Dağ süxurlarının parçalanması

Yer qabığı çoxlu dağ süxurlarından və süxurəmələgətirən minerallardan təşkil olunmuşdur. Dağ süxurlarının aşınma məhsulları Yerin ən üst münbit qatı olan torpaqları formalaşdırmışdır. Torpaqəmələgətirən və ya ana süxurlar dağ süxurlarının üst hissəsinə deyilir ki, bu süxurlar torpağın mineral əsasını təşkil edir və torpaq bunun əsasında inkişaf edir. Bunsuz torpaq yarana bilməz. Yer qabığında olan müxtəlif dağ süxurları mənşəyinə görə üç böyük qrupa ayrılır: maqmatik, çökmə və metamorfik.

Maqmatik süxurlar yerin müəyyən dərinliklərində maqmadan və səthə çıxan lavadan əmələ gəlir. Yer qabığının dərinliyində maqmanın tədricən soyuması nəticəsində iri kristallaşmış, yüksək sıxlığı olan süxurlar, yəni intruziv və yaxud dərinlik süxurları əmələ gəlir. Bunlara qranit, siyenit, diorit, qabbro və s. aiddir. Vulkan püskürmələrindən Yer qabığının səthinə çıxan lava axınlarının sürətlə soyuması nəticəsində kiçik kristallaşmış və yaxud gizli kristallik quruluşlu effuziv süxurlar yaranır ki, bu süxurlar həm də yüngül çəkiyə malik olurlar. Bunlar bazalt, liparit, andezit, perlit, traxit, pemza və s. aiddir.

Maqmatik süxurların tərkibi silisium-oksidi birləşmələrindən ibarətdir. İkinci yeri R2O3 birləşmələri tutur. Bunlardan bitkilərin qidalanmasında mühüm rol oynayanları: MqO, CaO,Na2O, K2O, H2O və s. litosferin tərkibində kifayət qədər olmasına baxmayaraq, əsasən çətin həll olan birləşmələr formasında olur. Amerikalı alim F.U.Klark litosferin orta kimyəvi tərkibini vermişdir. Yer qabığının əsas hissəsini (95%) maqmatik süxurlar təşkil edir. Bu süxurlar demək olar ki, yumşaq çökmə süxurlarla örtülmüşdür. Bütün çökmə süxurlar üç kateqoriyaya bölünür: mexaniki, kimyəvi və üzvi çökmə süxurlar.

Mexaniki və qırıntı çökmə süxurlar mexaniki yolla dağ süxurlarının parçalanması, xırdalanması nəticəsində yaranır. Qırıntı süxurlar öz yerində qalır və ya suyun, küləyin, buzun təsiri ilə başqa yerə aparılır. İri qırıntılar dedikdə diametri 2 mm-dən böyük olanlardır. Bunlara valunlar, iri qumlar, xırda çay daşları, qaya, brekçi, konqlomerat daxildir. 2 mm-dən 0,05 mm-ə qədər böyüklükdə olanlar qumlar və ya orta qırıntılı çöküntülər adlanır. Xırda qırıntılı isə ölçüsü 0,01-0,05 mm arasında olanlara deyilir. Bunlar toz hissəciklərdir. Bu süxurlar tipik misal olaraq löss və lössabənzər gillicələri göstərmək olar. Təbiətdə daha geniş yayılmış çox xırda hissəciklər gilli süxurlardır. Bunlarda hissəciklərin diametri 0,01 mm-dən kiçik olur. Əsasən su axınlarının dibində, dəniz və göl çöküntülərində toplanır. Gillər sarı, qırmızı, boz, qara, yaşıl olur. Quruyanda çox bərk olurlar, çox rütubətli olduqda isə həcmi 40-45% artır.

Kimyəvi mənşəli çökmə süxurlar kimyəvi reaksiya nəticəsində yaranan və suda həll olan süxurlardır. Bunlara misal əhəng daşını, daş duzu, gipsi və s. göstərmək olar.

Üzvi çökmə süxurlar bitki və heyvan mənşəlidir. Məsələn, daş kömür. Yer qabığı daxilində qədim bitkilərin qalıb karbonlaşmasından yaranmışdır. Təbaşir və əhəng dəniz heyvanları qalıqlarının skeletləşməsi nəticəsində yaranmışdır.

Təbii şəraitin təsiri nəticəsində çökmə və maqmatik süxurların öz görünüşünü dəyişməsi metamorfik prosesdir. Bu proses yer qabığı daxilində yüksək təzyiq və temperatur şəraitində baş verir. Mərmər, kvarsit, qneys, kristallik şistlər metamorfik süxurlardır.

Müəyyən fiziki və kimyəvi xassələri olub, təbii kimyəvi reaksiyalar nəticəsində əmələ gəlmiş cismə mineral deyilir. Başqa sözlə hər bir hissəsində fiziki və kimyəvi xassələri olan təbii birləşmə mineral adlanır. Minerallar yer daxilində və su hövzələrində gedən fiziki-kimyəvi proseslər nəticəsində əmələ gəlir. Hazırda 2000-dən artıq mineral (növləri nəzərə alınmazsa) məlumdur. Yer qabığında iştirak edən mineralların kimyəvi analizi nəticəsində müəyyən edilmişdir ki, onların kütləsinin 98%-ni ancaq 9 element təşkil edir. Akad. A.Y.Fersmanın hesablamalarına görə bu elementlər aşağıdakılardır (%): O-49,19; Si-26,00; Al-7,45; Fe-4,20; Na3,35; Ca-3,25; Mq-2,40; K-2,35; H-1,00. Yer qabığının çox hissəsində rast gəlinən minerallar kvars, ortoklaz, albit, anortit, slyudadır. Bir çox minerallar bitkilər üçün qida elementi kimi əhəmiyyət kəsb edir. Məsələn, ortoklazın tərkibində kalium, anortitin tərkibində kalsium, slyudda kalium və maqnezium, piritdə kükürd, dəmir və apatitdə fosfor vardır. Torpaqda olan minerallar mənşəyinə görə ilkin və ikinci dərəcəli minerallara bölünür. İlkin minerallar kvars, çöl şpatları, mikalar, hornblend və piroksenlərdir. Bunlar Yer qabığında aşınma nəticəsində torpaqəmələgətirən ana süxurlara daxildir. Torpaqlarda bu minerallar başlıca olaraq qum hissəcikləri (0,05-dən 1 mm-ə qədər) toz (0,001-dən 0,5 mm-ə qədər) azacıq miqdarda lil (0,001-dən kiçik) və kolloid (0,25 mikrondan kiçik) hissəciklər şəklində olur.

Torpaqəmələgəlmə prosesinin ilkin başlanğıcı aşınma ilə başlanır. Dağ süxurları və onu təşkil edən mineralların atmosfer, hidrosfer və başqa amillərin təsiri altında kəmiyyət və keyfiyyətcə dəyişməsindən ibarət mürəkkəb və müxtəlif proseslərin məcmusu aşınma adlanır. Süxurların kimyəvi tərkibini dəyişmədən, fiziki halını dəyişməsinə fiziki aşınma deyilir. Aşınma prosesi iki zonanda müşahidə edilir:

  1. Səthi (müasir aşınma);
  2. Dərininə (qədim aşınma).

Torpaqəmələgəlmə prosesinin baş verdiyi müasir aşınma qabığının qalınlığı 1-2 sm-dən 2-10 m arasında dəyişir. Aşınma prosesinin üstünlük təşkil edən amillərdən asılı olmaqla, üç formasını fəqləndirirlər: fiziki, kimyəvi və bioloji. Fiziki aşınmanın yaranmasına temperaturun dəyişməsi, donmuş su məhlulda kristallaşan duzlar, hərəkət edən su və külək təsir göstərir. Məlumdur ki, dağ süxurlarını əmələ gətirən mineralların hər birinin ayrı-ayrılıqda termiki sıxılma və genişlənmə əmsalı vardır. Məsələn, kvarsın istilikdən genişlənmə əmsalı 0,0000075-ə, ortaklazda 0,000020-yə bərabərdir və s. Ona görə də sutkalıq temperatur amplitudu nəticəsində süxurlarda çatlar yaranır. Bu çatlara su daxil olur və donduqda həcmini genişləndirərək süxuru tədricən parçalayır. Bu prosesə süxurların istilik keçirmə xüsusiyyəti də təsir göstərir. Günəşin təsirindən süxurun üst qatı bərk qızır, daxili hissəsi isə olduğu kimi qalır. Temperatur keçirmə fərqlərinə görə süxur gərilərək ondan lay şəklində və ya müxtəlif formada çatlar əmələ gəlir ki, ora daxil olan su donur, onun tərkibində massiv süxur xırdalanır, sonra ovxalanaraq fiziki aşınmaya uğrayır.

Avropanın şimal rayonlarında keçmişdə buzlaqların hərəkəti süxurların parçalanmasına gətirib çıxarmışdır. Həmin materiallar buzlaqların yerində qalmışdır. Bu yolla məsələn, valunlar, qumlar, qırmızı gillicələr və gillər əmələ gəlmişdir.

Kimyəvi aşınma dağ süxurlarının və mineralların yeni mineral və birləşmələrin yaranması ilə müşahidə olunan kimyəvi dəyişməsi və parçalanmasıdır. Kimyəvi aşınmada əsas amil atmosfer suları, karbon qazı (CO2) və oksigendir. Su dağ süxurlarının və mineralların güclü həlledicisidir. Unutmaq olmaz ki, təbiətdə aşınmanın ümumi istiqaməti, onun baş verdiyi şəraitdən, xüsusilə iqlim şəraitindən asılı olaraq dəyişir. Temperaturun hər 100C artması kimyəvi reaksiyanın sürətini 2-2,5 dəfə artırır. Məhz bu səbəbdən kimyəvi aşınma ekvatorial vilayətdə sürətlə, qütb vilayətlərində isə əksinə zəif formada təzahür edir. Fiziki aşınmadan fərqli olaraq, kimyəvi aşınmada yeni keyfiyyətli aşınma məhsulları əmələ gəlir. Kimyəvi aşınma maqmatik süxurlarda daha intensiv gedir. Ona görə ki, bu prosesdə temperatur və təzyiq iştirak edir. Kimyəvi amillərin təsiri altında dağ süxurlarının parçalanma yollarından biri də hidrotasiya (birləşdirmə) yoludur. Məsələn, hematit hidrotasiya yolu ilə limonit əmələ gətirir:

2Fe2O3 + 3H2O = 2Fe2O3· 3H2O

Kimyəvi aşınmanın sürətinə təsir göstərən amillərdən biri də oksigendir. O, süxurların daxilinə keçərək oksidləşmə prosesini sürətləndirir ki, bu da kimyəvi aşınmanın intensivliyinə təsir göstərir. Məsələn, sulfidlərdən oksidləşmə yolu ilə dəmir sulfat alınır.

FeS2 + 7O + H2O → FeSO4 +H2SO4

Kimyəvi və fiziki aşınma nəticəsində süxurlarda bir sıra keyfiyyətlər formalaşır. Bunlar aşağıdakılardır: aşınma məhsullarında uduculuq qabiliyyəti əmələ gəlir; kimyəvi aşınma məhsulu olan gil süxurlarda rabitəlilik (bitişlənlik) xassəsi yaradır. İlk kapilyarlıq xassəsi burdan meydana çıxır. Belə süxurda su damcıları maye haldan kapilyar hala keçir. Beləliklə, süxur yeni (törəmə) minerallarla zənginləşir və rabitəlilik, rütubət tutumu, uduculuq qabiliyyəti və s. xassələr əldə edilir ki, bu da sonrakı prosesdə, yəni torpağa çevrilmə prosesində mühüm rol oynayır.

Bioloji aşınma dağ süxurlarının ve mineralların bitki və heyvanların, həmçinin mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində mexaniki parçalanması və kimyəvi dəyişməsidir. Bu proses üzvi aşınma kimi də ifadə olunur.

Yerin üst qatında dağ süxurlarının parçalanmasına çoxlu orqanizmlər, o cümlədən ağac bitkiləri mexaniki təsir göstərə bilir. Belə ki, ağacların kök sistemi inkişaf etdikcə, bunlar süxurlara mexaniki təsirlə yanaşı, həm də bitkilər kökləri vasitəsilə bir sıra üzvi turşular ixrac edir ki, o da turş mühit yaratdığı üçün süxurların aşınmasını sürətləndirir. Eyni zamanda nitrifikasiya prosesi zamanı mühitə keçən azot turşusu, sulfat bakteriyalarının həyat və fəaliyyəti nəticəsində ayrılan sulfat turşusu minerallarının həllolma qabiliyyətini sürətləndirir. İbtidai bitkilərin (mamırlar, şibyələr, yosunlar) süxurlar üzərində əmələ gələcək ifraz etdikləri karbon qazı və üzvi turşuların təsiri ilə bioloji aşınmanı sürətləndirir. Bitkilər kimi heyvanlar da dağ süxurlarını həyat fəaliyyətləri zamanı həm mexaniki, həm də kimyəvi aşınmaya məruz qoyur. Aşınma süxurların mühit reaksiyasından çox asılıdır. Yəni turş süxurların aşınmasından qum və qumsallar, neytral süxurlardan gillicələr, qələvi süxurların aşınmasından isə gil və gillicələr törəyir.

Respublikamızın ərazisində quru subtropik zonada sialit tipi aşınma getdiyi halda, Lənkəran zonasında allit aşınma tipi xarakterikdir. Yəni burada sürətli hidroliz nəticəsində silisium hidroksid, alüminium hidroksid və dəmir-hidroksid birləşmələri əmələ gəlir.

 

YAZAR: İsmayılova Səbinə

Həmçinin bax: Dördüncü dövrün çökmə süxurları

Həmçinin bax: https://turaz.org/mavi-veten-2021-calismasi-sabah-tamamlanacaq/