. Milli azlıqların mədəni-maarif ehtiyaclarının ödənilməsi üçün müxtəlif imkanlardan istifadə olunurdu.Nazirlər Şurasının qərarı ilə yeni məktəblər açmaq və dərsliklər almaq üçün Rus Milli Şurasına 500 min manat ayrılmışdı.
1918-1920 –ci illərdə mövcud olmuş olmuş Azərbaycan Demokrtik Respublikasının qurulmasında və fəaliyyətində müəyyən rol oynamış Topçubaşov həmçinin Rusiya müsəlmanları içərisində islam reformizminin baçlıca təşəbbüsçüsü idi. Əlimərdan bəy islam dinində məzhəb ayrılığının əleyhinə idi. O, islam təməl prinsiplərinə tapınmağın zəruriliyini anlayan və bu prosesin bünövrəsini qoyan ilk müsəlman xadimlərdən biri idi. XX əsrin əvvəllərində ilk müsəlman qurultaylarından başlamış ömrünün sonuna qədər islamın gücünü məzhəb ayrılığında deyil, etiqad və iman birliyində görürdü. Tarixin məhz bu mərhələsində o, genişlənən milli hərəkata başçılıq etmiş Qafqaz və Rusiya müsəlmanlarının oyanışında, tarix səhnəsinə çıxmasında milli ideallarına qovuşmasında əvəzsiz rol oynamışdır. Rusiyanın müsəlman xalqlarının lideri kimi çıxış edərək, onların siyasi ir qüvvə kimi təşkilatlanmasının əsasını qoymuş, imperiyanın böyük bir coğrfiyasında yaşayan türk xalqlarının milli yaddaşını cilalamış və onların kimlik şüuruna tapınmasında müstəsna xidmət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu ərzində milli dirçəliş maarif və mədəniyyətin inkişafı üçün mümkün olan hər bir şey edilmişdir. Daxili sabitlik möhkəmləndikcə, müstəqillik qüvvətləndikcə, sosial-mədəni sahədə, maarifin, xüsusi təhsilin, incəsənətin, mətbuatın inkişafı və bunun həyata keçirilməsi üçün konkret, məqsədə yönlü siyasət işlənib hazırlandı. Dünyəvi dövlət, dünyəvi təhsil və mədəniyyət kimi prinsiplər ardıcıl həyata keçirilirdi. Milli özünüdərkin inkişafı güclənir, onun yüksəlişi düzgün, yaradıcı yola istiqamətləndirilirdi. Sosial-mədəni problemlərin həlli zamanı milli mənafelər gözlənilir, meydana çıxan ziddiyət və çətinliklər mədəni üsullarla həll edilirdi.
Azərbaycan Cümhuriyyətinin xalq maarifi və mədəniyyət sahəsindəki fəaliyyətinin təhlili, belə qənaətə gəlməyə imkan verir ki, onun bu istiqamətdə gördüyü iş tarixi və mədəni inkişafının qanunauyğun nəticəsi, Azərbaycan maarifçilərinin çoxdankı arzularının yeni şəraitdə gerçəkləşməsi olmuşdur.
Ədəbiyyat siyahısı
- Əbdülhüseyn Ənbiya oğlu. “XX əsrin 100 görkəmli azərbaycanlısı”. Bakı, “Sumqayıt” nəşriyyatı, 2002
- Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. Bakı; 2009
- Həsənov H, Məmmədov A. Əlimərdanbəy Topçubaşov mətbuat səhifələrində. Bakı; Elm,2005
- Topçubaşov. Ə. Paris məktubları. Bakı; 1998
- Azərbaycan tarixinin parlaq səhifələri.- Bakı: Azərnəşr, 1998.
- Əhmədli Rafail. Azərbaycan dövlətçilik fəlsəfəsinə dair.- Bakı: Təknur
- Azərbaycan Xalq Cümhuriyyəti: Ədəbiyyat, dil, mədəniyyət quruculuğu.- Bakı: Elm, 1998
- Hacıyeva Maarifə. Ədəbi düşüncələr.- Bakı: Azərb.Dövlət Nəşriyyatı, 2003