DQMV və Naxçıvan MSSR-in yaradılması
Milli Azadlıq hərəkatı xalqın xarici hökmranlıqdan və işğaldan qurtulmaq üçün apardığı mübarizə formalarından biridir. Dünyada XIX əsrdə meydana çıxan milli azadlıq hərəkatının ilk nümayəndələri Habsburqlara qarşı mübarizə aparan italyanlar və britaniyalılara qarşı mübarizə aparan feniyalılar olmuşdur. Bir çox milli azadlıq hərəkatı isə XX əsrdə müstəmləkə sisteminin çöküşü nəticəsində meydana gəldi.
Təbii ki, Azərbaycanda 1988-1991-ci illəri əhatə edən milli azadlıq hərəkatını doğuran səbəblər tarixin qədim dövrünə gedib çıxır. Bildiyimiz kimi tarixən ruslar hələ I Pyotr dövründən başlayaraq ermənilərin (hayların) Qafqaz ərazisinə köçürülməsinə böyük önəm verirdilər. Çünki Rusiya işğal etdiyi ərazilərdə dünya tarixinə qədim Romadan miras qalan bir taktika “Parçala və hökmranlıq et” taktikasını yeridirdi. Təbii ki, fikri daxilən bir-birinə qarışan xalqlar əsl düşməni unudur və buda metropolyaya sərf edirdi. Bildiyimiz kimi, bundan sonra ermənilər sonradan gəlmə olmasına baxmayaraq Azərbaycana qarşı bir çox ərazi iddiaları irəli sürmüşdü. Bəli. Kirin hakimiyyəti zamanında da belə olmuşdu, Cavanşir xəyanətlə qətlə yetiriləndə də, Babək erməni tərəfindən ərəblərə satılanda da. Həzi Aslanovun qətlini təşkil edən erməni Baqranyan da, S.Şaumyan da, öz Ocaq kitabı ilə ermənilərdə təbliğat yaradan Zori Balayan da məhz öz əcdadlarının satqınlıq və xainlik siyasətini miras götürmüşdü. Məsələnin kəskinləşməsi və milli münaqişə ocaqlarının meydana gəlməsi isə 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulması dövrünə təsadüf edir. Bildiyimiz kimi Rusiyada sonuncu Çar hesab edilən Nikolayın dövründə əhalinin hökumət və müharibə əleyhinə üsyanları artmışdı. Çar Nikolayın həyat yoldaşının Alman əsilli olması və yeganə varis hesab edilən Alekseyeviçə qan xəstəliyi – hemofiliyanı keçirməsi xalqın qəzəbini daha da artırdı.Yekun olaraq, 1917-ci il Fevral burjua inqilabı ilə Rusiyada 300 illik Romanovlar sülaləsi və Çarizm devrildi. Beləliklə, Qafqaz regionu həm bolşeviklər, həm də ağ qvardiyaçılar üçün önəmli regiona çevrildi. Bolşeviklər əvvəlcə Qafqaz xalqlarına qarşı yumşaq siyasət yeridirdi. Bu dövrə qədər sadəcə milli-mədəni muxtariyyət iddiası olsa da, bu dövrdən etibarən xalqların öz müqəddəratını təyin etməsi üçün “Müstəqil Respublikaların ” yaradılması məsələsi gündəmə gəlmişdi. 1918-ci ilin mayında həm Azərbaycanda, həm də Ermənistanda müstəqil respublikalar qurulsa da, Osmanlının müharibə dövründə Qafqaza daxil olmasını Rusiya özünə təhdid kimi qəbul etdi. Mövzumla bağlı mühüm məsələlərdən biri isə Naxçıvan ərazisinin qorunması üçün Osmanlı və yerli hakim dairələr tərəfindən, Naxçıvan, Iğdır və Ermənistanın bir hissəsini əhatə edən Araz Türk Respublikasının yaradılmasıdır. Əgər bu gün Naxçıvan və Iğdır Türk ərazisidirsə, bu, o dövrdə yaradılan Araz Türk Respublikasının sayəsində oldu. Belə ki, müharibədə məğlub olan Osmanlı dövləti Mudros sülh müqaviləsinə əsasən Qafqazdan çıxmalı idi. Bundan istifadə edən bolşeviklər onsuz da zəifləyən AXC hakimiyyətini devirmək üçün XI Qızıl Ordunun köməyi ilə 1920-ci ilin aprel ayında AXC-ni süquta uğradaraq Azərbaycanda Sovet Bolşevik hakimiyyətinin əsasını qoydular. Burada erməni xəyanətini xüsusi qeyd etmək lazımdır. Belə ki, hücum zamanı Qarabağda yerləşən “Qarabağ Milli Şurası” ermənilərin təhriki ilə qiyam qaldırmış, nəticədə AXC əsas qüvvələrini Qarabağa yolladığı üçün Şimal sərhədləri müdafiəsiz qalmışdı. Bolşeviklər əvvəlcə milli problemi həll etmək üçün Azərbaycanyönümlü siyasət yeridirdi. Orconikedzenin bu dövrdə Çiçerinə vurduğu teleqramda qeyd olunurdu ki, “Azərbaycan Qarabağ və Zəngəzurun özlərinə verilməsini tələb edir. Zənnimcə, bunu etmək daha doğrudur. Çünki bu ərazilərin İrəvanla heç bir bağlılığı yoxdur”. Fikrimcə, rusların bu dövrdə Azərbaycanyönümlü olmasında əsas səbəb Ermənistanda daşnak partiyasının Qərbin agenti olması idi. Necə ki müasir dövrdə Paşinyan Qərbin adamı olduğu üçün Putin dəstəyindən məhrum qalmışdı, bu dövrdə də ruslar Ermənistanda mövcud vəziyyəti dəyişdirənə qədər Azərbaycanyönümlü siyasət yeridirdi. Rusiya Hərbi İnqilab komitəsinin rəhbəri Orconikedzenin Qarabağın Həkəri çayına qədər olan ərazisinin Azərbaycana məxsus olması fikri Ermənistanda şok yaratmışdı. 1920-ci ilin sentyabrında başlanan erməni-türk müharibəsində ermənilərin məğlub olması ilə Türkiyə İrəvanın 10 km-liyinə qədər gəldi. Bununla da Ermənistanda hökumət əleyhinə narazılıqlar başlandı. Nəticədə, yerli bolşeviklər çevriliş edərək Ermənistanda Sovet hakimiyyətinin yaradılmasını elan etdilər. Təbii ki, bu dövrdən sonra Sovet Rusiyasının Azərbaycana qarşı olan fikirləri dəyişdi. 30 noyabr 1920-ci ildə Orconikedze tərəfindən Nərimanova Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi ilə bağlə bəyannamə hazırlamaq tapşırıldı. Hətta mənbələrə görə o, bu əraziləri ” Çılpaq dağlıq, xəstəliklərlə dolu və heç bir işə yaramayan ” ərazi adlandırmışdı. Dekabr ayında Azərbaycanın mübahisəli ərazilərindən rəsmən imtina edildiyi “Pravda” qəzetində təsdiqləndi. Naxçıvan isə Azərbaycanın qəyyumluğu altında şərti muxtar ərazi oldu. Bu qərarın verilməsində Türkiyə və Rusiya arasında imzalanan Qars müqaviləsinin də mühüm rolu var idi. 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin birinci maddəsində deyilirdi: ” Zaqafqaziyaya dair üçüncü dövlətlə bağlanan bütün müqavilələr ləğv edilməlidir “. 2-ci və 3-cü maddədə qeyd olunurdu ki, tərəflər güc vasitəsilə edilən heç bir müqaviləni təsdiq etməyəcək. 4, 5 və 6-cı maddələrdə qeyd olunurdu ki, Naxçıvana Azərbaycan himayəsindən muxtariyyət verilsin. 7, 8, 9-cu maddələrə görə boğazlar bütün müqavilə tərəfdarlarının ticarət gəmilərinə açıq olmalı idi. 11, 12 və 13-cü maddələrdə tərəflərin qarşı tərəf ərazisində yaşayan vətəndaşlarının hüquq və azadlıqları müəyyən edilirdi. 14, 15 və 16-cı maddələr hərbi əsirlərlə bağlı idi. 17, 18 və 19 cu -maddələr isə ölkələrarası dəmiryol, rabitə xətlərinin çəkilməsi ilə bağlı. Nəhayət, 20-ci maddə və ona edilən 3 əlavədə müqavilənin təsdiqi və dövlətlərarası sərhədlər müəyyən edilirdi. Müqaviləni Türkiyə tərəfdən Kazım Qarabəkir Paşa, Gürcüstandan Ş.Əlieva, Ermənistandan A.Mravyan və RSFSR tərəfdən Y.Qaneski imzaladı. Bu müqavilə Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirdi. Baş verən üsyanlar nəticəsində 2 aprel tarixində XI Qızıl Ordu İrəvana girdi. Bundan sonra Qarabağla bağlı məsələnin müzakirəsi üçün 2 azərbaycanlı, 1 erməni və 2 gürcüdən ibarət heyət yaradıldı. Bildiyimiz kimi, Gürcüstan bu məsələdə Ermənistana qarşı idi. Tərəflər arasında yekun razılaşma əldə edilmədiyinə görə 1921-ci ilin iyulunda Qafqaz Bürosunun iclası keçirildi. 4 iyul tarixində Qarabağın Ermənistana verilməsinə səs verən Orconikedze 5 iyul tarixində qərara yenidən baxılmasını tələb etdi. Fikrimcə, bu, Stalinin Tiflisə gəlməsi ilə bağlı idi. Stalin Qarabağın Azərbaycanda qalması ilə Şərq xalqlarında Bolşevik inqilabı yaratmaq məqsədi güdürdü. Həmçinin Qırmızı Ordu həmin gün Zəngəzurun fəthini, demək olar ki, tamamlamış və Qarabağın Ermənistana verilməsi üçün səbəb qalmamışdı. Nəticədə, Status-kvo qorunaraq 7 iyul 1923-cü ildə DQMV-nin yaradılması ilə bağlı qərar qəbul edildi. Şuşa şəhəri, Xankəndi, 115 kənd, Qaryagin qəzasından 30 kənd DQMV-nə verildi. Bundan sonra bolşeviklər Moskva və Qars müqavilələrinə zidd olaraq Naxçıvan SSR-in muxtariyyətinin məhdudlaşması haqda fikirlər irəli sürməyə başladı. Təbliğat maşını xalq arasında işə salındı və 1923-cü il 5 fevral tarixində bu məsələ Ümumxalq müzakirəsinə verildi. 1923-cü il dekabrın 31-də Azərbaycan MİK bu barədə qərar qəbul etdi. Naxçıvan SSR Azərbaycanın tərkibində Naxçıvan MSSR-ə çevrildi. 1924-cü il tarixli dekretlə də bu qərar təsdiq edildi. Bolşeviklər bütün bu qərarlarla milli münaqişəni həll etdiyini düşünsələr də əslində, daha böyük münaqişə üçün zəmin yaratdı. 80-90-cı illərdə ermənilər 4 iyul qərarını əsas tutaraq guya Qarabağın 5 iyulda onlardan alınıb Azərbaycana verilməsi fikrini irəli sürdülər və bununla da daha böyük problemlərin – Birinci və İkinci Qarabağ müharibəsinin əsası qoyuldu. Azərbaycanda Sovet hakimiyyətinin qurulması, aydındır ki, özü ilə birlikdə yeni idaretmə sistemi də gətirmişdi. Lakin tarixən bizə məlumdur, heç bir metropoliya öz müstəmləkəsinin müəyyən bir səviyyədən sonra irəli getməsinə icazə vermir. 23 aylıq AXC hakimiyyətindən sonra xalqın bu cür idarəyə öyrəşməsi asan olmadı.
Hadisələrin gedişi göstərirdi ki, sinfi mübarizələr ölkədə iqtisadi və sosial böhran yaradan əsas səbəblərdəndir. Bu dövrdə yerli qolçomaqlara divan tutulması əhalinin narazılıq hissini daha da artırdı. 1929-1935 ci illərdə qolçomaqlar bir sinif kimi ləğv edildi. Əhalinin əks-inqilabçı kimi cəzalandırılması, güllələnməsi, repressiyalara məruz qalıb partiya sıralarından xaric edilməsi adi hala çevrilmişdi. Bütün bu qəddarlıqlar əhalini üsyanlara sövq etməyə bilməzdi. Amma bu üsyalar amansızlıqla yatırıldı. Sovet qoşunları üsyançılardan xeyli sayda silah və sursat əldə etdilər. Bütün bu üsyanlar nəticəsində minlərlə üsyançı qətlə yetirilmiş, əhaliyə qarşı sərt tədbirlər davam etdirilmişdir. Ümumiyyətlə, biz Rusiya tarixinə nəzər salsaq, görərik ki, Rusiya istər qədim dövrdə, istərsə də müasir dövrdə daha çox xaricə meyilli bir dövlət olub. Daxildə isə öz hakimiyyətini saxlamaq üçün “Parçala və hökmranlıq et” siyasətindən istifadə edib. Rusiyanın tarixinə də baxsaq istər çarizm dövründə, istər müharibələr dövründə, istərsə də SSRİ dövründə daxildə həmişə üsyanların və qarışıqlıqların olduğunu görərik. Bu da ən sonunda SSRİ-nin sonunu gətirdi.
Məsələn, heç maraqlıdırmı niyə kommunizm SSRİ-yə nisbətən Çində daha böyük naliyyət əldə etdi? Bu məsələni araşdırarkən maraqlı faktlara rast gəldim. Belə ki, Qorbaçovla eyni dövrdə Çində Den Syopin də kommunist islahatlara başladı. O, qeyd edirdi ki, “Pişik siçanı tutursa onun nə rəngdə olmasının heç bir fərqi yoxdur”. Yəni sənin daxilində xalqının rifahı yaxşıdırsa, onlara sənin xaricdə necə olmağın vacib deyil, onlar daim arxanda dayanacaqlar. Əgər bir dövlət əhalinin vəziyyətini, kənd təsərrüfatını möhkəmləndirmədən mülkiyyət üzərinə nəzarət qoyarsa, bu, o qədər də gözə batmaz. Buna görə də çinlilər bu islahata birbaşa kənd təsərrüfatından başladı. Ruslar isə tarixin istənilən dövründə islahatlara sənayedən və hərbidən başlayıb. Bu islahatların bütün ağırlığı isə təbii ki, xalqın üzərinə düşürdü. Bu da 20-ci illərdə olduğu kimi bir çox üsyanların yaranmasına gətirib çıxarırdı. Nikola Makiavellinin “Hökmdar” əsərində qeyd etdiyi kimi: ” Ən çətin idarə edilən imperiya çoxmillətli imperiyadır. Sən düzgün siyasət qura bilməsən, əvvəl-axır dövlətin süqutunu gətirəcəksən “.
Rus tarixinə nəzər salsaq görərik ki, bu siyasət əvvəlcə çarizmin, daha sonra SSRİ-nin sonunu gətirdi. Bu sonu yaşamaq istəməyən Putin isə bu dəfə Qarabağ məsələsində səssiz qaldı və mənim fikrimcə, “Rus ayısı qış yuxusuna getdi”. Yəni Rusiya artıq gec də olsa başa düşdü ki, çoxmillətli bir dövlət belə idarə edilə bilməz. Üçüncü dünya müharibəsi qapını çalarsa, xalqların onu müdafiə edib-etməyəcəyi müəmma idi. Bunu nəzərə alan Rusiya bir müddət daxilə yönəlmək qərarı verdi. Unutmaq olmaz ki, sadəcə daxilindən əmin olan dövlət xaricdə öz sözünü deyə bilər.
İstifadə olunmuş Ədəbiyyat:
1) Millətlər niyə tənəzzül edir. D. Acemoğlu (London, 2014)
2) Nağı Akif “Qarabağ məsələsi qısa tarix “ (Bakı, 2009)
3) Thomas De Wool “Nagorno Karabagh Confilict” (London, 2010)
4) New York Times qəzeti, dövrlə bağlı nüsxəsi
5) Nikola Makiavelli “Hökmdar”
6) Əmrahov “Milli azadlıq hərəkatı “
YAZAR: Müşfiqə Quliyeva
Həmçinin bax: Mirzə Fətəli Axundov: Həyat və yaradıcılığı
Həmçinin bax: turaz.org/telebelerin-50-faizi-dovlet-budcesi-hesabina-teqaud-ala-bilecek/
Həmçinin bax: tehsilim.org/adpu-tehsil-ixtisasi-uzre-magistraturada-beynelxalq-ikili-diplom-proqrami-elan-edir/