Dövlətlərarası münasibətlərə dair klassik ənənə
Dövlətlərarası münasibətlər lap qədim zamanlardan dövrünün müdrik insanlarını yaxından maraqlandırmışdır. Bu haqda müxtəlif fikirlər meydana gəlmişdir.
Fukidid
Dövlətlərarası münasibətlərin dərin təhlili ilk dəfə olaraq iki min il əvvəl Fukidid tərəfindən verilmişdir.“Peloponnes müharibəsinin tarixi yeddi kitabda” adlı əsərində o, bu məsələlərlə bağlı mülahizələrini irəli sürmüşdür. Bu əsərdə yer almış bir sıra mülahizələr müasir günümüzdə də aktuallığını saxlamaqdadır. Uzunmüddətli, yorucu müharibənin səbəblərini araşdıran müəllif onun subyektlərinin (afinalilar və lakedemonyanlar) qüdrətli və tərəqqi edən xalqlardırlar və onlardan hər biri öz rəqibinin üzərində üstünlüyünü təmin etməyə çalışır.Bununla da dövlətlər arasında sonradan müharibəyə çevrilən ziddiyyətlər və ya münaqişələr meydana gəlmişdir. Onun fikrincə, afinalıların davranışları qarşı tərəfdən özü üçün təhlükəli qəbul olunmuşdur və onu müharibəyə başlamağa sövq etmişdir. Lakedemonyanlar etiraf edirdilər ki, sülh pozulmuşdur və müharibəyə başlamaq zərurəti yaranmışdı. Bu müharibənin başlanmasını şərtləndirən əsas məqam afinalıların güclənməsi ilə bağlı idi. Fukidid əsaslandırır ki, iki subyekt arasında ən təsirli arqument rolunda ancaq güc çıxış edə bilər. Dövlətlərarası münasibətləri səciyyələndirən tarixçi qeyd edir ki, zəiflər həmişə güclülər tərəfindən dəf olunurlar. Bununla yanaşı, Fukidid hesab edir ki, dövlətin gücü və qüdrəti əsas məqsəd deyildir. Onlar yalnız dövlətin maraqlarının, nüfuzunun və təhlükəsizliyinin qorunması alətləri rolunda çıxış edirlər. Qeyd etmək lazımdır ki, Fukidid gücün və zorakılığın tərəfdarı deyildi. O, təəssüflə gücə istinadın qaçılmaz olduğunu qeyd edirdi. Fukidid dövlətlərarası qarşılıqlı münasibətlərdə hüquq normalarının rolunu yüksək qiymətləndirirdi. Lakin qeyd edirdi ki, gücləri bərabər olduğu halda hüquqnormaları təsirli olur. Belə olmadığı halda isə,hüquq gücsüzdür və güclü dövlət istədiyi kimi davranır, zəifisə güzəştə getmək məcburiyyətində qalır.
Beləliklə, göründüyü kimi, Fukidid müasir siyasi elmdə ən təsirli cərəyanlardan birinin əsasını qoymuşdur. Sonrakı dövrdə bu cərəyan klassik adını almışdır və Nikolo Makiavellinin, Tomas Hobbsun, Emerik de Vattelin və digərlərinin baxışlarında ifadəsini tapmışdır. Belə yanaşma tərzi avstriyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin əsərində özünün tam bitkin formasını almışdır.
Tomas Hobbs
T.Hobbs hesab edirdi ki, insan, təbiəti etibarilə eqoistdir. Onda hakimiyyət hərisliyi vardır. Təbiətən insanlar qabiliyyətlərinə görə qeyri-bərabər olduqlarına görə onlar arasındakı rəqabət, qarşılıqlı etimadsızlıq, maddi resurslara can atmaları “hamının hamıya qarşı müharibəsinə” gətirib çıxarır. Müharibə insan qarşılıqlı münasibətlərinin təbii vəziyyətidir. Qarşılıqlı məhvolmadan qurtulmaq üçün insanlar ictimai müqavilə bağlamaq məcburiyyəti qarşısında qalırlar. Bunun da nəticəsi dövlətdir-Leviafandır. Bu, insanların könüllü şəkildə öz hüquq və azadlıqlarını dövlətə verməsi yolu ilə baş tutur. Dövlət də bunun əvəzində ictimai asayişi, sülhü və təhlükəsizliyi təmin edir. Bununla da insanlar arasındakı münasibət süni xarakter alır. Buna baxmayaraq, dövlətlər arasındakı münasibətlər özünün təbii vəziyyətində qalmaqda davam edir. Bu təbii vəziyyət də, artıq qeyd olunduğu kimi, müharibə vəziyyətidir. Müstəqil olduqlarına görə dövlətlər heç bir məhdudiyyətlərlə bağlı olmurlar. Dövlətlərin hər birinə nə əldə etməyə qadirdilərsə, o da məxsusdur.Dövlətlərarası münasibətlərin yeganə tənzimləyicisi gücdür.Bu münasibətlərin iştirakçıları isə qladiatorlar vəziyyətində olurlar. Belə ki, onlar silahlarını hazır tutaraq, biri-birilərinin davranışlarını ehtiyatla izləyirlər.
T.Hobbsun bu ənənəsinin bir istiqamətini də hollandiyalı mütəfəkkir B. Spinoza, ingilis filosofu D.Yum və Emerik de Vattel dəstəkləmişlər.
T.Hobbsdan fərqli olaraq Emerik de Vattel dövlətlərarası münasibətlərə o qədər də bədbin baxmır. O, hesab edir ki, dünya dəyişmişdir, ən azından Avropa hamının münasibətlərlə və millətlərin müxtəlif maraqları ilə birləşdiyi siyasi sistemi ifadə edir. Artıq vəziyyət dəyişmişdir və insanların onlara aid olmayanlara maraq göstərmədiyi zaman keçmişdir. Dövlətlərin bütün Avropada baş verənlərə maraq göstərmələri, səfirlərin səfərləri, danışıqlar və s. ümumi maraqların da meydana gəlməsini şərtləndirmişdir. De Vattel hesab edir ki, məhz belə vəziyyət siyasi bərabərliyi, hakimiyyət bərabərliyi ideyasını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Bununla yanaşı, de Vattel klassik ənənəyə uyğun olaraq hesab edirdi ki, millətin maraqları ilə müqayisədə ayrı-ayrı şəxslərin maraqları ikinci dərəcəlidir. Dövlətin xilas olunmasından söhbət gedən zaman əlavə ehtiyatlı olmağa ehtiyac yoxdur. Əgər təhlükənin mövcudluğuna asanlıqla inanılırsa, bunda özünün müəyyən məqsədlərini nümayiş etdirən qonşu günahkardır. Bu, o deməkdir ki, təhlükəli qonşuya qarşı preventiv müharibə qanuni və ədalətlidir. Bəs qonşunun gücü digər dövlətlərin gücünü ciddi şəkildə üstələdiyi halda nə etmək lazımdır? Bu suala cavab verərək de Vattel qeyd edir ki, bu zaman ən düzgün yol koalisiya yaratmaqdan ibarətdir. Belə olan halda ən güclü dövlətə qarşı gəlmək olar və onun öz iradəsini diktə etməsinin qarşısını almaq mümkündür. Hazırda Avropa dövlətləri belə davranırlar. Onlar biri-birilərini qarşılıqlı şəkildə dəf etməyə çalışan iki dövlətdən daha zəifi ilə birləşirlər. Bununla da qüvvələr balansını təmin etməyə çalışırlar.
Karl fon Klauzevits
Klassik ənənə XIX əsrdə daha tam şəkildə Karl fon Klauzevitsin baxışlarında öz ifadəsini tapmışdır. Karl fon Klauzevits özünün “Müharibə haqqında” əsərində beynəlxalq münasibətlərin mahiyyətinin dövlətlər arasındakı münasibətlərdən ibarət olduğunu təsdiqləyir. Siyasəti də öz növbəsində dövlətin xarici mühitə münasibətdə strateji xətti kimi nəzərdən keçirir. Bu zaman o, əsaslandırır ki, müharibə sadəcə siyasətin alətidir. Müharibə siyasi məqsədlərə çatmaq üçün bir vasitədir. Yəni, Karl fon Klauzevits hesab edir ki, müharibə siyasətin başqa yolla davam etdirilməsidir.
Ədəbiyyat siyahısı
1.Abbasbəyli A.N. Beynəlxalq münasibətlər nəzəriyyəsi
2. Baxışov M. Beynəlxalq münasibətlər nəzəriyyəsi
Həmçinin bax: https://turaz.org/aleksandr-lukasenko-etirazlar-barede-danisdi/
Həmçinin bax: https://kafkazh.com/sah-ismayil-xetai/