“Daha yaxşı dünya üçün” devizi altında beynəlxalq gənclər konfransı keçiriləcək
Gənclər və İdman Nazirliyinin, UNICEF-in Azərbaycan nümayəndəliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə avqustun 12-də onlayn formatda “Daha yaxşı dünya üçün” devizi altında beynəlxalq gənclər konfransı keçiriləcək.
Fonddan AZƏRTAC-a bildiriblər ki, 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunacaq konfransda gənclər siyasəti və gənclərlə iş sahəsində beynəlxalq təşkilatların rəhbərlərinin, dövlət rəsmilərinin və eləcə də istedadlı, beynəlxalq səviyyədə nailiyyətlər qazanmış gənclərimizin çıxışları nəzərdə tutulur.
Onlayn konfransda iştirak etmək istəyən gənclər avqustun 8-dək https://genc.az/12avqust/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, 1999-cu ildə BMT Baş Assambleyası avqustun 12-sini Beynəlxalq Gənclər Günü elan edib. Builki Beynəlxalq Gənclər Günü “Qlobal fəaliyyət üçün gənclərin cəlb olunması” mövzusuna həsr edilib.
Mənbə: AZƏRTAC
Müxbir: Aytac Cəfərova