Dəyərli İnsanlar Silsiləsindən

Qəlbiniz kimi  keçər həyatınız”  deyir   Hakan Mengüç.

                                   Qəlbi kimi keçdi  həyatı…

 

Bəzi insanlar var ki, ruhumuza yaxın olurlar.  Bəziləri yaralarımıza məlhəm olurlar, sözləri ilə sağaldırlar bəzən.. Bəziləri bioloji, bəziləri mənəvi bacı ya mənəvi qardaş olurlar, dost,qohum,ailədən biri olurlar bizə. Bəziləri var ki, yanında danışmadan belə qəlbini hiss edirlər. Bəziləri də vardır ki, səni Yaradana yaxınlaşdırırlar. Bəzən o insanlar vəsilə olur Yaradanı tanımağa və sevməyə, çünki bu sevgini güzgü kimi əks etdirirlər. Elə bir nur alırsan ki onlardan, əsl nur Sahibinə bütün baxışın dəyişir. Fərqli sevirsən o Yaradanı. Sevməklə qalmır, hüceyrələrinə qədər hiss edirsən..

Mənim həyatımda bu mələk insanlar kimisi müəllimim, kimisi mənəvi bacım və ya mənəvi qardaşım, kimisi çox yaxın bir əzizim olaraq yer alıb. Bu insanların hər birini tanıdığıma görə Rəbbimə şükür edirəm..

Onlardan biri düz bir ay əvvəl dünyasını dəyişdi.  Amma cümlələrim kədər dolu olmayacaq. Çünki mən və onun yaxınları onu itirdiyimizi hesab etmirik. Hətta hər birimizin həyatında (oğul, ata, qardaş, həyat yoldaşı, bibioğlu, qohum, dost kimi) fərqli statuslarda olmasından asılı olmayaraq, bu gün “yaxşı ki həyatda Azad adlı bir insan olub, yaxşı ki onu tanımışıq” deyə bildiyimizə görə  Rəbbimə şükür edirəm. Çünki bu həyatda tanıdığımız gözəl qəlbli insanlar bizə Yaradanın lütfüdür ki, bizi onu tanımağa və gec-tez yolun sonunda Onunla görüşməyə, qovuşmağa layiq bilib. Lütfə naşükürlük etmək deyil, bizə düşən lütfün Sahibinin qərarına təslim olmaqdır..Yolun sonunda həsrətlər bitəcək necə olsa inşaAllah..

Bu cümlələri yazmaqda məqsədim sizləri özümə dərd ortağı etmək deyil.. Məqsədim- çalışdığı sahədən asılı olmayaraq heç vaxt rüşvət almayıb, övladlarını halal qazancla böyüdən,  həyatı boyu düzgünlüyü və dürüstlüyü ilə seçilən, əsl müslüman ədəb-ərkanı ilə hər həsə nümunə, sözün əsl mənasında “İnsan” olan bu şəxsiyyəti sizə tanıtmaqdır. Hörmətə,sevilməyə layiq olanlar məhz onlardır..Əlacım olsa bu mələk qəlbli insanları dünyaya hayqıraraq tanıdaram. Görəsən dünyanın xəbəri oldumu ki, ondan belə bir insan gəlib keçdi?!

Dəyərli insanları tanıyın ki, bilin kimlərdən nümunə götürmək lazımdır..Tanıyın ki, hər parlayanı almaz zənn etməyəsiniz!

Bizlər hər birimiz – bir az tez, ya bir az gec köçüb gedəcəyik buradan. Nə xoş o insanın halına ki, o rəhmətə getdikdən sonra onun dalınca qəlbdən, ürəkdən rəhmət oxuyurlar. Nə xoş o insanın halına ki, hər kəsin ağlında “mələk qəlbli bir insan” kimi qalır. Nə xoş bizlərə ki, bizə də bu mələk qəlbli insanları tanımaq nəsib olub.. Həmd olsun..

İnnə lilləhi və innə ileyhi raciun…

Səbr edənlərə müjdə ver, o kəslərə ki, “ Biz Allaha məxsusuq və Ona qayıdacağıq” deyirlər..

Dünyanın  fitnə- fəsadından xilas və azad olan- Azad Paşayevin ruhuna ithaf olunur..

Hazırladı: Sayalı  Salman