Dəyərli İnsanlar Silsiləsindən

16.08.2020
Son zamanlar, hər həftə qazilərimizdən və hərbiçilərimizdən müsahibə götürəsi oluram. Musahibə suallarını tərtib etməmiş, müsahibimə özü haqqında qısa da olsa məlumat verməyini xahiş edirem. Çünki, bu sualların tərtibində mənə yardımçı olur.
Gözümün qarşısından neçə həyat hekayələri keçir. Gənc insanlar, elə olur xidmətinin 2-ci ili, elə olur ki, 6-cı ili yaralanıb qazi olurlar, ehtiyatda olan həbiçiyə dönürlər. Bu məni çox məyus edir. Ancaq eyni zamanda onların bu xidmətinin qarşısında bizim – xalq olaraq onları əlimiz üstündə saxlamağa mənəvi borcumuz olduğunu da duyuram. Bunu, əziz xalqım, sənə də duyurmaq istəyirəm. Gəlin şəhid anaları görəndə, onların qarşısında, belə oğullar böyütduükləri üçün baş əyək. Qazilərimizə hədsiz hörmət və sayqı göstərək. Dövlətimiz öz yerində, sadə xalq olaraq, biz də buna uyğun davranmalıyiq.
Umumiyyətlə hərbiçilərimizə hörmət və məhəbbətlə yanaşmaq bizlərin mənəvi borcu olduğunu düşünürəm. Onlar heç də asan olmayan peşə seçməklə, Vətənə və xalqa xidmət etmiş olurlar.
Təklif edirəm ki, yuxarıda verdiyim təkliflər, sözdə qalmasın, yaşanmağa, həyata tətbiq olunmağa çalışılsın.
Bu gün müsahibim olan Afiyəddin bəy də bu cur qazilərdən biridir. 1994- cü il təvəllüdlü olan qazimiz, əsgərlikdən sonra XDK mina təmizləyən xidmətinə başlayandan 3 il sonra Aprel döyüslərində mina partlaması nəticəsində qazi olmuşdur. 22 yaşlı qazimiz…
Indi onun 26 yası var. Ancaq o artıq 4 ildir ki, ehtiyatda olan zabitdir, qazidir.
Əziz oxucular, qazimiz haqqında daha ətraflı məlumat verim.
Afiyəddin Əliyev Nazim oğlu Ağcəbədi rayonu ərazisində yerləşən Taxta körpü qəsəbəsi, Laçın Obaları, Alxaslı kəndində anadan olmusdur. 2012-ci ildə Alxaslı kənd tam orta məktəbini bitirdikdən sonra, 2013-cü il yanvarda Laçın rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidməti dövrü ərzində dəfələrlə fərqləndiyi üçün 95-illik yubiley medalı və Fəxri fərmanlar, təşəkkürlər ilə təltif edilmişdir. 2014-cü ilin yanvar ayından N saylı Hərbi hissənin Xüsusi Təyinatlı Qüvvələrində 6 aylıq Gizirlik kursuna göndərilmişdir. 2014-cü ilin iyun ayının 10-da həmin kursu bitirmiş və N saylı hərbi hissədə gizir rütbəsində, istehkamçı kəşfiyyatçı (mina mütəxəssisi) kimi xidmət etməyə başlamisdir.
Qazi Afiyəddin Əliyev bir neçə dəfə xüsusi döyüş tapşırıqlarında dəqiq və fəal iştirakına görə yuxarı komandanlıq tərəfindən fəxri fərmanlarla və pul mükafatı ilə təltif olunmuşdur. 2016-cı ildə aprel ayının 1-dən 2-nə keçən gecə Ağdərə rayonu Talış kəndi uğrunda gedən döyüşlərdə minaya düşmus, sağ ayağı və digər müxtəlif nahiyələrdən ağır qəlpə yaraları almışdır. Afiyəddin bəy hal-hazırda ehtiyata buraxılmısdır, 2-ci qrup əlildir.
Afiyəddin bəy, sizin haqqınızda qısa məlumat verdim. Əlavə etmək istədiyiniz nə isə varmı?

-Bəli, onu əlavə etmək istəyirəm ki, prezidentimizin qazilərə göstərdiyi diqqət və hörmət olaraq bir çox qazilərimiz Asan Xidmət mərkəzlərində fəaliyyət göstərir. Mən də bu hörmətə layiq görülərək, Ağcəbədi Asan xidmət mərkəzində fəaliyyət göstərirəm.

Bu çox gözəl məqamdır. Qazilərimizin işlə təmin olunması həqiqətən də dövlətimizin sizə böyük qayğısının təzahürüdür.

Afiyəddin bəy, əsgərlik dövründəki nailiyyətləriniz sizi hərbiçi olmağa ruhlandırdı, yoxsa bu uşaqlıq arzunuz idi?

-Belə bir deyim var: “HƏRBİÇİ OLMUR, HƏRBİÇİ DOĞULUR.” Bu söz həqiqətdi. Uşaqlıqdan hərbiçi olmaq niyyətində idim. Əsgərlik xidmətimdə bu niyyət gerçəkləşdi. Etdiyim xidmət və formaya olan sevgim kamandirlərimin gözündən yayınmadı. Onlar bunu həm qiymətləndirdilər, həm də məni bu peşəyə yönəltdilər.

– Düşünürəm ki, siz hərbiçi üçün, ən çətin bir ixtisas olan kəşfiyyat sahəsində olubsunuz. Özü də mina təmizləyən. Ən riskli bir yerdə. Bu seçimi özünüz etdiniz, yoxsa qədər və ya təsadüf elə gətirdi? Necə düşünürsünüz?

– Mən əsgər ikən də bu vəzifədə idim (istehkamçı mina mütəxəsisi). Xidmətə başladığım aylardan artıq bu sahəyə yönəldim. Baxmayaraq ki, çətin və təhlükəli bir sahədi, amma bu çətinliyi gözə almışdım. Onun üçün də kurs boyu sırf bu ixtisası seçdim. Və artıq bir istehkamçı kimi öz işimi icra etməyə başladım.

-Kəşfiyyatçi olmaq, düşünürəm ki, insandan xüsusi keyfiyyətlər tələb edir. Hər adam kəşfiyyatçı ola bilməz. Bu keyfiyyətler sizdə uşaqlıqdan var idimi, yoxsa sonradan qazanıldı? Bu əsas hansı keyfiyyətlərdi?

-XTQ 6 aylıq gizirlik kursuna daxil olarkən normativlər və bir çox imtahanlar var. Mərhələlərdən keçməklə kursantların hansı potensiala malik olduqları aydın olur. Dözümlülük, məqsədyönlülük, cəsarətli olma və digər meyarlara cavab verən kursantlar XTQ mənsubu seçilir. Mən də bir mənsub olaraq bu meyarları özümdə gördüm və bunu kurs boyunca biruzə verdim. Əlbəttə sonradan qazandıqlarım da az olmadı.

-Valideynləriniz sizin bu seçiminizə nece yanaşdı?

-Əsgərlik müddətində, artıq onlar mənim bu fikrimə öyrəşmişdilər. Məqsədimi bilirdilər. Sadəcə nə dərəcədə qərarlı olduğumun fərqinə varmırdılar. Atam tamamilə mənim bu seçimimlə razı idi, anam isə yox. Mən artıq hərbi xidməti başa vurduqda, gizir hərbi rütbəsində idim, kursu keçmişdim məzuniyyətə gəldim, o gündən etibarən onlar başa düşdülər ki, artıq amalımdan dönmərəm.

-Afiyəddin bəy, bir də həyata gəlsəydiniz yenə bu sənəti seçərdinizmi?

– Əlbəttə, hər zaman! Çünki mən forma üçün yaranmışam.

-Afiyəddin bəy, o gecəni necə xatırlayırsınız? Aprel gecəsini?
Sizi döyüs meydanından kim çıxardı?

– O gecəni çox çətin xatırlayıram, güclü kəllə-beyin travması almışdım. Bir tərəfdən də qan itirmişdim, huşum özümdə olmayıb. Amma bildiyim odur ki, ordumuz həmin gecə düşmənə sarsılmaz zərbə vurdu. Döyüş meydanından çıxarılarkən iynə vurub ayıltdılar məni. (Yaralı şəxsə yatmaq və ya su içmək olmaz qan durulur qanaxma yüksəlir) Döyüş yoldaşlarımı gördüm ayılanda. Məni 3 nəfər çıxarmışdı.
– Döyüş meydanında ən yadda qalan hadisə və ya an hansı oldu?

– Döyüş meydanında yadımda qalan əsgərlərimizin necə ürəklə önə getməyi və şücayətlə döyüşməyi oldu. Eləcə də döyüşçü qardaşlarımın şəhid olması oldu. Heç vaxt unutmayacam o anları.

-Qısa hərbi həyatınızda gördüyünüz erməni mənfurluğundan rast gəldiyiniz faktlar oldumu? Bu sizin başınıza gəlməyə də bilər?

– Hərbiçi elə bir peşədir ki, formanı geyindiyin andan o ağırlığı, o yükü o məsuliyyəti dərk etməlisən. Və hər an döyüşə hazır olmalısan həm pisxoloji, həm də taktiki. Döyüş qruplarımızla bir çox tapşırıqlara qoşulmuşam. Düşmənin texnikasını məhv etmiş və xeyli sayda silah-sursat və təhcizat sıradan çıxarmışıq. Hər bir XTQ mənsubu adına layiq görülən şəxslər, ölümün gözünə dik baxmalıdır! Mən də bir mənsub kimi, necə və nə cür çətinlik oldusa da və ya olacaqdırsa da gözə almışdım və bunlara hazır idim.
İlk tapşırıqların birində də bir döyüşçü qardaşımı itirdim (Şəhid – Muradov İlqar, Hökuməlidə dəfn etdik)

– Allah rəhmət etsin.

Afiyəddin bəy, 20 yaşında hərbiçi kimi xidmətə başladınız. Bir il on ay sonra 22 yaşında qazi oldunuz. Bunu gözləyirdinizmi? Deyirlər ki, hərbiçi olan hər bir kəs ölümü göz önünə alır? Belə tezliklə bunun baş verəcəyini heç düşünmüşdünüzmü? Bu haqda nə düşünürsünüz?

-Yuxarıda qeyd etdiyim bir çox cavablarda olduğu kimi, mən orduya çox həvəsli idim. Lap gənc vaxtlarımdan həvəsli idim. “Ağ atlı oğlan” bədii filiminə baxanda həmişə sanki özümü hərbiçi sanırdım. XTQ mənsubu olan andan etibarən ilk döyüş tapşırığında hiss etdim ki, hər dəqiqə şəhid və ya qazi olmaq anı var. Gözləyirdim təbii ki, səmimiyyətimə inanın. Çünki, bu bir real faktdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin.
Amin. Allah rəhmət etsin.

Bu artıq ənənəvi sualdır. Inşallah övladınız olanda, onun da hərbiçi olmasını istərdinizmi?

– Hal-hazırda subayam. İnşallah yaxın aylarda ailə qurmaq fikirim var. Həqiqi hərbi xidmət, əsgərlik hər bir azərbaycanlı kişisinin borcudur. İnşallah oğul övladım olsun. Bir mənalı olaraq, əsgərlik xidmətin başa vuracaq. Amma peşə olaraq, seçimi öz öhdəsinə və maraq dairəsinə buraxacam. Necə ki, mən yiyələndiyim peşəyə özüm həvəs göstərmişəm. Onun üçün də övladımın öz seçdiyi peşəni dəstəkləyəcəyəm. Özü seçsin, özü sevsin. Amma, oğlum da mənim kimi hərbiçi olsa idi, bir hərbiçi kimi bununla qürur duyardım.

– Afiyəddin bəy, gənclərimizə vətənpərvərliklə bağlı nə deyərdiniz?

-Vətənpərvərlik təmiz bir toxumdu. Onu elə cücərtmək və ona elə qulluq göstərmək lazımdır ki, yaxşı inkişaf etsin və bəhrəsi olsun. Cəmiyyətimizdə təbliğat var, amma bir az da artırılsa və aşılama səviyyəsində olsa, hər kəsin nəbzi vətənpərvərliklə döyünsə, Qarabağ torpaqlarına savaş gücümüz artar. Xalq olaraq, millət olaraq və nəhayət cəmiyyət olaraq, bu missiyanı “GÜC BİRLİKDƏDİR”-deyib, həyata keçirsək, inanıram ki, qarşımızı heç kim ala bilməz.

– Afiyəddin bəy, dövlətimiz sizə qədərincə qayğı göstərirmi?

Hansısa quruma deyəsi sözünüz varsa, buyurun.

-İlk nöbədə öz adımdan ölkə başçısına minnətdaram ki, şəhid ailələrini və Qarabağ əlillərini daima diqqət mərkəzində saxlayır. Əksəriyyəti mənzil, bir qismi isə maşın, digər bir qismi isə işlə təmin edilib. Mən inanıram ki digər illərdə hər bir qazi və şəhid ailəsi layiq olduğu şəraitlə təmin olunacaq.

– İnşallah. Bizimlə müsahib olduğunuz üçün təşəkkür edirəm. Bilin ki, xalq olaraq həmişə sizin haqqınızın üzərimizdə olduğunu bilirik.

-Dəyməz. Çox sağ olun ki, qaziləri diqqətinizdə saxlayıb mediyada tanıtdırırsız. Çox sağ olun, var olun hər zaman.

– Siz sağ olun. Nə etsək də haqqınız ödənilməz.

Müsahibəni götürdü -Zərrə

Həmçin bax: Qarabağ qazisi ilə müsahibə