dron jurnalistikası
Müasir dövrdə internetin və digər texnologiyaların sürətli inkişafı mediaya da təsirsiz ötüşməyib.Bu isə öz növbəsində bir sıra yeni anlayışların, terminlərin yaranması və tətbiqi ilə nəticələnib. Yeni istiqamətlərdən biri də ilk dövrlər hərbi sahədə istifadə olunan dronların bu gün mediada tətbiq olunaraq “Dron jurnalistikası”nı formalaşdırmasıdır. Bu cihazların texnoloji imkanları və maliyyə dəyəri onları qısa vaxt ərzində aktuallaşdırdı. Eyni zamanda bu qurğuların istifadə olunması təhlükəsizlik məsələsini, mediada dronların istifadəsini tənzimləyən qanunların olmasını gündəmə gətirdi. İngilis dili lüğətlərində “Vızıltı” , “Erkək arı” mənasında işlənən dron ifadəsi, dilçi və leksikoloq Ben Zimmerə görə 1935-ci ildən radio ilə idarəolunan DH.82B “Queen Bee” təyyarələrinin nümayişindən sonra termin olaraq istifadə olunmağa başlanılıb. Bundan əlavə dron ifadəsi “Pilotsuz uça bilən vasitələr”, “Uzaqdan idarə olunan hava vasitələri” kimi istifadə olunur. Müasir dünyada Dron və PUA ifadələri artıq bir sinonimə çevrilib. Belə ki, dron ifadəsi hər hansı bir PUA-ya aid edilə bilər, lakin radioidarə olunan vasitələrə əksinə tətbiq edilə bilməz. Bəzi texniki vasitələr suni peyklər, videotexnologiyalar və.s kimi bu qurğular da ilk dövrlər hərbi məqsədlər üçün nəzərdə tutulsa da, daha sonra kənd təsərrüfatı, səhiyyə, təhsil, incəsənət, tikinti, ekologiya və s.sahələrdə geniş istifadə olunmağa başlanıldı. Jurnalistikada dronlardan istifadə 2010-cu ildən başlasa da, səmadan fotoların çəkilməsi təyyarənin kəşfindən də əvvəlki dövrə gedib çıxır. Belə ki, insanlar istər özlərinin iştirakı, istərsə də özləri olmadan müxtəlif yollarla kameranı səmaya qaldırmağı bacarırdılar. Hündürlüyə qalxaraq ilk dəfə yerin şəklini çəkən daha çox Nadar adı ilə tanınan əsl adı isə Qaspar Feliks Turnaşon olan məşhur Fransız fotoqrafı olmuşdur. O, bu fotonu 1858-ci ildə yerdən 80 metr yüksəklikdən çəkmişdir. XIX əsrin ən böyük karikatura ustalarından biri Onore Domye 1862-ci ildə “Nadar fotonu incəsənətin yüksəkliyinə qaldırdı” başlığı altında onun karikaturasını çəkərək çap etdirmişdi. Çox təəssüf ki, Nadarın ilk səmadan çəkildiyi fotosunu uzun müddət mühafizə etmək mümkün olmadı. Vaxtilə səmadan yeri çəkmək üçün digər üsullardan da istifadə olunurdu. Bunlardan biri də çərpələngdən istifadə idi. Buna misal olaraq 1882-ci ildə ingilis metroloqu E.D.Arçibald, 1889-cu ildə isə Artur Batutun çərpələngdən istifadə edərək uğurlu foto əldə edə bildiklərini göstərə bilərik. İlk dron ingilis mühəndisi və tədqiqatçısı Arçibald Montüomeri Lou tərəfindən 1916-cı ildə istehsal olunub. Bu qurğular “Hewit Sperry” adlanan dron l Dünya müharibəsində istifadə olunub və məhdud sayda istehsal edilib. Həmin dronlarda kameralar olmayıb və onlardan havadan mərmi yağdırmaq üçün istifadə edilib. Dronların kameralarla təchiz olunması isə Vyetnam müharibəsi zamanı geniş vüsət aldı. Jurnalistikada dronlardan 21-ci əsrin ilk onilliyindən istifadə olunmağa başlanıldı. İlk dron mediada 2011-ci ildən istifadə olundu və bu sahəyə diqqət cəlb edə bildi. Əvvəllər səmadan görüntü əldə etmək üçün hava şarları, helikopter və təyyarələrdən istifadə etmək mümkün olsa da maliyyə baxımından bu baha başa gəlir, eyni zamanda onları uzaqdan idarə etmək mümkün olmurdu. Bu səbəblədə bu çəkilişlərdən geniş istifadə olunmurdu. 2011-ci ildə Yaponiyada baş verən güclü zəlzələdən sonra yaranmış sunami nəticəsində Fukuşima Atom Elektrik Stansiyasında böyük bir fəlakət, radiasiya və dağıntı səbəbiylə stansiyaya daxil olmaq çətin olmuş və zərəri müəyyənləşdirmək, xilasetmə işlərini həyata keçirmək üçün dronlardan istifadə olunmuşdu. Rəsmi qurumlar tərəfindən həyata keçirilən bu dron çəkilişləri mediada yayımlanmış və böyük marağa səbəb olmuşdur. Bu hadisə insan sağlamlığı üçün riskli olan bölgələrdən informasiya və görüntü əldə etmək üçün dronlardan istifadə etmək məsələsini aktuallaşdırdı. Bu da öz növbəsində media mütəxəssislərini pilotsuz jurnalistikanın imkanları ilə maraqlanmağa həvəsləndirdi. Həmin hadisədən sonra New York Times “Dron Jurnalistikası gəlir” başlığı ilə xəbər yayımladı. Dron jurnalistikası drondan istifadə edilərək media üçün xəbər toplama mənasını verir. Bir çox tədqiqatçılar dronların jurnalistikaya sürətlə daxil olmasını və bu prosesin sürətlə inkişaf etməsi fikrini təsdikləyir. Bu da öz növbəsində tipik bir xəbər toplama qrupunda tələb olunan insan resurslarının azalmasına gətirib çıxaracağını proqnozlaşdırır. Hər halda, sosial media dövründə jurnalistikanın transformasiyası ilə əlaqədar olaraq, jurnalist yaradıcılığının köklü şəkildə dəyişdirilməsi ehtimalı da azdır.
Yazar: Mehin Vəliyeva