Dejavu

Bizim gündəlik yaşantımızda elə anlar olur ki , rast gəldiyimiz hadisə, situasiya bizə tanış gəlir. Sanki biz bu anı daha öncə də yaşamışıq. Bu cür vəziyyət Dejavu adlanır.

Dejavu fransızca “daha əvvəl görüldü” , “artıq görmüşəm” mənasındadır.  İlk dəfə 1876 – cı ildə fransız fiziki Emile Boiraç tərəfindən istifadə edilmiş və psixiatrlar tərəfindən Dejavu “basdırılmış duyğuların geri çağrılmağa çalışılan” kimi adlandırılmışdı. İnsanların  97% – də həyatı boyunca bu hadisə bir dəfə olsa belə təkrar olunur.

Ziqmund Freydin tələbəsi psixoloq Karl Yunq  dejavunu keçmiş həyat və  genetik yaddaşla əlaqələndirib. Bəzi araşdırmalar göstərir ki , ruhun öncədən həyatımızla bağlı hər şeyi bildiyini və dejavu effektinin yalnız ruhun yaddaşı olduğunu hesab edirlər. Dejavu adətən 15-25 yaş arası çox sıxlıqla müşahidə olunur və 30 yaşdan sonra tamamilə itir. Ziqmund Freyd isə dejavunun unudulmuş yuxular olduğu fərziyyəsini irəli sürüb.

Psixoloqlar əsasən dejavunun əsəb , psixoloji problemlər nəticəsində yarandığını qeyd edirlər. “Gicgahpayı epilepsiyası” xəstələrində də dejavuya bənzər əlamətlərə rast gəlinir. Fərq isə bundadır ki, gicgahpayı epilepsiyası  xəstələri də yaşadıqlarının tamamilə keçmişdəki ilə eyni olduğuna inanırlar. Lakin dejavu yaşayan biri elə həmin an, dərhal bunun məntiqsizlik və ya illüziya olduğunun fərqində olur.

Aparılan bəzi araşdırmalar göstərir ki , dejavuya səbəb olan başqa bir amil, bu hal yaşanan zaman beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Bu hadisənin həftədə bir və ya iki dəfə olması normaldır.

Tez-tez təkrarlansa, bu uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına, yaşlılarda isə beyin pozğunluğunun göstəricisi ola bilər. Ruh halı dəyişkən olan insanlarda tez-tez rast gəlinir.

Dejavunun əksi “Jamais Vu” halıdır. Jamais Vu- bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır. Fransızca “heç görmədim” mənasını verir.  Yaşanılan situasiyanın tamamilə yad gəldiyi, sanki heç yaşanmamış kimi hiss edildiyi bir yaddaş səhvidir. Adətən, müəyyən amneziya növlərində və ya epileptik vəziyyətdə müşahidə olunur.

Sağlam ruha malik olmaq üçün özümüzü kəşf etməyi bacarmalıyıq. Özünü kəşf etmək isə özünü sevməkdən başlayır. Sevgilərlə…♥️

Yazar : Aysu Əliyeva