Dişicik

Dişicik- Ginesey- (yunanca gynaikeios- qadın)- çiçəkdə ən mühüm hissə olub təkamüldə örtülütoxumlu bitkilərin daxili mayalanma üçün əldə etdiyi ixtisaslaşmış, bir və ya bir neçə dişicik əmələ gətirən meyvəyarpaqlarının cəmidir. Meyvəyarpaqları meqasporofillər və ya karpellər adlanır. Meyvə  yarpaqların yarpaq mənşəli olması bəzi əlamətlərlə təsdiq edilir: yarpaqlar kimi büzülmüş formasına, anatomik quruluşuna görə- mezofilin və epidermada ağızcıqların olması, yarpaqlara xas məhdud böyümə və s. Bəzi bitkilərdə məsələn qızılgül, çınqılotunda bəzən çiçəyin apikal meristemindən ginesey əvəzinə yarpaqlı zoğ inkişaf edir. Bu, proliferasiya hadisəsi adlanır(latinca proles- nəsil, zoğ;ferre-daşımaq)

Dişicik formasına görə içərisində yumurtacıq və toxum başlangıcı olan qapalı boruya bənzəyir. Öz üzərinə düşən funksiyanı yerinə yetirmək üçün özünəməxsus morfoloji quruluşda olur. Bu quruluşu üç yerə ayırmaq olar:yumurtalıq, sütuncuq və ağızcıq.

Dişicik ağızcığı:

Sütuncuğun təpə hissəsində genişlənmiş hissə olub, əsas funksiyası tozcuğu qəbul edib, onun cücərməsi üçün əlverişli şərait yaratmaqdır. Həmçinin çiçəkdə maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir, tozcuq borusunun böyüməsini istiqamətləndirə bilir.  Ağızcıq forma və ölçülərinə görə müxtəlif formalarda- bütöv, dilimli və s formada olub tozlanma tiplərinə uyğun olur. Bəzi bitkilərdə, sütuncuq inkişaf etməmişdir, yumurtalıqda yerləşən ağızcıq isə oturaq vəziyyətdə olur.

Dişicik ağızcığının  səthindəki epidermanın hüceyrələri qatı sitoplazma və böyük nüvəsi olan ,irihüceyrəli , tozcuğu tutmaq üçün uyğunlaşmış əmziklərə bənzər şişlər və ya qısa, sıx, zarlı tükcükdən ibarətdir. Dişicik ağzı iki tipdə olur:

Çox miqdarda maye- sekret ifraz edən rütubətli dişicik ağzı və sekreti zəif ifraz edən quru dişicik ağzı.

Rütubətli  ağızcıqlarda şirə ifraz edən xüsusi papillalar olur. Papillaların ifraz etdiyi şirənin tərkibində karbohidratlar, lipidlər, enzimlər, fenol birləşmələri olur. Buna görə də ağızcığın epidermesini vəzili epidermis adlanır. Bunlar ifraz etdiyi maye müxtəlif həşəratların qidasını təşkil edir. Quru dişicik ağzı kutikula ilə örtülmüşdür. Kutikula isə pellikula- zülal pərdə ilə əhatə olunub. Kutikulada çatlar olur.

Epidermanın altındakı hüceyrələr, protoplastın quruluşuna və funksiyasına görə ona oxşardırlar. Bu halda epidermis və ondan altda yerləşən hüceyrələr birlikdə tozcuğun cücərməsini stimullaşdıran vəzili toxumanı əmələ gətirir. Vəzili toxumanın yalnız ağızcıqda deyil, dişiciyin daxilində də inkişaf etməsi, dişiciyin xarekterik xüsusiyyətlərindən biridir. Vəzili toxumanı keçirici, transmission və ya stiqmatoid adlandırırlar( ağızcığın toxuması ilə sitoloji və fizioloji oxşarlıqlarına görə) və bir neçə qat hüceyrələrdən ibarət olur.

Sütuncuq:

Dişiciyin nazik, silindrik, steril hissəsi olub, adətən, yumurtalığın təpə hissəsində yerləşir.  O, yumurtalıqla ağızcığı birləşdirir.  Çiçəyin tipindən aslı olaraq sütuncuqlar uzun, qısa  və ya tam reduksiyaya uğramış halda ola bilər. Xaricdən sütuncuq epidermis qatı ilə əhatə olunmuşdur. Epidermis hüceyrələri sıx yerləşir, xarici divarları qalın olub kutikula ilə örtülmüşdür.

Sütuncuq meyvə yarpağının üst hissəsindən törəyir və stilodi adlanır. Bəzi hallarda sütuncuğun sayı dişiciyi əmələ gətirən meyvə yarpaqlarının sayına bərabər sayda olur. Məsələn gülçiçəklilər fəsiləsindən olan almada, armudda bir yumurtacıq üzərində 5 müstəqil sütuncuq yerləşir( almanın dişiciyi 5 bitişmiş meyvəyarpağından əmələ gəlmişdir). Digər hallarda isə xaççiçəklilərdə və dodaqçiçəklilərdə olduğu kimi iki meyvə yarpağından əmələ gəlmiş dişiciyin ümumi bir sütuncuğu – stilodisi olur.

Sütuncuqlar üç tipdə olur:

  1. Açıq sütuncuq – belə sütuncuqların içərisində boyu uzunu boş kanal əmələ gəlir.
  2. Yarımçıq sütuncuq- sütuncuqların kanalı daxildən keçirici vəzili toxuması ilə örtülü olur.
  3. Örtülü sütuncuq- daxildən keçirici boş parenxim ilə doldurulmuş olur;

Açıq və yarımçıq sütuncuqlar içərisində tozcuq borucuğu kanalın divarına söykənərək, kanalda  ifraz edilimiş şirə içərisində manesiz boy atır. Örtülü sütuncuqda tozcuq borusu hüceyrəarası boşluqlarla yumurtalığa dogru hərəkət edir.

  Yumurtalıq:

Yumurtalıq – dişiciyin, içərisində toxumluq olan geniş hissəsidir.  Yumurtalığın boşluğu biryuvalı və ya bir neçə yuvaya bölünmüş halda olur.

Çiçəyin digər hissələri ilə birləşməsinə görə  üst, yarımalt və alt yumurtalıqlar vardır.

Üst yumurtalıq, çiçəkyatağında sərbəst vəziyyətdə olur, çiçəyin digər hissələri ilə bitişmir. Belə çiçəyə yuxarı yumurtalıq və ya dişicikaltı çiçək deyilir.

Alt yumurtalıq çiçəçiyin digər hissələri ilə elə birləşir ki, onu ayırmaq mümkün olmur.

Yarımalt yumurtalıqda,  ginesey- çiçəyin hissələri ilə yumurtalığın yarısına kimi bitişir və bu çiçək yarımdişiciküstü adlanır.

Yumurtalığın, toxumluq birləşən hissəsi plasenta, plasentaların yumurtalıqda düzülməsi isə plasentasiya adlanir. 

Plasentasiyanın iki tipi var: laminal  və sutural.

  • Laminal plasentasiya toxumluğun, yumurtalığın bütün daxili səthi boyu bərkiməsi ilə xarakterizə olunur.
  • Sutural və ya kənar plasentasiya- toxumluq, meyvəyarpaqlarinın kənarı ilə iki cərgədə düzüldükdə əmələ gəlir.
  • Sutural- plasentasiya bir neçə tipdə olur: mərkəzi-künclü, mərkəzi- ox (sütunlu) və divarboyu (parietal).

 

YAZAR: Almaz Əliyeva

 

Həmçinin bax: https://kafkazh.com/cicek-tumurcugun-anatomiyasi/

Həmçinin bax: https://tehsilim.org/bdu-nun-muellimi-pandemiya-dovrunde-tehsil-sahesinde-reqemsal-platformada-ictimaiyyetin-fealiyyeti-daha-da-genislendi/