Difainin quruluşunda rol oynamış şəxsiyyətlər

Azərbaycanın XX əsrin əvvəllərində ictimai-siyasi həyatında siyasi partiyaların əhəmiyyəti böyük idi. Belə siyasi partiyalardan biri də Difai partiyası olmuşdur. Dövrün ziddiyyətli hadisələri ilə yanaşı, Difai partiyasının yaranması Azərbaycanın müdafiəsinə təkan vermişdir. Bu məqalədə Difai partiyasının tarixi, yaradılması, fəaliyyəti, qurucuları, ermənilər bu təşkilat haqqında irəli sürdüyü fikirlər tədqiq olunmuş və araşdırılmışdır.

Difai partiyasının yaranması
1905-ci ildə Azərbaycan-Ermənistan münasibətlərinin kəskinləşməsi Azərbaycan milli-siyasi təşkilatların yaranması zərurətini ortaya qoyurdu. 20 fevral 1906-cı ildə qraf Vorontsov-Daşkovun başçılığı ilə mart ayının 6-dək keçirilmiş qurultay barışdırıcı məqsəd daşıyırdı. Qurultayda Azərbaycanın görkəmli dövlət xadimlərindən Əhməd bəy Ağayev, Adil xan Ziyadxan, İsmayıl Ziyadxanov, Əlimərdan bəy Topçubaşov, Qarabəy Qarabəyov və digər görkəmli şəxsiyyətlər iştirak edirdilər. qurultayda Azərbaycandan olan nümayəndələr öz çıxışlarında xalqın mənafeyini müdafiə etmək, milli qüvvələri birləşdirmək, Azərbaycanın müdafiəsi üçün milli-siyasi təşkilatların vacibliyi haqqında çıxışlar etmişlər.
1906-cı ildə yaz, yay və qış aylarında baş verən bu qanlı və dəhşətli hadisələr artıq bütün Azərbaycanı əhatə etmişdi. Bu hadisələr zamanı 10 minə yaxın insan məhv edilmişdir. Hadisələri nisbətən sakitləşdirmək məqsədi ilə general Qolaşapov və onun dəstəsi Zəngəzura göndərilir. O, 14 yanvar 1906-cı ildə Şuşaya gəlir. Şuşada o, erməni və azərbaycanlı nümayəndə heyətlərini qəbul edir.
1906-cı ilin avqustunda Şuşada Ə. Ağayevin başçılığı ilə “Difai” partiyası yaradıldı. Mərkəzi komitəsi Bakıda yerləşən partiya, əsasən, Qarabağda fəaliyyət göstərirdi. Partiyanın yaradılmasının əsas səbəbi 1905-1906-cı illərdə çarizmin və erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar idi. Döyüşkən təşkilat kimi yaranmasına, erməni və rus rəhbər orqanlarının nümayəndələrinə qarşı bir sıra tədbirlər keçirməsinə görə ermənilər və ruslar bu təşkilatı terror təşkilatı olaraq adlandırmışlar. əslində isə Difai partiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxaran milli-siyasi bir qurum olmuş və qanunlarını şəriətə uyğun olaraq tənzimləmişdir. Partiyanın əsas məqsədlərindən biri də xalqın milli şüurunun oyanması,elmin inkişafına təkan vermək olub.
Difaiyə həmçinin “hümmətçilər” adlanan Məhəmməd Həsən Hacınski, Qarabəy Qarabəyov, Behbud xan Cavanşir, İsa bəy Aşurbəyov da daxil olmuşdular. Lakin onların partiyanın fəaliyyətində iştirakları daha çox rəmzi xarakter daşımışdır.
Lakin Difai partiyası sadəcə hərbi məqsədlər güdmürdü. Bu faktlar partiyanın proqramında da öz əksini tapmışdır. Bu məqsədləri həyata keçirmək üçün iki əsas şərt var idi- təhsil və qüvvə. Partiyanın ən fəal şöbələrindən biri Şuşada fəaliyyət göstərən “Qarabağ birlik məclisi” idi. Bu məclisin təsir dairəsinə Azərbaycanın Cavanşir, Qaryagin və Zəngəzur qəzaları daxil idi. Məclisin Şuşa komitəsinə 18 nəfər daxil idi.
Difainin ən fəal komitələrindən biri də Gəncə komitəsi idi. Komitəyə axund Məhəmməd Pişnamazzadə başçılıq edirdi. Ağdam komitəsinə isə Zülfüqar bəy Haqverdiyev sədrlik edirdi. Bu komitənin üzvləri 15-30 nəfər arasında dəyişirdi.
Difainin əsas məqsədlərindən biri də türk müsəlman silahsız əhalinin yaxşı təşkil olunmuş və silahlanmış erməni-daşnak quldur dəstələrindən qorumaq idi. Bu məqsədlə onlar hərbi drujinalar yaratmağı,terror aktları, silahlı hücumlar və qırğınların əsas təşkilatçısı olan çar hökümətini öz çirkin əməllərindən çəkindirməyi planlaşdırırdılar.
Partiyanın ilk çağırışları 1906-cı ilin oktyabrına aid edilir. “difai” təşkilatı Azərbaycanın əksər qəzalarında geniş fəaliyyətdə olmuş və əhali arasında kifayət qədər inam və rəğbət hissi qazanmışdır. Partiyanın ümumi üzvlərinin sayı 1000-ə çatırdı. Bu partiya 1917-ci ilədək həm üzvlərinin sayına
görə, həm də kütlə arasındakı nüfuzuna görə ən böyük milli partiya hesab olunurdu. Əsas social bazasını cəmiyyətin orta təbəqələri və ruhanilər təşkil edirdi. Partiyanın möhürü aypara və iki çarpaz qılınc təsvirindən ibarət idi.
Difai təşkilatının proqramının əsas müddəaları Əhməd bəy Ağayevin başçılığı ilə nəşr edilən “İrşad” qəzetində işıq üzü görmüşdür. Partiya həmçinin ermənilərə qarşı mübarizədə silahlı mübarizə metodunu öz məqsədlərinin həyata keçirilməsi üçün vacib elan etmişdir. Bununla yanaşı, proqramda yazılırdı ki ermənilərinin bombalarının qorxusundan iş görən hökümət adamlarına qarşı difai təşkilatı bomba və qılıncla çıxacaqdır. Proqramda bildirilirdi ki, Difai təşkilatı istənilən bir xalqın hüquqlarına təcavüz edən bir təşkilat deyil. əksinə, Difai daşnaklara bildirmişdir ki, əgər onlar öz çirkin əməllərindən əl çəkib, Qafqaz xalqlarının inkişafına onlarla birgə çalışarlarsa, təşkilat onlarla əməkdaşlıq etməyə hazırdır.
1908-ci ildən başlayaraq “Difai” partiyasına qarşı repressiyalar gücləndi. Əhməd bəy Ağayev Türkiyəyə, Nəsib bəy Yusifbəyli Krıma, Mirzə
Məhəmməd Axundov Orta Asiyaya getməyə məcbur olurlar. “Qarabağ birlik məclisi”nin Yelizavetpol, Bərdə komitələrinin üzvləri kütləvi şəkildə
həbs olunurlar. Bununla belə, partiyanın passiv fəaliyyəti 1912-ci ilə kimi davam edir. Difaiçilərin əksəriyyəti 1911-ci ildə yaranmış “Müsavat” partiyasının sıralarına daxil olmuşlar.
Hazırda Gəncənin qədim qəbiristanlığı Difai partiyasının fədailərinin ziyarət yeri olaraq sayılır. Lakin Samir Pişnamazzadə hesab edir ki, bu
yetərli deyil, onların illər ərzindəki fəaliyyətlərini əks etdirən nə varsa hamısı toplanılmalı və çap edilərək gələcək nəsillərə ötürülməlidir.

Əhməd bəy Ağayev
Əhməd bəy Ağayev 1869-cu ildə Şuşada anadan olmuş, 1939-cu ildə isə İstanbulda vəfat etmişdir. Azərbaycanda türkçülük hərəkatının ideoloqlarındandır. O, 1905-ci ilin iyunundan etibarən Əli bəy Hüseynzadə ilə birgə Azərbaycanda milliyyətçilik düşüncələrinin formalaşmasında mühüm rol oynamışdır. Onlar birlikdə Həyat qəzetinin redaktoru olmuşlar. 1905-ci ilin dekabr ayında İrşad qəzetini, 1907-ci ildə rusca Proqress qəzetini, 1908-ci ilin iyununda Tərəqqi qəzetini çıxarmışdırlar. Əhməd bəy Türkiyəyə gedənə qədər Tərəqqi qəzetinin redaktoru vəzifəsində çalışmışdır.
Əhməd bəy Ağayev bu dövrlərdə erməni daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar zamanı dərc etdirdiyi çoxsaylı məqalələrində bu faciələrin əsl günahkarı olaraq erməni-daşnak qüvvələrinin və çar hökümət orqanlarını göstərmiş və onların iç üzünü ortaya
çıxaran faktları qeyd etmişdir.
1906-cı ildə Ə. Ağayev Tiflisdə çağırılmış “barışdırıcı qurultayda” Bakının ali social təbəqəsinin nümayəndəsi kimi iştirak etmiş və Azərbaycanın proqramını bəyan etmişdir. O, Azərbaycan xalqına qarşı bu soyqırım və milli qırğınların dərhal dayandırılması üçün erməni təşkilatlarının, o cümlədən Daşnaksütyun partiyasının fəaliyyətinin dayandırılmasını, xalqların hüquqlarının bərabərliyinin təmin edilməsini tələb etmiş, əks halda isə Azərbaycana da müdafiə olunmaq üçün ordu yaratmasına icazə verilməsini tələb etmişdir. Əhməd bəy Ağayev gətirdiyi tutarlı sübut və dəlillər, faktlarla milli qırğının səbəbkarı olan erməniləri susdurmuşdur.
Difai partiyasının yaradılmasından sonra təqiblərə məruz qalan Ə. Ağayev 1909-cu ildə Türkiyəyə mühacirət etmiş, burada “Gənc türklər”lə yaxınlaşmış, “İttihad və tərəqqi” partiyasına daxil olmuşdur. Burada o, elmi-ictimai fəaliyyətini davam etdirmiş, “Tərcümani-həqiqət” adlı qəzetin redaktoru, və “türk yurdu” jurnalının yaradıcılarından birinə çevrilmişdir. 1915-ci ildə Rusiya dövlətində yaşayan azsaylı xalqların Lozanna şəhərində keçirilən konfransında Azərbaycan xalqının nümayəndəsi olaraq çıxış etmişdir. 1918-ci ildə Əhməd bəy xalqın bolşevik-daşnaklara qarşı mübarizəsində Azərbaycan ordusuna kömək üçün göndərilmiş Nuru paşanın siyasi müşaviri seçilərək Azərbaycana gəlmişdir. Həmin il Gəncədə hakimiyyətə sahib olan Türkiyə qoşunları ilə Milli Şura arasında yaranmış anlaşılmazlıqda Nuru paşanın yanında nüfuzu olan Əhməd bəy Ağayev qarşılıqlı güzəştlər əsasında razılığa gəlməyə nail olmuşdur. 1921-ci ildə yenidən Türkiyəyə qayıdaraq qurtuluş savaşında iştirakçı olmuş və yenidən milli hərəkata qoşulmuşdur. 1939-cu ildə isə İstanbulda vəfat etmişdir.

Həsən bəy Ağayev
1875-ci ildə Gəncədə anadan olmuş, 1920-ci ildə isə Tiflisdə dünyasını dəyişmişdir. Difai partiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olmuşdur. Orta təhsilini Gəncədəki gimnaziyada almışdır. Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Moskva universitetində tibb fakültəsində təhsil almışdır. 1901-ci ildə isə bu universiteti müvəffəqiyyətlə bitirmişdir. Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, o həmçinin qəzet və jurnallar üçün məqalələr dərc etdirmişdir. Sonralar, Hümmət təşkilatının tapşırığına əsasən “silk,sinif və firqə” kitabını Azərbaycan dilinə tərcümə etdirmişdir. Bu kitab 1906-cı ildə Tiflisdə C. Məmmədquluzadənin “Qeyrət” mətbəəsində çap olunmuşdur. Bu kitabşanın nəşrindən sonra Həsən bəy Ağayev təqiblərə məruz qalmışdır. Bu səbəbdən İrana mühacirət etmiş və bir müddət orada yaşamışdır.
1918-ci il mayın 28-də H. Ağayevin sədrliyi ilə Tiflis şəhərində Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini imzalamışdır. 1918-ci ilin 7 dekabrında Parlamentin təntənəli açılışına qədər Azərbaycan Dəmir yolu idarəsinin baş hakimi vəzifəsində çalışmışdır. Parlamentin ilk iclasında o, parlament sədrinin I müavini seçilmişdir. 1919-cu ilin dekabrında yenidən bu vəzifəyə təyin edilmişdir. Vəzifədə olduöu dövrlərdə o nəinki hakim dairələrin, həmçinin sadə xalqın da hörmət və rəğbətini qazanmışdır. Vəzifəsindən istefa verdiyi vaxtlarda bütün parlament üzvləri imzası ilə ona təşəkkürlərini bildirmişlər. 1920-ci il aprel işğalından sonra Həsən bəy Ağayev Tiflisə mühacirət etmiş, və həmin ilin iyul ayında muzdlu erməni terrorçusu tərəfindən öldürülmüşdür. Hazırda onun qəbri Tiflisin müsəlman qəbiristanlığındadır.

Adil və İsmayıl xan Ziyadxanovlar
Adil xan Ziyadxanov 1877-ci ildə Gəncə şəhərində doğulmuş və 1957-ci ildə İstanbulda vəfat etmişdir. Ismayıl xan Ziyadxanov isə 1867-ci ildə Gəncədə anadan olmuş və 1920-ci ildə vəfat etmişdir. Hər ikisi sonuncu Gəncə xanı Cavad xanın nəticələri olmuşdur. Onların atası dövrün maarifçi ziyalılarından, anası isə İran şahı Bəhman Mirzənin qızı idi. Hər ikisi Difai partiyasının qurucularından olmuşdur. Adil xan Ziyadxanov Azərbaycan tərəfinin proqramının müzakirəsi zamanı qanlı hadisələrin başımızın üstünü Damokl qılıncı kimi kəsdiyi təqdirdə heç bir azadlıq barədə düşünməyin düzgün olmadığını, azadlığın isə müsəlmanlara hava və su kimi lazım olduğunu bildirmişdir. O bu müzakirələrdə qırğınların günahkarı olaraq Daşnaksütyun partiyasını ittiham edərək demişdir ki, əgər Daşnaksütyun partiyası Qafqazdakı qüvvələrini buraxmasa müsəlmanlar da tədricən öz dəstələrini yaratmağa məcbur qalacaq. O zaman isə toqquşmalar labüd olacaq və çiçəklənmiş Qafqaz diyarı yenidən qan içində üzəcəkdir.
Ismayıl bəy Ziyadxanov 1905-ci ildə erməni daşnaklarının törətmiş olduğu qırğınlara məruz qalan azərbaycanlıların müdafiəsi və onların taleyinə məsuliyyət duyaraq milli-siyasi fəaliyyətə qoşulmuşdur. 1906-cı ildə o, Yelizavetpol quberniyasından I Rusiya Dövlət dumasına deputat olaraq seçilmişdir. Dumadakı çıxışlarında o, müsəlmanların təqiblərə məruz qaldığını, sürgün edildiyini, əsir həyatı sürmüş olduğunu, kölə halına salınaraq bütün haqq və hüquqlardan məhrum edildiyini öz çıxışlarında bildirmişdir. Həmçinin o, sözlərinə ölkəmiz işğala məruz qaldığı gündən dərhal milli varlığımıza təcavüz edildiyini, dinimizə, müqəddəs ərazilərimizə müdaxilə edildiyini deyərək davam etmişdir. O, Dumanın buraxılmasına etiraz etdiyinə görə və Vıborq müraciətnaməsini imzaladığına görə Əlimərdan bəy Topçubaşovla birgə 3 aylıq həbs cəzasəna məhkum olunmuşdur. 1917-ci il fevral inqilabından sonra Gəncə şəhərində yaradılmış ictimai təşkilatların icraiyyə komitəsinin təşəbbüsü ilə şəhər milisinə rəis təyin edilmişdir. 1920-ci il Aprel işğalından dərhal sonra qətl edilmişdir.
Difai partiyasının yaradılması xalqımızın milli şüurunun oyadılmasında, azad fikir və düşüncələrin inkişafında, xalqımızın erməni daşnaklarının hücumlarından qorunması və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yolunda kifayət qədər əhəmiyyətli addımlar atmışdır. Təşkilatın yaradıcılarının çoxu, həmçinin, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyətində də iştirak etmişlər.

Ədəbiyyat siyahısı

Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, Bakı, 2014 I cild
Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, Bakı, 2014 II cild
Azərbaycan Milli ensiklopediyası Bakı 2007
Əzizov Eldar. DİFAİ: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri Bakı, “CBS”, 2009,

YAZAR: Fidan İbadova
Həmçin bax: Azərbaycan ərazilərində dağıdılan abidələr
Həmçin bax: https://tehsilim.org/telebelerin-kocurulmesine-baslanilib/
Həmçin bax: https://turaz.org/baki-ali-neft-mektebinin-telebeleri-qlobal-yarismanin-milli-finalcilari-oldu/