DİBİNDƏ ƏFV OLAN UÇURUM

“Bir ana ürəyi dibində əfv olan uçurumdur”. O.Balzak

 

Tələbəlik illərimdə ehtiyaclarımı qarşılamaq üçün dərsdən sonra çalışmalı idim. Gördüyüm bütün iş elanlarını bir-bir araşdırırdım. Nəhayət, tam da mənə uyğun olan bir iş tapdım. Bu elə bir iş idi ki, həm mənə, həm də başqasına xeyri olacaqdı.

Bəli, qocalar evində yaşlı insanlara baxmaq olacaqdı işim. Əvvəla qeydiyyat üçün gedəndə, müsahibəni götürən qadın bu işin mənim üçün niyə vacib olduğunu soruşdu. Çünki düşünürdü ki, 19 yaşım var və hər halda yaşlı birinə qulluq etmək istəmərəm.

Amma əksinə. Mənim anam və atam yox idi. Qəza zamanı ikisidə həyatlarını itirmişdilər. Uşaq evində böyümüşdüm. Düşünürdüm ki, burada yaşlılarla, böyüklərimlə birlikdə olsam, yəqin ki, duyğusal ehtiyaclarımı qarşılamış olaram. Bunları danışdıqdan sonra qadın, gözləri ürəyindəki buruqluğu bildirərmiş kimi üzümə baxdı. Bir neçə gün sonra məlumat veriləcəyini dedi. 3 gün sonra budur, zəng çaldı, işə götürüldüyüm haqda xəbərdarlıq etdilər. Çox sevinirdim.

İlk iş günüm idi. Bu gün mənə yaşlı bir babaya baxmağımı tapşırdılar. Otağına getdim. Pəncərənin qarşısında təkərli stolda oturmuş, bağçaya baxırdı. Məni görəndə nə isə duruxdu. Sonra mən özümü tanıtdım. Amma o heçnə danışmırdı. Niyə danışmadığını da soruşdum hətta. Onda gözləri dolmuş şəkildə baxdı mənə. Sonra mənlə işləyən digər qızlardan öyrəndim ki, o iflic olmuşdu. Heç  da bilmirdi. Artıq hər gün onun yanına gedir, yeməyini yedirir, onu bağçaya çıxarırdım. Təmiz havada otururduq birlikdə. Hətta ona universitetdə başıma gələn gülməli əhvalatlardan danışardım. Gülə bilməsə də, gözlərinin içindəki təbəssüm hiss olunurdu. Bəzən də bağçaya çıxanda ətrafa, göy üzünə elə baxırdı ki, kaş danışa bilsə də nə düşündüyünü bilsəm deyirdim öz-özümə. Burda işlədiyim müddətcə çox həyat hekayələri ilə tanış oldum. İçlərində indiki halından məmnun olanlar da var idi, olmayanlar da. Bir müddət sonra yaşlı bir qadına baxmağım tapşırıldı. Bunu eşidəndə ordakılar narazılıq etməyə başladılar. ” O qadın heç nə danışmaz, lal dinməz elə hey pəncərədən həyətə baxar” deyirdilər. Maraqlı gəldi mənə. İnsan belədirsə, buna mütləq bir səbəb olmalı idi. Səbəbsiz quş belə qanad çırpmaz ki?! Qadının otağına girəndə üzümə baxdı, heçnə demədi, yenə başınıı çevirib həyətə baxmağa davam etdi. Mən özümü tanıtdım. O mənlə danışmasa belə, mən onunla danışırdım. Günlər beləcə keçirdi, hər dəfə onun yanına gəlir, otağını təmizləyir, havalandırır, yeməyini gətirirdim. O isə bir kəlmə belə danışmırdı. Olsun. Danışmaq şərt deyildir ki. Əsas anlaşmaq və anlaşılmaqdır. Bəzən dərslərimi çatdıra bilmirdim, kitablarımı gətirib, işimi bitirdikdən sonra onun yanında oturub dərsimi edirdim. Kaş görə biləydi hər kəs mən dərs edərkən onun necə olduğunu. Televizorun səsini alırdı, hətta bir dəfə öz yediyi meyvədən bir dilim kəsib yanıma qoymuşdu. Getdikcə onu daha çox sevirdim. Ona bədii kitablar oxuyurdum. Danışmasa belə hər dəfə necə maraqla dinlədiyini hiss edirdim. Bir müddət sonra günorta yeməyimi işçilərlə birlikdə deyil, onunla birlikdə yeməyə başladım. Ondan soruşanda ki, “Məndə səninlə yeyə bilərəm?” ilk dəfə “bilmirəm, əgər çox istəyirsənsə hə olar” dedi. Onun da çox istədiyini bilirdim. Çünki tək qalmaq istəmirdi. Mən hər dəfə otağa girəndə necə həvəslə başını qapıya tərəf çevirdiyini, sonra mən anlamayım deyə tez əvvəlki halını aldığını görürdüm. Mən çox sonralar öyrəndim ki, ona xərçəng diaqnozu qoyulmuşdu. Vəziyyəti getdikcə ağırlaşırdı. Son vaxtlar yeməyini də mən yedizdirirdim. Bir gün otağına gedəndə yatağında uzandığını gördüm. İlk dəfə əli ilə işarə etdi, yanında oturdum. ” Səni çox istəyirəm, gözəl qızım” dedi mənə. Gözləri açıq başı sol çiyni tərəfə əyildi.  Bəli, o an nələr yaşadım… Sanki ən yaxınımı itirmişdim. Əslində isə elə idi. Ən yaxınım idi o.  3 gün sonra onun otağındakı əşyalarını götürməkçün getdim. Yerinə başqa birini gətirəcəkdilər. Necə çətin idi, ayaqlarım getmək istəmirdi. Qapını açanda yenə ordan durub həvəslə mənə baxacaqmış kimi hiss edirdim. Nəhayət cəsarətimi toplayıb, əşyaları götürürdüm. Yatağının yanındakı şkafı açdım. Bir zərf var idi, açdım:

Məktub

“Məni qocalar evinə qoyduğundan bu gün artıq 10 il ötür qızım. İndi yəqin çox gözəl bir xanım olmuşsan. Uşaqların da olar. Çox da gözəl ana olarsan. Heyif, heç birini  görə bilmədim bunların, sadəcə təsəvvür edirəm. Necə darıxmışam səndən ötrü, bir bilsən. Məni soruşsan əgər keçən gün bir qız gəldi mənə baxmağa. Şirin qızdır, məni də çox istəyir. Bilirsən? Artıq çox unutqan olmuşam. Keçən gün bezi ortalıqda unutmuşam, baxıcı qız bunu görəndə çox utandım. Hər şeyi unuduram, bir səndən başqa. Yadındadı 1-ci sinifə getməyin? Səhər tezdən durardım, sobanı yandırardım durub üşüməyəsən deyə. Sonra saçlarını hörərdim. Bilirsən? Bəzən səbəbsizcə çox üşüyürəm. Çox geyinəndə burdakılar qəribə baxırlar. Ona görə heç otağımdan da çıxmıram.  Yeməyimi özüm yeyə bilmirəm, məsələn. Barmaqlarımın ucunda taqət qalmayıb. Qocalığımı heç belə təsəvvür etməzdim. Mən ki cavankən səhər tezdən oyanıb qızını məktəbə,  yoldaşını işə yola saldıqdan  sonra ev işləri ilə məşğul olan, hər şeyi çatdıra bilən Qadın idim. Amma indi? Sənə gəl məni yanına apar deməyəcəm. Heç olmazsa, bir çətinliyin olduğunda gəl yanıma, başını sinəmə qoyub elə ağla. Məzarımın üstündə tək tənha ağlama, quzum. Bilirəm, bir vaxt mənə çox ehtiyacın olacaq. Hara gedəcəyini, kimə gedəcəyini bilməyəcəksən. Çünki mənimdə anama ehtiyacım var, ama bax, o yoxdur.

Səndən bir istəyim var. Bircə dəfə yanıma gəl, üzünü görüm, qoxunu nəfəsimə çəkim, mələyim. Bax, bircə bunu istəyirəm…”

Göz yaşlarımı sildim. Məktubu qatladım. Bu qadın sayəsində öyrəndim sevməyi. Bir ananın necə sevməsini, qarşılıq gözləmədən, səbəbsizcə sevməsi. Deyəsən, indi başa düşürdüm. Deyirlər, həyatda bəzi şeyləri zamana buraxmaq lazımdır. Bəs zaman da bizə buraxsa necə olar?

Beş il sonra universiteti bitirmiş, müəllim işləyirdim.

Daha sonra tələbəlik vaxtı işlədiyim qocalar evinə müdir təyin edilməli olduğunu öyrəndim. Bunun üçün məndə CV verdim. Bir həftə sonra cavab gəldi. Müraciətim qəbul edilmişdi. Artıq həmin qocalar evinin müdiri idim. Baxdığım o yaşlı qadının məktubunu hələdə saxlayırdım. O məktubu bir ədəbiyyat dərgisində “Qocalar evindən bir ananın qızına məktubu” başlığı ilə çap etdirdim. Bir ay sonra bir xanım gəldi. Ağlayaraq o qadının qızı olduğunu dedi. Bunu hardan bildiyini soruşanda isə ” O həmişə yazardı, qələmini yaxşı tanıyıram” dedi. Ona ürəyimdən gələn acı sözləri deməmək üçün özümü güclə saxlayırdım.  Məndən onu anasının məzarına aparmağımı istədi. Getdik. Kənarda durub izləyirdim. Daşı qucaglayıb, “yalvarıram , məni bağışla, ana” deyib ağladı.

Hə, artıq ananın son istəyini yerinə yetirmişdim. Qızını istəyirdi, budur, o gəlmişdi…

YAZI: ” Ən Yaxşı Esse ” müsabiqəsində 3-cü yerə layiq görülmüşdür. 
YAZAR: Nərin Əsgərli