Dəyişən bacarıqlar deyil, dəyişən şüurlardır

 

Bəşəriyyətdə ən ali canlı olaraq bilinən insanın beynində təxminən 86 milyard neyronun mövcudluğunu və bu möcüzəvi orqanın təqribən 1.5 kq ağırlığında olduğunu  nəzərə alsaq, insanın bacara biləcəyi şeylərdən şübhəyə düşmək bir qədər mənasız gəlir. Bəzi alimlərin fikrincə, gün ərzində insan beynindən 70.000-ə qədər düşüncə keçir. Beynimizin, hətta biz yatdığımız zaman belə yaratdığı enerji 25 Watt-lıq lampanın yaratdığı enerjinin gücünə bərabərdir. Bir düşünün: yatan bir beyin bunları edirsə, oyaq bir beyin nələr etməz!?

Yaşadığımız şəraitin necə (maddi və ya mənəvi) pis olmasından asılı olmayaraq, düşüncələrimizin bir çoxu və onları yönləndirmək öz əlimizdədir. Maddi və mənəvi çətinliklər sizi heç bir zaman qorxutmasın. Unutmayın: yaşam qurmanın gücü maddiyyatda, yaşamın davamının gücü isə mənəviyyatdadır.

Düşünmə də öyrənilən bir fəaliyyətdir. İnsanın öyrənmə dəryası olan həyat və onun mövcudluq parçacığı olan hər bir şey öyrənilməyə, öyrətməyə möhtacdır: düşüncə kimi…

Biz, eyni zamanda, hər kəsin körpə yaşlarından öyrəşdiyi, beynin formalaşdırdığı təbii-bioloji fəaliyyət olan düşünmə fəaliyyətindən, düşüncələrdən yol alıb şəxsiyyətin dərinliklərinə doğan, həmçinin şəxsiyyətin dərinliklərindən doğan düşüncə gücünə nəzər salaq. İnsanın düşünmə fəaliyyətində cığır açan bir nöqtədir bu; yəni, mən düşünürəm. Mən düşünməyi bacaran bir insanam. Düşüncələrdən doğan mən, həm də düşüncələr doğururam. Mən  fərqinə vardım ki, düşüncələr belə məndən asılıdır. Onlar mənim yaradıcılığıma, anlayışıma möhtacdırlar.

” Mən bir insan olaraq düşünməyi bacarırammı? “, ” Mənim düşüncəm nələrdən, kimlərdən ibarətdir? “, ” Məni düşünməyə sövq edən nədir? “, ” Niyə hər zaman eyni şeyi düşünürəm? ” – bu kimi suallar bitməz-tükənməz. Cavab tapmadığınız və ya cavablamaqdan qaçdığınız suallar isə daha qarışıq suallar doğurur. Cavab tapmaq üçün daxilini, özünü dinləməlisən ki, elə bu da yenə düşünmək deməkdir. Körpə düşüncə cilalanmamış bir düşüncədir. Yəni, insan sadəcə sahib olduqlarını və ya heç sahib olmadıqlarını düşünür. Zamanla yol alan insan həmin zaman çərçivəsində dəyişilməyə möhtac düşüncəsinə nəzər yetirdikdə, düşüncələrini “ Sahib olmadıqlarımı qazanmaq üçün və sahib olduqlarımı daha da gözəlləşdirmək üçün nə etməliyəm? ” sualı çərçivəsində yönəldir. Artıq, düşünməyi bacaran insan üçün tək məqsəd vardır:  Heç sahib olmadıqlarım üçün nə etməliyəm? Mən digər insanlar üçün nə edə bilərəm və dünyaya nə qata bilərəm? Bu nöqtə insan həyatının çiçəkləndiyi, insan düşüncəsinin tumurcuqlandığı andır: Mən düşünürəm, düşləyirəm, düşüncəmlə və onun mənə verdikləri ilə digər insanların düşlərini gerçəkləşdirirəm. Mən bacarıram- düşünməyi bacardığım kimi! Düşünməyi bacarıramsa, deməli, çox şeyi bacarıram.

Beynimizin gücü, düzgün düşünmənin gücü, əzm və inam birləşəndə insanın bacara bilməyəcəyi heç bir şey qalmır. Burada insanın qarşısına qoyduğu əsas məqsəd isə bu gücdən səmərəli və faydalı istifadə etmək olmalıdır. Serb əsilli dahi Nikola Tesla’ nın dediyi kimi: “İnsan mümkünsüzü bacara bilər sözü yetərsizdir, çünki insan mümkünsüzün də ötəsinə keçə bilər.”  

Tarixin qaranlıq dövrlərində, əziyyətli yaşam şəraitlərinin hökm sürdüyü zamanlarda aydınlığa yol açan yenə aydın düşüncəli insanlar olmuşdur. O insanlar ki, özləri qaranlıqda ola-ola digərlərinə işıq olmağı bacarmışlar və bu da öz içindəki işığı, gücü qoruyub saxlaya bilməkdən keçir.

Hər birimiz insanıq, lakin fərqimiz insanlığı necə qavramağımızdadır. Nəyə sahib olmağımızda deyil, sahib olduğumuza necə davranmağımızdadır əsl gücümüz. Bəlkə də, sahib ola bilmədikləriniz sizin onu gözünüzdə imkansız kimi pərdələməyiniz sayəsində sizdən uzaqdadırlar.

Tarix boyunca insan inkişafının indiki səviyyədə nailiyyətlərinin səbəbi aydın düşüncələrin bəhrəsidir. Bir yerdə boğulursansa, əzab çəkirsənsə, bunların bir nəticəsi olmalıdır. O nəticə sənin tərəfindən yaradılmalıdır. Öyrənib, öyrətməliyik. Öncə öz’ümüzü öyrənməkdən keçir hər şey. Bəs sənin özündə hansı işıq var? O cüzi parlayan, sənin belə görmədiyin həmin işıq bir çox insana günəş ola bilər, əgər sən istəsən! Cəmiyyət qarşısında insanlıq, dövlət qarşısında vətəndaşlıq, özümüz qarşısında isə onu tanıma və görmə, istedadımıza sahib çıxma məsuliyyətimiz var.

 

YAZAR: Zərintac Həsənova 

Həmçinin bax: Yetkinlik dövrü psixologiyası və bu dövrün problemləri.

Həmçinin bax: https://turaz.org/yaponiyanin-suga-cenubi-koreyanin-aya-mektubunda-ireliye-baxacaq-elaqeler-umid-edir/

Həmçinin bax: https://tehsilim.org/pandemiya-dovrunde-adu-kitabxanasinin-fealiyyeti/