Diqqət haqqında anlayış
Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.
Diqqət psixi proseslərin (qavrayış, hafizə, təfəkkür və s.) tərkibində çıxış edərək, onların daha müvəffəqiyyətli cərəyanını təmin edir. Diqqətin rus alimi N.F.Dobrınin tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək: «Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir». Biz yönəlişlik dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, mərkəzləşmə dedikdə isə hal-hazırkı fəaliyyətə aid olmayan bütün obyektlərdən uzaqlaşmanı nəzərdə tuturuq. Əgər insan psixikasının strukturuna istinad etsək, biz diqqəti həm bir proses kimi (və yaxud psixi prosesin bir tərəfi kimi: məsələn, sensor, perseptiv, intellektual diqqət), həm psixi halət kimi (məsələn, yönəlişlik), həm də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən keçirə bilərik. Lakin bildiyimiz kimi diqqətin müstəqil psixi proses olması haqqında psixoloji ədəbiyyatda fikirlər üst-üstə düşmür. Bəzi tədqiqatçılar diqqətin digər psixi proseslərin tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi proseslərə aid etmirlər. Digər tədqiqatcılar isə diqqəti idrak proseslərindən biri hesab edərək, onu əsasən iradə və idrak fəaliyyəti ilə əlaqələndirirlər.
Diqqətin funksiyaları. Psixoloqlar diqqətin üc əsas funksiyası üzərində xüsusi olaraq dayanırlar: seçmə, saxlama və nəzarət funksiyaları.
Adətən, insan ona təsir edən çisim və hadisələrdən həyatı üçün daha əhəmiyyətli olanı seçir, psixi fəaliyyətinionun üzərinə yönəldir və onun ətrafında mərkəzləşdirir. Bu zaman ikinçi dərəçəli, kənar təsirlərə əhəmiyyət vermir. Şübhəsiz bu çür seçmə halı olmasa insanın lazımi obyektləri aydın qavraması mümkün olmazdı. Əhəmiyyətli və əhəmiyyətsiz obyektləri bir birindən ayırmaq məhz diqqətin seçmə funksiyasının köməyi ilə həyata keçir. Diqqətin həyata keçirdiyi ikinçi mühüm funksiya saxlama finksiyasıdır. İnsanın hər hansı bir obyekti lazımı şəkildə dərk etməsi üçün psixi fəaliyyətini, diqqətini müəyyən vaxt ərzində həmin obyektin üzərində saxlaması tələb olunur. Bu baxımdan diqqətin həmin funksiyanı yerinə yetirməsi də mühüm əhəmiyyət kəsb edir.
Nəhayət, diqqətin üçünçü mühüm funkiyası fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdir. Bu funksiyanı yerinə yetirməklə diqqət insanın fəaliyyətini bir növ tənzim edir.
Diqqətin insanın həyat və fəaliyyətində rolu. Diqqətin insanın həyat və fəaliyyətində rolu əvəzolunmazdır. Diqqət olmadan insan nə duya, nə qavraya, nə fikirləşə, nə də hər hansı bir işi, hərəkəti yerinə yetirə bilməzdi. Təlim prosesində diqqətin oynadığı rol xüsusilə böyükdür. Dərs zamanı tədris materiallarını qavrama, anlama və mənimsəmə müxtəlif amillərdən asılıdır. Onların içərisində əsas yeri diqqət tutur. Hətta əyani vəsaitlərlə təchiz olunan, məzmun baxımından fərqlənən bir dərsdə müəllim şagirdlərin diqqətini səfərbər edə bilməzsə, o təlim materiallarını yaxşı mənimsədə bilməz. Materialın ilkin qavranılması, onunla aparılan iş, onun hafizədə möhkəmlənməsi şagirdin diqqətinin davamlı olmasını tələb edir.
K.D.Uşinskinin sözlərilə desək, diqqət ruhumuzun elə yeqanə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Ona görə də Uşinski müəllimlərə dərs zamanı şagirdləri həmin qapını açıq saxlamağa alışdırmağı məsləhət bilirdi.
Yazar: Mirpaşa Mahmud
həmçinin bax Psixologiyanın predmeti
https://turaz.org/alimler-qida-rasionunda-bitki-pehrizine-ustunluk-verilmesini-teklif-edirler/