Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var
Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var
Ekspertlər hesab edir ki, əgər məktəblərdə dərslər bərpa edilsə, üçgünlük dərs sisteminə keçilməlidir. Yox əgər distant təhsilə üstünlük verilsə, gərək dövlət məktəblilərə pulsuz planşet paylasın.
Bəs Azərbaycanda vəziyyət necədir? Dərslər sentyabrdan başlaya bilərmi?
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında koronavirus pandemiyasının dünyada təhsil sistemlərinə təsirsiz ötüşmədiyini xatırladıb. Bununla belə, bir sıra ölkələr yeni tədris ilinin başlaması barədə proqnozlar veriblər. Azərbaycana gəlincə, ekspert ölkəmizdə dərslərin sentyabrda başlayacağına inanmır.
O, hesab edir ki, dərslər həftə içində hər gün olmamalıdır. 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə həftənin 1-3-5-ci günləri, digər siniflər isə 2-4-6-cı günləri getməlidir. Bu zaman sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bunun alternativi isə distant təhsildir:
“Ölkədəki 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi hesabına planşetlər verilməli, bütün şagirdlərə distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Belə olan halda, dərslər sentyabrın 1-dən başlaya bilər”.
Əsədov həmçinin dərs saatlarının azaldılmasını da təklif edir. Onun fikrincə, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqə müəyyən edilməlidir. Yaxın fənnlər birləşdirilərək inteqrativ dərslərə üstünlük verilməlidir.
“Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Məktəblər üçnövbəli sistem üzrə fəaliyyət göstərməlidir. I növbə saat 08:00-dan 10:00-dək ibtidai siniflər üçün, II növbə saat 10:30-dan 13:30-dək V-VIII siniflər üçün təşkil edilməlidir. III növbə saat 14:00-dan 17:00-dək IX-XI siniflər üçün nəzərdə tutulmalıdır”, – ekspert təklif edib.
Mənbə:Sputnik.az
Müxbir:Aytac Cəfərova