Dilimiz milli sərvətimizdir

Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: “ Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var. “

Dil millətin varlığı, onun mənəvi diriliyidir. Dil xalqın tarixinin, mədəniyyətinin, adət-ənənələrinin ifadə vasitəsidir. Dilimiz  bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Mənim ana dilim Azərbaycan dilidir. O dil ki əsrlərin, nəsillərin sınağından qətiyyətlə keçərək bizə yadigar qalıb. Bu dil müqəddəs, əzəmətli və qüdrətli bir dildir. Dil həm də mədəniyyətdir, onu qorumaq və ona hörmətlə yanaşmaq lazımdır. Bu dildə nənələrimiz,babalarımız bizə şirin nağıllar söyləmişdir. Ana dili hamı üçün əziz və unudulmaz olmalıdır.

Bizim dilimiz zəngin bir dildir. Azərbaycan dilində yaranmış yüzlərlə nağıllar və saysız-hesabsız bayatılar, tapmacalar, atalar sözləri, məsəllər xalqımızın gözəl və zəngin dili ilə ifadə edilir. Məhəmməd Füzulini və Molla Pənah Vaqifi, Mirzə Fətəli Axundovu və Səməd Vurğunu xalqa sevdirən də məhz dilimizin zənginliyi və şirinliyidir.

Dilimiz tarix boyu bir sıra çətinliklərlə üz-üzə gəlsə də, onu qoruyan mərd oğul və qızları həmişə mübarizə apararaq onu bugünkü səviyyəsinə çatdırmışlar.  Səfəvilər dövlətinin yaradıcısı, görkəmli şair Şah İsmayıl Xətai tariximizdə ilk dəfə olaraq türk dilini dövlət dili səviyyəsinə yüksəltmişdir. Onun dövründə fərmanlar türkcə yazılır, diplomatik sənədlər Avropa ölkələrinə türk dilində göndərilirdi.Onun bu sözləri hər bir azərbaycanlının dilinin əzbəridir: “ Ey türk oğulları, bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cavahirata dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın…”

Hər bir insanın təkamülündə ana dilinin rolu böyükdür. Ana dili milli təhsil, milli birlik deməkdir. Milli dili olmayan, milli dilini qoruyub saxlamayan bir xalq məhvə məhkumdur. Ana dilimizi sevmək Vətəni, xalqı, milləti sevməkdir.  Ana dili bütün elmləri öyrənməyin açarıdır. Hər bir insan, ilk növbədə, öz dilini yaxşı bilməli, ədəbi dildə düzgün danışmağı və yazmağı bacarmalıdır. Heç vaxt dilimizə qarşı laqeyd olmamalı, etinasızlıq göstərməməliyik. Bizim vətəndaşlıq borcumuz əsrlərin, nəsillərin yadigarı olan ana dilimizin saflığını, varlığını hər vasitə ilə yaşadıb, gələcək nəsillərə ötürməkdir. Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları bir-biriylə doğmalaşdıran atributdur. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldıra bildi.

Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, laylalarımızdan, nağıllarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli, M.R.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun kimi dühaların zəngin irsi ilə bizə gəlib çıxan bu misilsiz sərvət müstəqillik qazandıqdan sonra əsas milli atributdan biri kimi inkişaf etdirildi. Zaman-zaman Azərbaycanın düşünən beyinləri dili xalqın yaşaması üçün ən mühüm atribut hesab etmiş, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilimizin inkişaf etməsi üçün yeni yollar açdı. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitutsiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ədəbi dilin inkişaf tarixi aşağıdakı kimi təsnif edilmişdir:

  1. Əski Azərbaycan dili (bu dövr öz növbəsində iki yerə bölünür: əski Azərbaycan dilinin yaranması (XIII-XIV əsrlər) və əski Azərbaycan dilinin sonrakı inkişafı (XV-XVII əsrlər);
  2. Yeni Azərbaycan dili. Bu dövr 4 mərhələni əhatə edir: ədəbi dilin xəlqiləşməsi dövrü (XVIII əsr); Milli dilin yaranması və inkişafı dövrü (XIX-XX əsrlər); Sovet dövrü (1920-1990); və çağdaş mərhələ. Bu dövrlər əsasında Azərbaycan dilinin tarixi inkişafı təhlil olunmuşdur.

Dilimizin inkişafı ilə əlaqədar son dövrdə bir çox uğurlar əldə edilmişdir. Bütün xalq bu dildə danışır, elmi kitablar, bədii əsərlər, mətbuat bu dildə nəşr olunur. Konfranslar, müşavirələr bu dildə aparılır, ali məktəb auditoriyalarında bu dildə mühazirələr oxunur. Bununla yanaşı, dövrün özünün problemləri var. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat dili, radio və televiziya dili, reklamların dili, virtual məkanda dilin qorunması düşündürücü detallardır. Dil həmişə qayğı tələb edən ən aktual məsələdir. Çünki, ana dili beşik başında layladan başlayır. Dünyanın ən gözəl, qədim dillərindən biri olan Azərbaycan dilini-öz ana dilimizi sevməli və qorumalıyıq. Laylalı-bayatılı ana dilimiz həm də hər birimizin varlığıdır. Bununla belə, ana dili problemi bu gün yenə də aktual problem olaraq qalır, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər görmüş idi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. Ümummilli lider  Heydər Əliyev  deyirdi: “ İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. ”

YAZAR: Yağmur Əzizzadə

Həmçinin bax: Dövlətçilik tarixi

Həmçinin bax: https://turaz.org/prezident-ilham-eliyev-tebrik-tviti/

Həmçinin bax: https://tehsilim.org/5-azerbaycanli-genc-ruminiyada-tehsil-almaq-imkani-qazanib/