Dördüncü dövrün çökmə süxurları

Əsas torpaqəmələgətirən süxurlara yumşaq çökmə süxurlar aid edilir ki, bu süxurlar dördüncü dövrdə yarandığına görə onlar dördüncü dövürün çökmə süxurları adlandırılmışdır. Bu süxurlar əmələ gəlmə şəraitinə görə iki əsas qrupa bölünür: kontinental və dəniz çöküntüləri. Dəniz çöküntülərinə nisbətən, kontinental çöküntülər daha geniş yayılmışdır. Dəniz çöküntüləri dəniz hövzəsinin sahil rayonlarında yayılmışdır. Respublikamızda bu cür çöküntülərə Xəzərsahili rayonlarda rast gəlinir. Kontinental dördüncü dövür çöküntüləri aşağıdakı qruplardan ibarətdir: elüvial süxurlar və ya elüvi, delüvial süxurlar və ya delüvi, prölüvial süxurlar və ya prölüvi, allüvial süxurlar və allüvi, göl çöküntüləri, buzlaq və ya moren çöküntüləri, örtük çöküntülər, löss və lössabənzər gillicələr, eol çöküntülər. Aşağıda bu genetik tiplərin səciyyəsini veririk.

Elüvial süxurlar və ya elüvi.Aşınmaya məruz qalmış müxtəlif dağ süxurlarının öz yerində toplanması nəticəsində yaranmasıdır. Elüvi dağlıq vilayətlərdə və düzən sahələrdə formalaşır. Aşınma tipindən, ilkin süxurların xassələrindən, iqlim və relyef şəraitindən asılı olaraq elüvi süxurlar tərkibinə, ölçülərinə və qalınlığına görə müxtəlif olur. Xırda gilli məhsullar rütubətli və isti vilayətlərdə formalaşır.

Elüvial süxurların torpaqəmələgəlmədə əhəmiyyəti onun xassələri ilə müəyyən edilir. Ellüvialın xarakterik əlaməti ana süxurlarla sıx əlaqədə olması və ona tədricən keçməsidir. Bu isə elüvial törəmələrin həm rəngində, həm də mineraloji tərkibində özünü göstərir.

Bir çox ərazilərdə ana süxur dördüncü dövr çöküntüləri ilə örtülməməsidir. Buna misal olaraq Volqaboyu yüksəkliyi, Qazax xırda təpəliyi, Üstyurt platosunu göstərmək olar. Rusiyanın qeyri-qaratorpaq zonasında isə karbonatlı süxurların elüvisində məhsuldar çimli torpaqlar formalaşmışdır. Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq ərazilərində, həmçinin Murovdağ və Şahdağ silsiləsində kobud qırıntılardan ibarət şistli-qumlu tərkibli elüvial süxurlar yayılmışdır.

Delüvial süxurlar və ya delüvi.Müvəqqəti yağış və qar suları vasitəsilə süxurların aşınma məhsullarının yuyulub yamacın daban hissəsinə aparılması və çökdürülməsidir. Delüvi meyilli şleyf şəklində çökdürülür. Şleyfin yuxarı hissəsində çöküntülər çox vaxt kobud qırıntılardan, aşağı hissəsində isə tozvari və gilli materiallardan ibarət olur. Delüvi materiallar çeşidlənməsi və lay-lay yamaca paralel düzülməsi səciyyəvidirş Bəzən ellüvial çöküntülərlə delüvial çöküntülər qrışıq halda olur və onların sərhəddini ayırmaq mümkün olmur, onda bu cür çöküntülərə elüvial-delüvial çöküntülər deyilir.

Delüvial süxurlar dağətəyi vilayətlərdə, xüsusilə də Böyük Qafqazın cənub yamaclarında yayılaraq müxtəlif torpaqlar üçün ana süxur rolunda çıxış edir.

Prolüvial süxurlar və ya prolüvi.Bu çöküntülər dağlıq ərazilərdə müvəqqəti və güclü sel və su axınlarının dağ ətəklərində çökdürdüyü materiallar əsasında formalaşır. Çökdürülmüş materiallarda çeşidlənmə getmir və yaxud zəif gedir. Prolüvial çöküntülər formalaşdığı dərələrin hamısının öz çıxıntısı (konusu) vardır. Bu çıxıntılar birləşərək adətən dağətəyi düzənlik zolaqları əmələ gətirir. Prolüvial çöküntülər konus və yelöikşəkilli çöküntülər əmələ gətirməsilə o biri çöküntülərdən seçilir.

Prolüvial çöküntülərin mexaniki tərkibi eyni olmur. Sıra dağların ətəklərində prolüvial çöküntülər kobud, iri çınqıllı materiallardan ibarət olur. Dağın ətəyindən uazqlaşdıqca çınqıl hissəciklər xırdalanır və tədricən qum və gillicələrə, lössabənzər çöküntülərə çevrilir. Delüvi və prolüvi çox vaxt qarışaraq delüvial-prolüvial çöküntülər əmələ gətirir. Bu cür çöküntülər Böyük Qafqazın cənub yamacları, qismən Naxçıvan MR üçün səciyyəvidir.

Allüvial süxurlar və ya allüvi. Yaz bolsulu dövrü çayların vadi boyu subasar ərazilərdə çökdürdüyü materiallardır. Allüvi süxurlara çayların yatağındakı dib çöküntüləri də aid edilir. Bu çöküntülər çeşidlənmiş və laylı quruluşa malik olurlar. Çayın hövzəsinin geoloji quruluşundan və təbii şəraitindən asılı olaraq allüvial gətirmələr müxtəlif tərkibli olur. Məsələn, qumlu, gilli, gillicəli və s.

Allüvial süxurlar üzərində formalaşmış torpaqlar yüksək məhsuldarlığı ilə seçilir. Respublikamızın ərazisində allüvial çöküntülər geniş yayılmışdır. Buna misal olaraq Kür-Araz ovalığını, Samur-Dəvəçi ovalığını, Böyük və Kiçik Qafqazın orta və iri çaylarının subasar sahələrini göstərmək olar.

Göl-allüvial çöküntülər göl və allüvial çpküntülərdən təşkil olunmuşdur. Bu çöküntülər adətən ovalıqlarda, relyefin düzənlik sahələrində yaz daşqınları zamanı müvəqqəti durğun suların altında formalaşır. Göl-allüvial çöküntülər mexaniki tərkibcə fəqli olurlar. Lakin əksər vaxtı üfüqi yatmış qum laylarına təsadüf olunur. Quru vilayətlərdə bu tip çöküntülərdə gips və asan həll olan duzların toplanması da müşahidə olunur. Respublikanın Abşeron yarımadasında, Kür-Araz ovalığında duzlu göllər qururyaraq şoranlar əmələ gətirir.

Buzlaq və ya moren çöküntüləri. Bunlar müxtəlif növ dib, yan və son morenlərdən ibarətdir. Bu tip çöküntülər müxtəlif mexaniki tərkibli, çeşidlənmiş, təbəqələnmiş və çox vaxt buzlaq daşları olan materiallardır. Kimyəvi tərkibinə görə karbonatlı və karbonatsız morenlər bir-birindən fərqlənirlər. Moren çöküntülərinin bir xüsusiyyəti də qum fraksiyalarının çoxluğu, tərkibində qaya parçalarrının (valunların) qırmızı-qonur və nadir hallarda sarı-qonur və başqa rənglərdə olmasıdır. Buzlaq (moren) çöküntülərinə Rusiyanın Avropa hissəsinin şimalında, Belarus, Ukrayna, İsveç, Kanada, ABŞ və s. ölkələrin ərazisində rast gəlinir.

Azərbaycanda buzlaq çöküntülərinə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində təsadüf edilir. Talış dağlarında buzlaq çöküntülərinin müşahidə olunmaması, bu ərazinin sonuncu buzlaşmaya məruz qalmaması ilə əlaqədar olmuşdur.

Morenlər petroqrafik tərkibinə görə üç tipə bölünürlər: əsas morenlər (qranit qarışıqlı), yerli morenlər (lokal karbonatlı, əhəngli, gilli), qarışıq morenlər (maqmatik və metamorfik çöküntü).

Buzlaq süxurlarında karbonatlığın olmaması podzoləmələgətirən proseslərin inkişaf etməsinə səbəb olur. Torpağın fiziki-kimyəvi xassələrini pisləşdirir. Daşsız, karbonatlı, yüngül gillicəli morenlər ən əlverişli hesab olunur.

Flüvialqlasial və ya su-buzlaq çöküntüləri. Buzlaq sularının axınlarının fəaliyyəti ilə bağlı olaraq moren və digər süxurların parçalanaraq çökdürülməsidir. Flüvialqlasial süxurlar üçün çeşidlik, təbəqəli düzüm, iri dənəvarı qumlar, qumlu-çınqıllı tərkib səciyyəvidir. Bunlardan başqa toz, gil, yəni gec çökən hissəciklər də xasdır. Gilli, gillicəli süxur çöküntüləri qonur-sarı və qonur rəngdə olub, karbonatsızdır. Çox vaxt flüvialqlasial gətirmələrin yuxarı qatı (50-60 sm-ə qədər) gillicəli və gillərlə örtülü olur. Bu süxur üzərində toplanmış sular qleyləşməyə səbəb olur. Bunlar üzərində formalaşmış torpaqlar qida maddələri ilə zəif təmin olunurlar. Bu tip çöküntülər Rusiya, Kanada, Polşa, Belarus və s. şimal ölkələrinin ərazisində yayılmışdır. Bunların üzərində podzol, çimli-podzol, boz-meşə torpaqları inkişaf etmişdir.

Kollüvial süxurlar və yaxud kollüvi(colluvio-yığılma, toplanma). Dağların yamac və dabanlarında yığılma və uçqun növ çöküntülərə deyilir. Kollüvilər fərqli tərkibə malik daşlı çöküntülərdir. Daim donuşlu olmayan dağlıq ölkələrdə geniş yayılmışdır. Buna Qafqaz və Mərkəzi Asiya dağlarını göstərmək olar. Dağlıq ölkələrdə delüvial süxurlar bunlarla birləşəndə delüvial-kollüvial çöküntülər adlandırılır. Qərbi Pamir, Alp və Qafqazən yüksək dağlıq qurşaqlarında bu tipli çöküntülər geniş yayılmışdır.

Löss və Lössabənzər gillicələr. Küləyin, suyun və özünəməxsus iqlim şəraitinin nəticəsində formalaşmışdır. Bu çöküntülər qeyri laylı olub, sarı-samanı və boz rəngdə karbonatlı mexaniki tərkibi iri tozvarı (50%-dən çox), kalsium karbonat, maqnezium (30% qədər) və gillicəlidir. Bu çöküntülərin qalınlığı bir neçə metrdən on metrlərlə ölçülür. Lösslü çürüntü olduğu ərazilərdə yuyulma sürətlə getdiyi üçün çoxlu yarğanlar yaranır.

Kimyəvi və su-fiziki xassələrinə görə bu süxurlar bitkilərin inkişafı üçün əlverişlidir. Əlverişli iqlim şəraitində onların üzərində yüksək münbitli qara torpaqlar, həmçinin boz, şabalıdı, boz-meşə torpaqları formalaşır.

Löss çöküntülər Ukraynada, Orta Asiyada, Şərqi Asiyada daha geniş yayılmışdır. Lössabənzər gillicələr lössdən fərqli olaraq həm buzlaq ərzilərində, həm də buzlaq çöküntülərinin mövcud olduğu yerlərdə yayılmışdır.

Eol çöküntülər. Küləyin akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlmiş geniş törəmələrə deyilir. Eol çöküntülərinə səhra və yarımsəhra vilayətlərində, relyefin müxtəlif dyunlarını, tirələrini göstərmək olar.

Solifüksion çöküntülər soliflüksion proses nəticəsində formalaşır. Yəni daim donuşlu, sukeçirməyən qat üzərində həddindən artıq su ilə doymuş qrunt başa düşülür. Soliflükasiya formalarına müxtəlif yamaclar, zolaqlar, bəzi yalançı terraslar, eləcə də yamaclardakı elüvi və delüvi qatının axmasından əmələ gələn formalar daxildir. Daha mürəkkəb şəraitdə soliflükasiya daş qırıntılarının yerinin dəyişməsinə, rütubətin miqrasiyasına səbəb olur. Soliflükasiya bəzi dağların səthini hamrlamışdır. Azərbaycanda soliflükasiya Şahdağda, Qızılqayada və b. Yüksək dağlıq sahələrdə geniş yayılmışdır.

 Şleyf – hər hansı bir yüksəkliyin və ya dağın ətklərində yumşaq çöküntü zolağına deyilir. Şleyf daimi və ya müvəqqəti axan çayların gətirdiyi qırıntılardan yağıntı və ya ağırlıq qüvvəsinin təsiri altında tökülən süxurlardan ibarətdir.Mənşəyinə görə: allüvial,prolüvial,delüvial və delüvial-prolüvial şleyflər olur.

Həmçinin bax : https://kafkazh.com/fototrof-bakteriyalar/

Həmçinin bax : https://turaz.org/mubariz-mensimov-azadliqda/

Yazar :  Səbinə İsmayılova