Dağlıq-Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır

Azərbaycan xalqı təxminən 200 ildir ki, öz tarixi-etnik torpaqlarından didərgin salınır. Düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasət kütləvi deportasiya və soyqırımı ilə müşayiət olunmuşdur. Nəticədə minlərlə, milyonlarla soydaşımız tarixi torpaqlarından qovulmuşlar. Təəssüf ki, uzun müddət taleyüklü bu məsələlərə biganə qalınmış, laqeyd münasibət göstərilmişdir. Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən bu  etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Tarixi mənbələr sübut edir ki, ermənilər Qafqaza gəlmə xalqdırlar. Filoloji mənbələr təsdiq edir ki, erməni dilinin Qafqaz dilləri ailəsinə aidiyyatı yoxdur. Arxeoloji və maddi mədəniyyət abidələrinin dərindən öyrənilməsi təsdiq edir ki, indiki Ermənistan ərazisində XIX əsrdən əvvəlki dövrə aid bir dənə də olsa sırf ermənilərə məxsus tarixi abidə yoxdur. Erməni və ermənipərəst tədqiqatçılar Qafqaza, onun yerli xalqlarına dair tarixi fakt və hadisələri saxtalaşdırmağa çalışmışlar və adətən bu  məqsədlərinə də nail ola bilmişlər

Bir tezis– ermənilər Qafqazın aborigen xalqlarından deyil, – tezisini əsas götürsək və tarixi həqiqətin məhz bu cür olduğunu sübut edən mənbələrə, xüsusən, 1987-ci ildən üzü bəri Fransanın, ABŞ-ın, Rusiyanın , ilk növbədə Ermənistan Respublikasının mətbuatının, radio və televiziyasının Dağlıq Qarabağın qədim Ermənistan ərazisi olması barədəki uydurmaların, cızmaqaraların büsbütün böhtan xarakteri daşıdığını, xülya olduğunu görmək, dərk etmək çətin deyildir. Hətta 1994-cü ilin aprelində Rusiyanın “Ostankino” televiziya kanalı ilə “N.S.Xruşşov” filmində məsələyə heç bir dəxli olmayan bir məqamda böyük vurğu ilə bildirilirdi ki, guya vaxtilə Dağlıq Qarabağı Azərbaycana İ.V.Stalin verib. Halbuki, bu məsələdə keçmiş “dahi rəhbərin” mövqeyi tamamilə əksinə olub.

Ümumiyyətlə, ermənilərin Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları bütün dövrlərdə olmasına baxmayaraq, həmin prosesi əsasən beş mərhələyə bölmək olar.

  1. 1918-1920-ci illər
  2. 1921-1929-cu illər
  3. 1945-1969-cu illər
  4. 1983-1987-ci illər
  5. 1988-ci ildən bu günə qədər

ADC-nin ərazisi 114 min kv.km. olmuşdur. 1920-ci ildə Zəngəzur qəzası, Göyçə və Dilican nahiyələri bütünlükdə Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi idi. Həmin ilin dekabrında Zəngəzur Ermənistan SSR-ə verildi.

1922-ci ildə SSRİ yaradılarkən Göyçə və Dilican ərazisi də Ermənistana bağışlandı. İki il ərzində Azərbaycan 17 min kv.km. ərazisini itirdi. Azərbaycan SSRİ-nin tərkibinə daxil olarkən onun ərazisi 97 min kv.km. göstərildi. 1923-cü ildə Zaqafqaziya MİK-in 18 fevral tarixli 3 saylı protokolu əsasında Naxçıvanın doqquz kəndinin Ermənistana verilməsi qərara alındı. 1929-cu ildə yenə də ZSFSR-in qərarı ilə Qazax ərazisinin 5 min hektara yaxın torpağı və Zəngilan rayonunun Nüvədi, Tuğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı. 1969-cu ilin əvvəllərində Tovuz rayonundan 760 hektar Ermənistana verildi. 1969-cu ildə SSRİ Nazirlər Sovetinin 7 may tarixli qərarı ilə Qazax rayonunun ərazisindən müəyyən torpaqları Ermənistana verilməsi nəzərdə tutuldu. Lakin ermənilərin bu niyyəti yalnız 1984-cü ildə baş tutdu. Ermənistan tərəfi 1988-ci ildən bəri öz təcavüzkar və qəsbkar hərəkətlərinə başladıqları vaxta qədər Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km. idi. Əgər 1918-ci ildə Ermənistan Respublikasının ərazisi təqribən 9 min kv.km. idisə, hazırda onun ərazisi 30 min kv.km.-ə yaxındır. 20 min kv.km. ərazini ermənilər Azərbaycan Respublikasından qamarlayıb qoparıblar.

Hazırkı dövrdə isə ermənilər qondarma Dağlıq Qarabağ münaqişəsi  ətrafında baş verən hadisələrdən çox məharətlə istifadə edib, həm keçmiş DQMV-ni həm də Azərbaycanın 7 rayonunun torpaqlarını işğal edərək, həyasızcasına, vəhşicəsinə Azərbaycan Respublikasının 20 faizə yaxın ərazisini talan edir, şəhər, rayon və kəndləri dağıdırlar. “Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçiləri əsrimizin iyirminci illərindən başlayaraq öz fəaliyyətlərini əsasən Azərbaycanın Dağlıq və Aran Qarabağ ərazilərinin Ermənistan deyilən qondarma dövlətə birləşdirilməsi işinə həsr etmişlər. Bir növ Qarabağla bağlı bütün hadisələr ermənilərin Azərbaycana qarşı ərazi iddialarının əsasını, bünövrəsini təşkil edir. Ermənilər bütün dövrlərdə Dağlıq Qarabağ amilindən sui-istifadə etməyə cəhd göstəriblər. Həmişə də bir qayda olaraq bu niyyətlərində uduzublar. Söz yox ki, erməni millətçiləri nə qədər cəhd göstərirlərsə göstərsinlər, hansı üsullardan istifadə edirlərsə etsinlər, kimlərin himayəsinə sığınırlarsa sığınsınlar, fərqi yoxdur, bu dəfə də onların niyyətləri baş tutmayacaq. Azərbaycan xalqı istər siyasi yolla olsun, istərsə də öz qanı bahasına, ya beynəlxalq ictimaiyyətin obyektiv mövqeyi hesabına, ya da milli birliyə arxalanaraq özü öz doğma torpaqlarını düşmən təcavüzündən,tapdağından azad edəcəkdir.

Yazar: Ayşən Süleymanova ( BDU-Tarix, SABAH qrupları tələbəsi)